Vüqar Səfərli: “Bu gün parta arxasında oturan tələbələr gələcəyin baş redaktorlarıdır”
Martın 10-u Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Bakı Slavyan Universitetinin filologiya fakültəsinin jurnalistika kafedrasının tələbələrilə ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçirilib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov , BSU-nun rektoru professor Kamal Abdulla, 30-a yaxın qəzet və media qurumlarının rəhbərləri, BSU-nun jurnalistika fakültəsinin tələbə və müəllim heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Kamal Abdulla bu görüşün tələbələr üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi. Təbdir iştirakçılarını salamlayan Kamal Abdulla Fondun icraçı direktoruna belə bir təşəbbüs irəli sürdüyünə görə öz minnətdarlığını bildirdi və çıxış üçün sözü KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə verdi.
Çıxış edən Vüqar Səfərli bu görüşün tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. “Fondun layihəsi çərçivəsində BSU-nun jurnalistika fakültəsinin sonuncu kursunda təhsil alan tələbələr müxtəlif qəzetlərdə təcrübə keçməyə göndəriləcək. Onlar 5 ay müddətində müxtəlif qəzetlərdə təcrübə keçəcək və hər ay 100 manat məbləğində əmək haqqı alacaqlar. 5 aydan sonra onlar özlərini doğrultsalar və ya işləri ilə redaksiya rəhbərliyini qane etsələr, həmin qəzetdə işə qəbul olunacaqlar. Burada olan hər bir baş redaktor vaxtilə sizin kimi tələbə partası arxasında oturub. Siz öz intellektinizə , bilik və bacarığınıza güvənməlisiniz. Bu gün burda parta arxasında oturan tələbələr gələcəyin baş redaktorlarıdı”. V.Səfərli onu da bildirdi ki , fevralın 23-də analojı tədbir Bakı Dövlət Universitetində də keçirilib və artıq BDU-nun jurnalistika fakültəsinin 22 tələbəsi qəzet redaksiyalarında işə başlayıb.
Eyni zamanda Vüqar Səfərli bu günə kimi Fond tərəfindən fərdi jurnalist müsabiqələrinin keçirildiyini və jurnalistlərə ümumilikdə 150 min manat məbləğində vəsait verildiyini qeyd etdi.
Sonra Vüqar Səfərli tədbirə qatılan 30-dan çox KİV rəhbərlərini görüş iştirakçılarına təqdim etdi.
Öz növbəsində görüşdə aktiv iştirak edən tələbələr - Arzu Məmmədov , Nicat Hacıyev , Zülfiyyə Qarayeva, Şahnaz Əhmədova, Fatma Cabbarlı, Nuranə Novruzova, Günel Əbilova, Şölə Məmmədova, Murad Abitov və digər tələbələr onları maraqlandıran sualları baş redaktorlara ünvanlayıblar, baş redaktorlar da verilən sualları ətraflı cavablandırıblar.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov öz fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. O bildirib ki, bu görüşlər KİVDF-nin həyata keçirdiyi ən mühüm layihələrdən biridir: “Bu layihədən sonra jurnalistika fakültəsini bitirən 5-10 tələbə müxtəlif redaksiyalarda işləyəcəksə, bu artıq mətbuatımızın uğurudur. Hazırda işləmək istəyən tələbələrin çoxu televiziyaya üstünlük verirlər. Ancaq unutmaq lazım deyil ki, televiziya jurnalistikası öz spesifik xüsusiyyətlərinə görə, yazılı mətbuatdan fərqlənir. Tələbələrə məsləhət görürəm ki, iş yerlərini seçərkən qəzetlərdən başlasınlar. Bundan sonra böyük uğurlar qazanmaq olar.”.
Tədbirin yekununda universitetin rektoru professor K.Abdulla öz adından və kollektiv adından başda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli olmaqla, media kapitanlarına minnətdarlığını bildirdi. Bundan əlavə o, rektorluq tərəfindən istedadlı tələbələrin siyahısının tərtib olunaraq Fonda təqdim edilməsi barədə qərar qəbul olunduğunu söylədi.
http://kivdf.gov.az/
|