MƏQALƏLƏR

Ziyad SƏMƏDZADƏ: XX əsrin Holokostu, Xatını - Xocalı!

  • 31.03.2021

Ötən əsrin ən qanlı faciələrindən, qətliamlarından, soyqırımı aktlarından biri də Xocalı soyqırımı, Xocalı vəhşəti, Xocalı dəhşətidir.
Holokostdan, Xatından sonra dünyada törədilən ən dəhşətli faciə, soyqırımı məhz Xocalı qətliamıdır.
Dünyanın, bəşəriyyətin, insanlığın gözü önündə - 1992-ci ilin soyuq qış gecəsində, fevralın 25-dən 26-na keçən gecədə Azərbaycanın, onun Qarabağının Xocalı adlı şəhəri yer üzündən silindi.
19-cu əsrin sonları, 20-ci ərsin əvvəllərindən təşkilatlanmış erməni caniləri, erməni terrorçuları, gözləri qandan doymayan erməni cinayətkar dəstələri havadarlarının köməyi ilə daha bir qanlı cinayətkarlıq əməlinə əl atdılar, Xocalı qətliamını törətdilər.
Bağanis Ayrım, Qaradağlı, Şuşa, Masis faciələrinə və digər qanlı cinayətkarlıq əməllərinə görə layiqli cəzalarını almayan erməni cinayətkarları və onların qanlı havadarları daha da azğınlaşaraq, 1992-ci ilin 26 fevral tarixində Xocalıda insanlıq dramı yaşatdılar.
Həm də təkcə Bağanıs Ayrımmı, təkcə Qarakəndmi, təkcə Qaradağlımı, təkcə Masis?! 20-ci ərsin əvvəllərində, xüsusilə, 1918-ci ilin fevral-mart aylarında yaşanan, yaşadılan faciələr, mart qırğınları, Şamaxıda, Göyçayda, İsmayıllıda, Qubada və Bakıda törədilən dəhşətlər necə olsun?... Onlar unudula, onlar yaddan çıxarıla, görməzdən gəlinə bilərmi? 1918-ci il martın 31-də qandan bəslənmiş, gözlərini qan tutmuş, insanlıqdan çıxmış ermənilərin, daşnakların, onların qanlı havadarlarının, tətikçilərinin Bakıda yaşatdıqları soyqırımı miqyasına, dəhşətlərinə görə insanlığın utancı, üzqarası deyilmi?!
Bəli, vaxtında hüquqi-siyasi qiymət verilmədiyi, bu dəhşətlərdə rolu olanlar, qanlı cinayətkarlar, canilər-şaumyanlar, mikoyanlar məşhər ayağına çəkilmədiyi, haqlı cəzalarına çatdırılmadığı üçün üstündən 70 il keçəndən sonra Quqark, Masis, Bağanıs Ayrım, Qarakənd, Şuşa, Xocalı faciələri və digər faciələr yaşandı.
Bəli, Holokostun, Xatının, Naqasakinin, Xirosimanın, Serebrenitsanın və Xocalının... baş verməsində dünya, insanlıq, bəşəriyyət özü də günahkar, məsuliyyətlidir.
Bəli, dünya ötən əsrin 40-cı illərində qanlı Hitler faşizmindən, bəlasından qurtula bildi, amma ondan da qəddar və daha amansız olan erməni faşizmindən qurtula, xilas ola bilmədi. Əksinə, dünyanın “taleyi”ni həll edən bir çox Avropa, Qərb ölkələri antitürk siyasəti yeridərək, erməni faşizminə “yaşıl işıq” yandırdı. Həm özü, həm dünya, həm də insanlıq üçün silinməyəcək əbədi bir ləkə “qazandı”.
Bəli, Hitler faşizmi qədər erməni faşizmi də dünya, insanlıq üçün böyük təhlükədir...
Və kimsə də bunun məsuliyyətindən qaça, yaxasını kənara çəkə bilməz və bilməyəcək!

Qanlı yol...
Qeyd edək ki, Xocalı soyqırımına gedən yol 1991-cı ilin payızından, oktyabrından başlamışdı. Çünki Xocalı həmin vaxtdan dörd bir tərəfdən blokadada idi. 1991-ci ilin oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot əlaqəsi qalmışdı.
Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən isə artıq şəhərə elektrik enerjisi verilmirdi. Bu isə sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi.
Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular.
Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Şəhərdə vəziyyət getdikcə ağırlaşırdı. Bütün bunlara baxmayaraq, sovet rəhbərliyi Xocalının xilası üçün heç bir addım atmırdı. Yaranmış vəziyyətdən faydalanmağa çalışan ermənilər isə Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər.
1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı.
50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq tələfatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu.
Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. Sovet ordusunun 366-cı alayının bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.
Elə bu yerdəcə qeyd edək ki, Xocalı soyqırımının baş verməsinin əsas səbəbkarlarından, qanlı iştirakçılarından, cinayətkarlarından biri və birincisi keçmiş sovet ordusuna məxsus olan 366-cı motoatıcı alay, onun rəhbərliyi və kontingentidir. Sovetlərin süqutundan sonra bu alay, necə deyərlər, ermənilərin, Dağlıq Qarabağdakı separatçıların, terrorçuların əmrinə verilmişdi. Alayın rəhbərliyi, əsas heyəti də məhz ermənilərdən, cinayətkarlardan ibarət idi.
Bəlkə də bu alay vaxtında tam tərxis olunsaydı, ləğv olunsaydı, ermənilərin nəzarətindən çıxarılsa idi, Xocalı faciəsi də baş verməzdi. Amma təəssüflər ki, bu, olmadı və nəticədə də qanlı Xocalı soyqırımı baş verdi.
Bəli, azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, “Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırımı törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər, demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçıvanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca amansızcasına qətlə yetirildi. 487 nəfər şikəst edildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edildi, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirildi, əsir götürülənlərə amansız işgəncə verildi. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrildi. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix diyarşünaslıq muzeyi dağıdıldı. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silindi. Xocalı şəhərində yerləşən dövlət və ictimai obyektlərin sayı və dəyəri ayrı-ayrılıqda müəyyən edildi. Xocalı soyqırımından sonra yaradılmış İstintaq komissiyası tərəfindən respublikanın 35 nazirlik və idarəsinin Xocalı şəhərində inşa etdikləri, balanslarında olan tikililər, qurğular, dəzgahlar, xammal və sair qiymətlilər barədə sənədlər toplanılmış, mütəxəssislərdən ibarət komissiya təşkil olunmuşdur. Komissiyanın gəldiyi nəticəyə görə, Xocalı şəhərinin işğalı nəticəsində dövlət idarə, müəssisə və təşkilatlarının, ictimai təşkilatların əmlakına 4 milyard 199 milyon 668 min 338 rubl məbləğində ziyan dəymişdir.
Onu da qeyd edək ki, Xocalıya və xocalılara dəyən təkcə maddi ziyan olmayıb. Faciənin, soyqırımın miqyası heç də və təkcə maddiyyatla, rəqəmlərlə ölçülə, ifadə oluna bilməz. Azərbaycanın tarixi ərazilərindən, qədim yaşayış məskənlərindən uzaq düşməsi, milli, dini, tarixi abidələrlə zəngin olan bir şəhərin bir gecədə vəhşicəsinə, barbarcasına, vandalcasına yerlə-yeksan edilməsi, dünyanın gözü qarşısında insanlıq dramının yaşadılması həm də maddiyyatla, pulla, rəqəmlərlə ifadə olnmayacaq bir mənəvi ziyan, mənəvi itki, mənəvi faciədir. Bunun yerini heç zaman və heç nə doldurmayacaq, doldura da bilməz!
Fakt bu idi ki, Xocalı soyqırımı artıq törədilmişdi. Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhşiliklər törədilməsi, təhqir edilməsi, ermənilərin vəhşiliyi barədə ötən illərdə çox yazıldığından, yenidən təkrarlamağa lüzum yoxdur. Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şəriət yaradan ən böyük amillərdən biri idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olub. Şəhidlik vətənpərvərliyin ən uca zirvəsidir.
Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib:
“Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır”.
O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir...!
Bəlli olduğu kimi, Qarabağ müharibəsinin ideoloqlarından biri, hadisələrin iştirakçısı, ermənilərin ən çox sevdiyi faşist, şovinist təxəyyüllü, xəstə təfəkkürlü erməni yazıçı Zori Balayan “Ruhumuzun canlanması” adlı kitab nəşr etdirib. Balayan “Ruhumuzun canlanması”nda ermənilərin Xocalıda törətdiyi soyqırımı haqqında yazır: “Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk (Azərbaycan-C.Q.) uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.
