MƏQALƏLƏR

MENECMENTİN TƏTBİQ SAHƏLƏRİ

  • 11.03.2011
 

MENECMENTİN TƏTBİQ SAHƏLƏRİ

 Menecment anlayışı. Geniş mənada menecment yaratmaq, idarə etmək, nəzarət etmək, müxtəlif sosial-iqtisadi sistemlər və modellərin maksimum effektiv ifadəsini göstərir. Sosial-iqtisadi sistemlər üzərində idarəetmə, o cümlədən istehsalat sahəsində də idarəetmə menecment adlanır. Menecment ingiliscə-management, fransızca menagement sözündən götürülərək idarəetmə bacarığı, peşəkarlıq fəaliyyəti, latınca-manu agere-əlnən göstərmək, orta əsrlərdə Rusiyada isə rəhbərlik etmək mənasını verirdi. Menecmentin əsas funksiyaları: planlaşdırma, təşkiletmə, qərar qəbuletmə, nəzarətetmə və s. Əgər müəssisə düzgün təşkil olunarsa onun idarə olunması da əlverişli olur. Bu da funksiyalar arasında qarşılıqlı əlaqənin yaxşı təşkil olunmasından xəbər verir. Menecer anlayışı müxtəlif istehsalat  səviyyələrində rəhbərlik etmək mənasını verir.

Hazırda Rusiyada çox vaxt hörmət əlaməti olaraq adi işçilərə menecer deyirlər. Amma bunun idarəetmə funksiyası ilə heç bir əlaqəsi yoxdur. Bir çox mağaza və avtosalonlarda adi satıcıları menecer deyə çağırırlar. Həm də ofis-menecer vəzifəsi də vardır  ki, bunların da idarəetmə funksiyası ilə heç bir əlaqəsi yoxdur.

Menecmentə tələbat. Müasir menecment təşkilat tərəfindən müəyyən məqsədə nail olmaq üçün spesifik vasitə funksiya  alətdir. Bu yüksək vəzifənin yerinə yetirilməsi menecment sahəsində cavabdehliyin genişləndirilməsini tələb edir. Bunlar təşkilatın fəaliyyətinə və nəticəsinə təsir edən faktorlardır. Bu faktorlar daxili və xarici ola bilər (nəzarət olunan və olunmayan). Bu vəziyyət strateji yanaşma tələb edir, həm şaquli xətt üzrə (bütün iyerarxik səviyyələrdə), həm də üfqi xətt üzrə (funksional sahələrin idarə edilməsində.

Müxtəlif təbii ehtiyatların, ekoloji problemlərin həllinin idarə edilməsi üsullarının məcmusunu “ekoloji menecment” öyrənir. İstifadə və istehsal prosesi sahəsinin ekoloji təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, resurs qənaətinə və ekoloji riskin azaldılmasına əsaslanmış ekoloji menecment metodları, şirkətlər üçün iqtisadi mənfəət sahəsində şansların, yeni ekoloji bazarların yiyələnməsinə, bunun əsasında rəqabət qabiliyyətinin yüksəlməsinə imkan verir. Ekoloji menecment təbiətin özündə bioloji müxtəlifliyi və təbii ehtiyatlar bolluğunu saxlamaqla idarəetmədir.

Ekoloji məqsədlərin, onların strategiya, proqram və quruluşuna uyğun detalların işlənib hazırlanması, həmçinin praktikada müəyyən nəticənin əldə edilməsinə nəzarət ekoloji menecmentin metodlarına daxildir.  Bu metodlar bütün idarəetmə səviyyələrinə, müxtəlif təşkilatlara kiçik və böyük müəssisələrə, onların şöbələrinə, regionlara, transmilliləşmiş korporasiyalara və s. aiddir. Eyni zamanda əsas ekoloji təsir, ekoloji məsuliyyət müəssisələrin üzərinə düşür. Bu şəraitdən birinci növbədə indiki və gələcək nəsillərin ekoloji rifahı asılıdır. Buna görə də dərsliklərdə mərkəzi yerlərdən birini korporativ ekoloji menecment tutur.

Ekoloji risk və təhlükənin müvəffəqiyyətlə idarə edilməsi müasir ekoloji problemlərin mahiyyəti haqqında dərin biliklərin olmasını, həm də onların əsas iqtisadi idarəetmə metodlarının mənimsənilməsini tələb edir. Bu sahəyə, yəni iqtisadi – ekologiyanın nəzəri təhlilinə dərsliklərdə də (ekoloji menecmentə) geniş yer verilir. Bu sahə inkişafının başlanğıcını XX əsrin 60-70-ci illərindən götürüb.

