MƏQALƏLƏR

Ziyad SƏMƏDZADƏ: Hərb meydanın qalibi olan İlham Əliyev informasiya müharibəsində də Ermənistanı məğlub etdi

  • 13.03.2021

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq, zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Ən əsası bu qalibiyyət Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 17 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.


Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ güc yolu ilə bərpa etdi
Ermənistanın Azərbaycana qarşı təcavüzü ötən əsrin 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə nəticələnmişdi. Lakin o vaxt Azərbaycan müharibəni yox, döyüşü uduzmuşdu və Azərbaycanın Heydər Əliyevin respublika prezidenti seçilməsindən sonrakı dövrünün reallıqları göstərirdi ki, işğal altında olan bütün torpaqlarımız mütləq azad ediləcək. Bu mənada 1994-cü ildə neft kontraktlarının imzalanmasından sonra respublikamızda Heydər Əliyevin rəhbərliyi ilə müsbətə doğru baş verən dəyişikliklər həm də torpaqlarımızın gələcəkdə döyüş yolu azad edilməsi üçün etibarlı bünövrə yaratdı. Heydər Əliyev uzaqgörən siyasətçi, müdrik dövlət xadimi idi. Onun təməlini qoyduğu inkişaf siyasəti yalnız iqtisadi sfera ilə tamamlanmayaraq, kompleks xarakter daşıyırdı. Əlbəttə, bəzən qarşıya qoyulan hədəflərə çatmaq üçün illər, onilliklər lazım gəlir. Eyni zamanda, bu zaman daim nəzərə alınırdı ki, biz kiçik Ermənistanla yox, dünyada özünə yer eləmiş erməni təəssübkeşliyi, erməni lobbisi ilə üz-üzəyik.
Bu baxımdan Heydər Əliyev bütün məsələləri zərgər dəqiqliyi ilə ölçüb biçmişdi. Məhz ulu öndərin müəyyən etdiyi inkişaf siyasətinin nəticəsi olaraq Azərbaycan həm iqtisadi sferada yüksəliş yoluna qədəm qoydu, həm beynəlxalq arenada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi və bu zaman Ermənistanın işğal siyasətinin beynəlxalq səviyyədə ifşası ilə bağlı uğurlara imza atıldı.
Ötən 17 ildə Heydər Əliyev yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın nail olduğu uğurlar çoxşaxəlidir. Bu sırada Xəzərdən hasil olunan neft və qazın dünya bazarlarına çıxarılması və Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində önəmli mövqe qazanması, iqtisadiyyatmızın 3 dəfə böyüməsi, valyuta ehtiyatlarımızın dəfələrlə artması, Bakının beynəlxalq tədbirlər mərkəzi kimi tanınması, o cümlədən ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba üzv olması kimi məsələlər xüsusilə qeyd olunmalıdır. Bütün bunlar Azərbaycanın beynəlxalq birlikdəki yerini daha da möhkəmləndirməklə yanaşı, respublikamızın məruz qaldığı təcavüzün dünya ictimaiyyəti tərəfindən qəbul olunmasında, Ermənistanın işğal siyasətinin ifşasında böyük rol oynadı. Ən əsası əldə olunan hər bir uğurun və yüksəlişin nəticə etibarilə torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırdığı göz önündə idi.
Qeyd edək ki, hələ Azərbaycanın zəif olduğu dövrlərdə danışıqlar prosesi zamanı Ermənistan Azərbaycana öz şərtlərini diqtə edə bilməmişdi. Bu baxımdan Azərbaycanın inkişafında və güclənməsindən sonra istənilən yolla öz torpaqlarını azad edəcəyi qaçılmaz idi. Prezident İlham Əliyev də dəfələrlə bəyan etmişdi ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə Azərbaycan güc yolu ilə torpaqlarını işğaldan azad edəcək. Dekabrın 10-da keçirilən Zəfər paradında bu barədə danışan İlham Əliyev deyib: «Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi».
Sadəcə zamana ehtiyac vardı və ötən hər bir il ərzində Azərbaycan gücləndi, qüdrətləndi, eyni zamanda, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq hüquqla təsbit olunan haqlı mövqelərini daha da möhkəmləndirdi. Bu baxımdan Azərbaycanın inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə əlamətdar olan ötən hər bir il bu qələbəni, torpaqlarımızın azadlığını daha da yaxınlaşdırdı, tarixi şəraiti yetişdirdi. Beləliklə, zaman bizi ağır sınaqlara çəksə də, ötən il baş verən 44 günlük müharibədə tariximizin şərəfli səhifələri yazıldı. Şanlı qələbə, torpaqlarımızın azad olunması, işğalçı Ermənistanın hərb meydanında məğlub edilməsi ilə İlham Əliyev tariximizi və dövlətçiliyimizi şərəfləndirdi.
44 gün davam edən Vətən müharibəsində xalqımızın mənəvi iztirablarına son qoyuldu, təcavüzkar Ermənistanın 30 ildən bəri işğal altında saxladığı əzəli torpaqlarımız azad edildi. Prezident İlham Əliyevin dediyi kimi, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan Respublikası yeni reallıqlar yaradıb. Bu reallığın lideri Azərbaycanı qalib edən İlham Əliyevdir. Yeni dövrün aparıcı qüvvəsi isə regionda söz sahibi kimi statusunu və mövqelərini qat-qat gücləndirən Azərbaycandır.
Eyni zamanda, ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan yeni mərhələyə qədəm qoyub. Artıq müharibə bitib. İndiki bu mərhələdə qarşıda dayanan əsas vəzifələr kimi işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və fəaliyyəti üçün şəraitin təmin edilməsi bütün dövlət orqanlarının qarşısında yeni və mühüm çağırışlar formalaşdırıb. Hazırda təhlillər aparılır, eyni zamanda, tədricən böyük qayıdışın ilk addımları atılır. Qısa zaman kəsiyində görülən işlərin miqyası arzularımızın, Qarabağa qayıdış istəklərimizin nə qədər böyük olduğunu göstərir.
Bəli, biz hansı çətinliklərdən, hansı maneələrdən, hansı dolanbanclardan keçdik. Azərbaycan kimi öz milli və dövlət maraqlarını bu cür qətiyyətlə təmin edən ikinci dövləti göstərmək isə mümkün deyil.


