Siz bunu bacararsınız!
Məsələ Klara Setkində deyil. 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasıdır. Bu günlə bağlı müxtəlif fikirlərə rast gəlirik. Bu bayramın "bizim” olmadığını vurğulayan, "qeyd etməməliyik" deyənlər də var. Bu, dini bayram deyil, milli bayram deyil yəni. Amma məna yükü böyükdür.
1857-ci ilin 8 martında qadınlar ABŞ-ın Nyu-York şəhərinda ağır iş şəraitinə, 16 saatlıq iş gününə etiraz edirlər. Polis nümayişi dağıdır. 129 qadın yandırılaraq öldürülür. Qadınların iş şəraiti düzəlmir. Bunlar tarixdir. Bu günün Miladdan əvvəlki Bibliya rəvayətləri ilə əlaqələndirilməsi də bayrama başqa anlam vermək çabasıdır. Çünki 8 mart 1857-ci il hadisələri baş verəndə Klara Setkin hələ doğulmamışdı. Qadınların öz azadlıqları, hüquqları uğruna mübarizəsi illərlə, əsrlərlə davam edib.
Bəs, bu bayramla Klara Setkinin nə əlaqəsi var?
İllər sonra 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində Qadın Sosialist İnternasionalın qurultayı keçirilir. Qurultayda alman sosialisti Klara Setkinin təklifi ilə öz hüquqları uğrunda ölən 129 qadının xatirəsinə 8 martın Dünya qadınlar günü kimi qeyd olunması qərara alınır. Kophenagen qərarından sonra ilk dəfə olaraq 1911-ci ilin martında Avstriya, Danimarka, Almaniya və İsveçrədə bu gün qeyd edilib.
1914-cü ildə Rusiyada Beynəlxalq qadınlar günü martın 8-də baş tutur, başqa ölkələrdə də martın 8-i qeyd olunur. 1914-cü ildəki tədbir qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olunmuşdu. 1914-cü ilin 8 martında Londonda Boudan Trafalqar meydanına doğru qadınların seçki hüququna dəstək yürüşü oldu. 1917-ci il fevralın son bazar günü (yeni təqvimlə martın 8-nə düşür) Sankt-Peterburqda Qadınlar gününün qutlama nümayişləri Fevral İnqilabının əsasını qoydu. 8 martda "Çörək və sülh” adı altında keçirilən bu nümayiş digər Avropa ölkələrində də baş verdi.
Oktyabr inqilabından sonra bunu SSRİ-də rəsmi bayram elan etdilər, amma 1965-ci ilə kimi iş günü idi. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-də Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etdi.
1975-ci il Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq qadınlar günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart “Qadın hüquqları və beynəlxalq sülh günü” olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü, eyni zamanda, qadın hüquqlarının qorunması və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanmasıdır.
Mahiyyətə varsaq, 8 mart, sadəcə, qadınlar günü yox, dünyaya sülh arzulayanların, ədalət istəyənlərin, insan – qadın haqlarını bərabər haqlar tələbi ilə qoruyanların günüdür.
Beynəlxalq qadınlar günü bizim Azərbaycanda da qeyd olunur. Biz də sülh istəyirik, insan haqlarını – haqlarımızı qorumağa çalışırıq. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da təsadüfi deyil.
Əslində, bu tarix haqda uzun–uzadı nəsə yazmaq fikrim yox idi. Bir az elə alındı. Ağlımda dolaşan, çox eşitdiyimiz "dahilərin, tarixi şəxsiyyətlərin əksəriyyəti kişilərdi” sözləridi. Bunu, məsələn kişilər daha ağıllıdı, beyinlərində qırışlar çoxdu və bu kimi başqa səbəblərlə izah edənlər də olur. Təskinlik üçün (hər halda mən belə düşünürəm) "onları dünyaya gətirən qadınlardı” deyirlər. Mənim qənaətim başqadır: məsələ təkcə dünyaya gətirməkdə deyil, o səviyyəyə çatdırmaqdadı. İstənilən qadın - ana, bacı, həyat yoldaşı, qohum, dost kişini zirvədə görmək istəyir, ona dayaq olur, ruhlandırır, qulluğunda dayanır…
Bəs, kişilər? Məsələn, bizdə qadın böyük amallarla yaşayırsa, seçilmək istəyirsə, nə baş verir? Hökmən ona mane olurlar: evdəki kişilər - ata, qardaş, həyat yoldaşı. Onlar olmasa, ətrafdakılar. Qadına dəstək olanda o yazıçı da, alim də, deputat da, nazir də… ola bilər və olur da. Üstəgəl, məişət qayğılarının heç olmasa, yarısı kişinin öhdəsinə düşsə, dahilərin çoxu qadınlar olar.
