Regionlar: turizm ilə yeni inkişaf dövrü
Regionlar: turizm ilə yeni inkişaf dövrü
Kənd təsərrüfatı sahəsindən sonra Azərbaycan regionları üçün ən böyük inkişaf və gəlir qaynağının turizmin olacağı düşünülür. Buna görə də “Regionların sosial –iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda turizmin inkişafına geniş yer ayrılmışdır. Həmçinin “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” qəbul olunmuşdur. Proqramlar üzrə nəzərdə tutulmuş işlər həyata keçirildikcə regionların da siması dəyişir. Turizmin inkişaf etməsinin regionlarda nə qədər böyük dəyişikliyə səbəb olduğu Naftalanda yeni istifadəyə verilmiş Chinar Hotel & Spa Naftalan kompleksinin timsalında aydın görünür. Çarəsiz dərdlərin şəfası olan naftalan məlhəmi ilə müalicəni təklif edən kompleks ən müasir sağlamlıq və istirahət mərkəzidir.
Naftalan əfsanəsi
Rəvayətə görə Qərbdən Şərqə gedən ağır dəvə karvanı qədim Azərbaycan torpaqlarından keçirdi. Karvanın içərisində xəstə bir dəvə var idi. Karvan sahibi bu dəvəni sağaltmaq üçün nə etdisə kar etmədi. Dəvə get-gedə zəifləyir və karvanı yolda ləngidirdi. İçərisində yağla dolu göllər olan ərazidən keçəndə karvan sahibi dəvəni açıb buraxdı və dedi: “Bu heyvanın belə əziyyət çəkməkdənsə, elə bu göllərin birində boğulub ölməsi yaxşıdır”.
Karvandan açılan dəvə sahibinin sözlərini başa düşürmüş kimi özünü yaxındakı göllərin birinə saldı. Karvan isə ağır-ağır uzaqlaşırdı. Aradan xeyli vaxt keçdi... Dəvə karvanı geri qayıdırdı. Həmin göllər olan ərazidən keçəndə bir dəvə ilə rastlaşdılar. Karvan sahibi bu yerlərdə qoyub getdiyi xəstə, arıq dəvəni xatırladı. Amma bu dəvə sap-sağlam idi, dərisindən yağ damırdı. Dəvəni izləməyə qərara aldılar, gördülər ki, dəvə gündə bir neçə dəfə o yağlı göllərə girib çıxır və günün qabağında uzanır. Karvandakı tacirlər də göllərə yaxınlaşıb göldəki yağdan götürərək əl-ayaqlarındakı yaralara çəkdilər. Yaraların tezliklə sağaldığını görən tacirlər həmin yağdan qablara doldurub öz vətənlərinə daşımağa başladılar. Neftə bənzəyən bu yağa və göllər yerləşən bu əraziyə də “Naftalan” yəni “neft olan sahə, yer” adını verdilər.
Tarix
Müalicəvi naftalan məlhəmi haqqında ilk yazılı məlumatlar XII əsrə təsadüf edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) ''Xəmsə'' poemasında Səfikürd kəndindən karvanlarla Naftalan neftinin daşınmasınından söz açırdı. O, poemada qayğıkeş qadının ovda yaralanan ərinin yaralarını “dağ yağı” ilə müalicə etməsindən bəhs edirdi.
XIII əsrdə Azərbaycanda olmuş məşhur səyyah Marko Polo da özünün ''Böyük Tatarıstan haqqında'' traktatında Naftalan neftini xatırlayır.
1896-cı ildə həkim F.Q.Rozenbaum Qafqaz Səhiyyə Cəmiyyətinin iclasında öz şəxsi təcrübəsi əsasında ''Qafqazda çıxarılan Naftalanın təsiri haqqında'' qısa məlumatla çıxış etmişdi.