Bu “İttihamnamə” ilə tanış olan hörmətli xanımlar və cənablar! Zori Balayan terrorçudur, canidir və öz əməllərini özü etiraf edir! Bu sualı haqqı tanıyan hər kəsə ünvanlayıram: beynəlxalq aləm nədən buna fikir vermir? Nədən ötən əsrdə faşist Almaniyasında, sonra Bosniya, Serbiya və başqa yerlərdə insanlara qarşı amansız qətllər həyata keçirən və ya təşkilatçılıq edənlər kimi, o, da mühakimə olunmur? Bu “həkim-yazıçı” hər iki peşənin müqəddəsliyinə, fəlsəfəsinə qarşı çıxaraq, bu bəşəri ixtisasa, sənətə üzqaralığı gətirib, Qarabağda dinc əhaliyə qarşı nə qədər terror əməliyyatı həyata keçirib...
Azərbaycan dövləti İnterpol vasitəsilə Zori Balayanı terrorçu kimi axtarışa verib. Ermənilər bu işə siyasi don geyindirərək hamını inandırdılar ki, bu, “siyasi terror”dur... Və Zori Balayanı buraxdırdılar.
İşgəncələri öz kitabında qeyd edən bir terrorçuya başqa daha nə qədər dəlil-sübut lazımdır?! Samvel adlı erməninin dedikləri sübut edir ki, Ermənistanın keçmiş prezidenti və bu gün də revanşizm hissi ilə alışıb yanan Serj Sarkisyan Xocalı soyqırımında şəxsən amansız qətllər törədib. “Ermənilər hadisələrin üçüncü günü meşədə Xocalıdan qaçsa da, getməyə yer tapmayan azərbaycanlılara rast gəlinirdi. Qoca, qadın, uşaq olan bu dəstədə artıq son nəfəsini yaşayanlar, donub qalanlar və yaralılar var idi. Bizi görən kimi yalvardılar ki, onları öldürməyək. Biz də dedik ki, zinət əşyalarınızı, pullarınızı bəri verin, sizə dəyməyək. Qadınlardan biri dedi, “nəyimiz var, sizin olsun”. Biz isə dedik ki, burda olanlar onsuz da bizimdir. Xocalıda nə gizlətmisiniz deyin, aparaq oradakı varidatı verin, sizi oradan Ağdama yola salacağıq.
Balayan aralıdan olanları izləyirdi. Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nələri qalmayıb. Zinət əşyaları, bank kartları, rus pasportları - nələri varsa, yığıb verdilər. Biz kənara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız qurtarsın. Bu vaxt Sarkisyan yaxınlaşdı ki, guya yoxladınızmı hamısını, bax, o qadının qulağında yeri qalıb sırğaların, yəqin udub. Göstəriş verdi ki, əllərini tutun. Biz qadının əllərini tutduq, müqavimət göstərmədi, gücü qalmamışdı. Özü qadının qarnını yardı, əlini salıb sırğaları və üzüyü çıxardı. Sonra avtomatı götürüb əsirləri güllələdi. Onun əynində kürk var idi. O qədər arıq idi ki, hərbi formanın yaxalığı onun çiyinlərinə keçirdi. Gözlərində eynək var idi. Başını bəlkə də illər idi ki, qırxdırmamışdı, qara, uzun saçı var idi. Əlinin qanını üstünə silib “bəri verin topladıqlarınızı” dedi. Sonra yığdıqlarımızı maşınına qoyub uzaqlaşdı. Yadımdadır, avtomobilinin nömrəsi NK 0001 idi”.
Cinayətlərini ört-basdır etmək məqsədilə erməni silahlıları kütləvi qətliamın baş verdiyi yerə jurnalistləri gətirən helikopterləri atəşə tutublar.