Dünya artıq erməni yalanlarına inanmır
Məlum olduğu kimi, işğalçı dövlət uzun illərdir erməni lobbisinin və xarici havadarlarının köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmağa, öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa çalışır. Müəyyən zamanlarda niyyətlərinə çatsalar da, artıq zaman dəyişib. Xüsusən 2016-cı ilin aprel döyüşlərindən sonra problemlə bağlı beynəlxalq reaksiyalar göstərdi ki, dünya artıq erməni yalanlarına inanmaq istəmir.
Xatrılayırıq ki, hələ aprel döyüşləri, elə də Ermənistanın Tovuz istiqamətində təxribatı zamanı heç dövlət və təşkilat açıq əşkildə işğalçını müdafiə edən fikir səsləndirməmişdi. Çünki onların böyük əksəriyyəti ikili standartlardan çıxış etsə belə, kimin işğalçı olduğunu, kimin isə işğala məruz qaldığını yaxşı bilirdi və belə bir vəziyyətdə Ermənistana dəstəyin ifadə edilməsi ən böyük siyasi riyakarlıq olardı. O zaman Yerevanın ən yaxın müttəfiqləri belə açıq şəkildə onu müdafiə etmədilər.
Bəli, Azərbaycan informasiya blokadasını nəinki çoxdan sındırıb, həm də Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsində erməni yalanlarına böyük zərbə vurub. Bu günkü reallıqları, tarixi həqiqətləri düzgün dəyərləndirən ayrı-ayrı ölkələrin siyasi mərkəzləri uzun illərdir dünyanı aldadan ermənilərin əlində artıq alət olmaq istəmirlər. Xatırladaq ki, hələ Tovuz döyüşləri zamanı ABŞ Konqresində Azərbaycan əleyhinə Daşnaklar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısının qətiyyətlə alınması və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlərin qəbul edilməsi də dünya erməniliyinin saxta təbliğatına böyük zərbə vurmuşdu.
Vətən müharibəsindəki qələbə ilə Azərbaycan bütün dünyada erməni yalanlarını darmadağın etdi. Onsuz da beynəlxalq ictimaiyyət saxta erməni təbliğatına əvvəlki tək inanmırdı. 44 günlük müharibə isə tək işğalçı Ermənistana deyil, həm də «məzlum erməni xalqı» obrazına vurulan ən böyük zərbə oldu. Azərbaycan yalnız hərb meydanında deyil, həm də informasiya savaşında düşməni darmadağın etdi. İnformasiya savaşının önündə gedərək düşmənəsə sarsıdıcı zərbələri vuran isə döyüş meydanının qalibi, Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu.
Həmin günlərdə respublikamız düşmənin saxta informasiya cəbhəsini darmadağın etdi. Hətta Ermənistanın havadarları olan dövlətlərdə belə KİV-in saxta təbliğatı nəticəsiz qaldı və ictimaiyyət onların yalan informasiyalarını qəbul etmədi.
Əslində, dünya erməniliyi - ermənilərin dostları və ikili standartlar səbəbindən bizə düşmən münasibəti bəsləyənlər sülh danışıqlarının qırılaraq hərbi əməliyyatların başlayacağını, yeni müharibədə Azərbaycanın yeni taktika, yeni silahlarla yeni nümunə ortaya qoyacağını, öz gücü və imkanları hesabına torpaqlarını bu qədər sürətlə və Ermənistanın ordusuna sarsıdıcı zərbələr vurmaqla, onu tar-mar etməklə nail olacağını güman etmirdilər. Ona görə çaş-baş və özlərini itirmiş vəziyyətində qalanlar hərbi əməliyyatlara müxtəlif səbəblərdən müdaxilə edə bilmədiklərindən güclərini diplomatiya, o da nəticə vermədiyindən informasiya müharibəsində cəmləşdirmişdilər.
Məqsəd Azərbaycanı sülh danışıqlarını pozaraq müharibəyə başlayan, başqa dövlətlərdən kömək alan, döyüşlərdə əcnəbi muzdlulardan istifadə edən, qadağan olunmuş silahları tətbiq edən, demokratiyanı pozan, erməniləri Qarabağdan qovmağa çalışan bir dövlət kimi təqdim etmək, siyasi nüfuzuna xələl gətirmək idi. Lakin İlham Əliyev öz müsahibələrində bütün buların qarşısını aldı, dünya erməniliyninin Azərbaycana qarşı məkrli planlarını iflasa uğratdı.
İlham Əliyev sentyabrın 29-dan noyabrın 6-a kimi kimi 26 xarici KİV-ə müsahibə verdi. Bunlar Rusiyanın, “Rossiya-1, “Pervıy”, RBK televiziya kanalları, Ria Novosti, TASS və İnterfaks agentlikləri, Türkiyənin “TRT Haber”, CNN-Türk, “Haber Global”, “Haber Türk”, NTV, “A Haber” televiziyaları, Fransanın “Sky News”, “France 24” televiziyaları, “Figaro” qəzeti, Almaniyanın ARD televiziyası, Yaponiyanın “Nikkei” qəzeti, ABŞ-ın “Fox News” televiziyası, İtaliyanın Rai-1 televiziyası və “La Repubblica” qəzeti, İspaniyanın EFE informasiya agentliyi, habelə dünyada yüz milyonlarla izləyiciləri olan “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “Euronews”, “CNN International”, “BBC News” televiziya kanallarıdır.
Bu məqaləmdə əsasən Qərb ölkələrini təmsil edən KİV-ə müsahibələri zamanı Prezident İlham Əliyevin erməni yalanlarına vurduğu tutarlı zərbələr, Azərbaycan həqiqətlərinin bu KİV-lər vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması barədə bəhs etmək istəyirəm. Mən bu müsahibələrin hamısını dərindən və dönə-dönə oxudum. Aydın oldu ki, əksər Qərb KİV-lərin əməkdaşlarının Prezident İlham Əliyevə ünvanladıqları suallar zamanı erməni lobbisinin sifarişlərini yerinə yetiriblər. Bəzi KİV-lərin suallarının tamamilə eyniyyət təşkil etməsi, bəzi sualların daha çox ittihama bənzəməsi, bəzi suallardan düşmənin məğlubiyyət ruhunun hiss olunması, bəzi suallarda Azərbaycana qarşı ənənəvi qarayaxmaların yer alması, göstərirdi ki, bu sualların sifarişləri dünya erməniliyindən və erməni lobbisindən gəlir.
Prezident İlham Əliyev Ermənistanın mövqeyini müdafiə edən KİV-lərin də müraciətinə müsbət yanaşaraq onların suallarını cavablandırdı. Bu zaman dövlət başçısı təmkinlə, uzaqgörənliklə, siyasi peşəkarlıqla Azərbaycanın haqlı mövqeyini elə əsaslandırdı ki, ondan sonra erməni lobbisinin maraqlarına xidmət edən jurnalistin əlavə sual verməyə gücü çatmadı. İlham Əliyev bu sualların hər birinə son dərəcə təmkinlə, soyuqqanlılıqla cavab verdi, məsələnin mahiyyətini səbirlə izah etdi, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini və dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirdi.
Ümumiyyətlə, qətiyyətli, nüfuzlu siyasi rəhbərə və dövlət başçısına beynəlxalq marağın yüksək olması təbiidir. Bu marağın müharibə zamanı xüsusilə yüksək olması tam məntiqlidir. Bəşər tarixinin son onillikləri müharibələrlə doludur. Lakin heç bir dövlət başçısı həmin müharibə zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Bu baxımdan İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi ilk növbədə Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir.
Mən bu müsahibələri oxuduqca bir daha İlham Əliyevin qətiyyətinin, yüksək liderlik keyfiyyətlərinin, siyasi müdrikliyinin və uzaqgörənliyinin şahidi oldum. Bir daha sevindim ki, xalqımızın belə lideri var və bir daha əmin oldum ki, Azərbaycan dövlətinin idarəçilik sükanı etibarlı əllərdədir.