Naftalan neftinin sənaye üsulu ilə kəşfiyyatı, hasilatı və emalı tarixi XIX əsrə aid edilir.1868-ci ildə Qafqaz Diyarının Dağlıq Hissəsinin İdarəçiliyi tərəfindən alman milliyətinə mənsub 8 nəfərə Naftalan yatağının yerləşdiyi ərazidə 80 desyatin torpaq sahəsi ayrılır. Həmin almanlar arasında xüsusi fəallığı ilə seçilən dağ mühəndisi Y.İ.Eger hasil etdiyi neftin tərkibində benzin fraksiyalarının olmadığını (bu neft yanmırdı) görərək, əvvəlcə məyus olsa da, sonradan naftalanın müalicəvi xüsusiyyətlərindən xəbər tutur və maz istehsalı üçün Naftalanda kiçik bir zavod qurmuşdur. Həmin zavodda “Naftalan” və “Kojelon” adlı preparatlar hazırlanırdı. “Kojelan” yağı insan dərisini, dəridən düzəldilmiş əşyaları yumşaq saxlayır, habelə metal predmetləri paslanmaqdan qoruyurdu. Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə satılırdı. 1911-1912-ci illərdə başqa bir alman sahibkarı Kvel ''German-Naftalan'' adlı səhmdar cəmiyyəti yaratmış və Naftalan neftindən bir neçə preparat hazırlamağa başlamışdır. Həmin illərdə Almaniyada Naftalanla bağla iki səhmdar cəmiyyəti “Maqdenburq-Naftalan”, Drezden-Naftalan fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdılar. Naftalan neftinin reklamı ilə əlaqədar məşhur alman dermotoloqu P.P. Unna 1903-cü ildə demişdir: “Kim Naftalana malikdirsə, onun hər şeyi var”.
Eləcə də tarixi faktlardan məlumdur ki, 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsr düşən yapon əsgərlərinin təcili yardım çantalarında Naftalan mazı ilə dolu bankalar tapılmışdır. İkinci Dünya müharibəsi dövründə isə Azərbaycanın və Bakının evakuasiya hospitallarında Ş.M. Həsənovun təklif etdiyi ''Naftomastika'' preparatı güllə yaraları, travmatik artritlər, yanıqlar, donmalar zamanı istifadə edilmişdir.
XX əsrin 40-cı illərində Azərbaycan neft-kimya elminin banisi Yusif Məmmədəliyev Naftalanın digər tədqiqatçılarından fərqli olaraq, onun müalicəvi xüsusiyyətlərinə dair başqa bir hipoteza irəli sürmüşdür. O, naftalan neftini ardıcıl olaraq asfaltenlərdən, qətrandan, aromatik karbohidrogenlərdən təmizləyərək, müəyyən etdi ki, hər belə əməliyyatdan sonra onun müalicəvi xüsusiyyəti yüksəlir.
1896-cı ildən indiyədək bu mövzuda 1600-dən artıq elmi əsər və monoqrafiya dərc edilmiş, elmlər namizədi və doktoru adı almaq məqsədi ilə 270 dissertasiya müdafiə olunmuşdur.
Naftalan kurortu
Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərmişdir. Bu kurortun əsas inkişafı isə 1970-1990-cı illərə təsadüf edir. Kurort şəhərində 2420 yerlik 5 sanatoriya tikilmişdir. Həmin illərdə Naftalan kurortuna keçmiş SSRİ məkanından müalicəyə gələnlərin sayı 40 mindən 70 min nəfərə qədər artmışdır.
Naftalan neftinin dünyada analoqu yoxdur və o, unikal müalicəvi xüsusiyyətə malikdir. Naftalan neftinin hərəkət dayaq nevroloji, damar, uroloji, ginekoloji və dəri xəstəliklərinin müalicəsində böyük əhəmiyyəti vardır.
“Çinar” sanatoriyası yenidən qurulub
Sovetlər birliyi zamanı Naftalanda tikilib istifadəyə verilmiş sanatoriyalardan biri də “Çinar” sanatoriyası olmuşdur. Vaxtilə 560 yerlik olan bu sanatoriya məlum səbəbləri ücbatından fəaliyyətini tamamilə dayandırmışdı. 2007-ci ildə Prezident İlham Əliyevin Naftalana səfəri zamanı “Çinar” sanatoriyasının vəziyyəti haqqında ona məlumat verilir. “Çinar”ın ürəkaçmayan durumundan məyus olan Prezident onun bərpa edilərək fəaliyyətinin təmin edilməsi barədə tapşırıqlarını verir. Qısa müddət ərzində bu istiqamətdə müvafiq işlər aparılır və “Çinar” sanatoriyasının yenidən qurulması10 fevral 2011-ci il tarixində Prezident İlham Əliyev yenidən Naftalan şəhərinə səfəri zamanı dünya standartlarına cavab verən Chinar Hotel & Spa Naftalan kompleksinin açılış mərasimində iştirak edir.
