MƏQALƏLƏR

Ziyad SƏMƏDZADƏ: Prezident İlham Əliyevin qələbələr marafonu

  • 30.12.2020

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı və rəşadətli Silahlı Qüvvələrimiz 33 ildən bəri davam edən qanlı-qadalı Ermənistan–Azərbaycan münaqişəsinə cəmi 44 gün ərzində son qoydu. Bu il sentyabrın 27-də başlayan Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ savaşı noyabrın 10-na keçən gecə tarixi Qələbə ilə sona çatdırıldı. Təcavüzkar Ermənistan sarsıdıcı məğlubiyyətə uğradıldı, işğalçı dövlətin başçısı 10 noyabr bəyanatını imzalamaqla ölkəsinin acı məğlubiyyətini, təslim olduğunu etiraf etmək məcburiyyətində qaldı. Azərbaycanın Ali Baş Komandanının başçılığı ilə qalib ordumuz XXI əsrin qəhrəmanlıq dastanını yazdı, dünya hərb tarixinə döyüş yeniliyi gətirdi. Mötəbər beynəlxalq dairələrdə bildirildiyi kimi, dünya hələ uzun illər bu rəşadətdən, Azərbaycanın Ali Baş Komandanının sərkərdəlik məharətindən, zabit və əsgərlərimizin yenilməz qəhrəmanlığından söz açacaq, bu döyüş təcrübəsindən yararlanmağa çalışacaq. “Şuşa əməliyyatı” isə tarixi fəthlər sırasında öyrəniləcək.
44 günlük müharibə ilə Azərbaycan həm də kimin kim, nəyin nə olduğunu bir daha aləmə sübut etdi. Dostlar da bilindi, düşmənlər də, ikili-üçlü oyunlarla aranı qatanlar da. Onsuz da bəzilərinin mövqeyi çoxdan bəlli idi, amma bu dəfə pərdə yırtıldı.
Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk vaxtlarda “Xalq qəzeti”nə yazdığım bir məqalədə onun ümummilli lider Heydər Əliyevin ən layiqli siyasi varisi kimi və yeni tipli dövlət başçısı olaraq Azərbaycanı tarixi qələbələrə çatdıracağına dərin inamımı arqumentlərlə əsaslandırmağa çalışmışdım. Aradan keçən 17 ildən sonra həmin qələbələrdən tarixi gerçəklik kimi söz açmaq mənim üçün alim və ziyalı xoşbəxtliyidir.
Modern idarəçilik mədəniyyəti
İstər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci və ikinci dönəmində, istərsə də onun siyasətinin layiqli davamçısı – ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə ölkəmizdə idarəçilik məsələlərinə xüsusi önəm verilmişdir. Çünki dövlətçiliyin inkişafı dövlət idarəetməsindən, yüksək idarəçilik qabiliyyətindən önəmli dərəcədə asılıdır. Dövlətin və dövlətçiliyin inkişafı həm də yüksək səviyyədə idarəetməni, bu sahədə çalışanların bacarıq və qabiliyyətini şərtləndirir. Yüksək, səmərəli dövlət idarəçiliyi olmayan cəmiyyətin, dövlətin dayanıqlı, davamlı, sabit inkişafı da mümkün deyil.
Vətən müharibəsinin 44 günü Azərbaycan dövləti dəmir yumruq kimi hamını – xalqı, ordunu, cəmiyyəti, bütün sosial-siyasi qrupları düşmənə qalib gəlməyə, Vətənin bütövlüyünü təmin etməyə səfərbər etdi. Xalqımızın bir məqsəd uğrunda mübarizədə sarsılmaz birliyi Prezident İlham Əliyevin dövlət quruculuğunun, idarəetmə strukturlarının səmərəli fəaliyyətinin təmin edilməsini strateji vəzifə kimi qiymətləndirməsinin nəticəsi kimi ərsəyə gəlmişdir.
Artıq daha aydın göründüyü və bilindiyi kimi, digər vacib məsələlər kimi, idarəetmə, idarəçilik məsələlələri də dövlət həyatının başlıca prioritetlərdəndir. Bu sahədə, xüsusilə, 2018-ci ilin növbədənkənar prezident seçkilərindən sonra çox önəmli, radikal addımlar atılmışdır. Nisbətən yaşlı, təcrübəli kadrlarla yanaşı, müasir dövrün bir çox yeniliklərini mənimsəyən bilikli, enerjili, işgüzar gənc kadrların idarəçiliyə cəlb edilməsi, yüksək dövlət vəzifələrinə təyin edilməsi kadr islahatlarının və buna paralel olaraq, struktur islahatlarının aparılmasına da start verilmişdir.
Bu proses Prezident İlham Əliyevin ötən ilin oktyabrında sosial məsələlərin müzakirəsinə hərs olunmuş müşavirədə dövlət və hökumət orqanları qarşısında qoyduğu son dərəcədə vacib tapşırıqlardan sonra daha sürətli hal almışdır. Elə bunun nəticəsi idi ki, həmin müşavirədən bir az sonra öz fəaliyyətlərində ciddi nöqsanlara, qüsurlara yol vermiş bir çox icra başçısı, nazirlik və komitə rəhbəri, müxtəlif səviyyələrdə məsul şəxslər vəzifələrindən azad edilmişdir. Bununla yanaşı, hüquq-mühaifizə orqanlarının, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin ölkə vətəndaşlarının birmənalı dəstəyini qazanan əməliyyatları nəticəsində öz yerində olmayan insanlar, vəzifəli şəxslər məsuliyyətə cəlb edilmişlər.
Ötən ilin sonlarında isə yeni dövrün ab-havasına uyğunlaşmaq zərurəti baxımından 5-ci çağırış Milli Məclis vaxtından əvvəl buraxılmış, ölkədə növbədənkənar seçki elan edilmişdir. Nəticədə, çağdaş ruhlu, yeni tərkibli par-lament - 6-cı çağırış Milli Məclis formalaşdırılmışdır. Bunlar da ölkə Prezidenti cənab İlham Əliyevin praqmatik dəsti-xətti, yeniliklərə açıq olması, müasir çağırışlara zamanında cavab vermək məharəti ilə bağlıdır. Bu idarəçilik mədəniyyəti və onun daim yüksəldilməsi, nəticə etibarı ilə vətəndaş məmnunluğunun yaradılması məhz İlham Əliyevin adı, həyata keçirdiyi uzaqgörən və müdrik siyasətlə bağlıdır. Bu, həm də dünyaya təqdim edilən daha bir İlham Əliyev nümunəsidir.
