Ziyad SƏMƏDZADƏ - Müsahibə: Bütün çətinliklərə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə məskunlaşma uğurla həyata keçməkdədir
- Hörmətli Ziyad müəllim, bu gün hər birimiz çox sevincli və xoşbəxtik. Çünki biz 30 ildir ki, düşmən işğalında olan torpaqlarımızı azad etdik. Bu, çox qürurvericidir. Ali Baş Komandanımızın rəhbərliyi və Şanlı Ordumuzun şücaəti hesabına bu Zəfəri əbədi yaşayacaq tariximizə yazdıq. Bizi bundan sonra prezidentimizin də dediyi kimi, daha yaxşı gələcək, inkişaf gözləyir. Təbii ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün zamana ehtiyacımız var.
İşğaldan azad olunmuş ərazilərdə vəziyyətin qiymətləndirilməsi və burada yenidənqurma işləri istiqamətində hansı tədbirlər görülür?
- İlk olaraq qeyd etmək istəyirəm ki, tarixə nəzər salsaq, görərik ki, müharibələr zamanı qalib dövlət də, məğlub dövlət də müharibədən sonrakı dövrdə ilkin qiymətləndirmə işi həyata keçirirlər. Həm dəyən ziyanın, həm də qənimətlərin qiymətləndirilməsi məsələsi ön planda olur. Təbii ki, 44 günlük müharibədən sonra qalib dövlət kimi Azərbaycanda da bu prosesi sistemli təhlil etmək istisna deyil. Heç uzağa getməyək. Sovetlər İttifaqı faşizm Almaniyası üzərində qələbə çaldıqdan sonra bu məsələ xeyli müddət Beynəlxalq Məhkəmə səviyyəsində müzakirə olundu. Qalib ölkəyə dəymiş zərərin miqdarının müəyyən edilməsi ilə bağlı əsaslı qiymətləndirilmələr aparıldı. Müharibədən sonrakı beşillik plan da SSRİ xalq təsərrüfatının bərpasına həsr edildi. Müvafiq beşillik plan Azərbaycan üçün də təsdiq edildi. Faşizm üzərində qələbənin əldə edilməsində müstəsna rol oynayan Azərbaycan arxa cəbhə kimi özünün iqtisadiyyatını müharibənin tələblərinə uyğun qurmuş və külli miqdarda maddi zərərlə üzləşmişdi. Məsələnin mənəvi tərəfi daha ağır idi. 400 min nəfərə yaxın insan itkimiz olmuşdur.
Artıq biz 30 ildən sonra Qarabağı düşmən işğalından azad etdik və hazırda cənab prezidentin tam nəzarəti altında bu qədim Azərbaycan məkanında hərtərəfli bərpa işlərinə başlanmışdır. Həm qiymətləndirmə, həm də yenidənqurma işlərinə, necə deyərlər, start verilib və proses uğurlu şəkildə davam edir. Bilirsiniz, erməni tərəfi uzun illərdir ki, Azərbayacanın iqtisadiyyatına, ekologiyasına, sosial mühitinə, mədəni irsinə yüz milyardlarla ölçüləsi miqdarda ziyan vurub. Bu gün biz Qarabağı yenidən qururuq. Qarabağın müstəqil dövlətimizin yeni iqtisadi sisteminə inteqrasiya olunması istiqamətində böyük işlərə başlamışıq. Çünki ermənilər burada hər şeyi viran qoyub, dağıdıb, məhv edib. Bu gün Qarabağ iqtisadiyyatının dirçəlməsi, inkişafı və ordakı həyatın yenidən canlanması naminə dövlətimiz tərəfindən bütün işlər görülür. Biz işğaldan azad olunmuş 20 faiz torpaqlarımızda yeni iqtisadiyyat quracağıq və milli iqtisadiyyatımıza inteqrasiya etməsi üçün də lazımi şəraiti yaradacağıq.