İnfotur
Chinar Hotel & Spa Naftalan kompleksinin açılışından sonra onun imkanlarının tanıdılması istiqamətində bir sıra tədbirlər görülməyə başlanmışdır. Belə tədbirlərdən biri 05-06 mart tarixlərində 30-dan artıq turizm agentliyinin və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə kompleksə infotur təşkil olunmasidir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “AtaTurizm” MMC-nin dəstəyi ilə baş tutmuş infotur zamanı dəvət olunanlara Chinar Hotel & Spa Naftalan kompleksi və Naftalan müalicəsi haqqında məlumat verilmişdir. Kompleksin baş həkimi Çingiz Hacıyev infotur iştirakçılarını hörmətlə qarşılayaraq bildirdi ki, hazırda müasir tələblər səviyyəsində fəaliyyət göstərən kompleks 1984-cü ildə “Çinar” sanatoriyası adı ilə fəaliyyətə başlamışdır. 2007-ci ildə sanatoriyada təmir işlərinə başlanılmış, əvvəllər 560 nəfərin qala bildiyi otaqlar birləşdirilərək 350 yerlik edilmişdir. Hazırda kompleks tibb və hotel bölməsindən ibarətdir. Tibb bölməsində poliklinika, diaqnostika, fizioterapiya və SPA mərkəzləri fəaliyyət göstərir. Poliklinikada terapiya, nevrologiya, kardiologiya, dermatologiya,dietologiya, ginekologiya, urologiya, qulaq-burun-boğaz, stomatologiya otağı var. Naftalan müalicəsi üçün kompleksə müraciət edənlər əvvəlcə poliklinikada müayinədən keçirilir, xəstənin Naftalan müalicəsi zamanı əks göstərişlərin baş verib verməyəcəyi müəyyənləşdirilir. Əgər Naftalan müalicəsinə əngəllər yaradan xəstəliklər aşkar olunarsa, bu halda xəstə müalicə olunur.
Kompleksin diaqnostika mərkəzi texniki imkanlarına görə paytaxtdakı tibb müəssisələrindən geri qalmır. Burada ən müasir avadanlıqlarla təchiz edilmiş rəqəmli rentgenoqrafiya, flüoroskopiya, ultrasəs müayinəsi, exo doppler, tibbi laboratoriya otaqları var.
Chinar Hotel & Spa Naftalan kompleksinin tibb bölməsinin fizioterapiya mərkəzində Naftalan terapiya, elektro terapiya, lazer terapiya, ultrasəs terapiya, maqnito terapiya, şok dalğa terapiya, hidro terapiya, tibbi masaj, traksiya, müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür. Naftalan terapiya şöbəsində 24 ədəd Naftalan vannaları mövcuddur.
Mərkəzləşdirilmiş sistem vasitəsilə 36-38 dərəcə temperaturda Naftalan nefti vannalara doldurulur. Xəstə vanna otaqlarına həkimin nəzarəti altında daxil olur. Naftalan vannası qəbulu zamanı xəstə özündə əks-göstərişlər hiss edərsə, çağırış düyməsini basmaqla həkimə məlumat verə bilər. Müalicə zamanı heç bir əskiklik olmadığı halda xəstə, 10 dəqiqə vannada qaldıqdan sonra çıxıb təmizlənir.
Naftalan nefti ilə normal müalicə kursu 21 gündür. Bu müddət ərzində 12-14 dəfə vanna qəbul etmək tələb olunur. Naftalan nefti hərəkət-dayaq sistemi, sinir sistemi, qulaq-burun-boğaz, uroloji, ginekoloji, periferik damar xəstəlikləri üzrə 70-dən çox xəstəliyi müalicə etməyə imkan yaradır.
Chinar Hotel & Spa Naftalan kompleksinin baş həkimi Çingiz Hacıyev kompleksin hotel bölməsi haqqında da infotur iştirakçılarına geniş məlumat verdi. O, bildirdi ki, hoteldə 1 Royal suite, 6 Deluxe rooms, 4 Suites, 100 Superior rooms, 59 Standard rooms olmaqla 170 yaşayış otağı var. Otaqlarda 81 ekran LCD TV, mini bar, seyf, WIFI internet, telefon və s. mövcuddur. Kompleksdə İsveç masası sistemi ilə çalışan “Sapfir” restoranı, “Lobby” kafe-bar, “Vitamin” bar və “Paradis” bar fəaliyyət göstərir. Həmçinin toplantıların keçirilməsi üçün “Sədəf” və “Berif” iclas zalları qonaqların ixtiyarına verilir.