44 günlük Vətən müharibəsi ilə 33 illik bəlalı münaqişəyə son qoyulması, tarixi Zəfərin əldə edilməsi yüksək dövlətçilik, idarəçilik mədəniyyətinin, kadrların yerində olmasının bir göstəricidir. Bunlar olmasaydı, bəlkə də, Qələbəmiz də uzanar, yaxud bir qədər çətinləşərdi. Bunları da məhz modern dövlət və siyasət xadimi olan İlham Əliyevin fitri istedadı və tükənməz enerjisi nəticəsində əldə etdik, qazandıq.
İnformasiya blokadasının yarılması
Müharibə dövründə döyüş və diplomatiya meydanında olduğu kimi, informasiya cəbhəsində də dostun dostluğu, düşmənin düşmənliyi bir daha üzə çıxdı - gerçək üzlər, sözü ilə əməli düz gəlib-gəlməyənlər daha aydın göründülər. Heç kimə sirr deyil ki, 1988-ci ilin fevralından alovlandırılan Qarabağ fitnəkarlığı nəticəsində keçmiş SSRİ məkanında, həm də daim dünyaya demokratiyadan, söz azadlığından dərs keçən Qərb ölkələrində Azərbaycana qarşı ermənipərəst qüvvələrin təhriki və dəstəyi ilə böyük informasiya savaşı başladıldı. Ölkəmizə, xalqımıza qarşı, necə deyərlər, informasiya blokadası tətbiq edildi.
Azərbaycan həqiqətlərinə, Qarabağın əsl gerçəkliklərinə göz yumuldu. Fitnəkar ermənilərin, qəsbkar Ermənistanın mənafeyindən çıxış edildi, həqiqətin ağzına daş basıldı. Söz, mətbuat azadlığının, obyektivliyin, tərəfsizliyin bircə hərfinə belə əməl olunmadı, onun bütün parametləri yerlə-yeksan edildi. Xüsusilə, SSRİ-nin mərkəzi televiziyasında ermənipərəst Borovikin “Pozisiya” (“Mövqe”) proqramında yayımlanan fitnəkar verilişdən sonra başlanan məkrli ssenari, informasiya savaşı nəticə etibarı ilə Azərbaycanın haqq mübarizəsini daha çətinləşdirdi. Qarabağ münaqişəsinin ədalətli həllini tapmasında informasiya işinə ciddi maneələr, çətinliklər yaradıldı. Azərbaycan həm hərb, diplomatiya səngəri ilə yanaşı, informasiya səngərində də döyüşməli, mübarizə aparmalı oldu. Bu istiqamətdə uzun, yorucu, ağrılı bir mərhələ yaşandı.
Hər nə qədər çətin və üzücü olsa da, Azərbaycan bu səngərdə də, nəhayət, öz sözünü deyə, maneələri, əngəlləri dəf edə, aşa bildi. Çətinliklə olsa da, ölkəmiz informasiya blokadasını yarmağa, dünya miqyasında əsl həqiqətləri ortaya qoymağa və onun xeyli dərəcədə etiraf edilməsinə nail ola bildi. Xüsusilə , 44 günlük Vətən müharibəsində bu istiqamətdə önəmli addımlar atıldı. Çünki hərb, diplomatiya səngərində uduzanlar artıq bütün güclərini informasiya, qaralama, şər-böhtan kampaniyasına yönəltmişdilər.
Onlar bununla Azərbaycanı öz yolundan, haqq mübarizəsindən çəkindirməyə çalışır və öz istəklərinə, planlarına nail ola biləcəklərini düşünürdülər. Reallıqlar bir tərəfdə qaldı, yalan, böhtan, qarayaxma yenə at oynatdı. Ancaq qətiyyətli və müdrik Azərbaycan lideri cənab İlham Əliyev burada da öz sözünü deyə bildi, Qarabağ həqiqətlərini məhz həmin kampaniya aparanların öz dili ilə etiraf etdirməyə nail oldu.
Azərbaycan rəhbəri İlham Əliyev 44 gün ərzində dünyanın tanınmış, nüfuzlu, reytinqli media qurumlarına – telekanallara, xəbər agentliklərinə, qəzetlərə 30-dək müsahibə verdi, dövlət başçımıza üst-üstə 500-dən çox sual ünvanlandı. Həmin müsahibələrin hər biri, eləcə də Prezidentin dünyada geniş əks-səda doğuran xalqa müraciətləri və müxtəlif açıqlamaları uğurlu bir tarix, həm də bizi sevməyənlərin, haqq işimizi saxtalaşdıranların möhtəşəm ifşası oldu. Bəlkə də, dünya tarixində belə bir hadisəyə, analoji fakta rast gəlinməmişdi ki, müharibə aparan ölkənin rəhbəri qısa dövr ərzində bu qədər müsahibə, açıqlama vermiş olsun. Özü də səbrlə, son dərəcə soyuqqanlılıqla, ustalıqla. Bunun özü də bir ilk idi, bir tarixi, nadir hadisə, Azərbaycanın daha bir uğuru idi.
Qarabağ münaqişəsi başlayan gündən, xüsusilə, bu ilin iyul – Tovuz hadisələri və Vətən müharibəsi dövründə daim yanımızda olan, hər zaman öz dəstəyini hiss etdirən qardaş və dost Türkiyənin, demək olar ki, əksər telekanallarına, media qurumlarına, o cümlədən, ABŞ-ın, Rusiyanın, Fransanın, Almaniyanın, İngiltərənin İtaliyanın, İspaniyanın, Qətərin, Yaponiyanın və digər ölkələrin kütləvi yayım vasitələrinə Azərbaycan rəhbərinin verdiyi tarixi müsahibələr Ordumuzun 44 günlük Zəfər yürüşündə öz sözünü dedi, tarixi rolunu oynadı.
Azərbaycan reallıqlarına, Qarabağ ger­çək­­liklərinə bilərəkdən və ya bilməyə­rəkdən göz yumanlar əsl həqiqətin necə və nədən ibarət olduğunu bir daha öz gözləri ilə gördülər, anlamağa məcbur oldular. Ələlxüsus da, Rusiya kanallarından birinin təşkil etdiyi teledebatda Azərbaycan Prezidentinin Ermənistanın bədnam və kəmağıl baş nazirini, sözün əsl mənasında, seytnot, nokaut vəziyyətinə salması informasiya blokadasının alt-üst edilməsində və münaqişənin gedişatında öz rolunu oynamış oldu.