Respublikamızı müharibəyə birinci başlamaqda ittiham etmək cəhdi baş tutmadı
Başlayaq Azərbaycana qarşı ittihamlardan. Bu müsahibələrlə tanış olarkən görürük ki, həmin KİV-lər müharibəni birinci hansı tərəfin başlanması məsələsinə aydınlıq gətirmədən suallarında birbaşa Azərbaycanın hərbi əməliyyatlara başladığını bildirirlər. Məsələn,Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalının əməkdaşının ilk suallarından biri belədir: «Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?». Eyni məzmunlu sualı Fransanın “Figaro” qəzeti ünvanlayır: «Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?».
Yəni, göründüyü kimi, jurnalist aldığı təlimata uyğun olaraq sual vermədən birbaşa ittihama keçir və məqsəd bu həssas və incə məsələdə «fürsət» tapıb Azərbaycanın ikinci Qarabağ müharibəsində hücum edən tərəf olduğunu «dünyaya göstərməkdir». Amma İlham Əliyev tədbirli və hazırlıqlı siyasətçidir. Jurnalistin ona bu cür suallar verib «istədiyi» cavabı olması mümkün deyil. Ona görə Prezident İlham Əliyev “Fox News” televiziyasını bu barədə suala cavabının ilk cümləsindən məyus edir: «Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur.
Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik».
“Figaro” qəzeti də bu suala istədiyi cavabı ala bilmir: «Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi… Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik».


İlham Əliyev qadağan olunmuş silahlardan istifadəyə dair ölkəmizə yönəlmiş ittihamların qarşısını aldı
Müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində darmadağın edilən, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilən işğalçı qoşunlar bu məğlubiyyətin əvəzini çıxmaq üçün Tərtər, Bərdə, Goranboy, Beyləqan, Ağdam, Ağcabədi rayonlarını hər gün artilleriya və raket atəşinə tutdu.
Düşmənin bu zaman qadağan olunmuş kasetli bombalarından istifadə etdiyi də təsdiqini tapdı. Cəbhə xəttindən uzaqda yerləşən Gəncəyə ballistik zərbə endirildi. O cümlədən Abşeron, Xızı, Şəmkir rayonları, Mingəçevir şəhəri hədəfə alındı.
Ermənistanın bu raket hücumlarını həyata keçirməkdə yeganə məqsədi mülki insanlar arasında təşviş və çaxnaşma yaratmaq, bacardıqca çoxlu mülki şəxsləri qətlə yetirmək idi. Lakin Vətən müharibəsində yumruq tək birləşən xalqımızın iradəsini qırmaq, qorxutmaq mümkün deyildi. Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradında Prezident İlham Əliyev xalqımızın qəhrəmanlığını qeyd edərək dedi: “Mən bir daha Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirmək istəyirəm. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb”.
“Amnesty International” təşkilatı da hələ müharibə günlərində Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsini bəyan etdi. Lakin erməni təəssübkeşliyinin nəticəsi idi ki, bununla bağlı Ermənistana hansısa beynəlxalq təzyiq heç bir beynəlxalq təşkilatın yadına düşmədi. Ermənistan tərəfi guya Azərbaycanın da qadağan olunmuş silahlardan istifadə etdiyini bəyan etsə də ortaya bir fakt, bir sübut qoya bilmədi. Belə olan halda Almaniyanın ARD televiziya kanalının əməkdaşının Prezident İlham Əliyevə «Onlar iddia edirlər ki, Siz kasetli raketlərdən istifadə edirsiniz. Hətta Sizin orada və Dağlıq Qarabağda kasetli raketlərdən istifadə etdiyinizə dair “Amnesty International” və “Human Rights Watch” təşkilatlarından bəzi dəlillər var idi. Nəyə görə Siz bu növ silahlardan istifadə edirsiniz?» sualı ünvanlaması ilə erməni maraqlarına xidmət göstərməsi aydın idi. O cümlədən “BBC News” televiziyası «Lakin eynilə, Siz kassetli silahlardan danışdıqda, sübut var ki, Siz də mülki yerlərdə, Stepanakertin küçələrində kassetli silahlardan istifadə etmisiniz və bu, “Human Rights Watch” təşkilatı tərəfindən geniş şəkildə sənədləşdirilmişdir, şəkillər çəkilmişdir, videolar çəkilmişdir, şahidlər ifadə vermişdir. Onların hadisə yerinə getmək imkanı var idi. Nəyə görə Siz o dərəcədə qeyri-dəqiq ola bilən kassetli silahlardan mülki yerlərdə istifadə edirsiniz?» sualı ilə Azərbaycana qarşı eyni mənbədən sifariş aldığını təsdiq edirdi.
Qeyd edim ki, artıq Ermənistanın bu əməlləri beynəlxalq səviyyədə etiraf edilir və ifşa olunur. Belə ki, yanvar ayında “Amnesty International” təşkilatı 44 günlük müharibə zamanı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə dair yeni hesabat yayıb. Hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-dəqiq ballistik raketlərdən, idarəolunmayan çoxsaylı raket sistemlərindən və artilleriya silahlarından istifadə edildiyi bildirilir. Lakin müharibə günlərində bu təşkilat heç bir fakt olmadan Azərbaycanın döyüşlərdə qadağan olunmuş silahlardan istifadə etdiyini iddia etsə də, bu barədə heç bir fakt ortaya qoya bilməmişdi. “CNN International” televiziyasının əməkdaşı Prezident İlham Əliyevlə müsahibəsində son suallarını yalnız bu mövzu ətrafında qurmaqla, “Amnesty International” təşkilatının öz təsdiqini tapmayan iddialarına istinad etməklə israrla Azərbaycanı insanlıq əleyhinə cinayətdə ittiham etməyə cəhd göstərirdi. Lakin «Mən deyərdim ki, ermənipərəst və anti-Azərbaycan mövqeyinə görə sizin adını çəkdiyiniz təşkilatla bizim heç bir təmasımız yoxdur. Birincisi, bu, səhvdir, yanlışdır. İkincisi, mən onlara tövsiyə edərdim ki, kasetli bombaların bizim mülki şəxslərimizə qarşı necə istifadə olunduğuna baxsınlar. Onların “Smerç”dən, “Elbrus”dan, “Toçka U”dan, ballistik raketlərdən bizim şəhərlərimizə qarşı necə istifadə etdiyinə baxsınlar - Gəncə, Goranboy, Naftalan, Yevlax və digər şəhərlər Ermənistanın bombardmanı altındadır. Niyə “Amnesty International” yalnız bir tərəfi görür və ya görmək istəyir? Niyə onlar digər tərəfi görmürlər? Sual budur» deyən İlham Əliyev həmin jurnalistin bütün arqumentlərini darmadağın etdi. Və dövlət başçısı sübut etdi ki, jurnalist eyni sualları bundan əvvəl müsahibə götürdüüyü Ermənistan prezidentinə verməməklə tamamilə qərəzli mövqe tutub.


