MƏQALƏLƏR

Zülfü İLYASOV: Azəraycanın multukultiralizm modeli bütün dünyaya örnəkdir

  • 20.01.2021

İnsan hüquq və azadlıqlarının qorunması, demokratik təsisatların yüksək şəkildə bərqərar olması çağdaş dünyanın yaratmaq istədiyi ən ali dəyərlərdir. Bu dəyərlər sistemi yer üzündə yaşayan hər bir millətin, xalqın, etnik qrupun, ictimai hüquq və azadlıqların beynəlxalq təşkilatlar və qurumlar tərəfindən təsbit olunan norma və prinsiplər əsasında qorunmasını özündə ehtiva edir BMT, ATƏT və digər ali təsisatlar bu nəcib missiyanı yerinə yetirmək üçün yaradılıb. Həmin qurumların nizamnaməsində dövlətlərin ərazi bütövlüyü, millətlərin öz müqəddaratını təyin etməsi konkret maddələrlə təsbit olunmuşdur. Lakin təəssüf ki, həmin milli, dini, irqi norma və prinsiplər kobud şəkildə pozulur. Əgər belə olmasaydı, Azərbaycanın əzəli yurd yerləri 30 il işğal altında saxlanılmazdı. Ermənistanın silahlı qüvvələrinin işğalı aradan qaldırmaq və qeyd-şərtsiz torpaqlarımızı azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə kağız üzərində qalmazdı. Bu haqsızlığa və ədalətsizliyə dözməyən Azərbaycan xalqı 27 ildən sonra Vətən savaşına qalxdı və cəmi 44 gün ərzində terrorçuları müqəddəs torpaqlarımızdan çıxarmağı bacardı. Gəncəni, Bərdəni və digər şəhərlərimizi raket atəşinə tutan, işğal altında olan şəhər və kəndlərimizi tar-mar, dini və maddi mədəniyyət abidələrimizi darmadağın edən, ekoloji fəlakət törədən işğalçı dövlətin ünvanına bir söz deyən tapılmadı. Hətta Fransa, Hollandiya kimi ölkələr Dağlıq Qarabağın statusu ilə bağlı sərsəm, əxlaqa, hüquqa sığmayan bəyanatlar səsləndirirlər. Görün, hansı dövlətin təəssübünü çəkirlər – monoetik, terrorist bir dövlətin. Bundan fərqli olaraq, Azərbaycan tolerantlıq, sülh, barış, əməkdaşlıq kimi yüksək dəyərlərin canlı tablosudur. Türk toplumuna qarşı kin-küdurət və nifrət məkri ilə yaşayan ermənilərin zaman-zaman türklərə və azərbaycanlılara qarşı terror, soyqırımı aktları törətməsinə baxmayaraq, dünya birliyi tərəfindən bir dəfə də olsa qınağa, tənbehə tuş gəlməmiş, əksinə hər yerdə himayə olunmuşlar. Belə olan halda hansı beynəlxalq hüquqdan danışmaq olar?

Əsrlər boyu digər xalqlar, etnik qruplarla dostluq və mehribanlıq şəraitində yaşayan bu tendensiya dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmiş, ölkəmizə təşrif buyuran qonaqlar burada formalaşan milli-mədəni rəngarəngliyi böyük maraq və heyranlıqla qarşılamışlar. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi buna əyani sübutdur. Dünyada milli-dini münaqişələrin tüğyan etdiyi bir zamanda ölkəmizdə yaradılan bənzərsiz tolerantlıq mühiti beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanmışdır. Azərbaycanda əsrlər boyu mövcud olan tolerantlıq mühitinin yaxşılaşdırılması ulu öndər Heydər Əliyevin bütün vaxtlarda böyük diqqət və qayğısı altında olmuşdur. O, Azərbaycanda yaşayan başqa xalqların tarixi, mədəniyyəti, dili ilə bağlı mükəmməl qanun və sərəncamlar imzalamış, hər bir toplumun həyat fəaliyyəti və rifah halına yönəlik layihələrin həyata keçirilməsinə nail olmuşdur. Ulu öndər bölgələrdə elə tarazlı siyasət aparırdı ki, milli azlıqlar yaşayan bölgələrdə digərləri ilə heç bir fərq nəzərə çarpmırdı.

O, bu xüsusda danışarkən demişdir: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bununla yanaşı, respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqlarda yaşayan, öz taleyini, öz həyatını bu torpaqlarla bağlayan müxtəlif millətlər, müxtəlif dinlərə etiqat edən insanlardır. Ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Azərbaycan çoxmillətli, çoxkonfenssiyalı ölkədir. Onun ərazisində yaşayan bütün millət və xalqların – ləzgi, avar, kürd, talış, saxur, kumik - bütünlükdə bunların hamısı Azərbaycan vətəndaşlarıdır. Əsrlər boyu xeyirdə də, şərdə də, şad gündə də, dar gündə də bir yerdə olan bu xalqlar Vətən uğrunda vuruşmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. 

Azərbaycan dünyada multikultural, millətlər və dinlərarası dialoqun qorunduğu nadir ölkələrdən biridir. Bunun dünya birliyi bunu aydın şəkildə görür, duyur, hiss edir. Lakin söhbət erməni terrorundan getdikdə, həqiqətin yeri dara düşür, erməni xisləti çox iyrənc yollarla təhrif olunur. Ən dəhşətlisi də budur ki, onları müdafiə edənlər demokratiyanın beşiyi sayılan dövlətlərdir. 