Buna baxmayaraq, televiziya müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dünyanı sarsıdan görüntüləri lentə almağı bacarıb. Helikopterin pilotu Leonid Kravetsin Xocalıda şahidi olduğu hadisələrlə bağlı söylədikləri insanı dəhşətə gətirir:
“Çingiz Mustafayev və onunla birlikdə gələn insanlar vertolyota bir neçə uşağın meyitini gətirə bildi. Ağdamda götürdüyümüz bir milis kapitanı burada 3 ya 4 yaşlı oğlunun meyitini tapdı. Uşağın meyiti tanınmaz hala salınmışdı. Bütün güllə darağı onun bədəninə boşaldılmışdı. Kapitan uşağı təyyarəyə qoydu, amma özünün qalxmağa artıq halı yox idi. Onu havaya qalxan vertolyota güclə salmaq mümkün oldu. Biz Ağdama uçana qədər bu kişi meyiti sinəsinə sıxıb ağladı. Şəhərə çatanda bilindi ki, qəmdən özünü itirən ata ağlını da itirib. O, Ağdamda vertolyotdan düşməyi də bacarmadı”.
Soyqırımıdan bir neçə il sonra, o zaman özünü “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” adlandıran, Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan britaniyalı jurnalist və yazıçı Tomas de Vaala müsahibəsində həyasızcasına Xocalıda soyqırımı törətdiklərini etiraf edib:
“Xocalıya qədər azərbaycanlılar elə düşünürdü ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz həmin stereotipi dağıtdıq. Və nə baş verdiyini gördünüz”.
“Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi?” sualına cavab olaraq Serj Sarkisyan kinlə deyib: “Heç bir peşmanlığım yoxdur. Bu cür sarsıntılar minlərlə insanın həyatı bahasına başa gəlsə də, zəruridir”. İngilis publisisti Xocalıda cinayəti kimin törətdiyinə şübhə qoymayan bütün bu etirafları sonradan “Qara bağ” kitabına daxil etdi.
Xocalıda baş verən dəhşətləri həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də işıqlandırıb. Faciə baş verən gün Xankəndində ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazıb.
O, “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan edib. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı məhz bu yolla “ram etməyə” çalışıb.
Amerika yazıçısı Samuel Vimsin “Ermənistan: böyük hiylə - terrorçu xristian dövlətinin sirləri” adlı kitabında qeyd etdiyi kimi, əslində bu “soyqırımı” ətrafında yaranan hay-küy ermənilərə Türkiyədən, Amerika və dünya xristianlarından böyük məbləğdə pul vəsaiti qoparmaq üçün lazımdır. Cənab Vims onu da diqqətə çatdırır ki, həqiqətdə ermənilərə qarşı heç bir kütləvi qətl hadisələri törədilməyib, sadəcə, erməni yalan maşını dünyanı çaşdırmağa, özlərinin “məzlum” bir görüntüsünü yaratmağa çalışır.

Dərs!
Bəli, Xocalı həm də acı bir Dərsdir.
Bəli, Xocalı həm də hakimiyyət uğrunda davanın, iqtidar-müxalifət çəkişməsinin qurbanıdır.
Bəli, Xocalı həm də 29 il öncə vəzifə, kürsü, hakimiyyət hərisliyinə tutulan, onun uğrunda bütün milli maraqları ayaqlar altına atan, tapdalayan antimilli qüvvələrin yanlış, zərərli fəaliyyətlərinin sonucu, nəticəsidir.
Bəli, nə qədər ağır da, acı da olsa, bunu etiraf etməli və unutmamalıyıq.
Unutmamaq azdır, bundan həm də Dərs çıxarmalıyıq.
Dərs çıxarmalıyıq ki, düşmən həmənki düşməndir, heç zaman dəyişməyib və dəyişməyəcək!
Biz də artıq ayıq-sayıq, sərvaxt olmalıyıq.
Başımıza gələnləri və gətirilənləri, buraxdığımız və yol verdiyimiz səhvlərimizi yaddan çıxarmamalı, unutmamalıyıq.

Xocalıya ədalət!
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, - deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralında Milli Məclisdə geniş müzakirələr keçirildi, soyqırımının səbəbləri və nəticələri geniş müzakirə olundu və o zaman ali qanunverici orqan fevralın 24-də “Xocalı Soyqırımı Günü” haqqında qərar qəbul edi.
BMT-dən, dünya dövlətlərindən, beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunmağa başladı. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Hər zaman Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə də nail oldu. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”, – deyən prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.
Ötən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası isə ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır.
Yeri gəlmişkən, soyqırımına qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüfi və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.