Bu informasiya qələbəsi, çox güman ki, hələ uzun illər yaddaşlardan, hafizələrdən silinməyəcək, düşmənlər hələ uzun dönəm bunun ağrısı və acısını, utancını yaşayacaqlar. Həmin müsahibə ilə Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin dərin zəkalı, aydın baxışlı dövlət və siyasət xadimi olduğunu dünyaya göstərdi. O, sübut etdi ki, kim siyasətdə, idarəçilikdə yetkin və məharətlidir– kim təsadüfi və naşıdır.
Deyilənlərin əyani sübutu olaraq, dövlət başçımızın ABŞ-ın nüfuzlu “Fox News” televiziya kanalına müsahibəsindən bir parçaya nəzər salaq:
“– Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz.
– Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.
– Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi.
– İkincisi, bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”.
Bəli, bəzi aparıcıların suallarından, davranışlarından açıq-aşkar Azərbaycana qarşı kin-küdurət, qərəz, erməni yalanlarına aludəçilik hiss olunurdu. Müxbir-aparıcı, sanki, öz peşəsini unutmuşdu, elə bil, müstəntiq, prokuror, hakim rolunda çıxış edirdi. Ancaq Azərbaycan Prezidenti təmkinli, müdrik və soyuqqanlı şəkildə hər bir sualı ustalıqla, sərrast və iti arqumentlərlə, peşəkarlıqla cavablandırır, aparıcını hər dəfə pərt vəziyyətə salırdı. Bu idi İlham Əliyev fərqliliyi, bu idi İlham Əliyev ustalığı, bu idi İlham Əliyev istedadı.
Türkiyənin media qurumlarının o günlərdə Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayanması, operativliyi, obyektivliyi peşəkarlığı, xalqımızın 33 illik Qarabağ savaşı və Vətən müharibəsi həqiqətlərini dünyaya yayması isə bir daha “iki dövlət – bir millət” olmanın əyani ifadəsinə, dostluq və qardaşlığımızın təzahürünə, birlik və bərabərliyimizin təntənəsinə çevrildi. Bir neçə dəfə erməni vandalizminə, düşmənin raket zərbələrinə məruz qalan, qəddarlıq dramları səhnələrinə çevrilən Gəncədən, Bərdədən, Tərtərdən, Naftalandan və digər bölgələrdən yayımlanan birbaşa, canlı reportajlar Azərbaycanın tək, yalnız buraxılmadığının, əsl həqiqətlərin kimin tərəfində olmasının dünyaya nümayişi oldu.

Minsk qrupunun iflası
Vətən müharibəsi bir çox gerçəklikləri və reallıqları ortaya qoydu. Xüsusilə, beynəlxalq təşkilatların, insan hüquq-müdafiə qurumlarının, Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürdüklərini bəyan edənlərin əsl mahiyyətlərini və niyyətlərini də bir daha olduğu kimi nümayiş etdirdi. Uzun illər ermənipərəst, antiazərbaycan dairələrin təsiri altında olan bir çox beynəlxalq təşkilatlar bu dəfə də öz yarıtmaz, bədnam, obyektivlikdən, elan etdikləri dəyərlərdən qat-qat uzaqda dayanan fəaliyyətləri ilə seçildilər.
AŞPA, ATƏT və onun strukturları, digər qurumlar bir daha həqiqətin deyil, yalanın və riyakarlığın, ermənilərin və Ermənistanın, təcavüzün və işğalçının yanında dayandıqlarını sübut etdilər, yenə də bəlli simalarını gizlədə bilmədilər. 28 il öncə yaradılan ATƏT-in Minsk konfransı (sonradan Minsk qrupuna çevrildi) və 1997-ci ildən həmsədrlik formatını inhisarına alan həmsədrlər öz mandatlarından, missiyalarından uzaq fəaliyyət sərgilədilər. Onlar Emənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli missiyasını üzərlərinə götürdükləri halda nə Minsk qrupu, nə də həmsədrlər ötən 28 il ərzində ortaya düz-əməlli bir nəticə qoya bildi.
Həmsədrlərin regiona səfərləri turist səfərlərindən heç nə ilə fərqlənmədi. Gəldilər, getdilər, sadəcə, arada-sırada da faydası olmayan boş bəyanatlarla öz işlərini bitmiş saydılar. Üzərlərinə gediləndə də missiyalarının mahiyyətinə tam zidd şəkildə “tərəflər özləri razılığa gəlsinlər, biz də dəstək verək” cavabı ilə yaxalarını kənara çəkməyə çalışdılar. Əllərində işğalçı və təcazükar işğala son qoymağa, sülhə razı salmağa hər cür imkanları və mexanizmləri olduqları halda, heç bir təzyiq vasitəsini işə salmadılar, faşist və terror dövlətinə heç bir sanksiya tətbiq etmədilər.Daha doğrusu, etmək istəmdilər, bir çox hallarda Ermənistanın, işğalçının yanında olduqlarını, onu növbəti işğala iştahlandırdıqlarını sübut etdilər.
Xüsusilə də, ermənipərəstliyi ilə seçilən, ermənilərdən daha çox erməniçilik nümayiş etdirən Fransa, onun siyasi və ziyalı elitası. Bu ölkə münaqişə başlayan ilk gündən, o cümlədən, özünü Minsk qrupuna Azərbaycanın etirazlarına rəğmən zorla pərçim etdiyi andan daim Ermənistanın, işğalçının ya-nında yer aldı. Həmsədr kimi, ən azı, tərəfsizlik nümayiş etdirməli olduğu halda, tam və açıq şəkildə tərəflilik, Ermənistanpərəstlik yolunu tutdu. Prezident Makronun 44 gündə ortaya qoyduğu davranış, bunun davamı olaraq, Fransa Senatı və Milli Assambleyasının məlum mövqeyi bu ölkənin həmsədrlikdən, haqqdan bilmərrə uzaq olduğunu bir daha gözlər önünə sərdi.
Beləliklə, missiyası Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi olan Minsk qrupu Fransanın timsalında özünü tam iflasa uğratmış oldu. Onsuz da Azərbaycan xalqının və dövlətinin, ölkə rəhbərliyinin bu qrupa etimadı, güvəni az idi. Cəmiyyətimzdə neçə illər idi ki, ATƏT-ə etimadsızlıq var idi. Lakin 44 günlük savaş günlərdəki davranışı ilə Minsk qrupu bir daha özünü biabır etdi. Onsuz da biz hərb, savaş meydanında öz sözümüzü dedik, 33 illik münaqişəyə 44 günlük müharibə, tarixi Zəfər ilə son qoyduq.