Azərbaycan tarixi İpək yolu üzərində müxtəlif sivilizasiyaların qorunduğu, millətlərin, etnik qrupların qarşılıqlı anlaşma, dostluq və mehribanlıq şəraitində yaşadığı bir məkandır. Bakı şəhəri bu gün dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Həm də bu dəyərlər hansısa ideoloji konyunkturun təsiri nəticəsində süni şəkildə yaradılmayıb. Bu münasibətlər minilliklər boyu formalaşıb, bugünkü səviyyəyə gəlib çıxmışdır. İnsanlar əsrlər boyu bir yerdə ziddiyyət və konflikt şəraitində yaşaya bilərdilərmi? Yəqin ki, yox. Məhz bu səbəbdən də Azərbaycanda yaşayan hər bir etnik qrupun qarşılıqlı hörmət və ehtiram şəraitində yaşaması uzun tarixi təkamül prosesindən keçərək, insanların genetik koduna hopmuşdur. 

Multikultural dəyərlər sisteminin Azərbaycan modeli dünyaya fərqli çalarlarla tədqim olunmağa başladı. Bu təqdimat onu göstərdi ki, Azərbaycanda bu model təqlid xarakteri daşımır. Gizli deyildir ki, bu gün Avropada nələr baş verir. Milli, dini, irqi ayrıseçkilik, islamafobiya Fransa, Almaniya, Hollandiya, Norveç və digər ölkələrdə dövlət siyasətinin ayrılmaz elementinə çevrilib. Əhali və ərazi cəhətdən çox da böyük olmayan Azərbaycan Respublikasında heç bir xüsusi təbliğ və təşfiq olmadan minilliklər boyu müxtəlif millətlər və konfenssiyalar çiyin-çiyinə, qardaş kimi yaşamışlar. 

Bilirsinizmi bu haradan qaynaqlanır?

Uşaq gözünü açanda ətrafda dostluq görür. Ermənilərdə isə ailədən başlamış məktəbəcən, məclis və mərasimlərəcən – hər yerdə türkə qarşı nifrət hissi aşılanır. 

Azərbaycan uzun illərdir ki, multikulturalizm və tolerantlıq üzrə ardıcıl tədbirlər həyata keçirir. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar: 

- Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti konfransı;

- Məşhur fotoqraf Reza Dekatinin “Azərbaycan tolerantlıq ölkəsi” sərgisinin nümayişi;

- “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmillətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan – tolerantlıq məkanı” layihələri.

- Ölkəmizdə məscid, kilsə və sinaqovların təmiri və yenidən qurulması;

- Roma katakombasının birjası, Vatikan kitabxanasındakı nadir əlyazmaların bərpası, Roma Katolik Muzeyinin Filosoflar zalının təmiri;

- “Parisin ürəyində Azərbaycan” tədbiri. 

Bütün bu tədbir və layihələrin icrası əyani olaraq sübut edir ki, Azərbaycan müsəlman Şərqində ilk Xalq Cümhuriyyətinin varisi kimi tolerantlıq və multikultural dəyərləri yüksək şəkildə yaşatmış və inkişaf etdirmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva 2016-cı il sentyabr ayının 25-də İtalyanın paytaxtı Roma şəhərində Custinani sarayında keçirilən konfransda “Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tolerantlıq münasibətləri barədə” çıxışında xalqımızın multikultural və tolerantlıq ənənələrini bir daha dünyaya bəyan etdi və bu unikal xüsusiyyətlərin xalqımızın və dövlətimizin ən böyük şərəfi və qürur mənbəyi olduğunun dilə gətirdi. Azərbaycanda bu model elə mükəmməl ölçü-biçimdə formalaşıb ki, hətta bizi istəməyənlərin ciddi cəhdlərinə rəğmən, bu birliyi sarsıtmaq heç kəsə müyəssər olmayıb və olmayacaqdır. 

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (5 may 2014-cü il) Azərbaycanın multikulturalizm modelini bütün dünyaya təqdim etməklə yanaşı, bu sahədə toplanan təcrübənin dünya ölkələrində yayılmasında müstəsna rol oynadı. Bu xüsusda danışarkən cənab Prezident İlham Əliyev demişdir: “Biz göstərdik ki, bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, yaşayacaqlar. Azərbaycan dövləti onların maraqlarını, milli duyğularını, ləyaqətini qoruyur. Onlar bizim qardaşlarımızdır. Bizim gücümüz, birliyimizdir. Azərbaycan çoxmillətli, çoxkonfensiyalı ölkədir. Bu, bizim sərvətimizdir! Dövlət başçısının dilindən 17 ildir ki, dünyaya ədalət, barış və əməkdaşlıq çağırışları səslənir. Ökəmizin paytaxtı Bakı şəhəri beynəlxalq humanitar forumların ev sahibinə çevrilib. “Azərbaycan multikultralizmi” monumental dərsliyi bir sıra xarici ölkə universitetlərində təhsil proqramlarına daxil edilib. Ermənilər isə saxta tarix yazmaqla məşğuldurlar. Dünya birliyi “sevə-sevə” bu saxta tarixi oxuyaraq təcavüzə, terrora, milli-etik təmizləmə siyasətinə dəstək nümayiş etdirirlər. Həmin dövlətlər əslində bu əməlləri ilə ermənilərə pislik edir, onları fəlakətə və bədbəxtliyə sürükləyirlər. Necə ki, cəmi 44 gün ərzində bütün dünyanın gözü qarşısında şanlı Azərbaycan ordusu bunu etməyi bacardı”.

Zülfü İLYASOV, müxbir

"İqtisadiyyat"