Lakin Xocalı kimi faciəvi soyqırımı törədib, azərbaycanlıları yurd-yuvasından didərgin salan ermənilər təsəvvür etmədilər ki, bir gün torpaqların sahibi geri gələcək. 28 illik ağrı-acının, yurd nisgilinin qisas hissi o qədər dərin olacaq ki, geri gəldiklərində verdikləri dərs bütün dünyaya görk olacaq! Təbii ki, 30 ilə yaxındır torpaqlarına geri qayıtmağa can atan bir xalqın vətəndaşları üçün Vətən müharibəsi qədər müqəddəs heç nə ola bilməzdi. Məqam yetişmiş, səbir kasası dolmuş xalq isə hazır idi.
Hamı bir nəfər kimi Ali Baş Komandanının döyüş əmrini gözləyirdi. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsi terrorçu ermənilərə 100 il də unutmayacaqları dərs oldu. Bu döyüş onlara sübut etdi ki, Azərbaycan Ordusunun qarşısında uzun müddət dayanmaq, müqavimət göstərmək mümkün deyil. Zəfərimizin arxasında duran ən böyük gücümüz isə birliyimiz idi: xalq-iqtidar birliyi. Hər bir vətəndaş Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi və nəticə qələbə oldu. Vətən müharibəsindəki tarixi qələbəmiz Xocalı soyqırımı yaramıza az da olsa, qaysaq oldu. Lakin əsrlər keçsə də, heç bir azərbaycanlı erməni vəhşiliyini və xalqımıza qarşı törədilən faciələri unutmayacaq!
Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Xocalı soyqırımının, Qarabağ həqiqətlərinin carçıları və ya həqiqətin yanında olanlar...
Bəli, dünyada nə qədər ədalətsizlik, haqsızlıq yaşansa da, nə qədər həqiqətin ağzına daş basmağa çalışanlar olsa da, ancaq vicdanını susdura bilməyənlər, bütün təhlükələrə və risklərə rəğmən, həqiqətin yanında olanlar, həqiqət, ədalət çarçıları da yox, az deyil. Biz bunu Xocalı soyqırımına, bütövlükdə Qarabağ münaqişəsinə münasibətdə də gördük.
Əslən Latviyadan olan tanınmış jurnalist, vaxtilə "Baltiyskoe vremya", "Atmoda" və "Latviyas layks" qəzetlərində çalışmış Tatyana Çaladze də məhz belə vicdanlı, dürüst, haqq, ədalətpərəst insanlardan, qələm əhlindən biri idi.
Qarabağ hadisələri, xüsusilə, Xocalı hadisələrindən sonra xanım Çaladze qələmini sanki süngüyə çevirmiş, erməni faşizminə qarşı döyüşə atılmışdı. Onun son illərdəki, yəni, 90-cı illərdən dünyasını dəyişdiyi dövrə qədər yaradıcılığı, fəaliyyəti məhz erməni faşizminin ifşası üzərində qurulmuşdu. O, qələmi ilə döyüşürdü.
Dəfələrlə ermənilər tərəfindən təhdidlər almasına, ölümlə hədələnməsinə baxmayaraq, o, bir an olsun belə geri çəkilməmiş, əksinə, erməni faşizminin ifşasında daha da əzmkar və prinsipial olmuşdur.
O, Qarabağ hadisələrindən bəhs edən “Qarabağ: müharibə üzlərdə: 1992-1994: cəbhə albomu” (2004), “Qarabağ: onlar dürüst öldülər” (rus. Карабахская Отечественная: они умирали честно, 2014) və “Həmdərd” (rus. Страдание, 2014) əsərlərini yazmışdır. Bunların hər biri erməni faşizminin ifşasında, iş üzünün açılmasında tutarlı, tarixi, canlı mənbələrdir.
Xanım Çaladzenin Azərbaycan, həqiqət naminə fəaliyyəti Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilmiş, ona “Əməkdar jurnalist” fəxri adı verilmişdir. Həmçinin, bu böyük ədalət və haqq çarçısı 2017-ci ildə dünyasını dəyişdikdən sonra Bakıda, Yasamal qəbiristanlığında dəfn edilmişdir. Ruhu qarşısında baş əyirik!
Qarabağ hadisələrinin, Xocalı soyqırımının olduğu kimi dünyaya çatdırılmasında rolu, xidmətləri olan insanlar arasında Moldovanın sabiq Ombudsmanı Aureliya Qriqoriu da var. Onun adını çəkməmək, qeyd etməmək ədalətsizlik, insafsızlıq olardı. Xanım Qriqoriu da Azərbaycana müsbət münasibəti ilə yanaşı, həm də hər zaman haqqın, ədalətin yanında olması, dayanması ilə seçilmiş, fərqlənmişdir. Həqiqət, ədalət naminə hətta öz həyatını təhlükə, risq altına atmaqdan da çəkinməmişdir.
