MƏQALƏLƏR

Ətrin gəlir, XARI-BÜLBÜL!

  • 23.10.2020

Kür və Araz çayları aralığında yerləşən, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ dünya mədəniyyətinin nadir incilərindəndir. Qarabağ mədəniyyətimizin, musiqimizin beşiyidir. Əfsuslar olsun ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində zəngin mədəni sərvətlərimizi də itirdik. Elmi sübutlara əsaslanaraq demək olar ki, ilk insan məskənlərindən biri də olan Azıx mağarası da məhz Qarabağdadır.
Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşir. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd olub.
Mən Qarabağı görməsəm də, onun adı çəkiləndə ürəyimdən sanki bir sızıltı, bir ağrı keçir. O gözəl yerlərə indi kimlərin ayaq basdığını, o torpağın dəyərini bilmədikləri halda mənimsədiklərini fikirləşəndə nifrət məni boğur. Tarixin ayrı-ayrı dönəmlərində ölkəmiz həmişə yadellilərin hücumlarına məruz qalıb. Vətən ancaq üzərində gəzdiyimiz torpaq parçası deyil. Ona görə də bu dəfə babalarımızın yadigarını geri alacağıq. Baxmayaraq ki, yolunda neçə-neçə oğullar qurban gedir, amma yenə də əsirlikdədir Qarabağım...
O gün yaxındadır, o günün gəlişinə inanmaq lazımdır. Yalnız inam bizi irəli aparar.
Tariximizin səhifələrinə qızıl hərflərlə yazılan 2016-cı ilin aprel döyüşləri bir daha sübut etmişdir ki, qələbə sevincimiz heç də uzaqda deyil. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncam da buna ümid verir. Orada uçuq-sökük evlərin qalıqları, erməni vəhşiliyini özündə əks etdirən mənzərə canlanırdı. İndi isə Cocuq Mərcanlı müasir qəsəbələrdən heç nə ilə fərqlənmir, bu da mənfur qonşumuzun gözünə ox kimi batır.
Böyük Qayıdışın başlanğıcı ol­du Cocuq Mərcanlı!
2016-cı ilin aprel döyüşləri və 2020-ci ilin Tovuz döyüşləri zamanı bir çox atəşkəs pozuntusu müşahidə olunmuşdur. Yenidən Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar da oldu. İnfrastruktur obyektlərinə ciddi ziyan dəydi.
Gəncənin bugünkü vəziyyəti mənə Xocalı soyqırımını xatırladır. İtirilmiş torpaqlarımız uğrunda çox təəssüf ki, şəhid olan, ayağını, gözünü, qolunu itirən igidlərimiz də var. Şərlə xeyir qardaş olduğu kimi, bir yandan şəhidlərimiz üçün sızlayırıq, bir yandan da azad olunmuş torpaqlarımız üçün sevinirik.
Müstəqil Azərbaycan ordusu 30 ildir ki, işğal altında olan yerlərimizin bir hissəsində bayrağımızı səmalara qaldırır, böyük strateji əhəmiyyətə malik olan yüksəkliklərimizi geri alır, düşmənin milyonlarla ölçülə bilən zirehli texnikasını, döyüş silahını və sursatını sıradan çıxarır. Bu prosesin həcmi getdikcə genişlənir, coğrafiyası daha böyük miqyas alır və almaqdadır.
“Torpaq uğrunda ölən varsa, Vətəndir!”, – deyib öz torpaqlarından ana qucağında didərgin düşmüş övladlar bu gün tanklarla düşmənin üzərinə qəhrəmancasına hücum edir, bizi neçə illərdir ürəyimizdə qaysaq bağlayan arzularımıza çatdırır.


P.S. Bu gün dünya səni anlamaq istəmir. Sənin hər qarışının bizlərə nə qədər doğma olduğunu duymur. ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ AZƏRBAYCAN olmadığını anlaya bilmir. Dünya birliyi hələ də anlamır ki, damarında AZƏRBAYCANLI qanı axan hər kəsin ürəyi QARABAĞLA döyünür.