MƏQALƏLƏR

Təcavüzkarlığın sonu: iqtisadi böhran və siyasi iflas

  • 26.11.2020

Ermənistan Respublikası bu il sentyabrın 27-də növbəti dəfə hərbi təxribat törədərək, Azərbaycanın dinc yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə məruz qoyduğundan, Azərbaycan Silahlı Qüvvələri təcavüzkara adekvat cavab vermək və Ermənistanı sülhə məcbur etmək əməliyyatına başlamışdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi düşmən ordusunun tam məğlubiyyəti və Ermənistanın dövlət səviyyəsində kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. II Qarabağ müharibəsi düşmən dövlətin onsuz da ağır olan siyasi, iqtisadi və sosial vəziyyətini olduqca sarsıtmış, onu bir dövlət kimi iflas həddinə çatdırmışdır. Və bu, heç də təsadüflərin, yaxud qəfildən baş vermiş qeyri-adi bədbəxtliklərin nəticəsi deyildir, xəstə təfəkkürün, pis, bədxah, mənfur, xəbis niyyətin məntiqi, acı sonluğudur, təcavüzkarlığın tarixən qarşılaşdığı labüd nəticəsidir.
Bəşəriyyətin tarixi ilə sübuta yetirilmişdir ki, çoxmillətli və ya fərqli konfessiyalı dövlətlərin ərazisində yaşayan və əsas etnosa və ya dini əqidəyə münasibətdə say etibarı ilə azlıq təşkil edən xalqların və millətlərin ümumi məqsədi siyasi, hüquqi və mənəvi baxımdan bağlı olduqları dövlətdə rifah içində yaşamaq, layiqli əmək və iqtisadi artım, keyfiyyətli təhsil və səhiyyəyə malik olmaq, sülh, etibar və ədalət naminə birgə əməkdaşlıq şəraitində inkişafa nail olmaqdır. Dünyanın sivil etnosları bu yol ilə gedərək, həm özlərinin, həm də ümumən bəşəriyyətin inkişafına öz töhfələrini vermişlər. Lakin bəzi xalqlar milli şovinizm xəstəliyinə tutularaq, nəinki özlərinin inkişafına mane olmuş, həm də digər xalqlar üçün təhlükə mənbəyi sayılmışlar. Şübhəsiz, dünyada bu cür xəbis xislətə malik xalqların sayı tək-tük olmuş və sivilizasiya inkişaf etdikcə onlar da inkişaf edərək, düzgün, həqiqi yol ilə irəli getməyə başlamışlar. Lakin taleyin bizə son iki yüz ilə yaxın dövr ərzində qonşu kimi qismət etdiyi erməni xalqına belə bir xoşbəxtlik, təəssüf ki, nəsib olmamışdır.
Ümumiyyətlə, tale bu bədnam xalqın idarə edənlərinin sanki ağlını həmişə əlindən almış və bu üzdən öz xalqlarına xeyir verməkdənsə, əksinə, hər zaman ziyan yetirmiş, məşəqqətlərə düçar etmişlər. Tarix boyu əyri yollarla, hiyləgərliklə, riyakarlıqla digər xalqlardan qabaqda olmağa can atsalar da, bu cür mənfur niyyətdən doğan fəaliyyətləri və xüsusən, terrorçu əməlləri onları inkişafdan geri salmış, müasir mədəni xalqlar sırasına daxil olmalarına imkan verməmişdir. XIX əsrin sonlarından başlayaraq ermənilər terrorçuluğu mütəşəkkil dəstə, təşkilat halında həyata keçirmək istiqamətində fəaliyyətlərini daha da gücləndirmişlər. Belə ki, 1885-ci ildə yaradılan "Armenakan" partiyasının, 1887-ci ildə yaradılan "Hnçak" partiyasının, 1890-cı ildə yaradılan "Daşnaksütyun" partiyasının, 1975-ci ildə yaradılan "Erməni gizli azadlıq ordusu"nun və ASALA-nın əsas məqsədi məhz Türkiyənin və Azərbaycanın əraziləri hesabına "Böyük Ermənistan" qurmaq olmuşdur.
Erməni diasporasının maliyyəsi və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı yürütdükləri nifrət siyasəti 1980-ci illərin sonlarından daha ardıcıl və azğın olmuş, təcavüz və soyqırımı aktları kimi ağır cinayətlər ilə müşayiət edilmişdir. Azərbaycanlılar tarixi dədə-baba torpaqlarından - Ermənistanın İrəvan, Qafan, Amasiya, Ararat, İcevan, Meğri, Sisyan, Gorus, Vardenis, Masis və s. şəhər və rayonlarından xüsusi qəddarlıqla deportasiya edilmişlər. Bu zaman 250 mindən çox azərbaycanlı zorla öz doğma yurdlarından qovulmuş, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 1154 nəfər isə yaralanmışdır. Erməni terrorçuları 1988-ci ilin əvvəllərindən bu cinayətkar fəaliyyəti artıq bilavasitə Azərbaycan dövlətinin ərazisındə həyata keçirməyə başlamışlar. 16 sentyabr 1989-cu ildə "Tbilisi-Bakı" marşrutu ilə, 18 fevral 1990-cı ildə "Şuşa-Bakı" marşrutu ilə, 11 iyul 1990-cı ildə "Tərtər-Kəlbəcər" marşrutu ilə, 10 avqust 1990-cı ildə "Tbilisi-Ağdam" və "Şəmkir-Gəncə" marşrutları ilə hərəkət edən sərnişin avtobuslarını, 30 may 1991-ci ildə "Moskva-Bakı", 28 fevral 1993-cü ildə isə “Kislovodsk-Bakı” sərnişin qatarlarını partladaraq xeyli sayda insanı qətlə yetirmişlər. ASALA Bakı-Tbilisi-Ceyhan sazişini "pantürkist neft borusu" adlandırmaqla, onun həyata keçirilməsinə imkan verməyəcəyi barədə bəyanat vermişdir.
Lakin terror, təcavüz, özgə torpaqlarını işğal etmək yolu ilə "Böyük Ermənistan" qurmaq iddiasında olan erməni separatçılarının əməlləri nəinki öz dövlətinin və xalqının inkişafına xidmət etmiş, əksinə, onları rəzil hala salmışdır. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar müharibə onun respublikamızın siyasi və iqtisadi baxımdan möhtəşəm əhəmiyyətə malik bütün regional və beynəlxalq layihələrindən kənarda qalmasına, iqtisadi və siyasi münasibətlərdə beynəlxalq aləmdən təcrid olunmasına, bir dövlət kimi çökməsinə gətirib çıxarmışdır. Ermənistan BTC və BTK kimi bölgədəki böyük nəqliyyat layihələrindən təcrid olunmuş, inteqrasiya və nəqliyyat problemləri, bazarlara çıxış məhdudiyyətləri, inkişaf etməmiş infrastruktur ilə üzləşmiş, xarici ticarət üçün heç bir cəlbediciliyi qalmamışdır. Rəsmi məlumatlara görə, Ermənistanın 2020-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi, idxal və ixrac müvafiq olaraq 10,2%, 12,4% və 6% azalmışdır. Ermənistanda ixrac həm mallar, həm də istiqamətlər baxımından, demək olar ki, diversifikasiya olunmadığından, ixrac səbətində üstünlük təşkil edən aşağı əlavə dəyərli istehsal malları və xammal ölkənin xarici rəqabət qabiliyyətini məhdudlaşdırır. II Qarabağ müharibəsinin başlanmasından az sonra, 2020-ci ilin oktyabrında "Fitch Ratings" Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini (IDR) 'BB-' dən 'B +' səviyyəsinə endirmişdir. Ermənistanın cari əməliyyatlar hesabı kəsirinin ÜDM-ə nisbəti 8,2%-dir. 1991-ci ildən bəri davam edən bu kəsir artıq xroniki xarakter daşıyır.
Azərbaycan ilə Ermənistanın makroiqtisadi, enerji və nəqliyyat sektorlarının iqtisadi göstəricilərinin qısa müqayisəli təhlili ilə müəyyən olunur ki, Azərbaycan ÜDM (4 dəfə), beynəlxalq ehtiyatlar (20 dəfə), enerji təchizatı (4,6 dəfə), nəqliyyatda yükdaşıma (20 dəfədən çox) sektorları üzrə inkişaf göstəricilərinə görə Ermənistandan dəfələrlə üstündür. Ermənistanın bütün iqtisadiyyatı Azərbaycanın təkcə Abşeron yarımadasının iqtisadiyyatından 3 dəfə kiçikdir. Ermənistanın dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsi qədərdir. Üstəlik, Ermənistanda xalis xarici borc, cari əməliyyatlar hesabında böyük struktur kəsir, zəif xarici investisiya daxilolmaları və pul baratlarından yüksək asılılıq kimi həssaslıqlar kəskin şəkildə mövcudluğunu saxlamaqdadır. Ermənistanın bu ilin hələ may ayında iqtisadiyyatı əvvəlki ilə nisbətən 12,8 faiz geriləmiş, 2020-ci ilin yanvar-avqust aylarında xarici borcu 4,7% artaraq, sentyabrda 6,1 milyard ABŞ dollarına çatmışdır.
Növbəti təcavüzkar müharibəyə başlamasından əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistan iqtisadiyyatının 2020-ci il üçün 5 faiz azalacağı, Dünya Bankı isə Ermənistanda ÜDM-in 13,7 milyard ABŞ dolları, yoxsulluq göstəricisinin isə 42,5% olacağı ilə bağlı proqnoz vermişdir. İqtisadçı Sam Bhutinin “Eurasianet” xəbər saytında yazdığına görə, Ermənistan iqtisadiyyatı təcrid olunmuş, demək olar ki, yalnız Rusiyadan asılı olan iqtisadiyyatdır ki, bu da onun üçün çox ciddi problemlər yaradır. Belə ki, Ermənistanın xarici ticarət dövriyyəsinin ümumi payının 27%-i, birbaşa investisiyaların ümumi həcminin 51%-i, xaricdən pul köçürmələrinin isə 61%-i Rusiyanın payına düşür. Ölkədə ÜDM-in səviyyəsinin 6,8% azalacağı, 12,967 mln. ABŞ dolları olacağı proqnoz edilirdi. Hərbi əməliyyatlara çəkilən xərcləri də saysaq, yəqin ki, bu azalma faizi 2-3 dəfə artıq olacaqdır.
Bütün bunlarla yanaşı, Ermənistan iqtisadiyyatını, o cümlədən siyasi-ictimai həyatını gözləyən ən böyük fəlakətlərin hələ qarşıda olduğunu deyə bilərik. II Qarabağ müharibəsi ilə düşmənin artıq bir dövlət olaraq mövcudluğu böyük sual altına düşmüşdür. Bu mövqe təkcə bizim ekspertlərin deyil, ermənilərin özlərinin mütəxəssislərinin, habelə rəsmi nümayəndələrinin, o cümlədən xarici ölkə iqtisadçılarının nəticəsidir. Ermənistanın Maliyyə naziri Atom Cancuqazyanın fikrincə, Ermənistanın ümumi daxili məhsulu cari ildə 6,8% azalacaq, dövlət borcunun ÜDM-ə nisbəti isə 65% (təxminən 8,3 milyard dollar) olacaqdır. İqtisadçı Hrant Mikaelyan ermənilərin gündəlik ictimai fəallığının azaldığını, Dağlıq Qarabağdakı döyüşlərin Ermənistan iqtisadiyyatına cox ciddi zərər vuracağını, dövlət üçün qaçqın və infrastruktur problemləri ilə əlaqədar öncədən hesaba alınmamış əlavə xərclərin əmələ gələcəyini demişdir.
Ermənistanın xarici borcu artıq ÜDM-in 50%-nə yaxındır. Bəzi ekspertlər, son neqativ hadisələri də nəzərə alaraq, ilin sonuna bu göstəricinin 80-90% səviyyəsinə çatacağını proqnozlaşdırır. Rusiyanın tanınmış nəşrlərindən sayılan “Komsomolskaya Pravda”nın yazdığına görə, Ermənistanın Qarabağda hərbi konfliktə başlaması onu iflas vəziyyətinə salmışdır. Ermənistan bu ilin 27 sentyabr - 30 oktyabr tarixləri arasında təkcə hərbi texnika sarıdan 2 milyard ABŞ dollarından çox maddi vəsait itirmişdir. Qəzet Ermənistan iqtisadiyyatının Azərbaycan iqtisadiyyatı ilə heç cür müqayisə oluna bilinməyəcəyini, pandemiyanın təsirlərinə baxmayaraq, Azərbaycanın yarım il ərzində strateji valyuta ehtiyatlarının 1,2% artdığını və təxminən 52 milyard ABŞ dollarına çatdığını, Ermənistanda isə vergi daxilolmalarının yarıbayarı azaldığını, dövlət borcunun isə bütün tarixi ərzində rekord həddə - 8 milyard ABŞ dollarına çatdığını, bununla da dövlətin artıq iflasa doğru getdiyini göstərmişdir.
Hesablamalara görə, Ermənistanın müharibədə gündəlik itkiləri 150 milyon ABŞ dollarından çox olmuşdur. Lakin Ermənistanın müharibədə itkiləri yalnız hərbi texnika və döyüş sursatı ilə bitmir. Ermənistanın özünün sərsəmliyi üzündən müharibəni davam etdirməsi, həm də bütün hallarda iqtisadiyyatının çöküşünə, əhalinin onsuz da ağır olan sosial vəziyyətinin kəskin surətdə pisləşməsinə, siyasi böhrana və dövlətin ümumən iflasına gətirib çıxaracaqdır.
Lakin bu, həm də erməni xalqının və dövlətinin öz ekstremist, terrorçu fəaliyyətindən çox ciddi zərərə məruz qalması, iqtisadi və sosial məhrumiyyətlərə düçar olması deməkdir. Araşdırmalara görə, Ermənistanın Azərbaycana vurduğu maddi zərərin məbləği 1.3 trilyon dollara yaxındır. Düşmən işğal altında saxladığı ərazilərimizdə yerləşən infrastrukturu elə dağıtmışdır ki, onların bərpası mümkün deyildir, ərazilərdə, demək olar ki, hər şey dağıdılıb. Cənab prezidentin dediyi kimi, on minlərlə insanın yaşadığı, böyük şəhər olan Füzulidə bayraq sancmaq üçün bir bina tapmaq mümkün olmamışdır. Hər şey yenidən yaradılmalıdır. Yeri gəlmişkən, Ermənistanın keçmiş baş prokuroru, həmçinin Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan bu ilin 12 noyabr tarixində verdiyi açıqlamasında Ermənistanın Azərbaycana təcavüzü ilə ölkəmizə 50 milyard dollar məbləğində zərərin vurulduğu göstərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələdə də qəti mövqe nümayiş etdirərək demişdir ki, “Ermənistanın Azərbaycana vurduğu zərər beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq və fərdi və mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik. Onlar təzminat ödəyəcək, öz çirkin əməllərinə görə cavab verəcəklər”. Dövlət başçısı bu məqsədlə 2020-ci il 6 noyabr tarixdə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək üçün müvafiq Dövlət Komissiyasının yaradılması barədə Sərəncam imzalamışdır.
Beləliklə, Ermənistanın siyasi-hərbi rəhbərliyinin Azərbaycan dövləti və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər (təcavüzkar müharibəni aparma, soyqırımı, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma və s.), terrorçuluq həyata keçirməsi son nəticədə həm də öz xalqına və dövlətinə qarşı maliyyə terrorçuluğunun törədilməsi ilə nəticələnmişdir. Terrorizmin ayrı-ayrı meyarlar əsasında müxtəlif növləri fərqləndirilir: dini terrorizm, milli terrorizm, nüvə terrorizmi, bioloji terrorizm, ekoloji terrorizm, kimyəvi terrorizm və s. Dövlətin maliyyə resurslarının məhv edilməsi, qiymətsizləşdirilməsi, ölkədən qanunsuz çıxarılması, lüzumsuz xərclərə israf edilməsi, əhalinin həyat səviyyəsinin pisləşdirilməsi, iqtisadi inkişafa maneə olan şərtlərin yaradılması, dövlətin müflis həddinə çatdırılması kimi əməllər yekun nəticədə onun milli təhlükəsizliyini sarsıdır. Dövlətin müvafiq səlahiyyətli şəxsləri tərəfindən sadalanan əməllərin törədilməsi maliyyə terrorizmi sayılır.
Digər tərəfdən, Ermənistanda hazırda siyasi xaos, vətəndaş qarşıdurması, hakimiyyət böhranı hökm sürür, nazirlər, yüksək vəzifə tutan məmurlar bir-birinin ardınca istefa verir. Müxalifət liderləri təqib və ya həbs olunur. Məğlubiyyətə görə əvvəlki hakimiyyət indikini, indiki hakimiyyət isə əvvəlkiləri günahlandırır. Halbuki Ermənistan yalnız döyüş meydanlarında deyil, bütün sahələrdə Azərbaycana uduzmuşdur. Və bunun başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüz etməsi və bu siyasətindən əl çəkməməsi olmuşdur. Bir sözlə, Ermənistanın Azərbaycana təcavüzü özünün bir dövlət kimi siyasi iflasına gətirib çıxarmışdır.
Qeyd edilənlərə əsasən hesab edirik ki, Ermənistan dövlət olaraq ölkə daxilində öz əhalisinə qarşı maliyyə terrorizminin, ölkə xaricində isə milli terrorizm, bioloji terrorizm, ekoloji terrorizm, kimyəvi terrorizm və beynəlxalq terrorizmin subyektidir. Ermənistan dövləti Azərbaycana vurduğu maddi zərəri ödəmək ilə yanaşı, hərbi-siyasi rəhbərlik və cinayətlərdə iştirak etmiş bütün şəxslər timsalında beynəlxalq məhkəmə tərəfindən mühakimə olunub cəzalandırılmalıdır.

Mirəli Kazımov, BDU-nun dosenti, h.ü.e.d.