Azərbaycanı dünyaya xristian dininin düşməni kimi tanıtmaq planı iflasa uğradı
Bu müsahibələrdə Azərbaycana Şuşadakı kilsəyə raket zərbəsi endirilməsi məsələsi ilə də bağlı qara yaxılmasına da cəhd edildi. Lakin Prezident İlham Əliyev Qərb KİV-lərinin bu cəhdlərinin qarşısını müdrikcəsinə, faktlarla aldı. Məlum olduğu kimi, müharibə günlərində Şuşadakı kilsəyə raket zərbəsi endirilmişdi. Lakin araşdırmalar, raket zərbəsi nəticəsində kilsənin binasına dəyən ziyan və daxili interyerinin vəziyyəti göstərirdi ki, bu hadisə əslində Ermənistanın öz tərəfindən törədilib və məqsəd Azərbaycana qara yaxmaqdır. Amma Qərb KİV-lərinin əməkdaşları Azərbaycan Prezidentindən ordumuzun belə bir zərbəni endirib endirmədiyini soruşmurdular və birbaşa ittihamla çıxış edirdilər.
Məsələn, Azərbaycanı mülki erməni əhalini atəşə tutmaqda ittiham edən “Sky News” televiziyasının müxbiri deyirdi: «Lakin Siz regionun paytaxtı olan Stepanakertə qarşı elə bunu edirsiniz. Siz bunu Şuşaya qarşı edirsiniz, hansı ki, dünən bir yox, iki dəfə atəşə tutulmuşdur. Oradakı kilsəyə iki dəfə zərbə vurulmuşdur və açıq-aydın idi ki, orada mülki şəxslər və jurnalistlər özlərinə sığınacaq tapmışdılar». Yaxud, “BBC News” televiziyası: «Prezident Əliyev, dinə gəldikdə, Ermənistanda kilsəyə hücum olub». “France 24” televiziya kanalının da bu barədə sualı məzmunca o birilərindən fərqlənmirdi: «Bəs, Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsi görüntüləri barədə nə deyə bilərsiniz? Əlbəttə ki, onlar hərbi hədəflər deyil».
Cənab İlham Əliyev bu sualların hamısını dəqiqliklə cavablandırdı. Və bu cavablarla dünya erməniliyinin Azərbaycan haqqında yaratmaq istədiyi «qeyri-sivil dövlət təsəvvürü elə ilk cəhdə iflasa uğradı. Dünya erməniliyinin kilsə məsələsində Azərbaycanı dünyaya xristian dininin düşməni kimi tanıtmaq istəyirdi. Amma elə ilk addımda bu riyakar planı uğursuzluğa düçar oldu. “France 24” televiziya kanalına müsahibəsində İlham Əliyev bütün dünyaya əsil həqiqətləri çatdıraraq dünya erməniliyinin bütün iddilarını darmadağın etdi: «Bəli, siz haqlısınız. Biz bu məsələni araşdırırıq. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər».

 

