Aytən Səmədzadə: Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin edilməsində təbii inkişaf amillərinin rolu
44 günlük Vətən müharibəsində şanlı ordumuzun böyük zəfəri bütöv Azərbaycan sərhədlərini bütün dünyaya bir daha tanıtdı. Ali Baş Komandanın hər dəfə şəhər və kəndlərimizin geri alınması haqda verdiyi qələbə xəbərləri bizi qürurlandırdı, xüsusilə Şuşanın işğaldan azad olunması ilə bağlı xalqa müraciətində “Əziz Şuşa, sən azadsan, biz səni dirçəldəcəyik” sözləri hər bir Azərbaycanlıda kövrək hislərlə bərabər, Qarabağda həyatın, mədəniyyətimizin, tariximizin bərpasına, iqtisadiyyatımızın bütün sahələrinin dirçəldilməsinə böyük inam yaratdı. Beləliklə, böyük Zəfər milli təhlükəsizliyimizi təmin etdi. Qarşıda duran mühüm məsələ isə Qarabağda iqtisadi təhlükəsizliyin və onun ən vacib sahəsi kimi ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görüləcək işlərdir.
Qeyd edim ki, müstəqil ölkəmizdə ilk dəfə 2001-ci ildə Ərzaq təhlükəsizliyi proqramı – yəni ölkə əhalisinin aktiv şəkildə öz həyat fəaliyyətini davam etdirməyə imkan verən, fizioloji normalara uyğun təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması Dövlət Proqramı qəbul edilmişdir. 2004-cü ildən başlayaraq qəbul olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icra edilməsi isə regionlarda aqrar sahənin inkişafını sürətləndirməklə bərabər, ölkənin ərzaq təhlükəsizliyi dayaqlarını daha da möhkəmləndirir.
Azərbaycanda real vəziyyət
(2019-cu ildə ölkəmizdə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi mal əti üzrə 86%, qoyun əti-97%, süd və süd məhsulları 86%, yumurta 101,8%, kərə yağı 69,5%, buğda 57%, arpa 100%, qarğıdalı 82%, meyvə-giləmeyvə 123%, tərəvəz 112%, kartof 87,8%, pomidor 132%, üzüm 94% olmuşdur).
2020-ci ilin qlobal pandemiya ili olduğunu nəzərə alsaq, deyə bilərik ki, Covid-19 dünya ölkələrini bürüdükcə onlar arasında sərhədlər qapandı, iqtisadi-ticarət əlaqələri zəiflədi. Pandemiya dövrünün ən mühüm çağırışı hər bir ölkənin idxaldan asılı olmadan və öz daxili mənbələri hesabına əhalisini fasiləsiz olaraq ərzaqla təmin etmək oldu. Bununla belə, ötən ilin sosial-iqtisadi inkişafının nəticələrinə dair müşavirədə bildirildi ki, ölkəmizdə kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2020-ci ildə də davam edib və bu sahə üzrə 2 faiz artım, bitkiçilikdə 1 faiz və heyvandarlıq üzrə 2,9 faiz artım olub. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub və kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib.
Təəssüf ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində çətinliklər yaradan səbəblər arasında siyasi və hərbi münaqişələri, məcburi miqrasiyaları da qeyd etməliyik. Məhz buna görə də düşmən təcavüzünə məruz qalmış ərazilərimizdə kənd təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində qarşıda yeni çağırışlar durur. Bunun üçün qısaca da olsa, bu ərazilərin coğrafi yerləşməsi və təbii landşaftına nəzər salaq. Məlumdur ki, hər regionun özünəməxsus təbii-iqlim şəraiti, coğrafi mühiti burada fərqli kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verir.
Qarabağ zonasının təbii inkişaf amilləri
Mürəkkəb dağ relyefinə malik olan Qarabağ Azərbaycanın yeraltı və yerüstü təbii sərvətləri ilə zəngin ərazilərilərindən biridir. Burada qızıl, gümüş, civə, filiz, qeyri-filiz və digər mineral yataqlar, zəngin mineral su ehtiyatları, İstisu, Turşsu və başqa qiymətli mineral su mənbələri, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişlı şərait olmuşdur. Bu da Qarabağ bölgəsinin böyük iqtisadi potensiala malik olduğunu göstərir. Mənfur qonşuların torpaqlarımızı zəbt etməsi səbəblərindən biri də məhz bu olmuşdur. Qarabağda sənayenin bir sıra sahələri üzrə müəssisələr fəaliyyət göstərmiş, eyni zamanda, Qarabağın ayrı-ayrı rayonlarının iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisi müxtəlif olmuşdur.