Təsadüfi deyil ki, xanım Qriqoriu ombudsman kimi fəaliyyət göstərən zaman, konkret qeyd etməli olsaq, 4 iyul 2003-cü il tarixində Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək, Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və azərbaycanlılara qarşı Xocalı soyqırımını törətməkdə günahlandırmışdır.
“Avropa Şurasına üzv ölkələrdə hüquq aliliyi və fikir sərhədlərinin Avropa standartları” adlı konfransda Ermənistan Parlamentinin önündə Ermənistanın Qarabağa qarşı 25 ildən çoxdur ki, davam edən və Azərbaycanın 20% torpağlarını işğal altında saxlayan fəaliyyətini aqresiya adlandırmış və həmçinin bu hərəkətlərin beynəlxalq hüquqlara zidd olduğunu səsləndirmişdir.
Həmin konfransdan sonra Avropanın nüfuzlu Neurope.euanalitik resursunda “Ermənistanın törətdiyi soyqırımına etiraz hələ də davam edir” sərlövhəli məqalə yerləşdirilmiş və qeyd edilmişdir ki, “Ermənistanın paytaxtı İrəvanda keçirilən konfransda moldovalı ombudsman Aureliya Qriqoriu çıxışı zamanı bildirib ki, Ermənistan silahlıları Xocalıda 613 nəfərin ölümünə səbəb olan faciəni törədiblər”.
“O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Qriqoriu bu çıxışından sonra qaldığı otelin otağından çıxa bilməyib və onun ölkədən çıxmasına mane olublar...”, - deyə sonra məqalədə qeyd olunmuşdur.
Xanım Qriqoriu həmin vaxtdan bu günə kimi də öz haqq, ədalət mövqeyində qalmaqda, dayanmaqda, erməni faşizminin ifşası istiqmətində fəaliyyətini davam etdirməkdədir.
Təsadüfi deyil ki, xanım Qriqorunun fəaliyyəti, ədalətli mövqeyi Azərbaycan dövləti və xalqı tərəfindən də daim yüksək qiymətləndirilmişdir.
Ona “Heydər Əliyev” qızıl medalı və Milli Məclisin “Fəxri medalı” verilmişdir.
Bəli, çox sevindirici və əlamətdardır ki, dünyada Çaladze, Qriqoru kimi fədakar, ədalət, haqq çarçıları var və onlar hər zaman təqdirə, alqışa layiqdirdlər!

“Xocalı günü”ndə 4 saatlıq mətbuat konfransı və düşmənə verilən növbəti mesaj: Biz Xocalıya qayıdacağıq!
Onu da qeyd edək ki, bu il Xocalı soyqırımının ildönümü bir qədər fərqli formada və əhval-ruhiyyədə qeyd olundu. Bəli, üzlərdə, qəlblərdə kədər də, hüzn də, insanların gözlərində Xocalı qatillərinə, Xocalı soyqırımı baiskarlarına nifrət də vardı, amma həm də Qələbə, Zəfər sevincindən doğan bir rahatlıq, bir təsəlli vardı. İnsanlarımız, Xocalı sakinləri digər yurd yerlərimiz kimi, Xocalının da bizdə olacağına, ona qovuşmanın an məsələsi olduğuna bu il, builki ildönümündə əvvəlki illərdən daha əmin idi və bu gün də əmindirlər. Əmindirlər ki, Xocalı da tezliklə bizdə olacaq, bizim olacaq, öz sakinlərinə, xocalılara qovuşacaq, 29 illik həsrətə son qoyulacaq.
Çünki qeyd etdiyimiz kimi, işğal altında olan Qarabağımızın çox böyük hissəsi elə Xocalının 9 kəndi də daxil olmaqla bizdədir, öz qanuni sahiblərindədir. Bizik artıq dağlı-aranlı Qarabağın sahibi, yiyəsi. Bizik Qarabağlı vahid Azərbaycan!
Necə ki, Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Talışa, Suqovuşana, Hadruta qovuşduq, bir gün və çox tezliklə, yenə bir Şəhid verilmədən, bir güllə atılmadan Xocalımıza da qovuşacağıq.
