Azərbaycanın işğaldan azad edilən ərazilərində sahibkarlığın inkişaf istiqamətləri
Hazırda Azərbaycan xalqı tarixin ən yaddaqalan, şərəfli günlərini yaşayır. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və strateji rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu otuz ilə yaxın bir dövrdə həsrət qaldığımız, mənfur qonşumuz tərəfindən işğal edilmiş Qarabağdakı əraziləri düşməndən azaq edərək, bizə qələbə sevincli günləri bəxş etmişdir. Belə bir sevincli məqamda bu ərazilərin iqtisadi potensialı barədə yazmaq və ondan səmərəli istifadə edilməsi şərti ilə sahibkarlığın inkişaf istiqamətlərini müəyyən etmək vaxtı artıq yetişib. Əlbəttə, bu ərazilərin Azərbaycan xalqı üçün tarixi-mədəni əhəmiyyəti hər hansı iqtisadi dəyərlərindən xeyli dərəcədə üstündür. Fərəhlə qeyd etmək olar ki, işğaldan azad olan ərazilər zəngin iqtisadi potensiala malikdir və bu ərazilərin bütünlükdə ölkə iqtisadiyyatına inteqrasiyası əsasında yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin ərazilərin bərpası üçün çəkdiyi bütün maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir.
Əminliklə qeyd etmək olar ki, işğaldan azad edilən ərazilərdə yaradılacaq əlverişli biznes mühiti, mikro, kiçik və orta sahibkarlığın formalaşması qeyri-neft sektorunun dinamik inkişafına əsaslı təkan vermiş olacaq və nəticədə idxalı əvəz edən məhsulların yerli istehsal hesabına həcmi və çeşidi artmaqla yanaşı, ixrac yönümlü məhsulların istehsalı da artacaqdır. Bu əminliyin maddi bazasını işğaldan azad edilən ərazilərin təbii ehtiyatları, sosial-iqtisadi bazasını isə öz doğma yurdlarına qayıdan fədakar və məğrur insanlar təşkil edəcəklər.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamalarına görə, işğaldan azad edilən ərazilərdə 167 müxtəlif təyinatlı faydalı qazıntı yatağı mövcuddur. Onlardan 5-i sement və soda üçün xammal, 42-si üzlük, mişar və müxtəlif növ tikinti daşları, 19-u gips və gil, 14-ü əlvan və bəzək daşları; 14-ü qum-çınqıl və tikinti qumu, 21-i pemza və vulkan külü yataqlarıdır. İlkin hesablamalara görə, həmin yataqlarda ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl; 37,3 min ton qurğuşun, 129,8 milyon kubmetr soda istehsalı üçün əhəngdaşı; 147,1 milyon ton - sement xammalı; 2,1 milyon kubmetr pemza və s. mövcuddur ki, onlar da ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan xammallardır.
İşğaldan azad edilmiş ərazilər sənaye və tikinti əhəmiyyətli müxtəlif növ materiallarla zəngindir. Eyni zamanda, bu ərazilər zəngin su ehtiyatlarına malikdirlər ki, bu da ölkəmizin sənayesi və kənd təsərrüfatı üçün müstəsna əhəmiyyət kəsb edir. Bölgədə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Bütünlükdə Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının təxminən 40%-i işğaldan azad edilən rayonların payına düşür. Regionun enerji resurslari (hidroenerji, günəş, külək və termal enerji potensialı) orada iqtisadiyyatın bütün sahələrinin, eləcə də əhalinin enerjiyə olan gündəlik tələbatının ödənilməsində vacib təminatçı rolunda çıxış edəcəkdir.