Kompleksin daxilində internet klub, gözəllik salonu, mini market, hədiyyələr mağazası, uşaq bağçası, stolüstü oyunlar otağı,bərbərxana, hovuz, türk hamamı, sauna fəaliyyət göstərir. Ölkəmizin ən iri banklarından olan “AtaBank” ASC-nin Naftalan filialı kompleksdə yerləşir. Həmçinin burada “AtaTurizm” şirkətinin ofisi açılmışdır ki, bu da gediş-gəlişin asanlaşdırılması və ətraf rayonlara turların təşkil edilməsi məqsədini daşıyır.
Chinar Hotel & Spa Naftalan kompleksi 20 hektar bir ərazidə yerləşir. Kompleksin həyətyanı sahəsi yaşıllıq içərisindədir. Ərazidə qonaqların dincəlmələri və əylənmələri üçün gəzinti yolları, skamyalar, idman meydançası, uşaq oyun parkı mövcuddur. Heykəltaraş Azad Əliyevin müəllifi olduğu heykəllər isə kompleksin həyətinə başqa bir gözəllik bəxş edir. Heykəllər qədimdə Naftalan neftinin daşınmasını və onunla müalicəni özündə əks etdirir.
Kompleks qonaqları qarşılamaq üçün Mercedes, Volksvagen və Hyundai markalı avtobuslara malikdir. Həmçinin qonaqların həyətyanı gəzintidə istifadə etmələri üçün qolf avtomobilləri, velosipedlər, elektrik arabaları alınmışdır.
Chinar Hotel & Spa Naftalan iki avtomobil dayanacağına malikdir. Dayanacaqlardan biri 300 ədəd, digəri isə 30 ədəd avtomobil saxlamağa imkan verir. Kompleksin bütün ərazisinə kameralar vasitəsilə nəzarət olunur.
Chinar Hotel & Spa Naftalan kompleksində qış mövsümü ilə əlaqədar olaraq hazırda 120 nəfər çalışır. Yay mövsümündə isə kompleksdə 180 nəfər işlə təmin olunacaqdır. Hoteldə Rusca, ingiliscə, almanca, ərəbcə, fransızca və Tay dilində danışa bilən işçilər çalışır.
Beynəlxalq turizm sərgilərində iştirak
İnfotur zamanı “Naftalan nefti Azərbaycanın milli sərvətidir” adlı seminar keçirildi. Seminarda kompleksin tibb və hotel bölümü haqqında geniş məlumat verildi. Çıxışlardan sonra turizm agentlik-ərinin nümayəndələrinin sualları cavablan-ırıldı. Bildirildi ki, kompleksə xəstələrin asan transferi üçün imkanlar dəyərlən-irilir. Gəncə hava limanından xəstələrin qarşılanıb kompleksə gətirilməsində problem yoxdur, sadəcə Gəncəyə beynəlxalq reyslərin artırılmasına ehtiyac var. Bakıdan isə xəstələrin gətirilməsi vaxt itkisinə və əlavə xərclərə səbəb olur. Bu kimi çətinlikləri aradan qaldırmaq üçün Naftalandakı hava limanının fəaliyyətinin bərpa olunması və birbaşa reyslərin açılması nəzərdən keçirilir. Həmçinin Chinar Hotel & Spa Naftalan kompleksi dünyanın ayrı-ayrı ölkələrində keçiriləcək turizm sərgilərində iştirak etməyi planlaşdırır.
Dünyada kurort şəhəri kimi tanınan Naftalanda Chinar Hotel & Spa Naftalan kompleksi kimi müasir xidmət müəssisəsinin yaranması Azərbaycanın müalicə turizmi sahəsində inkişafı üçün yeni imkanlar açır. Bu həm də dolayı sı ilə xidmətlərin ixracı deməkdir və beləliklə, xaricdən böyük həcmdə turistlər cəlb etməklə böyük iqtisadi faydalar əldə etmək olar.
Seymur Yunusov