Mərc oyunları ilə bağlı vergi məsələləri
İlk mərc oyunu futbolun vətəni İngiltərədə atçılıq idmanı sahəsində keçirilmişdir. İlk bukmeyker kontoru İngiltərədə XIX əsrin ortalarında, ABŞ-da isə 1866-cı ildə açılmışdır. İndiki zamanda iri bukmeyker kontorlarının mərkəzi ofisləri məhz bu iki dövlətin iri şəhərlərində yerləşir. Məsələn, totalizator oyunlarının keçirildiyi ən iri ünvanlar London və Las-Veqas şəhərləri hesab olunur. Bukmeykerlik haqqında ilk qanun məhz İngiltərədə 1963-cü ildə qəbul edilmişdir.
Az miqdarda pul qoyuluşu əvəzində asan yolla külli miqdarda sərvətə sahib olmaq insanları həmişə cəlb etmişdir. Bu istəklərini reallaşdırmaq üçün onların düşündükləri üsullardan biri də totalizator oyunlarıdır.
Müasir dövrdə totalizator oyunu biznesinin bir sahəsi olan futbol proqnozu əhali arasında geniş populyarlıq qazanaraq digər totalizator oyunları sırasında özünə daha çox tərəfdar toplaya bilmişdir və bu biznes ölkəmizdə də durmadan yayılır.
Bu yaxınlara qədər Azərbaycanda bukmeykerlik fəaliyyəti rəsmiləşdirilmədiyinə görə, ölkəmizdə yaradılan bukmeykerlər qeyri-qanuni fəaliyyət göstərərək, dövlətə vergi ödəməkdən yayınırdılar. Bu sahədə böyük pulların dövr etdiyini nəzərə alsaq, qeyd etməliyik ki, nəticədə külli miqdarda vəsait dövlət büdcəsindən yayındırılırdı. Artıq ötən ildən başlayaraq ölkəmizdə bukmeykerlik fəaliyyətinin rəsmiləşdirilməsinə başlanmışdır. Bu məqsədlə bir sıra normativ hüquqi sənədlərə əlavə və dəyişikliklər olunmuş, Nazirlər Kabinetinin qərarına əsasən ölkədə idman mərc oyunlarının təşkili və keçirilməsi haqqında qaydalar təsdiq edilmişdir. Bu ilin yanvar ayından isə «Topaz» brendi altında ölkədə ilk rəsmi bukmeyker oyunlarına start verilmişdir. İndi totalizator oyunları 70-80 diler məntəqəsi vasitəsilə vahid «Topaz» brendi altında Bakı və Abşeronda həyata keçirilir. Yaxın vaxtlarda isə diler məntəqələrinin sayının artırılması ilə Azərbaycanın bütün bölgə və şəhərlərində rəsmi mərc oyunlarının keçirilməsinə başlanılacaq.
Rəsmi bukmeyker məntəqələrində uduşların qəbulu İdman və Gənclər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən nəzarət edilən pos-terminallar vasitəsilə aparılır. Operatora müraciət edən istənilən şəxs diler ola bilər. Lakin aparatları pulsuz əldə etmək üçün onların quraşdırılması sahəsində bir sıra qaydalara riayət etmək vacibdir. İlk növbədə, vətəndaşın hesablaşma hesabı olmalıdır.
Azərbaycanda totalizator oyunları rəsmi səviyyədə leqallaşdırılsa da, ölkədə qeyri-rəsmi bukmeyker fəaliyyəti hələ də mövcuddur və onlara qarşı müvafiq qurumlar tərəfindən ciddi mübarizə aparılır. İnsanları qanunsuz bukmeykerlərə cəlb edən isə bu sahədə özünü göstərən məlumatsızlıq və yüksək oyun əmsallarıdır. Bildirək ki, rəsmi bukmeyker kontorlarında totalizator oyunları Türkiyə sistemi ilə həyata keçirilir. Burada 2500 manata qədər pul qoymaq imkanı var və ən azı 3 oyuna pul qoymaq mümkündür. «Topaz» markası ilə fəaliyyət göstərən bukmeykerlərdə minimum pul qoyuluşu 1 manat, maksimum uduş isə 250 min manatdır. Totalizator oyunlarından əldə edilən gəlirin bölüşdürülməsinə gəldikdə isə, gəlirin 70%-i uduş fonduna köçürülür. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, oyunlardan əldə edilən gəlirin 4,2%-i ölkədə idmanın inkişafına yönəldiləcək. İdmanın inkişafı üçün ayrılan məbləğin 30%-i AFFA-ya, yəni futbolun inkişafına, qalanı isə digər idman növlərinin inkişafına sərf ediləcək. Gəlirin 6 faizi isə vergi kimi tutulur. Bütün bunlardan sonra qalan məbləğ totalizator oyununu təşkil edən hüquqi şəxsə çatır. Gəlirin hüquqi şəxsə çatan hissəsindən işçilərin maaşlarının ödənilməsi və digər xərclər çıxılır. Bildirək ki, totalizator oyunlarının keçirilməsindən əldə edilən gəlirdən vergi tutulması üçün, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, «Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»na əlavə və dəyişikliklər edilmişdir. İdman mərc oyunlarının keçirilməsi üzrə mənfəətin (gəlirin) müəyyən olunması çətin sahə sayıldığı üçün bu fəaliyyəti həyata keçirən vergi ödəyicisinin mənfəəti (gəliri) şərti olaraq onun gəlirlərinin 30%-ni təşkil edir və aşağıdakı üsulla hesablanır:
M2=G2x30%=G2x30/100
Vergi Məcəlləsində mənfəət vergisi üçün nəzərdə tutulan 20% və idman mərc oyununu keçirən vergi ödəyicisinin gəlirinin 30%-ni təşkil edən mənfəət faizi nəzərə alınmaqla verginin məbləği onun iştirakçılarından qəbul etdiyi vəsaitin 6%-ni təşkil edəcək. Bu, aşağıdakı üsulla müəyyən olunur:
Vm=G2x30%x20%=G2x6%=G2x6/100
Məsələn, idman mərc oyunlarını keçirən vergi ödəyicisinin gəliri 120 min manat olduqda mənfəət vergisi aşağıdakı kimi hesablanır:
Vm=120000x6/100=7200 manat
İdman mərc oyunlarını həyata keçirən vergi ödəyicisi və agentin (mərc oyunları üzrə satıcı) fəaliyyəti malların (işlərin, xidmətlərin) təqdim olunması sayılmadığı üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti və agentə ödəniləcək məbləğ ƏDV-yə cəlb olunmur. Onu da qeyd edək ki, bu oyunlardan əldə edilən uduşlar gəlir vergisindən azaddır.