Müvafiq strukturlar tərəfindən Qarabağ bölgəsi üzrə müharibədən əvvəlki dövrlərdə işlənmiş zəruri sənədlər də mütəxəssislər tərəfindən araşdırılır, təhlil olunur. Hazırda statistik məlumatlar toplanır və bütün işğaldan azad olunmuş ərazilər üzrə fəaliyyət planı müyyənləşdirilir. Bu sənədlərin, proqramların hazırlanması bir neçə mərhələli kompleks yanaşma tələb etsə də, bu prosesin qısa zamanda və yüksək səviyyədə başa çatdırılması üçün bütün resurslar səfərbər olub. Bundan əlavə, 6 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirildi. Cənab prezident müşavirdə bir daha müharibə zamanı dəyən ziyanın və azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi məsələlərinə toxundu və tapşırıqlarını müvafiq orqanlara verdi. Cənab prezident qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə artıq işlərə başlanılıb və ilk növbədə minalardan təmizləmə prosesi davam edir. Şəhərsalma ilə bağlı ilkin təmaslar yaradılıb. Prezident azad olunmuş ərazilərdə peyk vasitəsilə çəkilişlərin aparlmasının vacibliyini diqqətə çatdırdı. Eyni zamanda, cənab prezident qeyd etdi ki, dronlardan da istifadə etməklə hər bir şəhərin, hər bir kəndin sənədləşdirilməsi, pasportlaşdırılması aparılmalıdır. Təbii ki, bu tədbirlər ilkin qiymətləndirmə, vəziyyəti təhlil etmək və reallıqları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün vacibdir. Dövlət başcısı, həmçinin qeyd etdi ki, biz itirilmiş gəliri də hesablamalıyıq. Çünki orada bir çox müəssisələr və bu müəssisələrin böyük potensialı var idi. Onlar dağıdılıb və biz götürə biləcəyimiz gəliri götürməmişik. O da hesablanmalıdır. Həmçinin ekologiyamıza vurulan ziyan hesablanmalıdır. Qırılan meşələr. Bu meşələr elə-belə qırılmayıb. Bu meşələr qırılıb və satılıb. Qırılmış o meşələrin, ağacların bazar qiyməti hesablanmalıdır. Çünki bunlar satılıb və qanunsuz gəlir mənbəyi olubdur. Bununla paralel olaraq, bizim torpaqlarımız qanunsuz yollarla istismar edilib.
İşğaldan azad olunmuş ərazilərin bərpası zamanı bütün mədəni-tarixi abidələrin özünəməxsusluğunun qorunub-saxlanılması xüsusi diqqət mərkəzindədir. Heç şübhəsiz erməni vəhşiliyi nəticəsində tamamilə dağıdılmış rayon və şəhərlər ən müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən cəlb edilən mütəxəssislər tərəfindən Şuşada mənzil fondunun, sosial kommersiya obyektlərinin, təhsil, səhiyyə, həmçinin digər infrastruktur obyektlərinin hazırkı durumu qiymətləndirməsi ilə bağlı işlər görülür. Habelə, qədim tarixi və unikal memarlıq üslubu qorunub saxlanılmaqla Şuşanın tarixi və dini abidələrinin, muzeylərinin planlı şəkildə bərpa olunması istiqamətində işlərə başlanılıb. Xüsusilə də, yol infrastukturunun qurulması, Şuşaya yeni yol çəkilməsi davam edir.
- Qarabağın sosial-iqtisadi inkişafı üçün hansı imkanlar var və hökumətimiz bunların reallaşması üçün hazırdırmı?
- İlk növbədə qeyd edim ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bu taleyüklü vəzifənin yerinə yetirilməsi üçün kifayət qədər imkanlarımız, bu imkanların reallaşması üçün də güclü iqtisadiyatımız, xalqımızın mətin iradəsi, bir yumruq kimi Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi var.
Əvvəla, qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. Bu, bir daha onu göstərir ki, ulu öndər Heydər Əliyev uzaqgörən, müdrik siyasətçi idi. O, əmin idi ki, torpaqlarımız düşmən işğalından azad ediləcək. Agentliyin missiyası Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məşiətində müasir tələblərə cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda, yaranmış şəraitə uyğun olaraq, Agentliyin statusu da dəyişməli, onun hüquq və vəzifələri artırılmalıdır.