1988-ci ildə ölkə əhalisinin 2%-nin yaşadığı DQMV-də respublikanın ümumi kənd təsərrüfatı məhsullarının 5%-i istehsal edilirdi.
Lakin qeyd etmək lazımdır ki, ümumilikdə Qarabağın dağlıq ərazisində, mürəkkəb relyef şəraitində digər aran rayonlarına nisbətən əkinçilik imkanları məhdud olmuşdur. Akademik Z.Səmədzadə tədqiqatlarında göstərirdi ki, hələ işğaldan öncə kənd təsərrüfatına yararlı 398 min ha torpaq sahəsinin cəmi 118 min hektarı əkin üçün istifadə olunurdu. Rayonlar üzrə bu göstərici də xeyli fərqli idi. Kəlbəcər rayonunda cəmi əkin sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsinin 7,9%-ni, Laçında 15,3%, Füzuli rayonunda 33,7%, Ağdamda 42,7%-ni təşkil edirdi. Belə bir fərq Kəlbəcər-Laçın iqtisadi rayonunda yüksək dağlıq sahələrin daha çox olması ilə bağlı idi. Ərazinin iqlimi, relyefi kənd təsərrüfatının ixtisaslaşmasını zəruri edirdi. Bu ərazilər heyvandarlığın inkişafı üçün daha əlverişli şəraitə malik idi. Kənd təsərrüfatının ümumi məhsulunda heyvandarlığın payı ən azı 65-70% təşkil etmişdir.
O dövrün hesablamalarına görə respublikada istehsal olunan baramanın 11%, taxılın 2%, tütünün 7%, ət və südün 7,5-9%-i Kəlbəcər – Laçın iqtisadi rayonunun payına düşürdü. Bu torpaqların zəngin təbiəti, yaylaqları, otlaqları burada ət və süd təmayüllü qaramal təsərrüfatı və qoyunçuluğun inkişafı üçün münbit şərait yaradırdı.
Maraqlı faktı diqqətə çatdırmaq istərdim: Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları kəndlərdə qoyunçuluğun inkişafına mane olurdular. Azərbaycanlıların Qarabağdan qovulması siyasətinin fəal təşkilatçılarından biri hesab edilən B.Arutyan (vilatəyin partiya nəzarəti komitəsinin sədri) özünün 1990-cı ildə Yerevanda nəşr edilən “Dağlıq Qarabağda hadisələr” kitabında yazırdı ki, vilayətdə qoyunçuluq rentabelli deyil, burada 100 mindən artıq qoyun və keçi saxlamaq olmaz, onların sayı 2,6 dəfə azaldılmalı, donuzçuluq inkişaf etdirilməlidir.
Qarabağın sürətlə inkişaf edən rayonlarından biri də Füzuli rayonu idi ki, burada üzümçülük inkişaf etdirilirdi. Bu rayonda 1991-ci ildə 114 min ton üzüm istehsal olunmuşdu ki, bu da respublika üzrə üzüm istehsalının 11%-ni təşkil edirdi. Regionda mövsüm üzrə üzüm emal edən ilkin şərab zavodu, ağ şirin çaxır, şərab-konyak zavodları, mineral su dolduran zavod, süd emalı zavodu, yağ-pendir zavodu, ət kombinatı və çörək zavodları fəaliyyət göstərirdi. Ağdərədə arıçılıq inkişaf edirdi. Eləcə də, Qarabağda ipək kombinatı fəaliyyətdə idi, baramaçılığın, tütünçülüyün, kartofçuluğun inkişafı genişlənirdi. Bu yerlərin səfalı dağ havası, şirin suları, nadir müalicəvi mineral suları, qışda sərt, yazda xoş iqlimi özü bir məlhəm idi. Sakinlərin yerli istehsal hesabına təbii, ekoloji təmiz məhsullar ilə qidalanması regionda uzunömürlü insanların sayına təsir edən başlıca amillərdən idi.
Hazırki vəziyyət - ekoloji terror
30 ilə yaxın müddətdə düşmən tərəfindən şəhərlər, kəndlər, yaşayış məntəqələri, yollar, körpülər dağıdılmış, elektrik və qaz xətləri, su qovşaqları məhv edilmişdir. İşğalçı qonşular Sərsəng, Suqovuşan su anbarlarının olmasına baxmayaraq, suyu kəsərək 100 min hektar torpağı susuz qoymuşlar.
İşğaldan azad edilmiş ərazilərmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aşkar etdiyi kütləvi ekoloji terror faktlarına görə nadir ağac və bitki növləri, o cümlədən çinar və şam meşələri dağıdılıb. Burada 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, indi azad edilmiş ərazilərdə isə cəmi 174 min hektar qalmışdır. Yəni, 54 min hektar meşə fondu məhv edilib və bu, erməni cinayətinin növbəti nümunəsidir. Döyüşlər zamanı işğalçı ordunun qadağan olunmuş fosfor bombalardan istifadə etməsi nəticəsində ərazilərdə, demək olar ki, hər şey məhv edilmişdir. Azərbaycanın işğal edilmiş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində təxminən 110 min hektar ərazi sıradan çıxmışdır.
