MƏQALƏLƏR

Əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!

  • 30.12.2020

8 noyabr əsası 1751-ci ildə Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin 28 ildən artıq müddətdən sonra erməni işğalından azad olunması günü kimi tarixə yazıldı. Bu qızıl hərflərlə yazını yazan müzəffər Azərbaycan Ordusu, eyni zamanda, bu tarixi Zəfər gününə çevirdi.
Şuşa böyük üstünlüyə malik strateji əhəmiyyətli şəhər kimi hər zaman alınmaz qala hesab edilib. Azərbaycanda "Qarabağın döyünən ürəyi", "Musiqi və incəsənət beşiyi" kimi dəyərləndirilən bu tarixi şəhərin işğaldan azad olunmasından sonra inkişaf etdirilməsi və onun adının özünə qaytarılması üçün burada bütün istiqamətlərdə, o cümlədən də iqtisadi mühütinin canlandırılması baxımından yaxın dövr üçün müvafiq işlərin görülməsi nəzərdə tutulur. Bunun üçün isə bölgəyə maliyyə resurslarının cəlb edilməsi ilkin və ən vacib məsələlərdən biridir.
Cari ilin 18-21 noyabr tarixlərində İstanbul şəhərində Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçirilən və dünyanın 80-dən çox ölkəsindən olan şirkətlərin məhsulları nümayiş olunan “MUSİAD Expo 2020” sərgisində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendində nümayiş olunub. Qeyd etməliyik ki, Azərbaycan ilk dəfə idi ki, “Qarabağ Azərbaycandır” qələbə şüarı ilə beynəlxalq sərgidə iştirak edirdi. Xüsusilə, bir məqamı qeyd etmək yerinə düşər ki, qurulmuş “Qarabağ Azərbaycandır” stendi Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidinin formasında dizayn edilmişdi.
“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar sərgilənmiş, eləcə də ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar verilmişdir. Ümumilikdə, Azərbaycanın stendində əsasən sənaye sahəsində olmaqla 20-yə yaxın şirkətə (mədən, tikinti, elektrik, nəqliyyat və rabitə kommunikasiyaları, avtomobil sənayesi, əczaçılıq sektorları, sənaye parkları və onların rezidentləri) məxsus məhsullar barədə məlumatlar verilmiş, Qarabağın mədəni irsini və sənətkarlıq nümunələrini əks etdirən xalçalar, kəlağayı və s. nümayiş olunmuşdur.
Sərgidə iştirakla işğaldan azad olunmuş ərazilərimizin zəngin təbii sərvətləri, turizm potensialı və mədəni irsi barədə məlumatlar verilmiş və bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərində, biznesin qurulmasında Türkiyə və digər ölkələrdən olan investorların da iştirak etmək imkanlarını diqqətə çatdırılmışdır. Prezident İlham Əliyevin iqtisadi siyasətində Qarabağın sosial-iqtisadi inkişafı perspektivlərinin istiqamətləri və işğaldan azad olunmuş torpaqların yenidən qurulması, dirçəldilməsi məqsədilə azad olunmuş ərazilərin bərpasının maliyyə qaynaqları və bölgəyə investisiya axını ən vacib məsələlərdəndir.
Hazırda ölkənin işğaldan azad olunmuş şəhər və rayonlarında kiçik və orta biznes (KOB) sektorunun inkişafı və məşğulluğun artırılması istiqamətlərində, eləcə də sosial sahibkarlıq və həssas kateqoriyadan olan sahibkarlar üçün birgə layihələrin həyata keçirilməsi diqqət mərkəzindədir.
Aparılan təhlillər göstərir ki, işğaldan azad olunmuş ərazilərin zəngin iqtisadi potensialı burada biznesin qurulması və inkişafı üçün əlverişli imkan yaradır. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında Qarabağdan keçməklə quru nəqliyyat dəhlizinin yaradılması təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli olacaqdır. KOBİA işğaldan azad olunmuş ərazilər üzrə biznesin dövlət xidmətlərinə, təlimlərə və biznes konsultasiyalara çıxışının təmin edilməsi məqsədilə KOB İnkişaf Mərkəzi və KOB evinin, eləcə də regionun bütün rayonlarında "KOB Dostu" şəbəkəsinin fəaliyyətinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirəcəkdir. Artıq sevinc hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb. Müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir.
Qeyd etmək lazımdır ki, “Azcake” MMC-yə məxsus istehsal sahəsinin açılmasına KOBİA tərəfindən çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulmasına dövlət dəstəyi təmin edilmişdir.
Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində çörək və şirniyyat məhsulları istehsal edilir. Hazırda müəssisədə 6 nəfər işçi çalışır. Gələcəkdə müəssisə istehsal gücünü, məhsulların çeşidini və işçi sayını artıracaqdır. Burada istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz olaraq verilir.
Qədim şəhərimiz Şuşada ilk olaraq çörək və şirniyyat müəssisəsinin fəaliyyətə başlaması məncə heç də təsadüfi deyil. Bu, tarixi torpaqlarımıza bərəkətin, şirinliyin və ruzinin qaranquşu kimi qiymətləndirilməlidir. Bununla Azərbaycan bir daha bölgədə inkişafın, maddi rifahın və sülhün dəstəkçisi kimi qətiyyətini göstərdi.
Bu işin davamı olaraq işğaldan azad olunmuş ərazilərində biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini KOBİA-ya təqdim edə bilərlər. Agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcəkdir.
Fikrimizcə, iqtisadi artıma və sahibkarlığın inkişafına hesablanmış dəstək tədbirləri, eyni zamanda, milli ənənələr və maddi irs üzərində yaradılmış istehsal subyektlərinə maliyyə dəstəyinin göstərilməsi və regionda iqtisadi artımın yeni modelinin tətbiqi istiqamətində təxirəsalınmaz tədbirlər nəticəsində yaxın vaxtlarda hamılıqla əzəli və tarixi torpaqlarımızın iqtisadi göstəricilərinin artımının şahidi olacağıq.

Asif Həsənov, i.f.d.