Aydın məsələdir ki, işğaldan tam azad olunan ərazilərdə sosial-iqtisadi inkişaf üçün bir neçə dövlət proqramları işlənəcək və bərpa işlərinin sürətli aparılması üçün sistem xarakterli işlər görüləcəkdir. Qarabağda əhalinin məskunlaşdırılması məsələsinin kompleks şəkildə həll edilməsi üçün konkret tədbirlər görüləcəkdir. Qarabağda, ümumiyyətlə, əhalinin məskunlaşması dedikdə, onun yaşaması üçün lazımı şəraitin məcmusu başa düşülür. Bu prosesin, yəni məskunlaşmanın ilkin bazası, əsası evdir. Kəndlərdə, qəsəbələrdə, şəhər və rayonlarda yeni yaşayış evlərinin yaradılmasıdır. Yazılarımın birində mən qeyd etmişdim ki, 90-cı illərin əvvəlində Qarabağ zonasında on milyon kvadratmetrdən çox yaşayış sahəsi vardı. Burada hər nəfərə düşən mənzil sahəsi ordakı göstəricidən yüksək idi. İndi bu regionda çox cüzi mənzil sahəsi var (Horadiz, Cocuq Mərcanlı). Biz bu azad olunmuş ərazilərdə yeni şəhər və qəsəbələr salacağıq. Onlarda yüz minlərlə insan məskunlaşacaq. Azərbaycan xalqı ötən əsrin 40-50-ci illərində Sumqayıt, Mingəçevir kimi şəhərlər salıb. Xəzərin coşqun dalğalarında - Neft Daşlarında qəhraman neftçilərimiz məskunlaşıb. Təbii ki, indiki məskunlaşma fərqlidir. Erməni faşistləri bu ərazilərdə çox vəhşiliklər törədiblər. Hər tərəf minalarla doludur. Amma bütün çətinliklərə baxmayaraq, bu ərazilərdə məskunlaşma uğurla həyata keçəcəkdir. Bu proqramın səmərəli həlli üçün regionun istehsal, infrastruktur, sosial inkişafı və kadr təminatı baxımından çox ciddi tədbirlər nəzərdə tutulmalıdır. Qarabağda həyat yenidən qurulacaq, insanların tam rahat yaşaması üçün əlverişli infrastruktur bərpa ediləcək və münbit şərait formalaşacaq.
Dövlət başçısının da bəyan etdiyi kimi: “Hazırda bu rayonlardan olan əhalinin sayı bir milyon nəfərdən çoxdur. Onun çox böyük hissəsi qaçqın və məcburi köçkün kimi 50-dən çox rayonda və şəhərlərdə məskunlaşmışdır. Bu insanlar 30 ildir ki, öz doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Heç şübhəsiz ki, Qarabağın kənd və şəhərlərində insanlar məskunlaşacaq, onların normal həyat şəraiti təmin ediləcəkdir. Təbii ki, bu proses milyard manatlarla vəsait tələb edəcəkdir.Biz bir hesablama apardıq, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçın rayonlarında hələ 1991-ci ildə mənzil fondu 2 milyon kvadratmetrdən çox idi. Bu ərazilərdə bir neçə ildə 5-6 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə təhsil, mədəniyyət ocaqları inşa ediləcək, qaynar həyatın bərpası üçün çoxsaylı infrastruktur, istehsal obyektləri tikiləcəkdir”.
Xatırlayırıq ki, 2017-ci ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açlışı böyük sevinc və coşqu ilə qarşılandı.Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdu. O kənddə bir dənə də salamat bina qalmamışdı. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi 2 ay ərzində bərpa etdik. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.
Təkcə bu fakt onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Prezident İlham Əliyev bir daha əminliyini bildirərək demişdir ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri yaxın müddətdə başa çatdırılacaq.