Artıq nə savaş var, nə Dağlıq Qarabağ adlı münaqişə və coğrafi məfhum var, nə cəbhə, təmas xətti var, nə status-kvo, nə də status məsələsi. Hamısı darmadağın edildi. Biz öz gücümüzlə münaqişəyə, süni problemlərə, maeələrə son qoyduq. Bizim artıq kimsəyə, xüsusilə də Minsk qrupuna və həmsədrlərə ehtiyacımız yoxdur.
Elə Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri və Rusiya səfiri ilə görüşündə dediyi sözlər, verdiyi tarixi mesaj məsələyə birmənalı nöqtəsini qoymuş oldu. Bu, həm də Minsk qrupunun, bütövlükdə, 28 illik “fəaliyyəti”nə verilən yekun dəyərləndirmə oldu.
“Qarabağ Azərbaycandır!”
33 illik qanlı münaqişəyə son qoyan 44 günlük Vətən müharibəsi sentyabrın 27-də, səhər saatlarında Ermənistanın növbəti qanlı təxribatına cavab olaraq Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinə verdiyi bütün cəbhə boyu əks-hücüm əməliyyatına keçmək əmri və həmin gün Azərbaycan xalqına ilk tarixi müraciəti ilə başladı.
Sentyabrın 27-də saat 12 radələrində Azərbaycan xalqının və bütün dünyanın gözü Azərbaycana, ölkə Prezidentinin öncədən elan olunmuş müraciətinə yönəldi. Dünyanın nəbzi Azərbaycanla döyünməyə başladı. Ali Baş Komandan kimi Azərbaycan Prezidentinin nə deyəcəyi, hansı mesaj verəcəyi bir andaca dünyanın gündəminə çevrildi. Tarixi müraciətinə başlayan ölkə Prezidenti artıq Ermənistanın və onun havadarlarının qanlı təxribatlarına, fitnəkarlıqlarına dözülmədiyini, düşmənə necə lazımdırdsa, bütün cəbhə boyu zərbə endirildiyini bəyan etdi.
Ali Baş Komandan onun əmri ilə Qarabağda Vətən müharibəsinə başlanıldığını və bu savaşda Azərbaycanın axıracan qərarlı, son və qəti Qələbəyəcən getmək, geri çəkilməmək niyyətində olduğunu bütün dünyaya elan etdi. Ölkə Prezidentinin bu müraciəti göy üzündə çaxan şimşəyə bənzədi, düşmənlərimiz, onların havadarları bundan nə qədər narahat, rəncidə oldularsa, Azərbaycanın dostları buna bir o qədər sevindilər. Xalqımız isə dövlətinə, dövlət başçısına, ordusuna bir o qədər güvəndi, etibar etdi, arxa-dayaq oldu.
Tarixi müraciətdən heç saniyələr, dəiqəqələr keçməmiş Azərbaycan vətəndaşları, igid, mərd Azərbaycan oğulları səfərbərlik qurumlarına axışdılar, Vətənin keşiyində dayanmağa, Azərbaycan əsgərinə dəstək olmağa hazır olduqlarını bildirdilər. Bir andaca Azərbaycan xalqı səfərbər oldu, müsəlləh əsgərə çevrildi. Sentyabrın 28-də Ali Baş Komandanın Fərmanı nəticəsində ölkədə qismən səfərbərliyin elan olunması ilə atalar, analar öz övladlarını toy-bayramla, deyə-deyə, gülə-gülə, musiqi, şeir, cəngi sədaları altında Vətənin müdafiəsinə uğurladılar, yola saldılar.
27 sentyabr müraciəti Azərbaycan insanının bir daha inamını özünə qaytardı, qırılmış ümidlərini alovlandırdı. Xalq-dövlət, xalq-iqtidar vəhdəti, Xalq - İlham Əliyev birgəliyi bir daha və qətiyyətli şəkildə özünü nümayiş etdirmiş oldu. Bütün dünya, bizi sevənlər də, sevməyənlər də bir daha Azərbaycan xalqının birliyini, bərabərliyini, həmrəyliyini, gücünü gördü.
Müharibənin elə ilk saatlarından əldə edilən zəfərlər, 27-28 il ərzində işğal olunmuş kənd və qəsəbələrin, yüksəkliklərin bir-birinin ardınca işğaldan azad olunması Azərbaycan xalqının mübarizə ruhunu, Qələbə əzmini daha da artırdı, daha da yüksəltdi. Ölkə prezidentinin öz rəsmi “Twitter” hesabından tez-tez etdiyi Qələbə müjdəli paylaşımları, Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Zəngilan şəhərinin, Qubadlı şəhərinin, o cümlədən Qarabağın gözü, dilbər guşəsi olan qədim Qalamızın, Şuşamızın işğaldan azad olunması ilə bağlı tarixi müraciətləri İkinci Vətən müharibəsinin qələbə və qalibiyyətlə başa çatdırılmasında, 32 illik qanlı Qarabağ münaqişəsinə son qoyulmasında öz birmənalı və tarixi rolunu oynadı.
Xüsisilə də, dövlət başçısının sadə, bəzək-düzəksiz, rəsmiyyətdən uzaq, el dilində danışması, xitab etməsi insanların qəlbindəki, ruhundakı inamı, sevgini birə-beş artırdı, məşhur “düşməni iti qovan kimi qovuruq, qovmuşuq və qovacağıq” kəlamı bir andaca el məsəlinə, zərb-məsələ, dillər əzbərinə, Qələbə, Zəfər şüarına çevrildi.
Dövlət, dövlət başçısı, Azərbaycan Ordusu Azərbaycan xalqından, Azərbaycan xalqı isə öz Liderindən, öz Dövlətindən, öz Ordusundan güc aldı. Bu birlik, bu bərabərlik, bu vəhdət, bu “Dəmir yumruq” sonda tam və qəti Qələbə, Zəfərlə nəticələndi.
Noyabrın 8-də Şuşanın 28 il 6 aylıq işğalına, noyabrın 9-da isə daha 72 kəndin, xüsusilə, yaralı Xocalının bir neçə kəndinin və 8 strateji yüksəkliyin işğalına son qoyulması ilə düşmənin beli qırıldı, o, məhvə məhkum edildi.