Bütün bu faktlar onu göstərir ki, həmin ərazilərdə sahibkarlığın müxtəlif mülkiyyət formalarında geniş şəbəkəsinin yaradılması üçün kifayət qədər xammal və enerji resursları mövcuddur. İndiki və gələcək nəslin qarşısında duran başlıca vəzifə həmin resurslardan qənaətlə istifadə etməklə Qarabağın dayanıqlı sosial-iqtisadi inkişafını təmin etməkdir. Onu da etiraf etmək lazımdır ki, erməni vandalları tərəfindən darmadağın edilən əraziləri, daşınmaz əmlakı, maddi və mənəvi sərvətləri qısa müddətdə bərpa etmək o qədər də asan olmayacaqdır. Amma onu da əminliklə söyləmək olar ki, xalqımız üçün 30 illik həsrətə son qoyan, öz cəsarəti, uzaqgörən siyasəti, diplomatik bacarığı və qətiyyəti ilə doğma Qarabağımızın işğaldan azad edilməsi prosesinə uğurla rəhbərlik edən, ən yüksək hərbi rütbəyə və Milli Qəhrəman adına layiq olan ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə dəstəyi ilə həmin çətin və olduqca mürəkkəb sosial-iqtisadi problemlər də qısa müddət ərzində öz müsbət həllini tapacaqdır.
Ölkə prezidentinin 29 oktyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” imzaladığı Fərmanda işğaldan azad edilən rayonlarda müvəqqəti komendantlıqların yaradılması və onların nəzdində fəaliyyəti zəruri hesab edilən dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin təmsil edilməsi, vaxt itirmədən ərazilərin qorunması və bərpası, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi, ictimai təhlükəsizliyin qorunması və digər vacib məsələlər öz əksini tapmışdır.
Digər tərəfdən ölkə prezidenti 06 noyabr 2020-ci il tarixdə cari ilin sentyabr ayının 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə xüsusi Dövlət Komissiyası yaratmış və ona tapşırılmışdır ki, dəymiş ziyanı qiymətləndirərək onların aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitləri barədə təkliflərini ölkə prezidentinə təqdim etsin və xərclərə dair vahid məlumat bazasının yaradılması təmin olunsun.
İşğaldan azad edilən rayonlarda sahibkarlığın təşkili, idarə edilməsi və inkişafı üçün müasir dövrün tələblərinə cavab verən, qabaqcıl beynəlxalq təcrübəni özündə əks etdirən, sistemli yanaşmaya əsaslanan kompleks xarakterli hüquqi, təşkilati-iqtisadi, texniki-texnoloji, sosial, ekoloji və s. xarakterli tədbirlərin işlənilməsi və həyata keçirilməsi tələb olunur. Başqa sözlə, ərazilərin bərpası üçün konseptual yanaşmaya üstünlük verilməlidir. Bu baxımdan hələ 2010-cu ildə Qafqaz Strateji Tədqiqatlar İnstitutunun dəstəyi ilə ölkəmizin tanınmış iqtisadçı alimləri Nazim Müzəffərli və Eldar İsmayılov tərəfindən hazırlanıb çap edilən “Azərbaycanın post-konflikt ərazilərinin bərpası (konseptual əsaslar)” adlı fundamental monoqrafiya işğaldan azad edilən ərazilərin bərpası üçün normativ-hü¬quqi bazanın və müvafiq dövlət proqramlarının işlənilməsi üçün təkmil tədqiqatın nəticəsi kimi çıxış edə bilər. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən və zə¬ruri ünvanlara göndərilən həmin monoqrafiyaya ön söz yazan ABŞ-ın C.Hor¬kins adına Universitetinin nəzdindəki Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, professor Frederik Starr əsərdə öz həllini tapan məsələlərə yüksək qiymət vermiş, onun ölkəmizin işğaldan azad ediləcək əraziləri üçün mühüm konseptual əsaslara söykəndiyini qeyd etmişdir.
Həmin monoqrafiyanın əhəmiyyətini azaltmadan ölkəmizin iqtisadi fəaliyyət sahələrində sahibkarlığın inkişafına dair son illər qəbul edilmiş normativ-hüquqi aktlarda qarşıya qoyulan məqsəd və vəzifələrin icrasını rəhbər tutaraq, işğaldan azad edilən bölgələrdə sahibkarlıq fəaliyyətini bərpa və inkişaf etdirmək üçün aşağıdakı hədəflərin, təklif və tövsiyələrin nəzərə alınması məqsədəuyğun olardı:
Əvvəla, onu qeyd etmək vacibdir ki, mövcud normativ-hüquqi sənədlərdə işğaldan azad edilən rayonlar üçün birbaşa icra ediləcək tədbirlər nəzərdə tutulmamışdır. Bu halda Füzuli, Ağdam və Tərtər rayonlarını qismən istisna etmək olar. Ancaq nəzərə alsaq ki, Vətən savaşı dövründə mənfur qonşumuz həmin rayonlarla yanaşı, digər əraziləri də atəşə tutaraq böyük sayda dağıntılar törətmişdir, onda görüləcək işlərin miqyasını müəyyən etmək çətin deyil. Bizim fikrimizcə, həmin ərazilərdə aparılacaq genişmiqyaslı bərpa və tikinti-quraşdırma işləri beynəlxalq standartlara və müasir dövrün tələblərinə uyğun aparılmalı, sosial-iqtisadi tədbirlər aşağıdakı üç istiqamətdə həyata keçirilməlidir:
- qismən bərpa ediləcək rayonlar (Ağdam, Füzuli, Tərtər, Bərdə, Ağcəbədi, Gəncə);
- nisbətən az bərpa ediləcək rayonlar (Xankəndi şəhəri, Xocalı, Şuşa, Xocavənd);
- tam bərpa ediləcək rayonlar (Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan).