Azərbaycanda muzdlu döyüşçülərin olduğunu deyənlər heç bir sübut və dəlil ortaya qoya bilmədilər
Azərbaycana ünvanlanan başqa bir ittiham respublikamızın guya xarici ölkələrdən muzdlu döyüşçüləri cəlb etməsi barədə idi. Bununla da məqsəd Azərbaycanın terrorçu təşkilatlarla əməkdaşlıq etdiyini göstərmək idi. Məlum olduğu kimi, bu məsələni hətta Fransa prezidenti E.Makron da iddia etmiş, lakin ortaya bir fakt qoya bilməmişdi. Ümumiyyətlə, Fransa prezidentinin hərbi əməliyyatların başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına zidd olmaqla neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulması idi. Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi, həm də Fransada qarşıdan gələn seçkilərlə bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib. Bu baxımdan Makron müharibə günlərində vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğul oldu, Azərbaycana qarşı ittihamlarla çıxış etməklə Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə apardı.
Azərbaycanın II Qarabağ müharibəsində muzdlu döyüşçülərdən istifadə etməsini iddia edənlərdən birincisi də E.Makron olmuşdu. Lakin o bu məsələdə aşağı səviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərə istinad etmiş və heç bir fakt göstərə bilməmişdi. Sarı mətbuatın məlumatının Fransa kimi ölkənin başçısının dilindən səslənməsi isə bu dövlətə başucalığı gətirmədi.
Prezident İlham Əliyevin xarici KİV-ə müsahibələri zamanı bu məsələni ilk dəfə ötən il oktyabrın 9-da “CNN International” televiziya kanalı gündəmə gətirmişdi. Təsadüfi deyil ki, jurnalistin ilk sualı da bu mövzuda idi. Hər bir jurnalistin ən böyük silahı faktdır. Amma “CNN International” kanalının bu barədə sualının məzmunundan göründü ki, jurnalist heç bir fakta istinad etmir və yalnız proseslərdən ümumiyyətlə kənarda olan Ermənistan prezidentinin sözlərinə əsaslanır: «Mən Ermənistan prezidenti ilə danışdım və o, mənə dedi ki, bu münaqişə əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənir. Çünki Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o, mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları, terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçün Azərbaycana minlərlə adam gətirib. Türkiyə öz hərbi gücü ilə guya müəyyən beynəlxalq logistik strukturları qorumaq üçün orada olduğunu deyir. Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı?».
Prezident İlham Əliyev suala cavab verməklə, həm də dolayısı ilə kanalın şayiə yaydığını söylədi. Azərbaycanın heç bir xarici hərbi qüvvədən istifadə etmədiyini birmənalı şəkildə bildirən Prezident İlham Əliyev, eyni zamanda, vaxtilə Ermənistanın Azərbaycan ərazilərini xarici havadarlarının köməyi ilə işğal etdiyini bildirərək, jurnalisti fakt qarşısında qoydu və həm dünya ictimaiyyətini bir daha bu barədə məlumatlandırdı. «Bəli, türk avadanlığı var. Türk qüvvələri yoxdur. Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin mənə təqdim etdiyiniz kimi, mən onun dediklərini görməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu, yanlış informasiyadır. Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçinin Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan tərəfindən “Azərbaycana kimsə kömək edir” demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik» cavabından sonra jurnalist bir daha Azərbaycanı muzdlulardan istifadədə ittiham edə bilmədi.
Azərbaycanda türk silahlarının olmasına gəldikdə isə Prezidentin cavabı olduqca müdrik oldu. Bəli, Azərbaycanda təkcə türk silahları yox, həm də rus, İsrail, Belarus, Ukrayna silahları var və həmin silahları Azərbaycan Ermənistandan fərqli olaraq hansısa dövlətdən hədiyyə kimi yox, pulla alır.
Fransanın “Figaro” qəzeti də Prezident İlham Əliyevlə müsahibədə heç bir fakta söykənmədən Azərbaycanı xarici döyüşçülərdən istifadədə ittiham edirdi: «Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?» Lakin Prezident İlham Əliyev bəyan etdi ki, bu barədə iddia edənlər tərəfindən heç bir dəlil təqdim olunmamışdır və bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir: «Əvvəla, Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Deməli, bu, birincisi. İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir».
Göründüyü kimi, jurnalist həm də Türkiyə hərbçilərinin də döyüşlərdə iştirak etdiyini iddia edir. 44 günlük müharibə günlərində Azərbaycan Türkiyənin siyasi və mənəvi dəstəyini gördü. Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bu ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə, həm də sərt üslubda Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığının şahidi oldu.
Türkiyənin Azərbaycanı dəstəkləməsi ayrı-ayrı siyasi dairələr və erməni təəssübkeşləri tərəfindən qısqanclıqla qarşılanırdı. Çünki bu gün güclü Türkiyənin beynəlxalq məsələlərdə iştirakı və qətiyyətli mövqeyi göz önündədir. Buna görə də Türkiyənin Azərbaycana güclü siyasi dəstəyi bəzi dairələr tərəfindən narahatlıqla qarşılanırdı. Bu “France 24” televiziya kanalının sualında da özünü büruzə verirdi. «Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian deyib ki, Türkiyənin hərbi iştirakı mövcuddur və bu da münaqişənin beynəlmiləlləşdirilməsinə gətirib çıxara bilər. O, bu məsələdə səhv edir?», - deyə kanalın jurnalisti sual verirdi. Prezident İlham Əliyevin dəqiq və konkret cavabı isə juranilistin bu məsələ iddialarını davam etdirməsinin qarşısını aldı. «Bəli, o, bu məsələdə səhv edir. Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil», - deyə İlham Əliyev bildirdi.
Xatırladım ki, “France 24” televiziya kanalının Fransanın Xarici İşlər nazirinin heç bir fakta əsaslanmayan sözlərinə əsaslanan eyni məzmunlu sualını “CNN International” televiziyasının jurnalisti də Prezident İlham Əliyevə ünvanlamışdı. “Sky News” televiziya kanalının da müxbiri «Fransızlar və ruslar deyirlər onlarda kəşfiyyat məlumatı var ki, Sizin cəbhə xəttində suriyalı muzdlulardan istifadə olunur. Siz bunu qəti şəkildə inkar edirsiniz?», - deyə sual etmişdi. Bütün bunlar bir daha göstərir ki, Qərbin adıçəkilən KİV-ləri Prezident İlham Əliyevlə müsahibədən əvvəl ermənipərəst siyasi dairələrdən aldıqları eyni məzmunlu sifarişləri yerinə yetiriblər.

Prezident İlham Əliyevə ünvanlanan suallarda dünya erməniliyinin keçirdiyi qorxu hissi açıq şəkildə görünürdü
Bu müsahibələrdə görünən başqa bir məqam isə dünya ermənilərinin keçirdiyi qorxu hissinin açıq şəkildə görünməsi idi. Bu, demək olar ki, bütün müsahibələrdə İlham Əliyevə müharibənin nə qədər çəkəcəyi, o cümlədən Azərbaycanın şərtləri barədə verilən suallardan aydın görünürdü. Lakin bu sualları verərkən jurnalistlər Azərbaycanı öz ərazilərini işğaldan azad edən ölkə kimi deyil, sanki başqa bir dövlətin torpaqlarını zəbt edən tərəf kimi göstərməyə çalışırdılar. Məsələn, “BBC News” televiziyasının müxbiri İlham Əliyevin şərtlərini ultimatum kimi şərh edərək sual verir: «Siz bir ultimatum verirsiniz, Siz deyirsiniz ki, onlar bütün bu əraziləri qaytarmağa razılaşmalıdır və yalnız sonra danışıqlar ola bilər. Bu, danışıqlar üçün böyük bir ilkin şərtdir». Prezident İlham Əliyev danışıqlar prosesindən xəbəri olmayan jurnalistin sualını təmkinlə cavablayır: «Xeyr, heç də belə deyil. Çünki mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçün çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupunun həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar. Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq».
Növbəti bir sualda jurnalist sanki Ermənistanın nümayəndəsi kimi danışır: «Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir». O cümlədən, «Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirsəniz, həqiqətən də, bir erməninin Dağlıq Qarabağda qalacağını və Azərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz?», «Ermənilər də, əlbəttə, iddia edirlər ki, onlar da qovulublar, onlar da illərlə qətliamların qurbanları olublar», «Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Bizə verilən məlumata görə, onların çoxu qorxu içində yaşayır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki?» kimi suallar isə əslində beynəlxalq ictimaiyyətdə Azərbaycan dövlətinin imicinə qarayaxmaq məqsədi güdürdü.
Müharibə günlərində dünya erməniliyini və erməni təəssüb­keşlərini qorxudan başqa bir məsələ Qarabağ ermənilərinin taleyi idi. Ona görə müharibənin ilk günündən onlar Qarabağ ermənilərinin etnik təmizlənməyə məruz qalması barədə hay-həşir salmışdılar. Dünya erməniliyinin Azərbaycan barədə yanlış təşəvvür yaratmaq cəhdi Prezident İlham Əliyevə ünvanlanan suallarda öz əksini tapdı. Suallara diqqət yetirək. “CNN İnternational”: «Azərbaycan hökuməti torpaqları geri götürsə, onlar etnik təmizləməyə məruz qala bilərlər». Fransanın “Figaro” qəzeti: «Mən xatırlayıram ki, 1990-cı illərin əvvəllərində Bakıda antierməni poqromları var idi. Ona görə də ermənilər inanmırlar, deyirlər ki, yaşaya bilməzlər, Azərbaycan ərazisində yaşamaq üçün, həyatları üçün qorxurlar». Almaniyanın ARD televiziyası: «Bu insanlar Sizin hərbi əməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruz qalırlar?». “BBC News”: «Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət verirsiniz?».
Bəli, bu suallarda həm də dünya erməniliyinin bir qorxusu var, həm də dünyada Azərbaycan haqqında yanlış təsəvvürlər yaratmaq cəhdi. Prezident İlham Əliyev bu sualların hər birini siyasi müdrikliklə, uzaqgörənlikdə cavablandırdı. Ermənistanın əslində Azərbaycana qarşı etnik təmizləmə siyasəti apardığını deyən Prezident Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıların qovulduğunu dünyaya bəyan etdi. “CNN International” televiziyasına müsahibəsində Prezident İlham Əliyev faktlar əsasında hansı tərəfin etnik təmizləməyə məruz qaldığını dünyaya çatdırdı: “Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizin müxtəlif şəhərlərində, əsasən paytaxt Bakıda yaşayır. Bizim ikinci ən böyük şəhərimiz olan Gəncəyə hücum üçün ermənilərin istifadə etdiyi uzunməsafəli dağıdıcı mərmilərdən biri olan “Smerç” erməni qadının evinə düşüb. Beləliklə, bu gün Azərbaycanda sülh və ləyaqət içində yaşayan minlərlə erməni var. Lakin bütün azərbaycanlılar Ermənistandan qovulmuşdur. Ermənistan əhalisi 99 faiz ermənilərdən ibarətdir. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Erməni prezidenti yenə də yalan deyir. Bu gün Dağlıq Qarabağda əhalinin 95 faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Çünki orada yaşayan 25 faiz azərbaycanlı əhali Ermənistan rejimi tərəfindən etnik təmizlənməyə məruz qalmışdır”.

Xankəndinin Stepanakert adlandırılması erməni maraqlarına xidmətin təsdiqi idi
Müsahibələrdə diqqəti çəkən başqa bir məqam jurnalistlərin Xankəndini Stepanakert adlandırması idi. Nəzər yetirək. “France 24” televiziya kanalı: «Lakin Azərbaycan da atəşi davam etdirib, elə deyilmi? Dünya Dağlıq Qarabağdakı Stepanakertdə mülki şəxslərin artilleriya atəşinə tutulması görüntülərini görüb». “Sky News” televiziya kanalı: «Lakin Siz regionun paytaxtı olan Stepanakertə qarşı elə bunu edirsiniz. Siz bunu Şuşaya qarşı edirsiniz, hansı ki, dünən bir yox, iki dəfə atəşə tutulmuşdur».
Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin Qarabağda, o cümlədən Xankəndidə yerləşdirilib. Bu, tarixdir və inkar etmək mümkün deyil. Xankəndi adı isə yalnız sovetlər dönəmində Stepanakert olaraq dəyişdirilib. Bu addımı 1923-cü ildə Moskva tərəfindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilən Sergey Kirov atıb. Şəhər 20 mindən çox azərbaycanlının qətlinə şəxsən rəhbərlik etmiş, Bakıda sovet kommunist diktaturasını yaratmış Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb.
Bu yerdə diqqəti 2020-ci ildə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə yönəltmək istəyirəm. Bu həmin müzakirələr idi ki, Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı çıxılmaz vəziyyətə salmış və Dağlıq Qarabağla bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı. Həmin debatda Prezident İlham Əliyevin nəinki keçmiş Dağlıq Qarabağ konflikti, bütövlükdə milli maraqlarımızla bağlı bütün məsələlərdə prinsipial və barışmaz mövqeyi, Nikol Paşinyan üzərində aşkar diplomatik və əzici üstünlüyü, auditoriyanı inandırmaq qabiliyyəti özünü qabarıq şəkildə göstərdi. Bütövlükdə Münhen debatı Paşinyan timsalında Ermənistanın Qarabağ diplomatiyasının tam iflasının və problemin artıq hərbi-siyasi həll mərhələsinə keçdiyinin, həmçinin təcavüzkarın kapitulyasiya edəcəyi günün uzaqda olmadığının ən güclü anonsu, xəbərçisi kimi yadda qaldı.
Həmin debatda da Prezident İlham Əliyev «Stepanakert» sözünün timsalında Dağlıq Qarabağın tarixi Azərbaycan ərazi olduğunu dünyaya çatdırmışdı. «Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür», - deyə İlham Əliyev bildirmişdi.
Dağlıq Qarabağ işğal altında olsa da, rəsmən Azərbaycan əraziləri kimi tanınıb. Bu mənada həmin coğrafiyada yerləşən yaşayış məskənlərinin adlarının beynəlxalq səviyyədə də Azərbaycanda adlandırıldığı kimi çəkilməsi də Azərbaycana və beynəlxalq hüquqa hörmət məsələsidir. Lakin müsahibələr zamanı məqsədyönlü şəkildə bu şəhərin Stepanakert adlandırılması baş verdi ki, bu da bir daha həmin müsahibinə götürən televiziya kanalının erməni maraqlarına xidmət etməsindən xəbər verirdi.
Almaniyanın ARD telekanalına müsahibəsində Prezident İlham Əliyev bu məsələyə qayıdaraq əsl həqiqətləri növbəti dəfə beynəlxalq auditoriyaya çatdırdı: «Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun».
Ümumiyyətlə jurnalistlər vasitəsilə səsləndirilən əsas suallardan biri ermənilərin bu ərazilərdə guya lap qədimlərdən yaşamaları barədə olurdu! Əslində, bu sualın əsl mahiyyəti belə idi: ermənilər əvvəldən burada yaşayıblar, işğal etdikləri ərazi onlarınkı olub, niyə yerlərindən qovursunuz?!
Bəlkə də bu sualı verən onun gülünc səslənməsinin mahiyyətinə varmırdı. Ancaq cənab İlham Əliyev özünü o yerə qoymayaraq, 1805, 1813 və 1828-ci il Kürəkçay, Türkmənçay və Gülüstan müqaviləsinə əsasən ermənilərin sonralar - Qarabağ və Şuşa xanı İbrahimxəlil xanla rus generalı Sisianovun imzaladıqları müqaviləyə əsasən, bu torpaqlarda yerləşdirildiklərini, qədim Azərbaycan şəhəri İrəvanın isə onlara paytaxt kimi verildiyini söyləyərək həm də tarix dərsi keçirdi. Üstəlik, tarixi mənbənin yerini də göstərirdi: internetə girməklə həmin sənədlərlə özünüz də tanış ola bilərsiniz! Həm də başa salırdı ki, yerli əhali azərbaycanlılardır, indi isə yersiz ermənilərə yerlərini göstərirlər! «Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahimxəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib», - deyə Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına bildirir.

 

İlham Əliyevdən demokratiya və jurnalistika dərsi
Azad mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Lakin dünyada «jurnalist etikası» deyilən bir anlayış da var. Hər bir KİV mətbuatın ümdə prinsiplərinə sadiq olmağı bacarmalı, qərəzsiz olmalı, informasiyanın ictimai rəyə ötürülməsində vicdanlı olmalıdır.
Bu gün Azərbaycanda da KİV-in qarşısında duran mənəvi öhdəliklərdən biri medianın dəyərlərinə, təməl prinsiplərinə əməl olunmasıdır. Azərbaycan mətbuatı həqiqətən mütərəqqi ideyaların carçısı kimi çıxış edir. Media bütün konyunktur maraqlardan öndə dayanaraq, cəmiyyət qarşısındakı məsuliyyətini unutmamalıdır.
Lakin təəssüf ki, bəzi Qərb ölkələrinin media orqanlarında bunu görmək mümkün deyil. Mənəvi aşınma, deqredasiya, ümumiliklə qəbul olunmuş normalardan, peşə etikasından uzaqlaşmaq, siyasi və iqtisadi dairələrinin maraqlarına uyğun fəaliyyət göstərmək hətta tarixi ənənələri olan bir sıra xarici KİV-lər üçün adi normaya çevrilib. Görünən odur ki, bizə demokratiya dərsi keçmək istəyən, bizdən demokratiya tələb tələb etmək xülyasından əl çəkmək istəməyən cəmiyyətlər əvvəlcə öz gözlərində olan tiri görməlidirlər.
Həmin KİV-lərin Ermənipərəst dairələrin ruporu rolunu oynadıqları Prezident İlham Əliyevlə müsahibələr zamanı da özünü göstərdi. Lakin İlham Əliyev onların erməni maraqlarının tərənnümçüsü olan suallarının hər birinə son dərəcə təmkinlə, soyuqqanlılıqla cavab verdi, məsələnin mahiyyətini səbirlə izah etdi, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini və dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirdi.
Bu müsahibələr zamanı Azərbaycanı ittiham edən jurnalistlərin heç biri ortaya fakt qoya bilmədi. Amma İlham Əliyev onları fakt qarşısında qoydu. Məsələn, ABŞ-ın “Fox News” televiziyasını müxbiri suallarının birində mövzudan yayınaraq belə bir iddia ilə çıxış etdi ki, Azərbaycanın daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var və müharibənin başlanması qanun pozuntuları hesab olunan hallardan diqqəti yayındırmaq üçündür.
Korrupsiyanın hər yerdə olduğunu və Azərbaycanda bununla mübarizə aparıldığını deyən Prezident İlham Əliyev həmçinin diqqəti ABŞ-a çəkdi, orada mühüm vəzifələri ata və oğulun tutduğunu jurnalistin diqqətinə çatdırdı. «Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi», - deyə İlham Əliyev bildirdi. «Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər» sözlərinə İlham Əliyevin «Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş» cavabı jurnalisti çıxılmaz vəziyyətə saldı və onun Azərbaycan Prezidentinin ABŞ siyasətini bilməsini etiraf etməsindən başqa bir yolu qalmadı.
Eyni vəziyyət Almaniyanın ARD televiziyasına müsahibə zamanı da yaşanı. Alman jurnalist də Azərbaycanda insan haqlarının pozulduğunu iddia edərək, müharibəni məhz buna görə başladığı barədə cəfəng ittiham irəli sürdü: «Mən bildiyimə görə, okt­yabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamısınız».
Əvvəldə qeyd etdiyim kimi, jurnalistin ən güclü silahı faktdır. Amma alman jurnalist də İlham Əliyevin qarşısına yalan faktlarla çıxmışdı və Prezident İlham Əliyev həmin adamın adını soruşduqda çıxılmaz vəziyyətə düşdü. «Beləliklə, biz bu sualı etibarsız hesab edə bilərik, çünki sizdə ad yoxdur», - deyə İlham Əliyev həm də həmin müxbirə jurnalistika dərsi keçdi.
Eyni zamanda, Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycana qarşı əsassız iddia edən siyasi mərkəzlərə də demokratiya dərsi keçdi. Bu gün özünü demokratiyanın beşiyi sayan əksər Avropa ölkələrində insan hüquqları sahəsində vəziyyət heç də iddia olunduğu kimi deyil. Heç bir partiya, heç bir təşkilat icazəsiz şəkildə mitinq keçirə bilməz. İcazəsiz mitinqlərin atların və itlərin köməyin ilə dağıdılması özünü demokratiyanın beşiyi sayan bir çox Qərb dövlətinin acı mənzərəsidir. Son olaraq Fransada «sarı jiletlilərin» mitinqlərini buna misal göstərmək olar. İlham Əliyev bunu nəzərdə tutaraq «Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur», - deməklə Azərbaycanda demokratiyanın pozulduğunu iddia edən jurnalisti fakt qarşısında qoydu.
Həmçinin alman jurnalistin Azərbaycanda türk əsgərlərini görməsi məsələsində də İlham Əliyev ona jurnalistika dərsi keçdi. Onun Bakıda Bakıda şəhərində küçədə türk əsgəri görməsinə Prezidentin «İndi burada alman əsgərləri də ola bilər» cavabı jurnalisti sözün əsl mənasında çıxılmaz vəziyyətə saldı.


Azərbaycan Prezidenti erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında da tutarlı zərbə vurdu
Bu müsahibələrdə bəzi Qərb KİV-ləri tərəfindən yalnız erməni maraq­larının nəzərə alındığını göstərən başqa bir məqam isə ondan ibarətdir ki, jurnalistlər Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan mövqeləri, Ermənistanın müharibə cinayətləri barədə bir dəfə də olsun sual ünvanlamadılar.
Azərbaycan-Ermənistan münaqi­şəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə bağlı 1994-cü ildən bəri aparılan danışıqlar məhz işğalçıya təsir göstərilməməsi səbəbindən nəticəsiz qaldı. O cümlədən, BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr yerinə yetirilməmiş qalıb. Nə BMT, nə də digər təşkilatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad edilməsinə maraq göstərmədilər. Müsahibələr zamanı jurnalistlərin heç biri bu barədə bir sual belə ünvanlamadı, BMT-nin məlum 4 qətnaməsinin yerinə yetirilməməsi ilə maraqlanmadı. Çünki onların qarşılarına qoyulan vəzifələr yalnız və yalnız Azərbaycanın uğurlu hərbi əməliyyatlarına qara yaxmaq, öz maraqlarını təmin etməsi barədə dünyada yanlış təəssürat yaratmaq, işğalçı dövlət kimi təqdim etmək idi.
Müsahibələrin birində ABŞ-ın “Fox News” televiziyasının jurnalisti belə sual verir: «Cənab Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi, BMT-nin, Rusiyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, NATO-nun çağırışlarına müqavimət göstərirsiniz? Atəşkəs üçün çağırışlara nəyə görə müqavimət göstərirsiniz və faktiki olaraq elan olunmuş atəşkəsi pozursunuz?». Sualın məzmunundan göründüyü kimi, sifariş ermənipərəst dairələrdən gəlib və onları Azərbaycan torpaqlarının işğalı faktı qətiyyən maraqlandırmır, əvəzində isə Azərbaycan münaqişənin həllinə heç bir töhfə verməyən siyasi mərkəzlərin çağırışlarına müqavimət göstərməkdə, atəşkəsi pozmaqda ittiham olunur.
44 günlük müharibədə Ermənistan müharibə əleyhinə cinayətlər törətdi. Gəncə, Bərdə şəhərləri ballistik və qadağan olunmuş silahlarla atəşə tutuldu, mülki əhali amansız şəkildə qətlə yetirildi. O cümlədən, cəbhə xəttindən aralıda yerləşən digər şəhər və rayonlar, mülki insanlar və obyektlər Ermənistan tərəfindən davamlı raket atəşinə tutuldu. Tərtər şəhəri Böyük Vətən müharibəsinin dövrünün şəhərlərinə bənzəyirdi.
Amma adları çəkilən Qərb KİV-ləri bu barədə bir dənə də olsun sual vermədilər. Əvəzində isə demək olar ki, hamısı hərbi təlimlərdən sonra Gəncədə qalmış Türkiyənin F-16 hərbi təyyarələri, Azərbaycan Ordusunun hərbi əməliyyatlarda hücum dronlarından istifadə etməsi qeyd olunan Qərb KİV-lərinin suallarında yer alırdı.
Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziyası Prezident İlham Əliyevdən müsahibəni oktyabrın 25-də götürmüşdü. Buna qədər Gəncə şəhəri artıq 3 dəfə bombardman edilmişdi. Amma jurnalist «Lakin, cənab Prezident, biz Dağlıq Qarabağın paytaxtının görüntüləri olan videoları, səhnələri görmüşük, orada bütün əhali zirzəmilərdə yaşamaq məcburiyyətindədir, hər 20 dəqiqədən bir artilleriya səsləri eşidilir, mülki şəxslərin yaşadığı şəhər dağılıb» deməklə Ermənistanın maraqlını müdafiə etdi.
Yaxud Fransanın “Figaro” qəzetinin əməkdaşı sualdan çox ittiham olan belə bir fikir söyləyir: «Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər». Buna qədər Gəncə 3 dəfə bombardman edilmişdi və raket zərbələrinin şəhərin məhz mərkəzi hissələrinə endirilməsi göstərirdi ki, Ermənistanın hədəfi yalnız mülki insanlar olmuşdur. Amma jurnalisti Gəncə şəhərində mülki insanların qətliamı qətiyyət maraqlandırmır və bu barədə heç bir sual ünvanlamır.
Qeyd edim ki, eyni vaxtda Ermənistanın Baş naziri Paşinyan da xarici KİV-ə müsahibələr verirdi. Lakin Paşinyan hər dəfə danışdıqca özünü və ölkəsini biabır etdi. Bununla həm də Ermənistanın informasiya müharibəsindəki məğlubiyyətini də təmin etdi.
Beləliklə, döyüş meydanının qalibi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşında da qalib oldu. Ən mühümü odur ki, Azərbaycan Prezidenti həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarına tutarlı zərbə vurdu. Bununla da həm Ermənistanın, həm dünya erməniliyinin, həm də erməni lobbisinin Azərbaycana qarşı informasiya mühiti yaratmaq xülyası iflasa uğradı.

 


Ziyad SƏMƏDZADƏ,
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı