Strateji valyuta ehtiyatları 1 dekabr 2010-cu il tarixinə 30 mlrd. dollara çatıb
Cari ilin 11 ayında ölkədə iqtisadi artım 4.5% olub, o cümlədən qeyri-neft sektoru 5.9% artıb. Hesabat dövründə sənayedə faktiki istehsal indeksinin və istehsal güclərindən istifadə səviyyəsinin yüksəlməsi müşahidə olunub. Mikroiqtisadi monitorinqlərə görə istehsalı və dövriyyəsi çoxalan müəssisələrin sayı ötən illə müqayisədə artıb. Qeyri-neft sənayesində artım 5.9% olub, sənaye, xidmət və ticarət üzrə Biznes İnam İndeksi ötən ilə nəzərən qənaətbəxşdir. Cari ilin ötən 11 ayında əhalinin nominal pul gəlirlərinin 12%, ev təsərrüfatlarına bank kreditlərinin isə 14.7% artımı daxili tələbin artmasına müsbət təsir edib. Ticarətdə faktiki satış, xidmətdə isə tələb indeksinin yüksəlməsi baş verib. Ötən 11 ayda investisiya qoyuluşları 15.2%, o cümlədən qeyri-neft sektorunda 7.7% artıb.
Cari ilin 9 ayında cari əməliyyatlar hesabının profisiti ötən ilin eyni dövrünə nəzərən 69% yüksələrək 12 mlrd. $-a yaxınlaşıb ki, bu da kapital hesabının kəsirini örtərək valyuta ehtiyatlarını 9.7 mlrd. $-dan çox artırıb. Strateji valyuta ehtiyatları 1 dekabr 2010-cu il tarixinə 30 mlrd. $-a çatıb və 3 illik mal və xidmət idxalına kifayət edib.
Cari ilin 11 ayının yekunu üzrə orta illik inflyasiya 5.5% olub
Cari ilin 11 ayında Mərkəzi Bank valyuta bazarında 1 mlrd. dollardan çox həcmdə xarici valyuta alışı həyata keçirib. Manatın ABŞ dollarına qarşı nominal məzənnəsi sabit qalaraq 0.4% möhkəmlənib. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə demək olar ki, neytral qalıb, Azərbaycanın qeyri-neft ixracının çox hissəsinin getdiyi yaxın xarici ölkələr üzrə isə ucuzlaşıb ki, bu da rəqabətqabiliyyətinə müsbət təsir edib.
Cari ildə Mərkəzi Bank yumşaq pul siyasətini davam etdirib, lakin, dəqiqləşmiş proqnozları nəzərə alaraq noyabr ayında pul siyasətinin “neytrallığı” istiqamətində qərarlar qəbul edib. İşgüzar aktivliyi dəstəkləmək üçün cari ilin oktyabr ayının sonunadək Mərkəzi Bank pul siyasətini dəyişməmiş, uçot dərəcəsi 2%, məcburi ehtiyat norması 0.5% səviyyəsində qalıb, likvidlik pəncərəsi isə açıq saxlanılıb. Mərkəzi Bankın əməliyyatları hesabına cari ilin 11 ayında manatla geniş pul kütləsi 20.2% artıb. Bu, faiz dərəcələrinə azaldıcı təsir edib. Lakin, ilin II yarısının sonlarında Mərkəzi Bank tərəfindən daim təhlil olunan tsikl göstəriciləri arasında pul siyasətinin korreksiyası lehinə olan göstəricilərin sayı artmağa başlayıb. Məcmu tələbin canlanması, inflyasiya amillərini və tədiyyə balansının proqnozlarını nəzərə alaraq Mərkəzi Bank noyabr ayının 1-dən uçot dərəcəsinin 3%-ə qaldırılmasına dair qərar qəbul edib. Dövr ərzində inflyasiya təkrəqəmli səviyyədə qalıb, cari ilin 11 ayının yekunu üzrə orta illik inflyasiya 5.5%, son bir ildə isə 7.4% təşkil edib. Əlverişsiz təbii mühit kənd təsərrüfatı istehsalının azalmasına səbəb olub, nəticədə kənd təsərrüfatında istehsalçı qiyməti indeksi 11 ayda 3.7% yüksəlib.
Cari ilin əvvəlindən bankların məcmu kapitalının artımı 7.9% təşkil edib
Cari ilin əvvəlindən bankların məcmu kapitalının artımı 7.9% təşkil edib. Mərkəzi Bankdan verilən məlumata görə, ötən 11 ayda əhalinin əmanətləri 22.8%, kredit qoyuluşları 8.1%, bank aktivləri isə 8,8% artıb. Dövr ərzində müddətli depozitlərin 30.2% artması bank sisteminə inamın yüksəlməsini xarakterizə edir. Bank nəzarəti üzrə formalaşan Bazel-III standartlarını nəzərə alaraq Mərkəzi Bank özünün makroprudensial çərçivəsini təkmilləşdirib.