Hər bir həyata keçiriləcək tədbirin hüquqi bazasının zəruriliyini nəzərə alsaq, onda “İşğaldan azad edilən ərazilər haqqında” Azərbaycan Respublikasının Qanununun, onun tam bərpası və sosial-iqtisadi inkişafı üçün məqsədli dövlət proqramının, eləcə də Strateji Yol Xəritəsinin təxirə salınmadan işlənilməsi və qəbul edilməsi vacibdir.
Digər təxirəsalınmaz tədbirlərdən biri azad edilən ərazilərə mərhələlərlə qaytarılacaq əhalinin sayı və demoqrafik tərkibinin müəyyən edilməsidir. Bu prosesin icrası qaçılmazdır, ən azı ona görə ki, işğaldan azad edilən rayonlarda bütün yaşayış məntəqələri və infrastruktur məhv edilmişdir. Onların bərpasına isə zaman lazımdır.
Əhalinin təhlükəsizliyini təmin etmək üçün ilk növbədə sərhəd təhlükəsizliyi sistemi yaradılmalı, ərazilər minalardan tam təmizlənməli, zədələnən torpaqlar istifadə üçün yararlı vəziyyətə gətirilməli, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanmalı, onun ödənilməsi üzrə beynəlxalq hüquq təşkilatları qarşısında iddia qaldırılması məsələsi öz həllini tapmağa hədəflənməlidir.
İşğaldan azad edilən ərazilərdə tikinti-quraşdırma və abadlaşdırma işlərini fasiləsiz həyata keçirmək üçün yerli daş karxanaları, qum çınqılı, əhəng, sement və s. istehsal edən müəssisələrin işini bərpa etmək məqsədilə rayonları təmsil edən mövcud 35-ə yaxın tikinti təşkilatı ərazilərə köçürülməli, onların işçiləri üçün konteyner tipli vaqonlar və modul evlər quraşdırılmalıdır. Habelə dövlət, özəl və xarici şirkətlər cəlb edilməklə ərazidə respublika və yerli əhəmiyyətli avtomobil, eləcə də Horadiz-Naxçıvan və Bərdə-Xankəndi dəmir yolları bərpa olunmalıdır. Həmin şirkətlərin vasitəsi ilə rayonlarda ilk növbədə mobil rabitə sistemi, onun ardınca isə poçt-rabitə şəbəkələri bərpa edilməli, eyni zamanda, asfalt-beton mobil zavodların tikintisi, ərazilərin elektrik enerjisi ilə təminatı, su və qaz təchizatının bərpası işləri həyata keçirilməlidir.
Həmin və yeni yaradılacaq tikinti təyinatlı sahibkarlıq subyektləri, fərdi qaydada yaradılacaq mikro və kiçik müəssisələrin regionda mövcud olan və dağıntıya məruz qalan çoxsaylı yaşayış məntəqəsinin, o cümlədən 14 şəhər və 46 qəsəbənin yenidən bərpası işində fəal iştirakı şübhə doğurmur. Onların payına böyük sayda xəstəxana və poliklinikanın, məktəb və uşaq bağçalarının, kütləvi kitabxanaların bərpası da düşür. Heç şübhə etmirik ki, işğaldan azad olan şəhər və kəndlərdə mikro, kiçik və orta sahibkarlar tərəfindən müasir mağazalar, məişət və iaşə xidmətləri, bazar və digər sosial infrastruktur obyektləri tikilib istifadəyə veriləcəkdir. Güman edirik ki, həmin sahibkarlıq subyektlərinin təşkili prosesinə güzəştli (vergidən bir neçə il azadetmə) vergi və kredit (aşağı faizli) sistemləri şamil ediləcəkdir.