Şuşanın alınması, işğaldan azad olunması ilə bağlı Şəhidlər Xiyabanında ölkə prezidentinin xalqa müraciəti tarixi Qələbənin çox yaxında olduğunun anonsu oldu. Ölkə prezidenti müraciətində dedi:
Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında olan torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi.
Yenilməz ordu Azərbaycan Ordusudur!
Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur.” Bəli, Azərbaycan xalqı, Azərbaycan Ordusu Zəfər yürüşünü davam etdirdi və noyabrın 10-da, gecə saatlarında öz tarixi Qələbəsini əldə etdi. Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də işğalçı Ermənistanın baş nazirinin birgə bəyanatı ilə münaqişəyə son qoyuldu. Ermənistan məğlub və təslim edildi.
Həmçinin, həmin bəyanatla cəmi 21 gün ərzində bir güllə atılmadan və bir Şəhid verilmədən Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad edildi, öz sahibinə, Azərbaycanına qovuşdu. Hər üç rayonun işğaldan azad olduqları günlərdə Ali Baş Komandan bir daha Azərbaycan xalqına müraciət etdi. Ölkəmiz üçün yeni dövr, quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır.
“Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək, dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik”, - deyə bəyan edən Ali Baş Komandan bir daha qətiyyətli şəkildə bildirdi ki, artıq istədiyimizə nail olmuşuq və bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.
Bəli, bizi artıq digər səngərlərdə növbəti və böyük Qələbələr, Zəfərlər gözləyir. Bu Zəfərlərə və Qələbələrə də 44 günün memarı və banisi Ali Baş Komandanın başçılığı və rəhbərliyi ilə birgə gedəcəyik, onunla bir addımlayacağıq.
Zəfərlər, Qələbələr Liderimizlə birlikdə bizimlə, bizlərlə olacaq!
44 günlük Zəfərin bayraqdarı, Dastan yazanı - Azərbaycan Ordusu, Azərbaycan Əsgəri!
Bəli, sentyabrın 27-də başlayıb, noyabrın 10-da, gecə saatlarında müvəffəqiyyətlə, Zəfərlə başa çatan “Dəmir Yumruq” adlı 44 günlük tarixi İkinci Qarabağ savaşının, İkinci Vətən müharibəsinin əsas qəhrəmanları, əsas dastan yazanları məhz Müzəffər Ali Baş Komandanın əsgərləri, şanlı və rəşadətli Azərbaycan Ordusudur. O ordu ki, 27-28 il öncə, demək olar ki, yox idi, olanı da pərakəndə, dağınıq, xaotik idi. Bir-birini qəbul etməyən, heç kimə tabe olmaq istəməyən silahlı dəstələr, könüllülər batalyonlarından ibarət idi Azərbaycan Ordusu. Ancaq bu, uzun müddət davam edə bilməzdi, buna dözmək olmazdı və necə ki, olmadı, dözülmədi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, o ağır günlərdə Tarixi Xilaskarlıq missiyasına başlaması ilə bütün sahələrdə, o cümlədən və ilk növbədə Orduda nizam-intizamsızlığa son qoyulmağa başlandı. Silahlı dəstələr, könüllülər bir mərkəzdə, vahid komandanlıqda birləşdirildi, dəmir nizam-intizam yaradıldı. Ümummilli liderin və onun layiqli davamçısı İlham Əliyevin 17 illik hakimiyyəti dönəmində Azərbaycan Ordusunun gücünün, qüdrətinin, döyüş qabiliyyətinin və əzminin, vətənpərvərlik ruhunun qaldırılması, onun ən müasir silahlarla, hərbi texnikalarla təchiz olunmasında fantastik addımlar atıldı. Hərbçilərimiz və ya hərb sənətinin bütün incəlikləri ilə tanış olmaq, əxz etmək istəyən gənclərimizin xarici ölkələrdə, xüsusilə, qardaş Türkiyənin yüksək, peşəkar ali hərb məktəblərində təcrübə keçmələrinə, təhsil almalarına hər cür şərait və imkanlar yaradıldı.
Bəli, ardıcıl, sistemli tədbirlər, çəkilən uzun zəhmətlər öz səmərəsini və bəhrəsini verməyə başladı. Elə bunun nəticəsi idi ki, Azərbaycan Ordusu 2016-cı ilin 4 günlük Aprel döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında öz sözünü deyə, Azərbaycanın gücünü, döyüş əzmini bütün dünyaya nümayiş etdirə bildi. Bütün dünya bir daha Azərbaycanın qüdrətinə, yenilməzliyinə, onun Ordusunun döyüş qabiliyyəti və əzminə şahidlik etdi. Heç təsadüfi deyil ki, məhz Aprel döyüşlərinin nəticəsi olaraq, Ermənistanda xaos yarandı, qanlı cinayətkar xuntanın, Xocalı qatillərindən olan Serj Sarkisyanın hakimiyyət ömrünə son qoyuldu. Təəssüflər olsun ki, düşmən, onun başsız başbilənləri, yeni hakimiyyətə gələnlər də, “Soros uşaqları” da bundan bir nəticə çıxarmadı, dərs, ibrət götürmədilər. Keçmişdəkilərin, qanlı cinayərkarların - Koçaryanların, Sarkisyanların, Ohanyanların, digər yanların səhvlərini, xətalarını, cinayətlərini təkrarladılar.
“Dəmir Yumruq”la düşmənin başına elə bir zərbə vuruldu ki, çətin ki, bir də onun zərbəsindən, təsirindən ayıla bilsinlər...
Bəli, düşmən düşməndir, ona heç zaman güvən olmaz və yoxdur, yenə də təxribatlarından əl çəkməyəcəklər, necə ki, çəkmirlər...
Amma cavablarını da alırlar və alacaqlar, “Dəmir Yumruq” “Domokl qılıncı” kimi, heç zaman onların başının üstündən əskik olmayacaq.
Azərbaycan Ordusu, Azərbaycan Əsgəri öz sözünü deyib, dedi, deyir və bundan sonra da deyəcək!
“Dünyanı lərzəyə salan koronavirus bəlası, “gizli düşmən”lə mübarizə, dövlətin bir daha öz vətəndaşının yanında olması, növbəti Azərbaycan modeli və “Biz birlikdə xilas olacağıq!”