Bu əminlik, bu inam hissi həm də ölkə prezidentinin, Qalib, Müzəffər Ali Baş Komandanın iradəsindən, qətiyyətindən, əzmindən doğur.
Heç təsadüfi deyil ki, Xocalı soyqırımının 29-cu ildönümündə ölkə prezidenti 4 saatlıq mətbuat konfransı keçirərək, bir daha dünyanın nəzərlərini Azərbaycana, Xocalı dəhşətlərinə, Xocalı həqiqətlərinə yönəltdi.
Mətbuat konfransında 35-dən çox yerli və xarici media təmsilçisinin 50-dən çox sualını cavablandırmaqla, özü də 4 dildə, həm də növbəti bir ilkə imza atdı, dünya siyasətçiləri və liderləri üçün növbəti nümunə, örnək oldu.
Mətbuat konfransında Xocalı soyqırımını Ermənistan faşizminin təzahürü kimi qiymətləndirən ölkə prezidenti bunları bildirdi:
“...Ermənistan faşizmi artıq o vaxt baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur.
Belə ki, Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir.
Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır”.
Dövlət başçısı bir daha bəyan etdiki, Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi.
“Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir”, - deyərək Azərbaycan prezidenti, eyni zamanda, qətiyyətli şəkildə vurğuladı ki, bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır.
Bununla yanaşı, ölkə prezidentinin qeyd etdiyi kimi, bir çox beynəlxalq təşkilatlar bu qanlı hadisəyə - Xocalı soyqırımına Azərbaycanın təşəbbüsü ilə öz münasibətini bildirmişlər və bu istiqamətdə işlər davam etdiriləcək.
“Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan, demək olar ki, informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə bu məsələ bir çoxları üçün o qədər də aydın deyildi. Xüsusilə nəzərə alsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə çox da böyük imkanları yox idi və bunun müqabilində erməni lobbisi fəal çalışırdı, müharibə ilə, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatlar ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı. Bu fikirləri aradan qaldırmaq, təkzib etmək üçün biz, əlbəttə ki, böyük səylər göstərməli idik və qeyd etdiyim kimi, dövlət olaraq, ictimai təşkilatlar olaraq son illər ərzində ardıcıl surətdə bu fəaliyyəti göstərmişik. İctimai təşkilatlar arasında, əlbəttə ki, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. “Xocalıya ədalət!” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib və bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var”, - deyə sözlərinə davam edən Ali Baş Komandan birmənalı şəkildə bildirdi ki, bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın, nə Azərbaycanda, nə də dünyada bu, heç vaxt təkrarlanmasın və Azərbaycan heç vaxt 1990-cı illərin əvvəlində olan o aciz duruma düşməsin, Azərbaycan özünü, öz vətəndaşlarını hər zaman qoruya bilsin.
“Hesab edirəm ki, bu gün dünyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var. Halbuki Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə qoymaq istəyirdi. Guya ki, Azərbaycan özü Xocalı soyqırımını törətmişdir. Biz bu addımların təkrarını İkinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki atılan ballistik raketlər peyk tərəfindən izlənilir və böyük dövlətlər, ilk növbədə, Minsk qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistan ərazisindən buraxılmışdır. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var”, - deyən Azərbaycan prezidenti həmçinin tam əminliyini ifadə etdi ki, illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətləri bütün dünya biləcək və bizim vəzifəmiz bundan ibarətdir.
Bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaq.
Bəli, Ali Baş Komandanın dediyi kimi, tam əminik ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da, Xocalıya da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar.
Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək.
Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar.
Ancaq müharibənin yaraları qaysaq bağlasa da, tam sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq, həm qurbanların yaxınları, həm də bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır.
Biz bunu başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik.
Ölkə prezidentinin, eyni zamanda, bildirdiyi kimi, bizim üçün birinci mərhələdə azad edilmiş torpaqlara vətəndaşlarımızın qayıtmasıdır. Bununla parallel olaraq, uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi məsələləri dayanır.
İndi müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir.
Ona görə biz istədiyimizə tam nail olmaq üçün müdrik olmalıyıq və bütün addımları vaxtında atmalıyıq. Necə ki, İkinci Qarabağ müharibəsində vaxtında atılmış addımlar səmərəsini vermişdir.