Fikrimizcə, işğaldan azad edilən münbit torpaq ərazilərindən təyinatı üzrə səmərəli istifadə etmək üçün qəsəbə və kənd evlərinin bərpası və yaxud yenidən salınması prosesində sistemli yerləşməyə üstünlük verilməsi məqsədəuyğundur. Bu zaman rayonlarda məskunlaşan əhaliyə ərazinin relyefi nəzərə alınmaqla əvvəllər itirdikləri əmlakın öz gücü ilə bərpasının hər kvadrat metri üçün, müasir istilik sistemi təchiz edilməklə 600-1000 manat məbləğində müavinətlərin dövlət tərəfindən ayrılması, eləcə də ərazilər minalardan təmizləndikdən, dağıntılar aradan qaldırıldıqdan sonra torpaq islahatları məsələsinə də aydınlıq gətirilməlidir. Qarabağın şəhər və qəsəbələrində çoxmərtəbəli binaların tikintisinə və bu zaman geniş və abad küçələrin salınmasına da üstünlük verilə bilər.
Qələbədən sonra “qaçqın” və “məcburi köçkün” sözləri tarixin arxivinə göndərilməli, qeyd edilən böyük həcmdə tikinti-quraşdırma və abadlıq işlərinin sürətlə və keyfiyyətlə aparılması və həmin məqsədlərə ayrılacaq pul vəsaitlərindən düzgün istifadə edilməsi üçün bu işlərə Fövqəladə Hallar Nazirliyinin cəlb edilməsi və yaxud Müdafiə Nazirliyinin tabeliyində hərbi xidmətə çağırılan (könüllü qulluq etmək istəyən müvafiq tikinti peşələrinə malik) əskərləri cəlb etməklə yaradılacaq xüsusi mühəndis-texniki təyinatlı hərbi quruma həvalə edilməsi qarşıya qoyulan məqsədlərin qısa müddətdə intizama tabe olan vahid komandanlıq altında başa çatmasına imkan vermiş olardı.
Hesab edirik ki, işğaldan azad edilən rayonlarda müasir texnika və texnologiya ilə təchiz edilən, İKT-dən, yerli xammal, enerji və digər resurslardan səmərəli istifadə etməyə imkanı olan aşağıdakı fəaliyyət sahələri üzrə fərdi, mikro, kiçik və orta ölçülü sahibkarlıq subyektlərinin yaradılması regionun dinamik sosial-iqtisadi inkişafına, fəal məşğulluğun, eləcə də özünüməşğulluğun yüksək səviyyədə təmin edilməsinə imkan yaratmış olacaqdır:
- rayonlarda onların spesifik xüsusiyyətlərinə uyğun aqroparkların və müştərək müəssisələrin (kənd təsərrüfatı məhsullarının, iri və xırda buynuzlu heyvan dərilərinin toplanması və emalı, dərman bitkilərinin tədarükü və emalı, yem tədarükü, süd və süd məhsulları istehsalı, arıçılıq, quru meyvə, meyvə şirələri və kompot hazırlayan müəssisə və s.) geniş şəbəkəsinin təşkili. Beynəlxalq təcrübəyə əsaslanaraq Qarabağın mövcud olan 329 inzibati ərazi dairəsində kəndlərin sayı üç və daha çox olan, əhalinin sayı isə 200-1000 nəfər təşkil edən 161-də ixtisaslaşan və yaxud qarışıq tipli aqroparkların yaradılması mümkündür;
- Qarabağda çoxsaylı faydalı qazıntı yataqlarının mövcudluğu Kəlbəcər və Zəngilan rayonlarında müştərək dağ-mədən və əlvan metal istehsal edən müəssisələrin yaradılmasına imkan verə bilər;
- regionda 46 qəsəbənin mövcudluğu, eləcə də şəhərlərin real sənaye potensialı orada 28 sənaye və xidmət məhəlləsinin yaradılması imkanlarını gerçəkləşdirə bilər;
- Şuşada AMEA-nın Şuşa Regional Elmi Mərkəzini, AMEA Yüksək Texnologiyalar Parkının filialını yaratmaqla mövcud olan sənaye müəssisələrinin, elm və təhsil ocaqlarının iştirakı ilə müasir texnoparkın yaradılması şəhərin iqtisadi potensialından səmərəli istifadə olunmasına imkan verə bilər;
- Ağdam, Cəbrayıl və Qubadlı rayonlarında “Azərxalça” ASC-nin filiallarının yaradılması, həmin və digər əlverişli şəraiti olan rayonlarda baramaçılığın inkişafı mikro və kiçik sahibkarlığın dinamik inkişafına təkan verə bilər;
- Kəlbəcər, Laçın və Şuşada böyük həcmdə mineral su ehtiyatının olduğunu nəzərə alaraq, orada suların geniş çeşidinin qablaşdırılması və istehlakı üzrə müvafiq sahibkarlıq subyektinin yaradılması da yüksək iqtisadi səmərə verə bilər;
- Füzuli və Cəbrayıl rayonlarının ərazisində sərhəd azad ticarət zonalarının yaradılması regionun ixrac imkanlarını genişləndirmiş olar;
- Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında tarixi abidələrin mövcudluğu orada turizmin inkişafına təminat yaratmış olacaqdır;
- Qarabağın hər bir inzibati rayonu çərçivəsində tərtib ediləcək özünüməşğulluq proqramı üzrə kənd təsərrüfatının müxtəlif sahələrində fərdi və mikro-sahibkarlıq fəaliyyətinin təşkili;
- fərdi, mikro və kiçik statuslu sahibkarlar tərəfindən dünyada məşhur olan Qarabağ atlarının sayının çoxaldılması;
- iri və xırdabuynuzlu heyvan dərilərinin aşınması və onlardan geyim əşyalarının və digər xalq istehlakı mallarının istehsalının təşkili yerli əhalinin maddi rifah halının yaxşılaşmasına da imkan verə bilər;
- rayonların dağlıq kənd və qəsəbələrində fərdi, mikro və kiçik sahibkarlıq fəaliyyəti göstərilən obyektlərində, eləcə də fərdi yaşayış evlərində qardaş Türkiyənin mövcud və uğurlu iş təcrübəsindən istifadə etməklə alternativ və bərpa olunan enerji növlərindən istifadəyə üstünlük verilməsi faydalı olardı.
Fikrimizcə, Qarabağda əhalinin məskunlaşması tam başa çatdıqdan sonra:
- özəyi yeni yaradılacaq Milli Konservatoriyanın filialı olmaqla Şuşa şəhərində bütün təyinatlı musiqi məktəbləri, yeni tikiləcək Muğam Evi, musiqi alətləri istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri, xalq çalğı alətləri orkestri və ansamblları və s. Musiqi Klasterinin yaradılması;
- rayonlarda bütün musiqi məktəblərinin fəaliyyətinin bərpa edilməsi;
- əlverişli mövqelərdə olan şəhərlərdə “ASAN” xidmət və “DOST” mərkəzlərinin yaradılması;
- rayonların sosial-iqtisadi inkişafının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması üçün əlverişli nəqliyyat-kommunikasiya şəbəkəsi olan mərkəzi şəhərlərin birində Qarabağ Dövlət Universitetinin, eləcə də ölkədə mövcud olan dövlət, özəl ali və orta ixtisas məktəblərinin filiallarının, peşə təhsilli ocaqlarının yaradılması imkanları da gerçəkləşəcəkdir.
İşğaldan azad edilən ərazilərdə sahibkarlıq fəaliyyətinin maliyyə təminatı qismində dövlət büdcəsindən və Dövlət Neft Fondundan birbaşa ayrılan vəsaitlər, xarici investisiyalar, beynəlxalq təşkilatların birdəfəlik təmənnasız ianələri, aşağı faizli bank kreditləri, sığorta təşkilatlarının vəsaitləri, əhalinin öz pul vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr çıxış edə bilər.
Tərbiz Əliyev, iqtisad elmləri doktoru, professor,
AMEA İqtisadiyyat İnstitutunun nəzdindəki Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzi