MƏQALƏLƏR

Qarabağın hər qarışı gülüstana çevriləcək

  • 14.01.2021

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi, ölkəmizin ərazi bütövlüyünün tam bərpası reallaşdı, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin yaradılacağı, Naxçıvanın blokadadan çıxacağı bəyan edildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, tarixi ədalət bərpa olundu. Böyük siyasi, diplomatik səy hesabına qazanılan bütün bu uğurlar Azərbaycanın parlaq qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsi kimi tarixə yazıldı.
Vətən müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, xalq-prezident-ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
Vətən müharibəsinin gedişində şəhər və kəndlər işğaldan azad edildikcə, eyni zamanda, yaşayış məntəqələri qeyri-qanuni məskunlaşan ermənilərdən təmizləndikcə düşmənin barbarlığı, faşist mahiyyəti bütün çılpaqlığı ilə bir daha üzə çıxdı. Şübhəsiz ki, beynəlxalq ictimaiyyət də işğalçı ölkənin 30 il ərzində törətdiyi vandal hərəkətlərindən, qeyri-insani əməllərindən xəbərdar idi və belə hallar haqdan-ədalətdən dəm vuran ölkələr tərəfindən susqunluqla qarşılanırdı. Əslində, döyüşlər getdiyi günlərdə də vəziyyət dəyişmədi, Ermənistana barbarlığı-na görə sanksiyalar tədbiq etmək təşəbbüsü göstərilmədi.
Hazırda işğaldan azad edilən torpaqların yenidən qurulması, bərpası qarşıda duran ən mühüm məsələlərdən biridir. Bu ərazilərdə gerçəkləşdiriləcək abadlıq-quruculuq işlərinin miqyası da, şübhəsiz ki, çox böyükdür. Çünki təcavüzkar Ermənistan torpaqlarımızda əsl vandalizm aktı törədib, bütün şəhər və kəndlərimizi tamamilə dağıdıb, tarixi abidələrimizi, məscidlərimizi məhv edib, bölgənin ekologiyasına çox ciddi ziyan vurub.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də çıxışlarında hazırda bu ərazilərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, yaşayış məntəqələrinin xarabalığa çevrildiyini, hətta evlərin pəncərə çərçivələrinin belə oğurlandığını, infrastrukturun tamamilə dağıdıldığını, salamat bir bina belə saxlanılmadığını, yerüstü və yeraltı sərvətlərin talan edildiyini, tarixi-dini abidələrin barbarcasına yerlə-yeksan olunduğunu bildirib. Dövlətimizin başçısı, eyni zamanda, xatırladıb: “Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar”.
Prezidenti İlham Əliyev, həmçinin bərpa zamanı bütün tədbirlərin əsaslı şəkildə gerçəkləşdiriləcəyini, bunun üçün Baş plan hazırlanacağını, mütəxəssislər cəlb olunacağını, infrastruktur layihələrinin planlı şəkildə icra ediləcəyini, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlərin görüləcəyini diqqətə çatdırıb. Eyni zamanda, vətəndaşlara dədə-baba yurdlarına qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcəyini də xüsusi vurğulayıb.
Sevindirici haldır ki, dövlətimiz tərəfindən Qarabağda yenidənqurma işlərinə artıq başlanılıb. Suqovuşana yol çəkilib, Füzuli-Şuşa yolu müasir standartlara uyğun inşa edilir, şəhərlərin yeni baş planları hazırlanır. Digər kommunal infrastrukturun bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Ümumiyyətlə, Qarabağda müasir infrastrukturun yaradılması bölgənin inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bunsuz ərazinin sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyil. Məhz bu önəmi nəzərə alan cənab İlham Əliyev Füzulidə beynəlxalq aeroportun inşası kimi qarşıya mühüm vəzifə qoyub. Dövlətimizin başçısı ötən ilin yekunlarına həsr olunan müşavirədə Laçın, ya da Kəlbəcər rayonunda da yeni beynəlxalq hava limanının tikiləcəyini bəyan edib. Bütün bunlar isə Qarabağ bölgəsini bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün geniş imkanlar açacaq.
Ölkə rəhbərinin tapşırığına əsa­sən, dəmir yolları ilə də bağlı hazırlıq işləri gedir. Horadiz-Füzuli, Füzuli-Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulur. Cənab prezident də qeyd etdi ki, Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün dəmir yolunun çəkilməsi zəruridir. Şuşaya vətəndaşlar qayıdandan sonra, bu yol istismara veriləcək. Digər vacib layihələrdən biri də çətin relyefdən keçən Toğanalı-Kəlbəcər yoludur. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna qədər davam etdiriləcək. Beləliklə, iki tərəfdən – şimaldan və cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılacaq.
Hazırda Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər yolun çəkilişi üzrə hazırlıq işləri gedir.
Prezidentin tapşırığı ilə sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə hazırlanan Strateji Fəaliyyət Planı əsasında tədbirlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında reallaşdırılır.
Dövlətimizin başçısının tapşırığı ilə bu işlərin sürətli icrası məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qarabağın bərpası tədbirlərinə cəlb olunub.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın dirçəlməsi prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir. Xatırladım ki, fond işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə güclü iqtisadiyyat və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək.
Düşmən 30 ilə yaxın bir dövrdə Qarabağda qəsb etdiyi şəhər və kəndlərimizi xaraba qoymaqla bərabər, kənd təsərrüfatına yararlı münbit və məhsuldar torpaqlarımızı, örüş-otlaq sahələrimizi, təbii sərvətlərimizi də istismar edib, mövcud 160 müxtəlif qiymətli metal yatağını talayıb. Bundan sonra həmin təbii sərvətlərimiz regionun iqtisadiyyatının bərpası və yenidən qurulması prosesində önəmli rol oynayacaq, xalqımızın rifahına yönəldiləcək. Bu isə son nəticədə qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsini, iş yerlərinin yaradılmasını, ixrac potensialımızın artırılmasını şərtləndirəcək.
Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində erməni vəhşiliyindən danışarkən, deyib: “Mənə verilən məlumata görə, orada on minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır. Buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək. İndi onlar bundan məhrum oldular. İndi öz ərzaq təhlükəsizliyini necə təmin edəcəklər?”
Dövlətimizin başçısı yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə isə Ermənistan mətbuatına istinadən təbii sərvətlərimizin işğal dövründə Ermənistanın rəhbər şəxslərinin qanunsuz gəlir mənbəyinə çevrildiyini, istismar edildiyini vurğulayaraq, bildirib ki, münbit və məhsuldar olan o torpaqların böyük hissəsindən düşmən ölkənin keçmiş prezidentləri Koçaryan və Sarkisyan, həmçinin qanunsuz rejimə rəhbərlik edənlər hər il böyük gəlir əldə ediblər.
Erməni faşistləri təbii sərvətlərimizi talan etməklə bərabər, həm də işğal altında saxladıqları ərazilərimizdəki su mənbələrindən də istifadəyə imkan vermirdilər. Barbarlar Sərsəng, Suqovuşan su anbarlarından suyu kəsməklə yüz hektarlarla əkin sahələrimizdə məhsul becərilməsinə əngəl törədirdilər.
İndi su ehtiyatları ilə zəngin olan Qarabağ bölgəsində bu potensial Azərbaycanın tam nəzarəti altındadır və bu, şübhəsiz ki, ölkəmizə əlavə dividendlər gətirəcək. Bundan başqa, Xudafərin, Xaçınçay, Köndələnçay və digər su anbarlarının istifadə imkanlarının tezliklə reallaşması isə Azərbaycana təqribi hesablamalara görə, 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək şəraiti yaradacaq. Bu isə su təhlükəsizliyimizin təmin olunması, kənd təsərrüfatının inkişafının sürətləndirilməsi və beləliklə, ərzaq bolluğunun yaradıl-ması deməkdir.
İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatları və məhsuldar torpaq sahələrinin həcmi bərpa mərhələsindən sonra Qarabağ bölgəsində qısa zamanda məhsul istehsalının 8-10 dəfəyədək artacağını proqnozlaşdırmağa əsas verir. Bu isə tez bir vaxtda həmin ərazilərdə çox sayda yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı şərtləndirir.
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Qarabağ torpağı tarixən bol-bərəkətli olması ilə diqqət çəkib. Yuxarıda vurğuladığım kimi, münbit və məhsuldar sahələrdə taxıl yetişdirilib. Xalqımızın qüdrət və qüvvət mənbəyi, səadət və xoşbəxtlik rəmzi kimi dəyərləndirilən çörəyin başqa bir dad-tamı olub. Bəlkə də Ağdamda işğaldan əvvəl mövcud olan çörək muzeyinin bu şəhərdə yaradılması məhz elə bununla bağlıdır.
Ağdam çörək muzey-kompleksi bəşəriyyətin, millətlərin çörək və çörək məmulatlarını, əkinçilik alətlərini nümayiş etdirən, onları tarixini yaşadan müqəddəs bir ocaq, bir ziyarətgah kimi tanınırdı. Muzeyin yaradılması təşəbbüsü 1983-cü ildə Almaniyanın Ulm şəhərində yerləşən çörək muzeyi haqqında “İzvestiya” qəzetində dərc olunan məqalədən sonra o zamam rayon partiya komitəsinin birinci katibi işləyən Sadıq Murtuzayev və ictimai-siyasi xadim, AMEA-nın müxbir üzvü Xudu Məmmədova, o cümlədən atam Əbülfəz (Bərəkət) Qasımova məxsus idi. Xalq şairi Bəxtiyar Vahabzadə də bu ideyanı yüksək qiymətləndirmişdi.
Yeri gəlmişkən, o vaxtlar Əbülfəz (Bərəkət) ulu öndərdən muzey üçün xeyir-dua alınmasını dünya şöhrətli akademik Həsən Əliyevdən xahiş də etmişdi.
Xatırladım ki, elə həmin il noyabr ayının 25-də fəaliyyətə başlayan bu muzey-kompleks dövlət tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Burada 3 minə yaxın eksponat, habelə tam işlək vəziyyətə gətirilərək, gün ərzində 8-10 ton buğda üyütmək gücü olan mexaniki dəyirman, 1930-cu illərdə istifadə edilən “Triyer” taxıl təmizləyici qurğu, əmək alətləri – xış, vəl, çin, oraq, kirkirə, “çarçar” adlı taxıldöyən, təndirxana və karvansara, faytonçu Bəhmən kişinin faytonu ziyarətçilərdə böyük maraq doğururdu.
Muzey-kompleksdə, həmçinin Ağdamın Əfətli kəndi ərazisindəki “Çalağan təpədə” arxeoloji qazıntılar zamanı aşkar edilən və yaşı 3 min ildən artıq olan daşlaşmış buğda dənləri, müxtəlif taxıl növləri, undan hazırlanan məhsullar, o cümlədən, Gəncə, Naxçıvan, Qarabağ, Gürcüstan, Ermənistan, Dağıstan və Səmərqənddə bişirilən çörək nümunələri, qədim küp və mətbəx əşyaları, müharibə dövrundə uşaqlara verilən çörək kartoçkaları, buğda dənələrindən düzəldilmiş Azərbaycan xəritəsi nümayiş olunurdu.
Onu da qeyd edim ki, ötən əsrin 80-ci illərində Ağdamda keçirilən müxtəlif bayramlar, beynəlxalq festivallar məhz bu muzeyə baxışla başlayırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpağında tezliklə abadlaşdırılacaq yüzlərcə tarixi abidəmizlə, mədəniyyət incilərimizlə bərabər, Ağdam çörək muzeyinin də yeni həyata qədəm qoyacağı, eləcə də bu kompleksə gələcək ziyarətçilərin, ilk növbədə, Ali Baş Komandanımızın, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, şəhid ailələri üzvlərinin, qazilərin, Qarabağ torpağının azad olunmasında xidməti olan hər kəsin burada bişiriləcək Zəfər çörəyindən dadacağı gün uzaq deyil.
Sonda tarixi ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələrlə bağlı bəzi məsələlərin zəruriliyini də diqqətə çatdırmaq istərdim. Belə ki:
– işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı yerlərdə fermerlərə məsləhət və informasiya xidməti daha əlçatan edilməli, əkinlərin bərpası üçün innovativ üsulların tətbiqinə üstünlük verilməlidir;
– dağ-mədən, metallurgiya, yeyinti, emal sənayesi ilə bərabər, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq kimi istiqamətlərin inkişaf potensialı nəzərə alınaraq, bu sahələrə iş adamlarında investisiya qoyuluşuna maraq yaradılmalıdır;
– düşməndən təmizlənən ərazilərdə yaşıl enerji zonasının təşkili xarici investorların dəstəyindən yararlanmaqla əhalinin qaytarılması və iqtisadi-sənaye fəaliyyətinin bərpası ilə uzlaşdırılmalı və indiki enerji sistemi ilə inteqrasiya edilməsi diqqətdə saxlanılmalıdır;
– Qarabağın inkişaf strategiyasına uyğun olaraq, dövlət sərmayələri ilə yanaşı, dövlət-özəl əməkdaşlığı formatı, xarici özəl sərmayələr, kreditlər, qrantlar, texniki yardım investisiyalarının cəlbi üçün proqramlar hazırlanmalıdır;
– işğaldan azad edilən torpaqlarda investorları cəlb edə biləcək strateji aktivlər, zəngin resurslar və xarici bazarlara çıxış imkanları yaradılmalıdır;
– bərpa layihələrinin reallaşdırılmasında 4-cü sənaye inqilabının prinsipləri nəzərə alınmalı, bu zaman yerli xüsusiyyətlər, resurslar və perspektivlər diqqətdə saxlanılmalıdır.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub-yara-dacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu şəhərlərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək.


Natiq QASIMOV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC)
müəllimi, iqtisad elmləri
doktoru, professor