Xatırlatma. Dünyanı heyrətləndirən beyinlərdən biri Eynşteyndir. Onun haqda "Dahi” filminə baxdım. Öz tələbə yoldaşı olmuş ilk xanımının ona çox dəstək olduğunu bilirdim. Amma İsveçrə Federal Politexnik məktəbinə fizika-riyaziyyat müəllimi ixtisasına imtahan verərkən Mileva Mariçin riyaziyyat imtahanında Eynşteyndən də üstün bal yığan yeganə tələbə olduğunu bilmirdim. Fizikadan isə hər ikisinin balı eyni olub. Qadın çox savadlı, çox zəki olur. Eynşteynə dəstək verir, ilk elmi yazılarını oxuyur, rəy verir, düzəldir, araşdırmalarda yardım edir və s. Amma o vaxt çap olunan heç bir elmi məqaləsində xanımının adı keçmir…
Bu savadlı qadın yalnız üç uşaq anası olaraq məişət, ailə qayğılarıyla çabalayan biri kimi qalır…
Filmdə o dövrün başqa elm adamlarının da həyatına aid maraqlı hadisələr yer alır.
Məsələn, Pyer və Mariya Kürilər cütlüyü. Nobel mükafatına layiq görülən Pyer Küri xanımı Mariya Kürinin adının olmadığını bildikdə mükafatdan imtina edir: "Bu nəticələri əldə etməmdə Mariyanın zəhməti çoxdu. O, mənimlə birlikdə çalışıb, ona haqsızlıqdır” deyir. Mariyanın bir alim kimi yalnız qadın olduğu üçün görməzdən gəlindiyinə etiraz edir. Beləliklə, münsiflər Mariya kimi böyük alimə göz yuma bilmirlər və o, ilk dəfə Nobel mükafatı alan qadın, ayrı-ayrı elm sahələrində (fizika və kimya) iki dəfə Nobel almış yeganə alim olur. Belə…
Diqqətli olsaq, məktəbdə yaxşı oxuyan, üzağardan, daha məsuliyyətli, daha böyük arzularla yaşayan şagirdlərin əksərən qızlar olduğunu görürəm. Amma sonra? Hə, bu sonra kişilərlə bağlı olduğu üçün qızlarımızın arzularının çoxu xəyal olaraq qalır. Məktəbdə işləyənlər də qadınlardı. Heç bu kişilər - atalar valideyn kimi də məktəbdə görünmürlər. Niyə? Təhsil çox çətin sahədi ona görə. Bir polis rəisi olub onun-bunun haqqını tapdalamağı qadınlar bacarmaz.
2021-ci il İSESCO tərəfindən “Qadınlar ili” elan olunub. Fevralın 11-də keçirilən “Qadınlar və qızlar elmdə” Beynəlxalq videokonfrasda ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın maraqlı çıxışı oldu. Ölkəmizin Birinci xanımının bu tədbirə qonaq dəvət edilməsi həm də Azərbaycanla İSESCO arasındakı əlaqələrin göstəricisidir. Mehriban xanım bu ilin “Qadınlar ili” elan edilməsinin əhəmiyyətini xüsusi vurğuladı. Mən də bu gün Mehriban xanım Əliyevanın bütün fəaliyyəti ilə hər birimizə örnək ola biləcəyini vurğulamaq istəyirəm.
Sonda demək istərdim ki, Qadınlar qayğı çəkər, əzab çəkər, dözər, sevər, öyrədər. Əziz KİŞİLƏR, səlahiyyətləri qadınlara verin. Dünyanı qadınlar xilas edə bilər. Məsələn, ən azı bu qədər çəkişmələr, müharibələr olmaz.Təbii ki, bunu kişi eqosu bacarmaz. Heç olmasa həyatınızda, yanınızda, ətrafınızda olan qadınları sevin, sevindirin, dəyərləndirin, hər gününü bayrama döndərin, onların qarşısında maneə olmayın, onlar kimi siz də arxa, dayaq olun. Onları dözümə sürükləməyin. Siz bunu bacararsız! Qadın sevgisi sizin dayağınızdı. Onların sevinci sizin bayramınızdı.
BAYRAMINIZ MÜBARƏK!
8 mart
Bu gün hər qəmini soyunub dünya,
Çaylar gülüş olub dodaqlarında.
Təbəssüm donunu geyinib dünya
Sevinc gözü dolub bulaqların da.
Ulduzlar axışır bu gün torpağa,
Qadın gözlərindən nur qoparmağa.
Günəş də göylərdən enibdi yerə
Qadın ürəyindən od aparmağa.
Dünya sağlıq deyir qadın şəninə,
Dənizlər əlində piyaləsidir.
Səpilən qadının qədəmlərinə
Dağların nəğməkar şəlaləsidir.
Bu gün təravətə dönübdü çöllər,
Bu gün səadətə bürünüb ellər.
Məhəbbət, gözəllik çələngi kimi
Bu günü saçına taxıbdı illər.
Kəmalə Abiyeva,
şair, publisist