Bir sözlə, Qarabağın yenidən bərpası üçün strateji proqramlar və layihələr hazırlanıb və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirəcək. Bu ərazilərdə böyük təbii potensial var - böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu. Onların da istifadəsi ilə bağlı hazırda hökumət və onun müvafiq strukturları lazımi işlər aparırlar.
İşğaldan azad olan ərazilərimiz respublika ərazisinin 20 faizini təşkil edir.Yüzlərlə dağıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpası üçün böyük zəhmət və vaxt tələb olunur. Amma bunlar uğurla həll ediləcək.
- Əsas məsələlərdən biri maliyyə məsələsidir. Bu qədər nəhəng işə, əlbəttə, çox böyük maliyyə vəsaitləri tələb olunacaq. Buna imkanımız varmı?
- Bəli var! Ən böyük imkanımız vətənə olan sevgimizdir. Azərbaycanın dövlət büdcəsindən 2021-ci il üçün 2,1 milyard manat vəsait ayrılmışdır. Kifayət qədər valyuta ehtiyatlarımız var. Ondan Qarabağda sosial sahələrin inkişaf etdirilməsi üçün istifadə ediləcək. Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında mühüm roy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq. Yaşayış massivlərinin tam müasir ekoloji tələblərə uyğun bərpası və yenidən qurulması aparılacaq. Aqrar islahatların aparılması diqqət mərkəzində olacaq. Özəlləşmə prosesi həyata keçiriləcək. Eyni zamanda, fərdi ev tikmək istəyənlərə hər cür dəstək veriləcək. Bir məsələni də qeyd edim ki, artıq bəzi dövlət və şirkətlərin nümayəndələri ilə bu istiqamətdə dövlət səviyyəsində rəsmi görüşülər keçirilib və bu görüşlər bu gün də davam edir. Xüsusilə də Türkiyə, İtaliya hökumət nümayəndələri ilə mühüm görüşlər keçirilib. Azərbaycan-İtaliya hökumətlərarası görüşün keçirilməsini də xüsusi qeyd etmək olar. Tərəflər Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə italiyalı həmsədr bu günlərdə Bakıya səfəri və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə, eləcə də digər rəsmilərlə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib, iki ölkə arasında siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məhsuldar danışıqların aparıldığını bildirib. Heç şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərin bərpasında dost ölkələrin şirkətləri ilə əməkdaşlığın da xüsusi təşviq olunması diqqət mərkəzində olacaqdır.
Erməni işğalçıları 30 il ərzində Azərbaycanın qədim tarixi torpaqları olan bu ərazilərdə bütün infrastruktura, o cümlədən elektrik stansiyalarına çox ciddi ziyan vuraraq dağıntılar törədiblər. İndi bu ərazilərdə, demək olar ki, enerji infrastrukturu yoxdur. Ali Baş komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi Qarabağ bölgəsində elektrik enerjisinin təminatı sahəsində də genişmiqyaslı işlər görülür. Hal-hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhə boyu bölgələrdə düşmənin mülki obyektləri hədəfə alması nəticəsində baş verən qəzaların aradan qaldırılması və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər.
Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalar, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiqi etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, ÖİN naqillərdən istifadə etməklə 35 və 0,4 kV-luq elektrik verişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verilib.
Əminik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün lazım olan bütün imkanlardan istifadə ediləcək.
Razılıq hissi ilə qeyd etməliyik ki, Azərbaycanın güclü energetik potensialı var və bu iqtisadi müstəqilliyimiz üçün çox vacib amillərdən hesab edilir. Biz bundan sonra da ölkədə enerji istehsalını artırmalıyıq ki, bu sahədə də xaricdən asılılığımız olmasın. Ölkədə aparılan uğurlu siyasət bundan sonrada bu strateji məsələnin həllini təmin edəcəkdir.
- Hörmətli Ziyad müəllim, müsahibəyə vaxt ayırdığınız üçün çox sağ olun!
- Maraqlı suallar idi. Suallara görə təşəkkür edirəm!
Müsahibəni apardı: Asiman Zeynal,
Azəbaycan Dövlət İqtisad
Universitetinin 4-cü kurs tələbəsi