Turizm regionların gələcək inkişafını müəyyən edir

Turizm regionların gələcək inkişafını müəyyən edir Dünyanın 11 iqlim qurşağından 9-na sahib olan Azərbaycan, turizmin inkişafı üçün əməlli başlı “qollarını çirmələyib”. Dövlət bu sahədə iş görmək istəyən sahibkarlara güzəştli kreditlər ayırır, dövlət vəsaiti hesabına turizm kompleksləri inşa edilir, hava limanları, yollar qurulur, tarixi abidələr qoruq statusunu alaraq ciddi mühafizə olunur və s. Kənd təsərrüfatı sahəsindən sonra Azərbaycan regionlarının ən böyük inkişaf və gəlir qaynağı ola biləcək turizmin ölkənin əsas gəlir mənbələrindən biri olması üçün bütün imkanlar səfərbər edilir. Son 5 ildə ölkəmizə gələn turistlərin sayı təqribən 2 dəfə artıb Hazırda ölkəmizdə turizm gəlirləri milli gəlirin 5 faizindən də az bir hissəsini formalaşdırır. Rəsmi stati-stikaya görə 2010-cu ildə turizm məqsədilə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 1 milyon 279 min nəfər olmuşdur. Bu 2005-ci ildə ölkəmizə gəlmiş turistlərin sayından təqribən 2 dəfə çoxdur. İnkişaf mehmanxanaların sayında da müşahidə edilmişdir. Əgər 2005-ci ildə ölkəmizdə 262 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərirdisə, 2009-cu ildə onların sayı 452 olmuşdur. Hazırda respublikada 120-dən artıq turizm muəssisəsi lisenziya əsasında fəaliyyət göstərir və 2002-ci ilə nisbətən onların sayı 3 dəfədən çox artmışdır. Hər şey turizmin inkişafı üçün 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra tarixi-memarlıq, təbii abidələrin bərpası və qorunmasına diqqət artırılır. 2006-cı ildən bu günə qədər 4 tarixi və təbii abidə qoruq kimi elan edilmişdir. Turizmin ixtisaslı kadrlara olan tələbatını ödəmək məqsədilə Azərbaycan Turizm İnstitutu və Mingəçevir Turizm Kolleci yaradılıb. Dövlət turizmin inkişafına maliyyə köməyini də əsirgəmir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2005-2010-cu illər ərzində dəyəri 32,5 milyon manat olan 118 layihə maliyyələşdirilmişdir. Hazırda turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün iki mühüm dövlət proqramı icra olunur: “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”. Hər iki dövlət proqramı üzrə nəzərdə tutulmuş işlər həyata keçirildikcə turizm inkişaf etməklə bərabər regionların da siması dəyişir. Regionlar turizm fəaliyyətilə yeni inkişaf dövrünə qədəm qoyur Turizmin inkişaf etməsinin regionlarda nə qədər böyük dəyişikliyə səbəb olduğu Naftalan və Qusar rayonlarında görülmüş işlərdən aydın görünür. Bu yaxınlarda “Çinar” və “Qaşaltı” sanatoriyalarının açılması ilə Naftalanın məyusedici, ürək açmayan mənzərəsi aradan qaldırılıb, şəhərin yeni inkişaf dövrü başlayıb. Artıq həm müalicə, həm də istirahət üçün Naftalanda hər bir şərait var. İnsanlar nadir Naftalan neftindən müasir standartlar səviyyəsində faydalana bilirlər. Ən önəmlisi, ölkəmizin müalicə turizmi sahəsində öz sözünü deməsi üçün əsl şəraitin yaranmasıdır. Belə ki, bütün dünyanın təbii müalicə vasitəsi kimi Naftalan neftinə marağı böyükdür. Bu yaxınlarda beynəlxalq BBC telekanalının Naftalan neftinə həsr etdiyi xüsusi reportajı da bunu sübut etdi. Bu gün Naftalanda hər bir şərait var, deməli, şöhrəti sərhədləri aşmış Naftalan nefti ilə şəfa tapmaq istəyənlərin ölkəmizə axın edəcəyini gözləməyə dəyər. Xarici turistlərin Naftalana rahat gəlib çatmaları üçün də nəqliyyat infrastrukturu hazır vəziyyətdədir. Naftalandan 50 km uzaqlıqda yerləşən Gəncə şəhərində hava limanı müasir səviyyədə qurulub, magistral şosselər əsaslı şəkildə təmir olunmuşdur. Naftalan şəhərinin kanalizasiya, işıq, su, qaz sistemi tamamilə yenilənib, mərkəzləşmiş istilik sistemi yaradılıbdır. Qeyd edək ki, ötən əsrin 70-80-ci illərində Naftalana müalicəyə gələn xəstələrin sayı 70 min nəfəri keçmişdi. Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2010-cu ildə müalicə turizmi məqsədilə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 14,1 min nəfər təşkil etmişdir. Turizmlə bağlı növbəti bir “əsər” Qusarda yaradılır. Həmişə başı qarlı olan Şahdağda qış-yay turizm kompleksi qurulur. Kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaqdır. Qusarlılar isə hələ turizm kompleksi fəaliyyətə başlamamış müsbət dəyişiklikləri hiss edirlər. Kompleksə çəkilmiş yol, qaz, elektrik xətləri əraziyə yaxın 7 ucqar yaşayış məntəqəsinin bu baxımdan problemlərini həll etmişdir. Əsl dəyişilik isə Şahdağ Qış-Yay Turizm Kompleksi açıldıqdan sonra olacaqdır. Qusar beynəlxalq yarışlara ev sahibliyi edəcəyi, dünya şöhrətli qış turizmi şəhərinə çevrilərək böyük iqtisadi gəlir götürəcəyi günləri gözləyir. Xizəksürmə və digər qış idman növlərinin inkişaf etdiyi ölkələr sırasına qoşulmağa namizəd olan Azərbaycan Fransa, Avstriya, İsveçrə kimi ölkələrlə rəqib olmağa hazırlaşır. Ölkəmiz neft diyarı adını üstündən götürmək iddiasındadır. Yeni adın turizm diyarı olacağına şübhə edilməməlidir. 2011-ci ilin Azərbaycan Respublikasında “Turizm ili” elan edilməsi bu sahəyə verilən önəmin ən bariz nümunəsidir. Seymur Yunusov |