MƏQALƏLƏR

Gözəlləşdirən sənaye

  • 04.03.2011

Gözəlləşdirən sənaye

Ətriyyat-kosmetika sənayesi inkişaf etmiş ölkələrin əsas gəlir mənbələrindən biridir. Ölkəmizdə isə bu sənaye sahəsi cüzi dərəcədə inkişaf edib. Bəs bu sənaye sahəsi üzrə istehsalçıların sayının artması üçün nələr tələb olunur?

Tarix

Ətir sözü latınca “qoxulu tüstü” mənasını verən "perfumum" sözündən əmələ gəlmişdir. Tarixi isə olduqca çox qədimdir. Günümüzdən təxminən 5000  il əvvəl misirlilər Günəş tanrıları “Ra” üçün Günəş çıxandan batana qədər ətirli otlar yandırardılar.  Ölülərini isə qoxulu yağlar istifadə edərək mumiyalayardılar və  məzarlarına ətir və qoxulu kremlər qoyardılar. Belə ki, aparılmış qazıntılar zamanı Misir Fironu Tutankhamonun məzarından ətir qabları və krem vazaları çıxmışdır. Qədim misirlilər gündəlik həyatlarında ətirli yağlardan geniş istifadə edərmişlər. Bunların içində ən çox sevdikləri "kyphi" adını verdikləri  ətirli bir yağ idi.

Müasir xüsusiyyətlərə malik və məlum  olan ilk ətir 14-cü əsrdə, daha dəqiq desək 1370-ci ildə hazırlanmışdır və  gözəlliyi ilə məşhur olmuş Macar kraliçasına hədiyyə olunmuşdur. 16-cı əsrdə şüşə istehsalı sənayesinin əmələ gəlməsilə  ətriyyat sahəsinin inkişafı da sürətlənmişdir. O illərdə ətirin ən çox istehsal və istehlak edildiyi ölkə Fransa idi. Qədimdə ətirin bədənə sürtülməsinin xəstəliklərə səbəb olacağı düşünülürmüş, ətir yalnız pis iyləri götürmək üçün istifadə edilərmiş. Bu səbəbdən də geyimlər, əlcəklər, dəsmallar, hətta ləl-cəvahiratlar belə ətrlənərmiş. 17-ci və 18-ci əsrlərdə  ətriyyat sənayesi olduqca inkişaf edir. Xüsusilə, Fransanın Grasse bölgəsi ətriyyat sənayesinin “ürəyi”  olur. 20-ci əsrdə ətirlər möhtəşəm şüşələri ilə bir sənət əsəri halını alır. Ətirlər bədən qoxularını aradan qaldırmaq üçün deyil, şəxsiyyətlərini vurğulamaq üçün istifadə edilməyə başlanır. Beləliklə, ətirlər insanlar tərəfindən geniş istifadə edilən bir məhsul olur.

Kosmetika sözü də yunan sözü olub  "cosmos", kainat mənasını verməkdədir.  Həmçinin kosmetika ifadəsi sağlam, baxımlı və gözəl olmağı, bu nəticələri əldə və davam etdirməyi ifadə edir.

İnsan bədəninin dərisini, dırnaqlarını, saçları, dodaqları, ağız və dişlərə qorumaq, təmizləmək, ətir vermək, görünüşünü dəyişdirmək və bədən qoxularını  aradan qaldırmaq üçün hazırlanmış məhsullar kosmetik məhsullar hesab olunur.

Müasir ətriyyat və kosmetika məhsulları insanların sağlamlıq və təmizlik qayğılarını qarşılamaq xüsusiyyətlərini  aşmış və “keyfiyyətli həyat” anlayışının meydana gəlməsilə  birlikdə xarici görünüşün yaxşılaşdırılması məqsədləri üçün də istifadə edilir.

Shənin inkişafı üçün nələr tələb olunur?

Dünyada elm və texnologiyanın inkişafının son nailiyyətləri kosmetika elminə də təsir etmişdir.  Kosmetika sahəsində çalışan  alimlər  hər keçən gün yeni kosmetik xammallar, yeni daşıyıcı sistemlər və yeni həll  yolları kəşf etməkdədirlər. Bu vəziyyət, kosmetika elmindəki yenilikləri izləməyi olduqca çətinləşdirməkdədir.

İnkişaf etmiş ölkələrdə  kosmetika sahəsində araşdırma və innovasiyalar sürətlə aparılır.  Ölkəmizdə isə kosmetika elmi inkişaf etməmiş, bu istiqamətdə  elm adamları tərəfindən araşdırmalar aparılmır.  Həmçinin kosmetika ixtisası üzrə ali səviyyədə kadrlar yetişdirilmir. Bu sahə üzrə Azərbaycan dilində  yazılmış kitabların  olmaması da bir çatışmazlıqdır.  

Müasir dövrdə insanların sürətli inkişaf tempi və stressli həyatları kosmetika sahəsinin əhəmiyyətini artırır. Aromaterapiya, masaj yağları, təmizləmə losyonları, nəmləndirici vasitələr dünyanın hər yerində kosmetika istehlakçılarına sağlam qalmalarında kömək etməklə bərabər özlərini daha yaxşı və mükəmməl hiss etmələrinə xidmət etməkdədir.

Ətriyyat sənayesinin inkişafı üçün ölkədə bu sahə istiqamətli gülçülük olmalıdır. Xüsusilə, gül yağının alındığı lavanda adlanan yarım kol bitkisinin becərilməsi məqsədəuyğundur.  Ətriyyat və kosmetika sənayesində fəaliyyət göstərəcək müəssisədə bu sahədə ən son texnologiyaların tətbiq edilməsi tələb olunur.

 Kosmetik  məhsullarda  əsas xərc  xammal, qablaşdırma  və  reklam  xərcləridir. Bu sahədə reklama böyük vəsait lazımdır. Reklamın planlaşdırılması üçün isə peşəkar kadrlar tələb edilir. Ölkəmizdə ətriyyat və kosmetika reklamı üzrə kadrların tam yetişməməsi bu sahəyə sərmayə qoymağa marağı azaldan səbəblərdən biridir. Xammal, qablaşdırma məhsullarının təchizatı üzrə də xaricdən asılılıq mövcud olacaqdır və bu da təbii ki, xərcləri artıracaqdır.

Qlobal bazar

Dünya ətriyyat və kosmetika məhsulları bazarının həcmi 200 milyard dollar  təşkil edir. Bunun təxminən 16 milyard dollarlıq  hissəsini kişilər xərcləyir. Yerdə qalan hissəsini isə qadınlar xərcləyir. Qlobal kosmetika məhsulları bazarının 12 faizi L'oreal şirkətinə məxsusdur. Procter&Gamble, Shiseido, Estee Lauder Group və Avon kimi şirkətlər də dünyanın ən böyük kosmetika məhsulları istehsalçılarıdır.

Yerli istehsalçılar

Ölkəmizdə ətriyyat və kosmetika sənayesində  cəmi iki istehsalçı mövcuddur. Bunlardan biri Zaqatala şəhərində fəaliyyət göstərən «Gülşən» səhmdar cəmiyyətidir. Cəmiyyətdən aldığımız məlumata görə hazırda müəssisədə istehsal çox aşağı səviyyədədir. Qeyd edək ki, “Gülşən” Ətriyyat-Kosmetika fabriki 1979-cu ildə tikilmiş, burada ilk dövrdə xına və basma, 1982-ci ildən isə 6 növ odekolon, 5 növ ətir, 1 növ losyon istehsal olunmuşdur.

İkinci şirkət isə “Gazelli” şirkətidir. Şirkət təbii bioloji fəal komponentlər əsasında ətriyyat-kosmetik məhsulları buraxılışı ilə məşğul olur.  “Gazelli” kosmetik məhsul istehsalı üçün müasir texniki bazaya, akkreditasiya olunmuş elmi-sınaq istehsalat laboratoriyasına malikdir. İstehsal olunan bütün məhsullar ciddi nəzarətdən və dəqiq laboratoriya yoxlamasından keçir. Bu gün GAZELLİ ticarət nişanı altında üz və əllərin dərisi, dırnaqlar, saçlar üçün şəxsi elmi-istehsalat laboratoriyasında işlənib hazırlanmış 60-dan artıq adda kosmetik məhsul istehsal olunur. Bunlar kremlər, losyonlar, maskalar, şampunlar, balzamlar, təmizləyici süd və digər məhsullardır. GAZELLİ şirkəti ISO 9000 beynəlxalq keyfiyyət sertifikatına malikdir. Firma tərəfindən mağazalar şəbəkəsi yaradılır. Hal-hazırda ölkəmizdə iki belə ixtisaslaşdırılmış GAZELLİ mağazası fəaliyyət göstərir. Şirkət məhsullarını dünyada tanıtmağa da başlamışdır. Türkiyə və İngiltərədə “Gazelli” şirkətinin nümayəndəliyi fəaliyyət göstərir.

“Gazelli” şirkəti nadir Naftalan neftini, təbii yolla alınmış vitaminləri və efir yağlarını qarışdırmaqla  “Nafto” məhsullarını yaratmışdır.  Saç, bədən, üz üçün “Nafto” qulluq vasitəsi mövcuddur. “Nafto” bədən və üz üçün qulluq vasitələri dərini təravətləndirməklə və nəmləndirməklə bərabər dəri hüceyrələrinin bərpa edilməsini stimullaşdırır. Dəri  hamarlandığına görə dəridə olan kiçik  qırışlar da azalır. Antioksidant və iltihaba qarşı xassələri ilə heyrətamiz dərəcədə zəngin olan “Nafto” məhsulları dəri və saçlara qulluq etməyə, dəridə  qocalmanın nişanələrinə qarşı qorunma qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməyə, həmçinin daha sağlam və təravətli görünməyə kömək edir.

Seymur Yunusov

http://kivdf.gov.az/