Başa çatmaqda olan 2020-ci ilin ilk günlərindən, yanvar, fevral aylarından dünya, bəşəriyyət daha bir amansız sınaqla, imtahanla üzləşdi. Koronavirus adlı pandemiya bütün dünyanın, bəşəriyyətin, insanlığın bəlasına çevrildi.
“Gizli düşmən” adlandırılan bu bəla, bu xəstəlik elə bir ölkə, elə bir xalq, elə bir insan, ailə qalmadı ki, “üzlü və çağırılmamış qonaq” kimi onun qapısını döyməmiş olsun. Hər kəs az və ya çox dərəcədə bu bəladan öz nəsibini aldı.
Xüsusilə, Avropanın, Qərbin ən qabaqcıl, ən inkişaf etmiş ölkələri, güclü səhiyyə və sosial müdafiə sisteminə malik olan dövlətləri bu amansız və qəddar “düşmən” qarşısında aciz qaldı, sanki diz çökdü, iqtisadiyyatlar məhv oldu, insanlıq dramları yaşandı. İtaliyada, İspaniyada, Fransada, Almaniyada, ABŞ-da, Braziliyada, Hindistanda, İranda yaşananlar bu bəlanın nə qədər qorxunc və təhlükəli olduğunu bir daha gözlər önünə sərdi.
Çox təəssüflər olsun ki, koronavirus bəlası bütün cəhdlərə və səylərə rəğmən, bizim ölkəmizə də gəlib çıxdı, bizim də “qapımızı” döydü, onun qarşısını almaq, dayandırmaq müşkülə çevrildi. Fevral ayının sonları, mart ayının əvvəllərindən ölkəmizə “ayaq açan” bu bəla ilə əsl mübarizəyə, müharibəyə başlanıldı.
Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli addımları və səyləri ilə koronavirus pandemiyasının yaxın və qonşu, eləcə də Qərb ölkələrində yaşanan fəsadlarının təkrarlanmaması üçün bütün zəruri işlər görüldü. Mart ayının əvvəllərindən başlayaraq, ölkədə əvvəlcə xüsusi, sonra, martın ortalarından sərt karantin rejiminə keçildi. Koronavirusla sistemli mübarizə üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, Nazirlər Kabineti Yanında Operativ Qərargah təşkil edildi, ölkə prezidenti və onun ən yaxın, ən sadiq silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyeva bir illik məvaciblərini ianə olaraq Fonda köçürdü və bununla hər kəsə örnək, nümunə oldular.
Eyni zamanda, ilkin olaraq, Fonda 100 milyon manat vəsaitin köçürülməsi, bunun ardınca Bakı şəhərində və digər bölgələrdə modul tipli xəstəxanaların tikilməsi ilə bağlı dövlət büdcəsindən vəsaitlər ayrıldı.
Həmçinin, işsiz, iş yerlərini itirmək məcburiyyətində qalan, sosial müdafiəyə ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün 600 mindən çox insana 190 manat həcmində birdəfəlik ödəmələrin həyata keçirilməsinə, 15 mindən çox ödənişli təhsil alan tələbənin yaz və payız semestrlərindəki təhsil haqlarının ləğvinə start verildi.
Bu istiqamətdə bir neçə dəfə sosial paketlər ortaya qoyuldu, bütövlükdə 5 milyonu əhatə edən bu sosial dəstək addımlarına dövlət büdcəsindən 2,5 milyard dollar həcmində vəsait xərclənildi. Ölkə prezidenᵗinin və birinci xanımın bir neçə dəfə koronavirusa qarşı mübarizə ilə bağlı Azərbaycan xalqına müracilətləri oldu, müraciətlərdə tibbi maska və əlcəklərdən istifadə etməyə, sosial məsafəni gözləməyə, həmrəylik nümayiş etdirməyə çağırışlar edildi.
Dalbadal Bakı şəhərində, bir sıra bölgələrimizdə - Gəncədə, Qobustanda, Şamaxıda, Qəbələdə, digər rayon və şəhərlərimizdə modul tipli xəstəxana və klinikaların açılışları gerçəkləşdirildi. Ən əsası hər bir açılışda iştirak edən ölkə prezidenti və birinci xanım qapalı məkanlarda tibbi maskalardan istifadə etməklə, bir daha örnək və nümunə oldular. Bununla yanaşı, dövlət başısının birbaşa təşəbbüsləri ilə yeni fəaliyyətə başlamış 6-cı çağırış Milli Məclisin (MM) yaz və növbədənkər sessiyalarında bir sıra qanunvericilik aktlarına, Vergi, İnzibati Xətalar Məcəllərinə, Cinayət Məcəlləsinə, sığorta ilə bağlı qanunlara önəmli və vacib düzəlişlər, dəyişikliklər edildi, sahibkarlığın inkişaf etdirilməsi, sahibkarların dəstəklənməsi üçün bütün addımlara gedildi.
Eyni zamanda, pandemiyaya qarşı mübarizədə Azərbaycan yeni model yaratdı, bir örnəyə, nümunəyə çevrildi. Həm sədrlik etdiyi Türk Zirvəsi ölkələrinin dövlət və hökumət başçılarının, həm də 3 illik sədrlik funksiyasını yerinə yetirdiyi Qoşulmama Hərəkatına daxil olan dövlətlərin, bəzi beynəlxalq qurumların, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyinin iştirakı ilə videokonfranslar formatında Zirvə toplantılarının keçirilməsinə, önəmli qərarların qəbul edilməsinə nail oldu.
Xüsusilə, bir neçə beynəlxalq təşkilata, o cümlədən ÜST-ə və onlarla ölkəyə (ümunən 30-dan çox dövlətə) pandemiyaya qarşı mübarizə ilə bağlı həm mənəvi, həm də maddi dəstək göstərildi.
Bununla bir daha sübut olundu ki, Azərbaycan sözdə deyil, əməldə əsl müttəfiq və tərəfdaşdır, rəhbərlik etdiyi qurumlara yalnız sözlərlə, bəyanatlarla deyil, konkret əməllərlə, addımlarla dəstək verir.
Elə bunun nəticəsidir ki, düşmən ölkə olan Ermənistanın bütün cəhdlərinə, təxribatlarına rəğmən, Qoşulmama Hərəkatına üzv olan dövlətlər də daxil olmaqla, 150 ölkənin dəstəyini qazanan ölkəmiz pandemiyaya qarşı mübarizə sahəsində BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təklifini, təşəbbüsünü reallaşdıra bildi. Bu istiqamətdə həm bu ilin sentyabr ayında, İkinci Vətən müharibəsinə başlanılmazdan bir neçə gün öncə, eləcə də bu günlərdə BMT Baş Assambleyasının sessiyası, iclasları baş tutdu.
Biz birlikdə güclüyük. Biz birlikdə bacaracağıq.
Biz İkinci Vətən müharibəsini birlikdə gücümüzlə, həmrəyliyimizlə başa vurduğumuz, Qələbəyə nail olduğumuz kimi, “gizli düşmən”lə mübarizədə, savaşda da birliyimiz və həmrəyliyimiz nəticəsində Qələbə əldə edəcəyik, birlikdə bu bəladan xilas ola və qurtula biləcəyik.
Birlikdə “gizli düşməni” də məhv edə, onun üzərində Qələbə qazana biləcəyik.
Bəli, biz birlikdə güclüyük və birlikdə də xilas olacağıq!
Artan iqtisadi, sosial imkanlar... Güclü Ordunun təməlində dayanan güclü iqtisadiyyat, dayanıqlı sosial müdafiə sistemi
1993-cü ildə ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dinc, stabil inkişaf, quruculuq mərhələsinə qədəm qoydu. Demək olar ki, bütün sahələrdə tənəzzül aradan qaldırılmağa başlandı və aparılan məqsədyönlü addımlar nəticəsində müsbət nəticələrə nail olundu.
Ən əsası Azərbaycan insanında, Azərbaycan vətəndaşında özünə, sabahına, gələcəyinə, dövlətinə güclü inam hissi yaranmağa, formalaşmağa, ümidlər közərməyə, alovlanmağa başladı. Dövlət vətəndaşından, vətəndaş dövlətindən güc aldı. Təcrübəli dövlət xadimi Heydər Əliyev qəti əmin oldu ki, ağır vəziyyətdə olan respublika iqtisadiyyatını dirçəltmək, ölkənin dünyaya inteqrasiyasında iştirakını canlandırmaq üçün ən sanballı mənbə neft amili ola bilər. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Respublikaya güclü investisiya axını başlandı. Azərbaycan iqtisadiyyatı, ilk növbədə, onun neft sektoru beynəlxalq biznes həyatına qoşuldu. Neft strategiyası müstəqil respublikamızda demokratiyanın inkişafı, ictimai-siyasi sabitliyin təmin edilməsi, milli dövlət quruculuğunun möhkəmləndirilməsi, onun dünya iqtisa-diyyatına qovuşması üçün möhkəm baza yaratdı. Artıq 1996-cı ildə iqtisadiyyatda tənəzzül meyillərinin qarşısı alındı. Bütün bunlar yaranmış xaosa, ümidsizliyə sarsıdıcı zərbə, dinamik iqtisadi həyata, onun dirçəlməsinə aparan qələbə idi.
Azərbaycan neftinin, qazının dünya bazarlarına çıxarılmasını təmin edən Bakı-Novorossiysk, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz boru kəmərləri ölkəmizin dünya neft siyasətində özünəməxsus yer tutmasına imkan yaratdı. 2014-cü ildə Səngəçalda Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalandı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin səhərisi günü, may ayının 29-da Səngəçal Terminalında Azərbaycan dövləti və xalqının tarxində daha bir mühüm hadisə baş verdi. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktyorlardan birinə çevrilən ölkəmizdə böyük önəmə malik olan Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu.
Ölkəmizin Qədim İpək Yolu dəhlizində fəal iştirakı, Bakı-Ələt Dəniz Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Ələtdə xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın dünyanın mühüm nəqliyyat dəhlizinə çevrilməsi imkanlarını reallaşdırdı. Vətən müharibəsində qələbəmiz, Naxçıvanın nəqliyyat blokadasından azad olunması ölkəmizin nəqliyyat-ticarət əlaqələrinin inkişafında yeni bir mərhələnin başlanğıcından xəbər verir.
Çox yaxın zamanlarda da TAP işə düşəcək və bununla da Azərbaycanın iqtisadi imkanları, bölgədəki və dünyadakı çəkisi, nüfuzu daha da artmış olacaq.
Azərbaycan dövlətinin əldə etdiyi uğurlar əhəmiyyətli dərəcədə ölkənin düşünülmüş iqtisadi siyasəti, onun tərkib hissəsi hesab edilən investisiya siyasətidir.
Ümumiyyətlə, son 20 ildə Azərbaycan iqti­sadiyyatına 260 milyard dollardan çox vəsait qoyulmuşdur.
Azərbaycanda uğurla sənayeləşmə siyasəti həyata keçirilir, sənayenin sahə quruluşunun təkmilləşməsi, müasir tex­nologiyaya əsaslanan müəssisələrin yara­dılması davam etdirilir, yeni iş yerlərinin açılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, regionların inkişafındakı uyğunsuzluqlar aradan qaldırılır, yerlərdə mövcud resurslardan səmərəli istifadə edilməsi üçün tədbirlər görülür.
Bəli, heç bir addım, heç bir dəyişiklik ağrısız, problemlərsiz başa gəlmir, gerçəkləşmir. Sosial müdafiə sistemi ilə bağlı atılan addımlar zamanı da ilkin mərhələlərdə, dövrlərdə bir sıra problemlər, çatışmazlıqlar özünü göstərdi. Ancaq bütün əyri-əskiklərə baxmayaraq, Azərbaycanda stabil, dayanıqlı, sosial rifaha yönəlik sosial müdafiə sisteminə keçid baş tutdu. Xüsusilə, 2018-ci ilin prezident seçkilərindən, aparılan kadr və struktur islahatlarından sonra bu sahədə bir düzən yaranmağa, bir qayda-qanun özünü göstərməyə başladı. Uğurlar göz qabağındadır, heç cür danmaq və inkar etmək olmaz. Bu isə nəticədə insanlarımızın maddi-rifah halının, güzəranın yaxşılaşması ilə müşahidə edilir.
Bəli, iqtisadiyyatımız yaxşılaşdıqca, iqtisadi imkanlarımız yüksəldikcə, büdcəmiz də artır, onun inkişaf və sosialyönümlülüyü daha geniş vüsət alır.
Dövlət başçısı İlham Əliyevin cəmiyyətimiz üçün müstəsna əhəmiyyət kəsb edən aşağıdakı fikirlərini qeyd etmək istərdim:
“Bizim büdcəmiz və siyasətimiz sosialyönümlüdür. Azərbaycanda həm bazar iqtisadiyyatı prinsipinə sadiqlik özünü göstərir, eyni zamanda, sosial məsələlərin həllinə də böyük diqqət yetirilir. Əhalinin sosial müdafiəsi məsələləri ön planda olmalıdır. Müxtəlif sosial proqramların həyata keçirilməsi, müxtəlif təşəbbüslərin başlanması bu məqsədi daşıyır.”
Şəhid ailələri, Birinci Qarabağ savaşının iştirakçıları, müharibə veteranları və əlilləri üçün nəzərdə tutulan sosial müavinətlər bir neçə də dəfə qaldırıldı. 2015-ci ildən 2019-cu ilə qədər cəmiyyətin ən ağrılı problemlərindən birinə çevrilən problemli kreditlər məsələsinə birdəfəlik son qoyuldu.
Ölkə prezidentinin imzaladığı və özünün də dediyi kimi, analoqu olmayan Fərmanla bu problem öz müsbət həllini tapdı. 800 mindən çox insanın narahatlığı, məhkəmə qapılarındakı süründürməçiliyi aradan qaldırıldı, 300 mindən çox məhkəmə işinə xitam verildi.
Yaradıcı insanların, yaradıcılıq təşkilatlarının maddi-rifah halının yüksəldilməsi, dövlət qayğısı ilə əhatələnməsi istiqamətində önəmli addımlar atıldı, bu istiqamətlərə vəsaitlər ayrıldı, bir neçə teatra - sənət məbədinə “akademik” statusu verildi, bir çox tanınmış sənətçilər, sənət xadimləri evlərlə, mənzillərlə təmin olundular.
İqtisadi və sosial sahədə əldə edilən bu uğurlar ordu quruculuğunun da təkmil şəkildə aparılması üçün çox əlverişli mühit yaradıb. Bir daha qeyd edilməlidir ki, güclü, qüdrətli Ordunun təməlində həm də güclü iqtisadiyyat, güvənli sosial müdafiə sistemi, sosial dəstək dayanır.
Müharibədən, tarixi Zəfərdən sonra bütün sahələrdə və məsələlərdə yeni reallıqlar yaranıb.
Artıq bu istiqamətdə ilkin, önəmli addımlar özünü göstərməkdədir.
Daha konkret demiş olsaq, İkinci Vətən müharibəsi zamanı Şəhid olmuş, yaralanmış, Qazi olmuş igidlərimizin, qəhrəmanlarımızın, onların ailələrinin hər mənada dəstəklənməsi, mənəvi və maddi qayğı ilə əhatələnməsi istiqamətində işlərin görülməsinə başlanmışdır.
Ölkə prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması və Himayəçilik Şurasının nüfuzlu, tanınmış ziyalılardan təşkil olunması, Fondun əməkdaşlarının bütün Şəhid və yaralı ailələrlə görüşləri, onların problemlərini dinləməyə başlaması çox mühüm addımlardandır.
Hesab edirəm ki, dövlət başçısının bu Fərmanı da hər bir kəs tərəfindən dəstəklənməli, ona əməli fəaliyyətlə köməklik göstərilməlidir. Xüsusilə, iş adamları, sahibkarlar, xaricdə yaşayan nüfuzlu insanlarımız bu məsələdə aktiv çıxış edib, örnək olmalıdır. Çünki bu, hər birimizin müqəddəs vəzifəsidir. Bugünkü əmin-amanlığımıza, dinc yaşayışımıza görə məhz İkinci Vətən müharibəsinin qəhrəmanlarına, Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Bu məsələdə də hər birimiz dövlətimizin yanında olmalı, onun siyasətinə əməli addımlarımızla kömək etməliyik. Şüarçılıqdan, populizmdən uzaq dayanmalyıq.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlanmışdır. Aksiya çərçivəsində dekabrın 18-dən başlayaraq Kəlbəcər rayonu, Xocavənd rayonunun işğaldan azad olunmuş hissəsi və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlanılmışdır və bu aksiyanın bundan sonra da davam etdirilməsi qərara alınmışdır. Çox nəcib, insani, xeyirxah addımlardır, alqışlanmalı, təqdir edilməlidir, eyni zamanda, digərlərinə nümunə, örnək olmalıdır.

Ərazilərin bərpası, quruculuq işləri, dinc birgəyaşayış...
44 günlük İkinci Vətən müharibəsi, tarixi və möhtəşəm Qələbə, Zəfər bizim qarşımızda yeni hədəflər və vəzifələr qoyur.
İqtisadiyyatımız yaxşılaşdıqca, iqtisadi imkanlarımız yüksəldikcə, büdcəmiz də artdı, daha da sosialyönümlü oldu. İndi bizi növbəti mübarizə, növbəti və uzun yol, mərhələ gözləyir. Biz artıq işğaldan azad olunmuş ərazilərimizin quruculuğuna, bərpasına başlamışıq. Bu, heç də asan və tez başa gələn bir məsələ deyil.
Çünki məhv edilmiş, dağıdılmış infrastruktur yenidən yaradılmalı və bərpa edilməlidir, yenidən yollar, elektrik, qaz, kommunikasiya xətləri çəkilməli, körpülər salınmalıdır və sair. Həmçinin, işğaldan azad olunmuş, uzun illər tapdaq altında qalmış ərazilərimiz minalardan təmizlənməlidir.
Bəli, biz bu münaqişəni öz gücümüzlə 44 gündə həll etdiyimiz kimi, ərazilərimizin bərpası və quruculuğu işlərini də səbirlə, təmkinlə, ardıcıl addımlarımız, ən əsası öz gücümüzlə həll edəcəyik. Bunun üçün kifayət qədər maddi və mənəvi resurslarımız, əmək ehtiyatlarımız, maliyyəmiz var. Biz bunu da bacaracağıq, biz bunu da edəcəyik.
Artıq bu istiqamətdə də dövlət başçısının tapşırığı ilə müvafiq dövlət strukturları, aidiyyatı orqanlar ilkin dəyərləndirmələrə, hesablamalara başlayıblar.
Ölkə prezidentinin də bəyan etdiyi kimi, indi biz müharibə başa çatandan sonra ölkəmizə, insanlarımıza vurulmuş ziyanın həcmini qiymətləndiririk.
Cənab İlham Əliyev demişdir: “…əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduna, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik. Bununla paralel olaraq infrastruktur layihələri üzrə proseslər artıq başlanıb. Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik”.

Akademik Z.SƏMƏDZADƏ