Bu gün qanuni və qanunsuz bukmeyker kontorları arasında açıq-aşkar mübarizə getdiyi bir şəraitdə totalizator oyunlarının qanuniləşdirilməsi müsbət qiymətləndirilməlidir. Ölkədə bukmeyker fəaliyyətinin leqallaşdırılması nəticədə vergitutma bazasının genişləndirilməsinə və dövlət büdcəsinə ödənişlərin artmasına imkan yaradır. Lakin vergilərin dövlət büdcəsinə daxilolmasını təmin etmək və ölkədə totalizator oyunlarının qanuni şəbəkəsini yaratmaq üçün ilk növbədə bu sahəni qanunsuz fəaliyyət göstərən və öz qaydalarını diqtə edən işbazların əlindən xilas etmək gərəkdir. Bunsuz ölkədə qanuni totalizator oyunlarının təşkili, keçirilməsi və inkişafı, nəticə etibarilə dövlət büdcəsinə ödənişlərin təmin edilməsi qeyri-mümkündür. Artıq qeyri-qanuni fəaliyyət göstərən bukmeyker kontorlarına qarşı hüquq-mühafizə orqanları və Vergilər Nazirliyi tərəfindən ciddi mübarizə tədbirləri aparılır. Mütəmadi olaraq vergi orqanları tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində çoxlu sayda belə qanunsuz obyektlər aşkar edilir və onların sahibləri cinayət məsuliyyətinə cəlb olunur. Əsasən çayxana və kafe kimi fəaliyyət göstərən belə obyektlər totalizator oyunlarını xüsusi razılıq (lisenziya) almadan qanunsuz həyata keçirirlər.
Vergi xidməti əməkdaşları tərəfindən cari ilin mart ayının 10-da keçirilən operativ nəzarət tədbirləri zamanı Bakı şəhərində qanunsuz fəaliyyət göstərən 13 obyekt aşkar edilmişdir. Yasamal rayonunda yerləşən «Maximum», «Çayxana», «Karlo» adlı obyektlərdə, o cümlədən Nizami rayonunda yerləşən «Çempion», Nəsimi rayonunda «Qalatasaray», «Zenit», «Barselona», «Liverpul», «Real Madrid», «Qol-Qol Barselona» obyektlərində qanunsuz totalizator oyunlarının keçirildiyi və bu oyunlardan əldə edilən gəlirlərin vergidən yayındırıldığı aşkar edilmişdir. Nəzarət tədbirləri nəticəsində bu obyektlərdən 7 ədəd noutbuk, 9 ədəd kompüter prosessoru, «qara mühasibat» sənədləri, nağd pul, müxtəlif firmalara məxsus möhür, ştamplar və vətəndaşlara verilmiş minlərlə ödəniş qəbzləri və kuponlar aşkar edilərək götürülmüşdür.
Bakıxanov qəsəbəsində fəaliyyət göstərən «Bavariya» kafesində qanunsuz totalizator oyunu təşkil edən Hacı Çərkəz oğlu Quliyevin 1 milyon 752 min 846 manat məbləğində vergidən yayınması, Nizami rayonunda yerləşən «Çempion», «Arsenal», «Real», «Çay evi» adlı kafe və çayxanalarda, «Futbol Planet» MMC-nin Bakı şəhərində yerləşən bir sıra satış obyektlərində qanunsuz mərc oyunlarının təşkil edilməsi faktları ilə bağlı Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, cinayət işinə başlanmışdır.
Bu gün ölkəmizdə vətəndaşların müəyyən bir qismi internet vasitəsilə totalizator oyunlarında iştirak edir və bu sahə, demək olar ki, nəzarətdən kənardadır: həm hüquq-mühafizə orqanlarının, həm də ictimaiyyətin nəzarətindən. Bəzi mütəxəssislərin fikrincə, hüquqi və ictimai nəzarəti təmin etmək məqsədilə bu oyunları oynamaq üçün xüsusi kartlar olmalıdır və oyun həvəskarlarına müvafiq internet saytlarına həmin kartlar vasitəsilə daxil olmağa icazə verilməlidir. Lakin belə bir sistem hələ heç bir ölkədə mövcud deyil…
Arzu İBRAHİMOVA
|