Bəli, bütün bunlar bir daha Xocalıya qayıdacağımıza, Xocalıya qovuşacağımıza əminliyimizi artırır, möhkəmləndirir.
Bəli, elə bu əminliklə, bu qətiyyətliliklə digər yurd yerlərinə qovuşduğumuz kimi, Xocalıya, Xocalımıza da qovuşacağıq.
Bəli, gün gələcək, Xocalı soyqımının baiskarları, qanlı qatilləri - sarkisyanlar, koçaryanlar, ohanyanlar kimi, digər “yanlar” və onların havadarları da Haqq divanında əyləşməli, ədalət mühakiməsi qarşısında sorğulanmalı və cinayətlərinə görə cavab verməli olacaqlar.
Bəli, Hitler faşizmi, faşistləri üzərində qurulan Hürnberq məhkəməsi, 90-cı illərin əvvəllərində Bosniya-Herseqovina müsəlmanlarına qarşı törədilən Serebrenitsa qətliamına görə, serb faşizmi və faşistləri üzərində qurulan Haaqa tribunalı bir gün Xocalı başda olmaqla, digər faciələrimizdə əli olan qanlı cinayətkarlar, sarkisyanlar, koçaryanlar, ohanyanlar, balayanlar, digər “yanlar” üzərində də qurulacaq. Gec və ya tez, bu, mütləq və mütləq baş verəcək. Hər kəs öz cəzasını alacaq.
Ali Baş Komandanımızın tarixi Şuşa səfərində də dediyi kimi:
“...Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür. Quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri biz məhv etmişik. Onların ordusunu biz məhv etmişik. Şuşanı onların ordusunun əlindən biz geri almışıq, qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq. Yüngül silahlarla, bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq məhv etdik onların ordusunu. Harada idilər onlar? Qaçıb gizlənmişdilər İrəvanda. Biri burnunu soxmuşdu buraya. Amma beş gündən sonra dovşan kimi buradan qaçdı. O birisi, ümumiyyətlə, heç səsini çıxarmırdı. Üçüncüsü də var, müharibə cinayətkarı - Ohanyan, özü də burada doğulub, bizim torpağımızda. Müharibə dövründə guya Şuşanı müdafiə etməyə gəlmişdi. İti qovan kimi qovduq onu. İndi yenə sülənir Ermənistanda. Ağzını açıb çirkin sözlər deyir. Bizə sataşanın aqibəti nə oldu, onu hər kəs gördü. Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq...”.
Bəli, əlavə sözə, əlavə izahata da ehtiyac qalmır. Biz indiyə qədər çox mümkünsüz görünənləri mümkün etdik, odur ki, bunu da etməyi bacaracağıq, buna da nail olacağıq!
Bəli, bu gün xaricdəki diasporamızın, diaspor təşkilatlarımızın üzərinə də böyük missiya və məsuliyyət düşür. Onlar artıq məğlub deyil, qalib dövlətin təmsilçiləri, diasporası və diaspor təşkilatlarıdır.
Onlar əvvəlkindən daha da fəal, aktiv olmalıdırlar. Onların da fəaliyyətindən, aktivliyindən çox şey asılıdır və asılı olacaq. Hərbi müstəvidə, səngərdə döyüş, müharibə başa çatıb, özü də Qələbəmizlə. İndi isə digər müstəvilərdə, xüsusilə, siyasi-diplomatik meydanda döyüş, müharibə davam edir.
Bu müharibəni, bu savaşı da uğurla, Zəfərlə başa vuracağıq və bu məsələdə də, bu Zəfərdə də mütləq şəkildə diasporamızın rolu, xidmətləri, töhfələri olmalıdır. Bu, onların vəzifəsi və borcudur.
Ölkə prezidentinin hakim Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında dediyi kimi, Azərbaycan XXI əsrin müharibəsini aparıb. Və biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq.
Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir.
Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.
Biz yeni dövrə qədəm qoymuşuq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir.
Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.
Bəli, biz Qalibik, biz Zəfər qazanmışıq.
Biz başıuca, biz alnıaçığıq.
Qələbə də, Zəfər də bizimdir, bizimlədir və bizimlə olacaq!
Bayrağımız daim yüksəkliklərdədir və hər zaman da qürurla yüksəkliklərdə, ənginliklərdə dalğalanacaq!

Ziyad SƏMƏDZADƏ,
akademik, millət vəkili