Görüləcək tədbirlər
2021-ci ilin təsdiq olunmuş dövlət büdcəsində məqsədli olaraq bərpa, yenidənqurma işlərinin aparılması, eyni zamanda, Qarabağ regionunun Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının təmin edilməsi üçün 2,2 milyard manat vəsait nəzərdə tutulub.
İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanır ki, burada kompleks yanaşmanı təmin etmək üçün 4 mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur: idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, sosial xidmətlərin fəaliyyəti, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsi.
Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. İnvestisiya layihələrinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi, iqtisadi aktivliyin təşviq olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur.
Prezident İlham Əliyev: Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var. Kəlbəcər, Laçın rayonlarında çox böyük örüş sahələri, otlaq sahələri vardır. Azad edilmiş torpaqlarda sovet dövründə taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, bağçılıq, heyvandarlıq çox geniş vüsət almışdı. Ümumiyyətlə, azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizm sahələri olmalıdır ki, biz bu bölgənin təbiiliyini qoruya bilək.
İlk növbədə, azad edilmiş torpaqlarda ərazilər minalardan təmizlənir və artıq müəyyən dərəcədə işlər görülüb. Orada olan böyük əkin sahələrində keçən il və bu il müəyyən dərəcədə payızlıq əkini aparılır. 2020-ci ildə ümumi ölkə üzrə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub.
Məskunlaşma prosesi başlayandan sonra kənd təsərrüfatı ilə məşğul olacaq sakinlərin aqrar texnika, toxum, gübrə və digər lazımi vasitələrlə təmin edilməsinə dair planlar hazırlanıb. Regionda aqrar sektorun mütəxəssislərlə təmin edilməsi üçün indidən müvafiq təşkilati tədbirlərin görülməsinə ehtiyac vardır. Yerli ixtisaslaşmanı nəzərə almaqla peşə hazırlığını təkmilləşdirmək lazımdır. Regionda ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı üçün də böyük potensial var. Kənd Təsərrüfatı Nazirliyi “Azərkosmos” ASC ilə birlikdə faktiki əkinaltı torpaqların da peyk təsvirləri əsasında xəritələşməsini aparmışdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə ekoloji fəlakətin qarşısının alınması istiqamətində işlərə başlanılıb, minalardan təmizlənmiş bir çox ərazilərdə ağacəkmə kampaniyalarına start verilib.
İnfrastruktur layihələrinin icrası
Regionda artıq bir çox enerji layihələrinin həyata keçirilməsinə başlanır, bank-maliyyə sektorlarının filialları, rabitə xidmətləri açılır, sosial xidmət sektorları fəaliyyətə başlayır, dağıdılmış yollar, körpülər, nəqliyyat dəhlizləri, bərpa olunur, digər quruculuq işləri həyata keçirilir.
Respublika ərazisinin 20%-ni təşkil edən azad olunmuş şəhər və rayonlarda iqtisadi həyatı bərpa etmək üçün ən azı 3-4 min meqavat gücündə enerji potensialının yaradılması tələb ediləcəkdir. Dövlət başçısının tapşırığı ilə burada ənənəvi elektrik stansiyalarının, ilk növbədə su elektrik stansiyalarının tikilməsi ilə yanaşı, alternativ enerji mənbələrinin (günəş, külək) istifadəyə verilməsi ilə baglı layihələrin həyata keçirilməsi nəzərə tutulur. Mütəxəssislərin hesablamalarına görə Qarabağ regionunda alternativ enerji mənbələrinin xüsusi çəkisi yaxın 10 ildə 30-40% təşkil edə bilər.
Qarabağ bölgəsi su ehtiyatları ilə zəngindir. Ölkə üzrə daxili su mənbələrinin 25%-i bu ərazilərin payına düşür. Nəhayət, uzun fasilədən sonra Qarabağın su ehtiyatlarının və bundan istifadə məsələlərinin yenidən qiymətləndirilməsi diqqət mərkəzində olacaq.
Proqnozlar deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Ölkəmizin ərzaq balansı bu ərazilərin inteqrasiyası nəticəsində yenilənəcək və inkişaf edəcək.
Səmədzadə Aytən, i.f.d. AR Odlar Yurdu Universiteti və Azərbaycan İqtisadçılar İttifaqı: “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş
ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası: konseptual baxış” mövzusunda onlayn respublika elmi-praktik konfransının materialları