Ziyad SƏMƏDZADƏ: İqtisadi tərəqqiyə və hərbi qələbəyə aparan böyük siyasət
Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olcaqdır. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik.
Heydər ƏLİYEV, ümummilli lider
Müasir tariximizin 50 ildən artıq bir mərhələsi, o cümlədən müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya inteqrasiya sisteminə qovuşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dünyanın ən güclü siyasi xadimləri, tələbkar ekspertləri bu qüdrətli soydaşımızı Azərbaycan tarixinin yetirdiyi ən mükəmməl şəxsiyyət, beynəlxalq miqyaslı böyük siyasət və dövlət xadimi, fenomen lider kimi qiymətləndirmişlər.
SSRİ-nin dağılması ərəfəsində və ondan sonrakı ilk dövrdə respublikamızda mövcud siyasi, ictimai, sosial-iqtisadi vəziyyəti yadımıza salaq. Bu dövrdə ittifaq hökuməti tərəfindən qəbul edilmiş “yenidənqurma” kursu pərdəsi altında həyata keçirilən sistemsiz islahatlar, ölkənin idarə edilməsinin başabəla radikal islahatçılara tapşırılması dünyanın quru hissəsinin 1/6 hissəsini təşkil edən Sovet İttifaqında bir-birilə zəncirvari şəkildə bağlı olan respublikalar arasında əlaqələrin pozulmasına səbəb oldu. Nəticədə, ümumi bazar üçün xalq təsərrüfatının əsas sahələrinin fəaliyyətində əsl xaosun yaranması, ənənəvi satış bazarlarının itirilməsi keçmiş müttəfiq respublikaların iqtisadiyyatını, demək olar ki, iflic vəziyyətinə saldı.
Həmin dövrdə Azərbaycan iqtisadiyyatı da çox ağrılı proseslər keçirirdi. Bu, elə bir mərhələ idi ki, xalq təsərrüfatının bütün sahələrində tənəzzül davam edirdi, ölkənin maliyyə-kredit sistemi iflic vəziyyətində idi, böyük zəhmət hesabına uzun illər ərzində qazanılmış mövqelər itirilirdi. SSRİ-nin süqutundan dərhal sonra erməni işğalçıları tərəfindən ərazimizin xeyli hissəsinin zəbt edilməsi şəraitində ölkə daxilindəki qeyri-sabit ictimai-siyasi vəziyyət, hakimiyyət uğrunda çəkişmələr təsiri dağıdıcı olan bu neqativ meyilləri daha da gücləndirirdi. İlk addımlarını atan müstəqil dövlətimiz yox olmaq təhlükəsinə məruz qalmışdı.
O zaman ümummilli ider Heydər Əliyev Moskvadan Bakıya dönmüş, yerli rəhbərliyin siyasi qısqanclığı səbəbindən doğulub-böyüdüyü torpağa üz tutmuş, blokada şəraində yaşayan Naxçıvanı məharətlə idarə edib, muxtar respublikanı işğaldan qorumağa nail olmuşdu. Ulu öndərin belə bir böhranlı günlərdə xalqın təkidli tələbilə yenidən respublika rəhbərliyinə qayıtması ilə respublikamızda dövlətçiliyin möhkəmləndirilməsinə, ictimai-siyasi, iqtisadi vəziyyətin sabitləşməsinə, suveren gənc dövlətin iqtisadi əsaslarının yaradılmasına xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə şərait ya-randı. Bilavasitə xilaskar liderin rəhbərliyi ilə müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasları yaradıldı, müstəqilliyimizin əbədi qorunması üçün fundamental zəmin formalaşdırıldı.
Ulu öndər, ikinci müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbləri nəticəsində 1993-cü ilin iyununda, son dərəcə ağır və kritik bir dövrdə ikinci dəfə hakimiyyətə qayıdışından, tarixi xilaskarlıq missiyasına başlamasından sonra ölkəmizdə vətəndaş qarşıdurmasına, separatçılıq meyillərinə, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu.
O böhranlı aylarda və illərdə ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın parçalanmaq, müstəqilliyini yenidən itirmək təhlükəsi və qorxusu birdəfəlik aradan qaldırıldı. Ölkədə hər bir sahədə, sözün əsl mənasında, quruculuq işlərinə başlanıldı.
İlk növbədə yeni yaranmaqda olan Azərbaycan Ordusunda hökm sürən intizamsızlığa son qoyuldu. Ayrı-ayrı silahlı dəstələr, hərbi birləşmələr, könüllülər batalyonları ləğv edildi. Orduda dəmir nizam-intizam yaradılmağa başlandı, əsl ordu quruculuğuna qədəm qoyuldu. Ordunun döyüş qabiliyyətinin, vətənpərvərliyin artırılması, möhkəmləndirilməsi, ən müasir silah və texnikalarla təchiz edilməsi, peşəkar hərbçilərin formalaşdırılması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Cəbhədə atəşkəsin əldə edilməsi ölkənin dirçəldilməsi üçün əlverişli şəraitə yol açdı.
Təcrübəli dövlət xadimi Heydər Əliyev qəti əmin oldu ki, ağır vəziyyətdə olan respublika iqtisadiyyatını dirçəltmək, ölkənin dünya inteqrasiyasında iştirakını canlandırmaq üçün ən sanballı mənbə neft amili ola bilər. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Respublikaya güclü investisiya axını başlandı. Azərbaycan iqtisadiyyatı, ilk növbədə, onun neft sektoru beynəlxalq biznes həyatına qoşuldu. Neft strategiyası müstəqil respublikamızda demokratiyanın inkişafı, ictimai-siyasi sabitliyin təmin edilməsi, milli dövlət quruculuğunun möhkəmləndirilməsi, onun dünya iqtisadiyyatına qovuşması üçün möhkəm baza yaratdı. Artıq 1996-cı ildə iqtisadiyyatda tənəzzül meyillərinin qarşısı alındı. Bütün bunlar yaranmış xaosa, ümidsizliyə sarsıdıcı zərbə, dinamik iqtisadi həyata, onun dirçəlməsinə aparan qələbə idi.
1998-2000-ci illərdə Azərbaycan iqtisadiyyatına bütün maliyyələşdirmə mənbələrindən 39,1 trilyon manat (8,9 milyard dollar) investisiya yönəldilmişdir. Bu vəsaitin 6,5 milyard dolları xarici investorlar tərəfindən qoyulmuşdu. Müvafiq göstəriciyə görə, Azərbaycan nəinki MDB ölkələrini, hətta bəzi Şərqi Avropa ölkələrini qabaqlayırdı. 1998-2003-cü illərdə dövlət büdcəsinin müdafiə olunan maddələri (əməkhaqqı, pensiya, müavinət, ərzaq, dərmanlar və s.) üzrə xərclər təxminən 2,1 dəfə artmışdı. 2002-ci ildə isə büdcədə bu xərclər 67 faiz təşkil etmişdi. Büdcənin xərc hissəsində “Əməkhaqqı” maddəsi 2 dəfə, “Pensiya və müavinət” maddəsi isə 2,8 dəfə artmışdı.
1998-ci ilin sentyabrında Bakıda ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Qədim İpək yolunun bərpasına dair beynəlxalq sammit keçirildi. Heydər Əliyev tam əmin idi ki, ölkəmizin İpək yolu nəqliyyat dəhlizində aktiv iştirakı müstəqilliymizin qorunması və nəqliyyat kompleksinin yenidən qurulması, Azərbaycanın mühüm beynəlxalq dəhlizinə çevrilməsi üçün müstəsna əhəmiyyət kəsb edəcəkdir.
Eyni zamanda, ölkədə yeni iqtisadi sistemin qurulması, aqrar islahatların, özəlləşmənin aparılması, sahibkarlığın inkişafı ilə əlaqədar qanunvericilik bazası yaradıldı. Heydər Əliyev əhalinin sosial şəraitinin yaxşılaşdırılmasını fundamental əhəmiyyət kəsb edən bir məsələ kimi ön plana çəkirdi. Ulu öndər ciddi narahatlıq keçirirdi ki, əhalinin xeyli hissəsi işsizlik, yoxsulluq şəraitində yaşayır, doğma yurdlarından erməni millətçiləri tərəfindən qovulmuş azərbaycanlılar ağır çətinliklərlə üzləşirlər.
Doğrudan da, 1993-1994-cü illərdə bu tənəzzül artıq son həddə çatmışdı. İqti-sadiyyatımız inkişaf etmək əvəzinə, hər il təxminən 20-25 faiz tənəzzül edirdi. İnflyasiya çox yüksək səviyyəyə qalxmışdı. Təbiidir ki, belə vəziyyətdə bir çox müəssisələrin dayanması nəticəsində insanlar işsiz qalmışdılar. Bütün bunlar və müharibə zamanı qaçqın axınının daim artması ölkəmizdə yoxsulluğun yaranmasının da əsas səbəbləri olmuşdu. Odur ki, Prezident Heydər Əliyevin tapşırığı ilə Azərbaycanda “Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı” qəbul edildi və bütün bunlar öz nəticəsini verdi: görülmüş tədbirlər yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasını təmin etdi.
Müstəsna təşkilatçılıq qabiliyyətinə, zəngin idarəçilik təcrübəsinə, dərin təfəkkürə və iti analitik duyuma malik olan Heydər Əliyev həm də nüfuzlu, iradəli, cəsarətli, qətiyyətli, dünya birliyi tərəfindən sayılan, seçilən nadir şəxsiyyətlərdən biri idi. Bunun nəticəsi idi ki, onun dünyanın ən nüfuzlu təşkilatları, güclü dövlətlərin başçıları ilə Azərbaycanda yeni iqtisadi sistemin qurulması, respublikamızın dünya inteqrasiyasına qovuşması kimi qlobal problemlərə dair apardığı danışıqlar dünya ictimaiyyəti tərəfindən bu gün də çox yüksək qiymətləndirilir. Heydər Əliyev xarici iş adamları ilə danışıqlarda həmişə tam milli mənafelər mövqeyindən çıxış edir, xarici iş adamlarının fəallığının artmasına, onların qeyri-neft sektorlarına, regionların inkişafına daha geniş cəlb edilməsinə mane olan səbəblərin aradan qaldırılmasına böyük səy göstərirdi. Eyni zamanda, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın daha da təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verirdi.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin inkişaf və sabitlik yolunu müəyyən edib, gələcək tərəqqinin əsaslarını formalaşdırdıqdan sonra əbədiyyətə qovuşdu. Ulu öndərin ən layiqli davamçısı, müasir tipli siyasi lider İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində seçicilərin həlledici hissəsinin etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycanın yeni rəhbəri andiçmə mərasimində dedi: “Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək, Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Azərbaycana hörmət edirlər. Azərbaycanda demokratiya daha da inkişaf edəcəkdir, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm. Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının uğurla reallaşması ilə bağlı hələ Dövlət Neft Şirkətinin I vitse-prezidenti vəzifəsində çalışarkən dünyanın ən nüfuzlu şirkətləri ilə fəal və işgüzar danışıqlar aparır, meydana çıxan problemlərə yüksək peşəkarlıqla müdaxilə edir və milli mənafeləri gözləməklə onların həllinə nail olurdu. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bakı-Tbilisi-Ceyhan bizim müstəqilliyimizi möhkəmləndirəcək, enerji müstəqilliyimizi təmin edəcəkdir. Belə olan halda, biz müstəqil siyasət apararaq xalqlarımızın rifah halını yaxşılaşdıracağıq, milli maraqlarımızı daha da inamla müdafiə edəcəyik. Bir sözlə, bu, strateji əhəmiyyət daşıyan, ölkələrimizin müqəddəratını təmin edən, xoşbəxt gələcəyini təmin edən layihədir”.
2007-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri tam gücü ilə işləməyə başladı. 2007-ci ildə Azərbaycan ilk dəfə qaz ixracatçısı oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı. 2014-cü ildə Səngəçalda Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi. 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalandı.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin səhərisi günü, may ayının 29-da Səngəçal Terminalında Azərbaycan dövləti və xalqının tarxində daha bir mühüm hadisə baş verdi. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktyorlardan birinə çevrilən ölkəmizdə böyük önəmə malik olan Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Dünyanın nüfuzlu dövlətlərinin, aparıcı beynəlxalq mərkəzlərinin, iri neft şirkətlərinin, OPEK-in rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan prezidenti bu layihənin əhəmiyyəti və dünyaya verəcəyi töhfələri diqqətə çatdıraraq, bəyan etdi ki, “belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik”.
2018-ci il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans- Anadolu qaz kəməri istifadəyə verildi. Dövlət başçısı çıxışında, “TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”, - deyərək bir daha dünyanın diqqətini Azərbaycanın önəminə çəkdi.
Bu hadisəni Azərbaycan xalqının tarixi nailiyyətlərindən biri kimi qiymətləndirdi. Azərbaycan dövlətinin əldə etdiyi uğurlar əhəmiyyətli dərəcədə ölkənin düşünülmüş iqtisadi siyasəti, onun tərkib hissəsi hesab edilən investisiya siyasətidir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan çox vəsait qoyulmuşdur. Müsbət nəticələrdən biri odur ki, ölkə iqtisadiyyatına investisiya qoyan ölkələrin coğrafiyası genişlənir, investisiyaların digər sahələrə, xüsusilə də qeyri-neft sektoruna yönəldilməsi meyli güclənir, daxili investisiyaların həcmi artır.
Azərbaycanda ildən-ilə təkmilləşən və dinamik inkişafa xidmət edən sənayeləşmə siyasəti həyata keçirilir, texnoparklar, sənaye məhəllələri yaradılır. Real sektorun inkişafı, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan bu gün dünyada özünün iqtisadi enerji, ərzaq, maliyyə təhlükəsizliyini təmin edən bir ölkə kimi tanınır. Qarşıdakı dövrdə qeyri-neft sektorunun inkişafı, emal sənayesinin quruluşunun təkmilləşməsi, səmərəlilik göstəricilərinin yaxşılaşması iqtisadi inkişaf strategiyasının prioritet istiqamətləri kimi daha böyük uğurlarla müşayiət olunacaqdır.
İqtisadiyyatın inkişaf strategiyasının mühüm istiqamətlərindən biri regionların inkişafında mövcud uyğunsuzluqların əhəmiyyətli dərəcədə yumşaldılması, maddi əmək resurslarından səmərəli istifadə edilməsidir. 11 fevral 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” təsdiq edilməsi haqqında sərəncam imzaladı. Bu barədə dövlət başçısı demişdi: “Bu, demək olar ki, ümumiyyətlə, bizim iqtisadi baxımdan görülən işlərimizin yeni bir istiqamətidir. Düzdür, həmişə bu sahəyə diqqət göstərilirdi, amma belə kompleks, sistem şəklində, düşünülmüş bir proqram çərçivəsində, demək olar, bu istiqamətin əsas parametrləri bu il müəyyən olunubdur. Deyə bilərəm ki, bizim bu sahədə gördüyümüz işlər də təqdirəlayiqdir”.
Son 17 ildə regional inkişaf proqramları çərçivəsində Bakı ilə yanaşı, Naxçıvan, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba, Xaçmaz, Abşeron, Dağlıq Şirvan, Aran iqtisadi rayonlarında dünya standartlarına cavab verən ofislər, binalar, istehsal sahələri tikilmiş, nəqliyyat, energetika, qaz təchizatı sistemində müsbət dəyişikliklər edilmiş, beynəlxalq tələblərə cavab verən rabitə stansiyaları, qovşaqları açılmış, o cümlədən ucqar kəndlərdə əhaliyə xidmətin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir. Respublika-mızın bölgələrində beynəlxalq standartlara cavab verən yollar salınır, körpülər, aeroportlar tikilir, müasir diaqnostika mərkəzləri, istirahət ocaqları istifadəyə verilir. Hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur ki, bunun da 4,6 milyard manatı özəl sektorun payına düşür.
2017-ci il oktyabr ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Baş naziri Bakıtyan Saqintayevin, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi. Dünyanın 100 layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, iqtisadi-siyasi müstəqilliyimizin möhkəmlənməsinə xidmət edən ən mühüm amillərdən biridir.
2018-ci ilin avqustunda beş Xəzəryanı dövlətin inkişafı, onlar arasında faydalı əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradan Xəzərin statusu qəbul edildi. Bu gün Azərbaycan dünyanın nəqliyyat mərkəzlərindən biri kimi tanınır. Bu, sözün əsl mənasında, ölkəmizin böyük inkişaf imkanlarına malik olduğunu göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə yanaşı, Şimal- Cənub Dəhlizinin, Bakı-Dəniz Limanının fəaliyyətə başlaması, Ələt İqtisadi Zo-nasının yaradılması ölkəmizin iqtisadi qüdrətinin güclənməsini, beynəlxalq aləmdə nüfuzunun artmasını sübut edən tarixi hadisələrdir.
Son 17 ildə respublikada 16 min kilometrdən çox yollar salınmış, yol infrast-rukturunda ciddi addımlar atılmışdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, dünyanın ən nüfuzlu reytinq agentlikləri respublikamızda yol infrastrukturunu yüksək qiymətləndirirlər.
Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ən son texnoloji yeniliklər tətbiq edilir, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılır. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artır. İlk telekommunikasiya peyki “Azerspace-1”, yer səthinin müşahidə peyki “Azersky” və nəhayət, 2018-ci ildə üçüncü peykimiz orbitə çıxarılıb və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulub. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı da genişləndirilib, həmçinin “elektron hökumət” üzrə xidmətlərin sayı və keyfiyyəti artırılır. Qarşıdakı dövrdə bu sahədə görülən işlər daha da genişlənəcək, ölkəmizin rəqabətə davamlılığının təmin edilməsi üçün vacib amil rolunu oynayacaqdır.
Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən başlayaraq ölkədə yox-sulluğun minimuma endirilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin su, qaz, elektrik enerjisi ilə təminatı istiqamətində ciddi işlər gördü. 2009-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasında ciddi dəyişikliklər edildi. Azərbaycanda sosial yönümlü bazar iqtisadiyyatının qurul-ması dövlətin əsas məqsədlərindən biri kimi müəyyənləşdirildi. Bu, ilk növbədə o deməkdir ki, dövlət sərt bazar iqtisadiyyatının tələblərini, qanunları, sosial şəraiti nəzərə almalıdır.
Ölkədə irimiqyaslı quruculuq işləri aparılır, bunlar da o deməkdir ki, biz daim əhalinin həyat səviyyəsi, pul gəlirlərinin dinamikası, strukturu, pul xərclərinin strukturu, baş verən meyillər, iqtisadi inkişaf, müdafiə olunan xərclərin dinamikası, əhaliyə pullu və pulsuz xidmətlərin arasında optimal nisbətin təmin edilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlamalıyıq.
Ötən illər ərzində yoxsulluğun azaldılması istiqamətində fundamental işlər görüldü, bu da yoxsulluğun dəfələrlə aşağı salınmasını şərtləndirdi. 2019-cu ildə yoxsulluğun səviyyəsi 5,1 faiz olmuşdur. Dövlət başçısı İlham Əliyevin cəmiyyətimiz üçün müstəsna əhəmiyyət kəsb edən aşağıdakı fikirlərini qeyd etmək istərdim: “Bizim büdcəmiz və siyasətimiz sosialyönümlüdür. Azərbaycanda həm bazar iqtisadiyyatı prinsipinə sadiqlik özünü göstərir, eyni zamanda, sosial məsələlərin həllinə də böyük diqqət yetirilir. Əhalinin sosial müdafiəsi məsələləri ön planda olmalıdır. Müxtəlif sosial proqramların həyata keçirilməsi, müxtəlif təşəbbüslərin başlanması bu məqsədi daşıyır.”
Görülmüş tədbirlər nəticəsində Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə qalxdı. 2019-cu ildə minimum əməkhaqqı məbləğinin 250 manata çatdırılması isə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq tarif maaşları üzrə orta əməkhaqqının artmasını da şərtləndirdi. 2018-ci ildə ölkə üzrə 400 min şəxs 180 manatdan az əməkhaqqı alırdı, onların 67 faizi, yəni 270 mini dövlət sektorunda çalışırdı. Prezidentin sərəncamından sonra isə minimum aylıq əməkhaqqı yaşayış minimumuna bərabərləşdi və orta əməkhaqqının 33 faizini təşkil etdi. Mini-mum əməkhaqqı 250 manata çatdırıldı. Prezidentin imzaladığı və 2 milyon insanı əhatə edən bu sərəncamlar həm də onu göstərir ki, islahatlar kompleks xarakter daşıyır və atılan hər bir addımın mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır.
Azərbaycan dövləti qlabal dünya böhranı, eləcə də pandemiya dövründə heç bir sosial proqramı dayandırmadı, heç bir dövlətdən, beynəlxalq təşkilatlardan yardım istəmədi, çünki bizim kifayət qədər valyuta ehtiyatlarımız var. Xarici borcun həcminin ÜDM-ə nisbəti bir çox ölkələrdəki borclanmadan dəfələrlə azdır. Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində heç 100 milyon dollar valyuta ehtiyatı olmayan respublikamızın bu gün 50 milyard dollar valyuta ehtiyatları vardır. Bu, ölkənin xarici borcunun həcmindən 5 dəfədən çoxdur. Azərbaycan dövləti xarici borclanma siyasətinə həssaslıqla yanaşır, borclanma məsələsini həmişə diqqət mərkəzində saxlayır, onun alınmasında və qaytarılmasında qarşı tərəflə razılaşdırılmış şərtlərin yerinə yetirilməsini strateji vəzifə kimi qiymətləndirir.