 Dərsliklərdə göstərilir ki, yeni olan ideya və yanaşmalar, «ekoloji hüququn iqtisadi təhlili» də hələ oxuculara az tanışdır. Burada mikroiqtisadiyyat vurğulanır, həm də geniş şəkildə mezoiqtisadiyyat (xüsusən, regional), makroiqtisadiyyat, beynəlxalq və qlobal aspektlər işıqlandırılır. Eyni zamanda bütövlükdə, tətbiqi məsələlərlə birlikdə, korporativ ekoloji menecmentdən bəhs edilir.

Dövlətçilik nəzəriyyəsi, konsepsiyalar. Dövlətçilik nəzəriyyəsinin mahiyyətini təyin etmək üçün şərti olaraq bunları atributiv-substasional və relyasion hissəyə bölmək olar.

 Atributiv-substasional konsepsiya dövlətçiliyi özlüyündə kifayət qədər sərbəst «predmet» və ya «əşya» kimi izah edir. Bu yanaşmaya görə dövlətçiliyin potensial-ideya, instrumental güc və struktur-funksional konsepsiyaları haqqında danışmaq olar. Potensial-ideya konsepsiyası dövlətçiliyi bacaran və ya siyasi subyekt imkanını həyata keçirən, yəni öz ideyasını həyata keçirən (məcbur edən) dövlətçilik konsepsiyasıdır (İ.Fixte, Q.Heqel, K.Marks, A.Şopenqaugr, M.Veber). İnstrumental güc konsepsiyalarında dövlət vəsaitin bölünməsi və realizasiyasını həyata keçirir (Ç.Merriam, D.Kgtlin, Q.Morqentfu).

 Müasir siyasi nəzəriyyədə ən geniş yer tutan dövlətçiliyin sistem və struktur-funksional  konsepsiyasıdır. (T.Pirsone,D.İston,M.Krozgevəs.) Sistem konsepsiyası çərçivəsində dövlətçiliyin üç  yanaşmasını qeyd etmək olar. Birinci-dövlətə xas olan makrososial sistemin bir atributu kimi (T.Parsons). İkinci yanaşma dövlətçiliyə ailə, təşkilat və s. səviyyəsində baxır (M.Krozge). Üçüncü yanaşma dövləti belə xarakterizə edir: individiumların xüsusi sosial sistem çərçivəsində qarşılıqlı təsiridir (M.Rodjers). Sistem yanaşma nümayəndələri içərisində bəzi nəzəriyyəçilər (K.Doyç, N.Lumal) deyirlər ki, dövlət sosial münasibətlərdə bir vasitədir, cəmiyyətin inteqrasiyasını təmin edir və qruppa münaqişələrini nizamlayır. Onlar cəmiyyətdə daim baş verən münaqişələrin həllində dövlətin təyinatını və cəmiyyətin çoxsaylı üzvlərinin maraqlarını müdafiə edir. Relyasion konsepsiya dövləti iki partnyor arasında əlaqə kimi xarakterizə edir.

 Dövlətçilik nəzəriyyəsinin dini izahına  görə dövlət əlaqələrinin üç əsas variantını qeyd etmək olar: «müqavimət nəzəriyyəsi», «ehtiyatların mübadiləsi» və «təsirin zonalara bölünməsi». Bir çox tədqiqatçılar dövlətin relyasiya konsepsiyasına bixeviorist (özünü idarəetmə) dövlət konsepsiyasını da aid edirlər. Relyasion konsepsiuanın müəllifləri kimi bixevioristlər dövlətin mövqeyindən çıxış edirlər. Adamlar arasında biri hökmranlıq edir, digəri əmri yerinə yetirir. Belə ki, bixeviorist hakimiyyət uğrunda mübarizə insan şüurunun və psixologiyasının dominant istiqaməti elan olunur, siyasi aktivlik formasını təyin edir. Dövlət bixeviorist konsepsiyasının tipik bir izahını təklif edir. Belə ki, Q.Lassuglin belə hesab edir ki, dövlətin yaranması üçün «siyasi enerji, iradə nümayiş etdirmək üçün individumlara xas olan birinci impuls verilmişdir. İnsanlar hakimiyyətə həyatı yaxşılaşdırma vasitəsi, var-dövlət əldə etmək, hörmət qazanmaq, sərbəstliyə, təhlükəsizliyə və s. nail olmaq kimi baxırlar. Eyni zamanda hakimiyyətə nail olmaq qarşıya məqsəd kimi qoyulur. Bixeviorislər üçün bazarda siyasi hakimiyyət əldə etmək xarakterikdir. Bazarda siyasi subyektlər aktiv iştirak etməklə hakimiyyətə təsir edirlər. Onlar çalışırlar ki, əldə edilmiş ehtiyatlardan səmərəli istifadə etsinlər (təbiətdən toplanan və real həcmdə olan dövlət ehtiyatları). Belə  ki, bu ehtiyatlar cəmiyyətə məxsusdur.

Dövlətin (dövlətçiliyin) relyasion konsepsiyalar sinfinə aşağıdakı kimi yanaşılır: quruluşuna görə yeni (və neostruktural) hakimiyyətin arxeoloji və geneoloji konsepsiyası (G.Fuko, P.Burdge, M.Fuko). Hökmranlıq sadəcə subyektlərin nisbəti kimi deyil, özlüyündə münasibətlərin modeli («əlaqələrin əlaqəsi»)  kimi izah edilir.

Klassik nəzəriyyələr. İran İslam Respublikasında bu nəzəriyyələr dərsliklərdə aşağıdakı kimi verilmişdir. Klassik nəzəriyyələr miladi tarixi ilə 1800-1920-ci illəri əhatə edir. Alman alimi Maks Veberin nəzəriyyəsi 5 hissədən ibarətdir:

1.      işlərin bölünməsi;

2.      səlahiyyətlərin verilməsi;

3.      işə qəbul edənlərin məntiqi seçimi, işbacaranın işə götürülməsi;

4.      bu sahədə qanunun tələblərinə əməl etmək;

5.      hər bir tələbi yazılı surətdə saxlamaq.

F. Teylorun isə nəzəriyyəsinin adı elmi idarəçilikdir. Teylor elmi idarəetmənin, rəhbərliyin «atası» adlanır. Teylorun nəzəriyyəsinin əsasını 4 hissə təşkil edir:

1. hər bir işdə öndə (qabaqcıl) olanları nəzərə almaq və yeni yol seçmək;

2. işçiləri elmi əsasda seçmək;

3. işçilərlə səmimi rəftar etmək;

4. işlərin (əməyin) bölüşdürülməsi.

Neoklassik nəzəriyyələr. Müdiriyyətçilikdə, rəhbərlikdə insani baxışlar. nəzəriyyənin yaradıcısı Elton Mayo hesab edilir.

Duqlas McGregor (1962) – nəzəriyyəsi X və Y adlanır. X – nəzəriyyəsinə görə bir qrup müdirlər belə fikirləşirlər ki, insanlar işləməyi sevmirlər, işdən qaçırlar, ona görə insanları tənbeh etmək, onlara yaxından nəzarət etmək lazımdır. İnsanların əsas marağı puldur, ehtiram deyil. X nəzəriyyəsi klassik nəzəriyyələrə uyğun gəlir. Y nəzəriyyəsi isə tam bunun əksidir, yəni Y nəzəriyyəsi deyir ki, insanlar işi istirahət kimi qarşılayırlar. Buna görə də işçiləri tənbeh etmək lazım deyil, onlara yaxından nəzarət etmək lazım deyil, əməkdaşlar bunsuz da işlərini görə bilərlər.     

«Z» nəzəriyyəsi Duqlas Mak Qreqorun «X» və «Y» nəzəriyyələrinin davamı və inkişafı olan konsepsiyadır. «Z» nəzəriyyəsinin müəllifi yapon mənşəli Uilyam Oizi belə bir ideya irəli sürmüşdür ki, X və Y nəzəriyyələri olduqca kontraslı olub, rəhbərlərin öz tabeçiliklərində olan işçiləri necə qəbul etmələri və bununla əlaqədar olaraq onları necə idarəetmə haqqında bir-birinə tamamilə zidd nöqteyi nəzərlərini əks etdirirlər. «X» nəzəriyyəsinə görə işçilər tənbəl və təşəbbüssüz olurlar ki, buna görə də onları işləməyə məcbur etmək lazımdır. Y nəzəriyyəsində isə hesab olunur ki, işçilər əməksevər və çalışan olurlar və buna görə də onları həvəsləndirmək və müəyyən məqsədə yönəltmək lazımdır. Lakin tabeçilikdə olanlar yalnız «yaxşı» və «pis» işçilərə bölünmür. Tabeçilikdə olanların davranışı və işə münasibətləri bir çox amillərdən, o cümlədən insanın şəxsi həyatının xüsusiyyətlərindən, təşkilatda müvafiq olan motivasiya sistemindən və idarəetmə mədəniyyətindən asılıdır. 

 «Z» nəzəriyyəsini işləyib hazırlayarkən U.Oizi və R.Conson birlikdə yapon idarəetmə metodunu araşdırmış və onun aşağıdakı xüsusiyyətlərini müəyyənləşdirmişlər:

1. Ömürlük işə qəbul – işə götürən işə qəbul zamanı konkret vəzifə tələblərinə cavab verən şəxsdən daha çox maraq və temperamentləri müəssisənin missiyasına uyğun işçiləri seçir. İşlçilər nadir hallarda işdən çıxarılır, bu da onlarda təhlükəsizlik hissini yaradır. Ömürlük işə qəbul prinsipi işçilərdə arxayınlıq hissəsinin yaranmasına səbəb olur. Əksinə, iş yerində fəallıq və yaxşı göstəricilər nümayiş etdirmək karyerada irəli çəkilmək və iş yoldaşları arasında hörmət qazanmaq üçün vacib amilə çevrilir.

2. İxtisaslaşdırılmamış karyera – işə qəbuldan sonra işçi bir sıra müxtəlif profilli vəzifələrdə çalışır. Heç bir işçi ömür boyu bir ixtisas üzrə çalışmır. Mütəmadi olaraq işçilər arasında vəzifə rotasiyası həyata keçirilir və beləliklə, işçi müəssisəsinin fəaliyyətinə strateji yanaşır.

3. Uzun müddətdən sonra karyerada irəliləyiş -  işə qəbuldan sonra işçi uzun müddət müxtəlif xarakterli işlərlə məşğul olur. Adətən vaxt keçdikdə onun yeni vəzifələrinin məsuliyyət dərəcəsi artır. Lakin işçi adətən müəssisədə iş stajı on ildən çox olduqda şaquli karyera pilləsi üzrə qabağa çəkilir. Belə sistem hər bir insana innovasiyalarını ürəklə işdə tətbiq etməsinə imkan yaradır.

4. Müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə əsasən əmək haqqına əlavələr. İşçilərə belə əlavələrin ödənilməsi müəssisənin fəaliyyəti ilə əlaqələndirilir və hər bir işçinin müəssisə maraqlarını şəxsi maraqlardan üstün tutmasına səbəb olur.

5. Uzun müddətə ərsəyə gələn kollektiv qərarlar. Yapon modelində adətən kiçik qruplar müəyyən fəaliyyət sahələrinə görə cavabdeh olur. Təşkilatın maraq və ehtiyaclarını nəzərə alan qərarların qəbulu üçün bu qrup üzvləri kollektiv üzvləri ilə məsləhətləşmələr aparmalıdırlar. Bu isə qərarların qəbulu prosesini uzun müddətli prosesə çevirir. Lakin qərarın hazırlanması zamanı meydana gələn vaxt itkisi adətən qərarın icrası zamanı nəzərə alınır.

Bəzi tədqiqatçılar «Z» nəzəriyyəsinin çoxsaylı müsbət keyfiyyətləri ilə yanaşı onun çatışmamazlığı kimi təşkilatda rəhbərin istiqamətləndirici rolunun zəiflədiyini göstərirlər.

Yeni – müasir idarəçiliyə aid nəzəriyyələr. Sistem nəzəriyyələsi (1970-ci ildən indiyə kimi) - bu yeni bir nəzəriyyədir ki, müəssisəni, təşkilatı canlı bir varlıq kimi qəbul edir. Onların bölmələrinin bir-biri ilə bağlılığını əsaslandırır. Bu bağlılığı, təbəqələşməni Boulding Kenneth öz kitabında çox gözəl əks etdirib. Belə ki, sistem iki bölmədən ibarətdir:

1. Artıq sistem (təşkilat, müəssisə və s.);

2. Qapalı sistem. Bu sistemin  iş metodları klassik sistemin iş metodlarına uyğun gəlir.

Müasir idarəetməyə aid nəzəriyyələr. 1911-ci ildə alim və sahibkar F.Teylor «İdarəetmənin əsas prinsipləri» adlı əsərini yazmışdır. Bəzi iqtisadçılar idarəetmənin yaranmasını həmin bu əsərin yazılması ilə əlaqələndirməyə çalışırlar. Lakin bir sıra tarixi hadisələr göstərir ki, idarəetmə qədim dövrlərdən mövcud olmuşdur. Məsələn, Misir ehramlarının tikintisi, Böyük Çin Səddi idarəetmə təcrübəsi olmadan inşa oluna bilməzdi. Deməli, idarəetmə bizim eradan əvvəl də mövcud olmuş, lakin bir elm kimi XX əsrin əvvəllərində nəzəri cəhətdən əsaslandırılmışdır.

İdarəetmənin bir elm kimi formalaşıb inkişaf etməsi, idarəetmə məktəblərinin yaranıb, müəyyən tarixi dövr keçməsilə əlaqədar olmuşdur. Elmi idarəetmə məktəbi F.Teylor və onun ardıcıllarının fikirləri və elmi ideyalarıyla əsaslandırılmışdır. Bu məktəbin nümayəndələri əl əməyinin idarəetmə əməyindən ayrılmasını təklif etmişlər. Həmin məktəbin nümayəndələri sübut etmişlər ki, idarəetmə ayrıca bir elmdir. Həmçinin əl əməyinin yüngülləşdirilməsi və bu sahədə problemlərin aradan qaldırılması sahəsində də bir sıra fikirlər irəli sürmüşlər. Məsələn, 8 saatlıq iş gününün təklif olunması əmək prosesində vaxt normasının yaradılmasının əsasını təşkil edir. Daha sonra onlar istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması sahəsində həyata keçirilən tədbirləri əl əməyinin yüngülləşdirilməsi üçün olduqca vacib hesab etmişlər. Bundan başqa elmi idarəetmə məktəbi işdə həvəsləndirmə sisteminin yaradılması fikrini də irəli sürmüşdür ki, bu da istehsalın inkişafına və artım sürətinə təsir  edən amil kimi dəyərləndirilməlidir.

Klassik idarəetmə məktəbinin nümayəndələri ilk dəfə olaraq idarəetmə elmini sistemləşdirmiş, onun funksiyalarını, prinsip və metodlarını tədqiq etmişlər. Onlar sübut etmişlər ki, idarəetmə fəaliyyəti idarəetmənin həyata keçirilməsindən irəli gələn funksiyaların məcmusundan ibarət olub, müvafiq prinsiplərə əsaslanaraq müəyyən üsullar və mexanizmlər əsasında həyata keçirilir. İnsani münasibətlər məktəbi hər bir işçiyə fərdi qaydada yanaşmanı tələb edir. Buna görə də onların fərdi xüsusiyyətləri nəzərə alınmalı, tələbatı, bacarığı, qabiliyyəti, səriştəsi, psixologiyası ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu məktəb idarəetmənin və fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə maddi və mənəvi həvəsləndirməni, idarəetmədə insan amilini, iş şəraitini, ictimai münasibətləri nəzərə almağı zəruri hesab edir.

Müasir idarəetmə məktəbi idarəetmə məktəbləri arasında ən mütərəqqi məktəb hesab olunur. Bu məktəb kompüter texnologiyasını, avtomatlaşdırmanı, iqtisadi-riyazi modelləri, rabitə texnologiyasını menecmentə gətirdi. Bu proseslər idarəetmənin inkişafı və bu sahədə səmərəliliyin yüksəldilməsi üçün böyük əhəmiyyətə malik olmuşdur. Belə ki, informasiya sistemləri və kompüter texnologiyası idarəetmə sahəsində də yeniliklərin həyata keçirilməsinə səbəb olur. İdarəetmə məktəbləri idarəetmə elminin müxtəlif tərəflərini öyrənmiş, bu sahədə bir çox tədqiqatlar aparmış və problemləri araşdırmışdır. Onu da qeyd edək ki, idarəetmə elminin hazırki duruma gəlib çıxmasını idarəetmə məktəblərinin elmi fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək olar.

Menecment  iqtisadi fəaliyyət olmaqla bərabər, həmçinin idarəetmə prosesidir. Bu müəssisə və təşkilatların son məqsədə çatması üçün peşəkarlıqla həyata keçirdikləri iqtisadi fəaliyyət növüdür.   

 

Niyazi Yusifov,

biologiya elmlər namizədi, 

Hossein R. Qhavidel