MƏQALƏLƏR

Azərbaycan-Türkiyə strateji əməkdaşlığı

  • 14.01.2021

Azərbaycan-Türkiyə strateji əməkdaşlığı: "Sənaye-4.0" inqilabının reallıqları

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mövcud olan isti münasibətlərin davamı olaraq, “Sənaye 4.0” sahəsində əməkdaşlıq hər iki dövlət arasında qarşılıqlı ticarətdə logistika, gömrük və texniki tənzimləmə, qarşılıqlı investisiya imkanları, istehsal və biznes əlaqələrinin tələb olunan standartlara uyğunlaşdırılması kimi məsələlərdə prioritet olaraq qiymətləndirilir.
Qarşılıqlı iqtisadi və xüsusilə də biznes əlaqələrinin sürətləndirilməsi baxımdan birgə model müəssisələr olaraq kiçik müəssisələrin qurulması, innovativ yüksək texnologiyalar əsasında hazırlanan məhsul istehsalının həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər. Bu prosesdə “Sənaye 4.0” səhəsində müvafiq tələblərə uyğun müəssisələrdə müasir biznes modelinin qurulması, məhsul keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və innovativ fəaliyyətlərin artırılması kimi üstün nəticələr əldə edilə bilər.
Nəzərə almaq lazımdır ki, Türkiyə Respublikasının bu istiqamətdə müvafiq təcrübəsi vardır. Türkiyə Respublikası geosiyasi vəziyyəti düzgün qiymətləndirərək, 1970-ci illərdən başlayaraq ASELSAN, TÜBİTAK, HAVELSAN, TURKİSH AEROSPACE, GİRSAN, ROKETSAN, FNSS və məşhur Bayraktar dronlarının istehsalçısı olan BAYKAR kimi hərbi sahədə fəaliyyət göstərən şirkətlərə yüksək texnologiyaların inkişafı üçün dövlət səviyyəsində xüsusi yer ayırmışdır.
Bu istiqaməti nəzərə alaraq ölkəmizdə Hərbi-Sənaye Kompleksinin yenilənməsi, müdafiə sənayesi sahəsində birgə istehsal güclərinin yaradılması, özəl sektorun bu sahədə təşviqi və bu istiqamətdə startapların stimullaşdırılması bir istiqamət kimi nəzərə alına bilər. Azərbaycanın bu sahədə özəl sektorun inkişafı üçün Türkiyə təcrübəsindən faydalanmasının dövlətmizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə, eyni zamanda, qarşılıqlı əməkdaşlığa böyük təsiri ola bilər. Nəticə etibarilə bu sahədə istehsalın xarici ölkələrdən asılılığını azaltmaq və ya tam aradan qaldırmaq məqsədi ilə yuxarıda qeyd edilən şirkətlərlə iş birliyinin həyata keçirilməsi sənaye məhsuldarlığını artıra bilər.
Süni intellekt və müxtəlif sahələrdə robot texnologiyasının artması, “3D Printing”, dronlardan istifadə, bərpa olunan enerjidən istifadənin, elektrikli maşınların artması, sürücüsüz nəqliyyat vasitələrinin istehsal zərurəti bu istiqamətlərdə fəaliyyəti vacib edir.
Təhlillər göstərir ki, müxtəlif sahələrdə robot texnologiyalarının tətbiqi, aşağı və orta səviyyəli işçi qüvvələrinin öz iş yerlərini itirmə riskini artırsa da, digər tərəfdən biznesin ən fərqli sahələrində yeni imkanların yaranmasını ehtiva edir. Belə bir halda, yuxarıda qeyd edilən sahələrin inkişafına dövlət dəstəyi və investisiyaların yönəldilməsi lazımdır.
Robot və kompüterlərin qarşılıqlı əlaqədə olduqları tapşırıqları yerinə yetirən məlumat banklarının qurulması ilə yanaşı, İT şirkətlərinin və startapların inkişafını dəstəkləmək, təhsil sistemini “Sənaye 4.0" modelinə uyğunlaşdırmaq, həmçinin telekommunikasiya sisteminin, stabil texnoloji bazanın gücləndirilməsi, daim yenilənməsi və bu istiqamətdə peşəkarlar nəslinin yetişdirilməsinin qeyd edilən sahədə effektivliyi artıracağını düşünürük.