Azərbaycanın taleyüklü inkişaf strategiyası ətrafında cəmiyyət daxilində konsensusun yaradılması, dövlətin milli mənafelərə xidmət edən və yüksək həyat tərzinə təminat verən strateji siyasəti, qloballaşan dünyanın inkişaf kontekstində respublikamızın iqtisadi təhlükəsizliyinin təmini, Azərbaycanın gələcəyi naminə yaranmış ümumxalq birliyi Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir. Prezident İlham Əliyev bununla bağlı demişdir: “İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması – bu amillər bizi problemlərdən qoruya bildi. Azərbaycanın gələcəkdə uğurlu inkişafı üçün bütün bu amillər daha da güclənməlidir”.
Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin dövründən əsası qoyulan siyasət və strategiya nəticəsində dünyanın güclü orduya malik 50 ölkəsi sırasında inamla addımlağa başladı və bu gün də addımlamaqda, ön sıralara yüksəlməkdədir. Bütün bunlar 2016-cı ilin Aprel döyüşlərində, həm də İkinci Vətən müharibəsində öz tarixi nəticələrini verdi.
Vətən müharibəsində xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi erməni faşizmi üzərində qələbənin əldə edilməsində həlledici rol oynadı. Ölkə prezidentinin başçılıq etdiyi şanlı, rəşadətli Azərbaycan Ordusu, qəhrəman, igid Azərbaycan Ordusu 44 günlük İkinci Vətən müharibəsi ilə 32 illik qanlı Qarabağ münaqişəsinə son qoydu. Sentyabrın 27-də başlayan və noyabrın 9-da başa çatan 44 günlük İkinci Vətən müharibəsi ilə yağı, murdar düşmən və onun qanlı havadarları üzərində tarixi, möhtəşəm Qələbə, Zəfər çalındı. İşğalçı, faşist və terror dövləti olan Ermənistan güclü Azərbaycan qarşısında tab gətirə bilmədi, təslim oldu, məğlub edildi, kapitulyasiya aktına imza atdı, məğlubiyyətini rəsmən etiraf etdi.
Azərbaycan xalqı 32 ildən sonra Haqqına, Haqq etdiyinə qovuşdu. 32 il dözdü, səbir etdi, təmkin nümayiş etdirdi və sonda da qanuni, halal Qələbəsini əldə etdi. Bəli, bu Qələbə, bu Zəfər heç də asan başa gəlmədi. Bunun üçün illər, on illiklər lazım gəldi.
Bəli, bugünkü uğurlarımıza, İkinci Vətən müharibəsinin Qələbə və Zəfərlə başa çatdırılmasına görə, həm də ulu öndər Heydər Əliyevə, onun uzaqgörən siyasət kursuna borcluyuq, onun ruhuna minnətdarıq, onun ölməz, müqəddəs ruhu qarşısında baş əyirik. Onun qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycan, qüdrətli, güclü Azərbaycan dövlətinin sükanı bu gün tam etibarlı əllərdədir. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik milli dövlətçilik xətti və siyasəti ilə Azərbaycan Qələbələrdən-Qələbələrə, Zəfərlərdən- Zəfərlərə doğru irəliləməkdədir.
Bu yerdə mütləq şəkildə xatırlatmağa dəyər ki, Qarabağın gözü, dilbər guşəsi olan Şuşanın 28 il 6 aydan sonra işğaldan azad olunduğu gün – noyabrın 8-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında oldular. Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, Şəhidlər Xiyabanında isə şəhidlərin xatirəsinə ehtiramlarını bildirdilər. Şəhidlər Xiyabanında tarixi nitqi zamanı ölkə prezidenti dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.
Bəli, ölkə prezidenti hər zamankı kimi verdiyi vədə sadiq qaldı, ulu öndərin də vəsiyyətini bir oğul, bir övlad kimi yerinə yetirdi. Budur xoşbəxtlik, budur varislik, budur sadiqlik!
Ziyad SƏMƏDZADƏ,
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı