“Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda konfrans keçirilib
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, misilsiz cəsarəti və yüksək təşkilatçılığı sayəsində ölkəmiz düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Zati-alilərinin siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyi böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir. Ən böyük zəfəri isə Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi, öz yenilməz ordusunun iştirakı ilə şanlı tarix yazaraq yaşadı. 2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı apardı və misilsiz qələbələr qazandı. Bu qələbənin ən böyük zirvəsini isə biz xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri ilə sonsuz sevinc və fərəh hissi ilə yaşadıq. Bu sevinci xalqımıza, dünya azərbaycanlılarına bəxş etdiyi üçün Ali Baş Komandan İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna borcluyuq. Zati-alilərinin doğru vurğuladığı kimi, sülhsevər Azərbaycan xalqının səbrinin də hüdudu var və Azərbaycan təcavüzkara layiqli cavab verməyə məcbur olub. İşğal faktını aradan qaldırmaq əvəzinə sülh danışıqlarının üzərindən xətt çəkərək, Azərbaycan sərhədlərində ardıcıl təxribatlar törədən Ermənistan tərəfi Azərbaycan dövlətini öz haqqını savaş meydanında müdafiə etməyə vadar etdi. Ali Baş Komandanın dərin zəkası, mükəmməl diplomatik fəaliyyəti və xalqımıza olan sevgisi sayəsində tarix və beynəlxalq hüquq baxımından haqlı olan Azərbaycanın diplomatiya sahəsində olduğu kimi, döyüş meydanında də haqlı mübarizəsini sonadək davam etdirərək, Dağlıq Qarabağın yenidən ölkəmizin tərkibinə daxil olmasını təmin etdi.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin müharibədən sonrakı dövrdə işğal olunmuş ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərinin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində elmi-praktik əhəmiyyət kəsb edən tövsiyələrin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə noyabrın 24-də “Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov təmsil etdiyi qurumun kollektivi və üzvləri adından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi və xalqımızı işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində qazandığımız tarixi zəfərlər münasibətilə səmimi qəlbdən təbrik edib. İşğaldan azad edilən torpaqlarımızın yenidən qurulması, işğaldan əvvəlkindən də daha gözəl şəkildə dirçəldilməsi üçün Auditorlar Palatası olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirmək əzmində olduqlarını və əllərindən gələni edəcəklərini vurğulayıb. Daha sonra Azərbaycan İqtisadçılar İttifaqının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə “Prezident İlham Əliyevin iqtisadi siyasətində Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri istiqamətləri”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov “İşğaldan azad olunmuş ərazilərdə kiçik və orta biznesin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər”, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində “Postkonflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev “Azad olunmuş ərazilərin bərpasının maliyyə qaynaqları”, Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərov “İşğaldan sonrakı dövrdə azad olunmuş ərazilərin imkanlarının yenidən qiymətləndirilməsində uçot və auditin rolu”, Аzərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor, əməkdar elm xadimi Bəyalı Ataşov “İşğaldan azad olunmuş rayonların ölkəmizin ərzaq təhlükəsizliyinin gücləndirilməsində rolu”, Auditorlar Palatası Şurasının yanında auditor təşkilatlarının inkişafına dəstək üzrə komitənin sədri, “ABAK-Az Crovve LTD” MMC-nin direktoru Zamin Hüseynov “Müharibənin və işğalın vurduğu zərər və itkilərin Beynəlxalq Qiymətləndirmə Standartları, beynəlxalq təşkilatların zərərlərin qiymətləndirilməsi üzrə qəbul etdiyi sənədlər əsasında qəbul edilmiş “Zərərlərin Qiymətləndirilməsi Standartları”na uyğun olaraq qiymətləndirilməsi təcrübəsi”, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə “Dayanıqlı inkişafın nəticələri – qələbə”, Auditorlar Palatasının sədri, professor V.Novruzov və qurumun rəqəmsal transformasiya və innovasiyaların tətbiqi idarəsinin rəisi Qoşqar Əhmədov “Postmünaqişə dövründə ekoloji qiymətləndirmə və ekoloji audit” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzəçilər çıxışlarında Ali Baş Komandanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında olarkən etdiyi tarixi çıxışındakı bəzi məqamlara nəzər salıblar. Prezident deyib: “Düşmən işğal etdiyi Azərbaycan şəhərlərinə, kəndlərinə erməni adları verərək erməniləşdirməni həyata keçirməklə əbədi və əzəli torpaqlarımızın unudulmasına çalışmış, lakin güclü ordumuz sayəsində buna nail ola bilməmişdir”. Dövlətimizin başçısı planlı şəkildə beynəlxalq ekspertlər tərəfindən torpaqlarımıza dəyən zərərin hesablanacağını, uçotun aparılacağını, bütün infrastrukturun yenidən qurulacağını, hər bir şəhər və kənd üçün ayrılıqda plan tərtib edilərək yenidən salınacağını, inzibati binaların, təhsil ocaqlarının, xəstəxanaların tikiləcəyini, küçələrin, parkların, xiyabanların salınacağını qeyd edib. Konfrans iştirakçıları Azərbaycan Prezidentinin bu fikirlərini yüksək qiymətləndirib və bu dəyərli fikirlərə öz elmi yanaşmalarında təhlil veriblər. Konfransda İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Auditorlar Palatasının, Azərbaycan İqtisadçılar İttifaqının, Azərbaycan Kooperasiya Universitetinin nümayəndələri və sərbəst qoşulan digər şəxslər iştirak ediblər.
Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb, konkret təklif və tövsiyələr səsləndirilib.