Tez bir zamanda “Sənaye 4.0” sferasına uyğunlaşdırılmış operativ “Yenidən ixtisaslaşma proqramları”nın yaradılması, tədris və təlim mərkəzləri vasitəsilə risk altına düşən təbəqələrin bu proqramlara cəlb edilməsi vacibdir. Bu mənada müxtəlif ixtisasların rəqəmsallaşması nəticəsində yaranan rəqəmsal marketoloq, dron pilotu, 3D printer texniki, virtual reallıq üzrə dizayner, rəqəmsal reabilitasiya məsləhətçisi, ağıllı evlərin texniki və s. kimi istiqamətlərdə kadrların hazırlanması baxımından birgə layihələrin icra edilməsi məqsədəuyğun olardı.
Sənaye müəssisələrinin rəqabət qabiliyyətinin yüksəldilməsi və satış bazarlarının, o cümlədən beynəlxalq satış bazarlarının təmin edilməsi, investisiyaların, beynəlxalq ticarətin təşviqi, insan resurslarının inkişafı, infrastrukturun qurulması, xüsusi iqtisadi zonaların, birgə sənaye parklarının və klasterlərinin yaradılması, müasir texnologiyaların, bilik (menecment, İT, robotlaşma, mühəndislik, elektroenergetika, marketinq və satış sahələri) və təcrübənin transferi kimi spesifik dəstək tədbirlərindən də istifadə edilə bilər. Qlobal dəyər zəncirində iştirak nöqteyi-nəzərindən isə ağır sənaye və maşınqayırma sektorunda investisiyaların stimullaşdırılması vacibdir. Bunun üçün isə kapital və digər maliyyə stimullarının verilməsi, sənaye şirkətlərinin nizamnamə kapitalına vençur investisiyalarının cəlb edilməsi, yerli müəssisələrin rəqabətli qiymətlərlə əsas materiallarla təmin edilməsi və müxtəlif vergi güzəştlərinin tətbiq edilməsi zəruridir. Aparılan təhlillər göstərir ki, nəqliyyat maşınqayırması və digər ağır sənaye məhsullarına regionda böyük tələbat vardır. Bu tələbatı nəzərə alaraq nəqliyyat maşınqayırması və ağır sənaye məhsullarının birgə istehsalı həyata keçirilə bilər. Bunun üçün ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, biznes proseslərini tənzimləyən prosedurların sadələşdirilməsi, xarici investisiyalar üçün əngəl yaradan inzibati maneələrin aradan qaldırılması və təminat sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi istiqamətində tədbirlərin davam etdirilməsi məqsədəuyğundur.
Texnoloji avadanlıq və istehsal proseslərinin yenilənməsi, əmək məhsuldarlığının artırılması, həmçinin ümumi satışda innovativ məhsulların payının beynəlxalq göstəricilər səviyyəsinə qaldırılması nəticə etibarilə investisiya qoyuluşundan bilavasitə asılıdır. Bu mənada beynəlxalq təcrübədə tətbiq olunan, yeni maliyyələşmə mexanizmlərinin, o cümlədən startapların, vençur fondların, “mələk investorlar”ın (“angel investor”), etimad fondlarının (“trust fund”) innovasiya yönümlü maşınqayırmada tətbiqi və özəl sektorun, müxtəlif investorların birgə maliyyələşdirmə imkanlarından istifadə edilməsi məqsədəuyğun ola bilər. İki dövlət arasında özəl kapital fondları (private equity fund) yaradıla bilər.
Eyni zamanda, keyfiyyət və müştəri məmnunluğu kimi meyarları nəzərdə tutan birgə sənaye brendlərinin hazırlanması və bu brendlərin xarici ölkələrdə tanıdılması üçün tədbirlərin görülməsini vacib hesab edirik.
Hər iki ölkənin malik olduğu imkanlardan tam yararlanaraq, innovativ həllər vasitəsilə regionda Rəqəmsal Trasformasiya Mərkəzinin (RTM) yaradılması imkanı böyükdür.
Yeyinti, yüngül, xüsusilə tekstil və məişət texnikası, o cümlədən televizor istehsalı sahələrində kiçik və orta biznesin inkişaf etdirilməsi məqsədilə birgə müəssisələrin yaradılması da əməkdaşlıq istiqamətlərindən ola bilər.
Nəticə etibarilə, Türkiyə Respublikası ilə əməkdaşlığın gücləndirilməsi və eləcə də “Sənaye 4.0” sahəsində əməkdaşlığa dair vahid konsepsiyanın (proqramın) hazırlanması baxımından beynəlxalq standart və prosedurların sənayedə daha geniş tətbiqini, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsini və yerli müəssisələrdə innovativ fəaliyyətin dəstəklənməsini vacib hesab edirik.


Asif Həsənov, i.f.d.