Qalib xalqın qalibə layiq məqsədələri!
Vətən müharibəsində əldə olunan Qələbə, demək olar ki, bütün hallarda xalqa öz kimliyini dərindən dərk etməyə və xalq kimi tam formalaşmağa kömək edir.
Bir çox kütləni xalq edən məhz Vətənini qorumaq uğrunda apardığı müharibədə qalib olmaq əzmidir. Küllərindən doğan simurq quşu kimi xalq da o zaman daha güclü və daha həmrəy olur. Xalqın bir çox aspektlərdə fikri, düşüncəsi bir olur.
Birlik formalaşır, birlik olan yerdə hər atdığın addımı düşünüb, bunun səndən başqa kimə xeyir verəcəyini və ya sənə xeyir verib başqasına ziyan edib-etməyəcəyini düşünməyə vadar edir. Xalqın hər bir fərdi böyük bir zəncirin halqası olub, o məsuliyyəti dərk edir. Fərd eqosu ikinci plana keçir.
Fikir versəniz, adətən, Vətən müharibəsinin qalib ölkələrində müharibə iqtisadi, sosial, səhiyyə, təhsil və mədəniyyətin inkişafı üçün katalizator rolunu oynayır.
Xaosdan çıxan bu ölkələr daha güclü, daha mətinli olurlar. Birinci Qarabağ müharibəsi bizə böyük dərs oldu. Xalq olaraq tam formalaşmamış, pərakəndə ordu, ordunun arxasında durmayan siyasi qüvvələr, hakimiyyəti torpaqdan üstün tutan rəhbərlər gördük. Gördük və sarsıldıq. Bir tərəfdən 20% torpaqlarını itirib və 1 milyona yaxın qaçqın və məcburi köçkünün dəhşətli faciəsi, bir tərəfdən də hakimiyyəti və pulu xalqından və vətənindən çox sevən siyasi aləmi görüb mənəvi sarsıntı keçirtdik.
Belə bir sarsıntı, bu zərbə beyinə və zehnə həkk olunduqda insan hər şeydən küsür. Güvən yerini itirir. İnsanın eqosu, insanın şəxsi maraqları ümumxalq maraqlarından üstün olur və qarın qardaşdan irəlidir prinsipi ortaya çıxır. Buna misal olaraq, təhsil, tibb və digər sahələrdə baş qaldıran korrupsiya hallarını misal göstərmək olar. Bu gün biz İkinci Vətən müharibəsinin Qalibiyik və məhz buna görə vəziyyət 180 dərəcə dəyişir. Niyə? Çünki qalib xalqın Qalibə layiq fikirləri, dəyərləri və məqsədləri formalaşır. Uğurun, qalibiyyətin və gücün dadını bilən xalq hər sahədə inkişaf etməyə meyilli olur. Qarşısında olan düşməndən hər zaman, hər yerdə üstün olmağı arzulayır. Bu, xalqın hər bir fərdində də özünü büruzə verir. Bunlara misal olaraq, Yaxın Şərqin lider ölkələrindən olan İsraili qeyd etmək olar. İsrailin dönüş nöqtəsi 1967-ci ildə baş tutan 6 günlük müharibə oldu. 6 günə bölgədəki rəqib ölkələrin ordusunu darmadağın edən İsrail 1000 əsgərini itirib, düşmənin 20000 əsgərini məhv etdi, siyasi müstəvidə hegemon dövlətlərin təkidinə baxmayaraq, xalqına və dövlətinə ən uyğun şərtləri müdafiə edib, siyasi müstəvidə də qalib oldu. Siyasət və hərbin tandeminin gözəl nümünəsidir. 2020-ci ildə isə bunu Azərbaycan etdi. Amma Azərbaycan bunu 44 gündə etmədi. Azərbaycan buna 27 il addım-addım qurduğu düzgün siyasət və iqtisadi gücünü möhkəmləndirməklə nail oldu. Azərbaycan həm beynəlxalq, həm iqtisadi müstəvidə, həm də döyüş meydanında özünü tam təsdiq edib, qalib oldu. Azərbaycan xalqının lideri İlham Əliyev Azərbaycan xalqının iradəsini yerinə yetirərək, ölkəni qalibiyyətə aparan Sərkərdə oldu. Və məğlub edilmiş xalq Qalib oldu!
İsrail 6 günlük müharibədən sonra rahatlaşdımı? Xeyr! Ölkə iqtisadiyyatının hər bir sahəsini inkişaf etdirdi, iqtisadi, hərbi potensialı regionun digər dövlətlərindən qat-qat üstün oldu. Regionun digər ölkələri kimi təbii sərvətləri varmı? Xeyr! Amma düzgün strateji addımlar onu regionun liderinə çevirdi. Sosial inkişaf və təhsili, səhiyyəsi yüksəkdirmi? Bəli! Dünyada ilk sıralardadır. Hərbi sahəsində necə? Burada da İsrail lider ölkələr sırasındadır: dünyada ən güclü ordulardan birinə və ən güclü kəşfiyyat sisteminə malikdir. Ən güclü və innovativ silahları ixtira edib özünü müdafiə edir, həm də onların xeyli hissəsini ixrac edib ölkənin maliyyə imkanlarını daha da gücləndirir. Hər zaman müharibəyə hazır və hər zaman startdadır. Azərbaycana qayıtdıqda, illər öncə hazırlanan və məqsədli şəkildə, addım-addım qələbəyə çatmışıq. Və qələbəli həyatın ilk günlərini yaşayırıq.
Biz İkinci Qarabağ müharibəsində Qalibik. Qarşımızda olan düşmən heç bir zaman dinc durmayacaq. Və biz yenə də İsrail misalına arxalanaraq, ölkənin bütün sahələrini inkişaf etdirib, hər zaman müharibəyə hazır olmalıyıq. Bunu təkcə dövlətmi etməlidir? Xeyr, bunu hər bir fərd etməlidir. Hər bir vətəndaş öz işinə, peşəsinə, təhsilinə tam məsuliyyətlə yanaşmalıdır. Buna illər gərək olsa da, yetişən yeni nəsil tam başqa olacaq. Qalib nəsil hər zaman qalib olmaq istəyir və bu adı qorumaq üçün özünü səfərbər edir. Qalibin inkişafı daha tez olur. Qalibin qalibiyyəti itirmək ehtimalı onu hər zaman tonusda saxlayıb, daha da güclü olmağa aparır. Unutmayaq ki, tarixi qaliblər yazır. Hər zaman hər bir addımda qalib olmaq arzusu ilə…
Ülkər MİRBAĞIRLI