MƏQALƏLƏR

Ziyad SƏMƏDZADƏ: İnformasiya savaşının sərkərdəsi

  • 15.04.2021

Azərbaycan Ordusunun qələbələri Türkiyə KİV-inin əsas mövzusu oldu
Azərbaycan Prezidentinin müsahibə verdiyi xarici KİV-in 6-sı Türkiyəni təmsil edirdi. Bunlar “TRT Haber”, “CNN-Türk”, “Haber Global”, “Haber Türk”, “NTV” və “A Haber” televiziya kanalları idi. Bu televiziya kanallarının yalnız Türkiyədə deyil, Azərbaycan da daxil olmaqla beynəlxalq miqyasda böyük auditoriyası vardır.
Həmin televiziya kanalları ilə müsahibələr bəzi Qərb KİV-inin müsahibələrindən fərqlənirdi. Əvvəlki yazımda qeyd etdiyim kimi, azad mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Lakin dünyada “jurnalist etikası” deyilən bir anlayış da var. Hər bir KİV mətbuatın ümdə prinsiplərinə sadiq qalmağı bacarmalı, qərəzsiz və informasiyanın ictimai rəyə ötürülməsində vicdanlı olmalıdır.
Təəssüf ki, bu gün dünyada bir çox media təmsilçisində bunu görmək olmur. Mənəvi aşınma, deqredasiya, ümumiliklə qəbul olunmuş normalardan, peşə etikasından uzaqlaşmaq, siyasi və iqtisadi dairələrin maraqlarına uyğun fəaliyyət göstərmək hətta tarixi ənənələri olan bir sıra xarici KİV üçün adi normaya çevrilib. Həmin KİV-in bir sıra siyasi dairələrinin ruporuna çevrildikləri Prezident İlham Əliyevlə müsahibələr zamanı da özünü göstərdi.
Lakin Türkiyə KİV-i ilə müsahibələr zamanı, hər şeydən əvvəl sualların qoyuluşu, jurnalist yanaşmaları KİV-in əsas norma və prinsiplərinə uyğun idi. Hər bir sualda jurnalist etikası hiss olunurdu.
Prezident İlham Əliyev Türkiyə televiziyalarından ilk olaraq oktyabrın 5-də “TRT Haber”ə müsahibə verib. Və elə ilk sualdan müsahibə Qələbəyə, Azərbaycanın ədaləti təmin et­mə­sinə köklənir. İşğal altındakı tor­paq­larınızdan bu günədək nə qədərinin geri alındığı barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətin təmin edilməsindən ibarət olduğunu bəyan edir: “Bəli, hər şey plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir.
Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu, beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”.
Vətən müharibəsi günlərində tək Türkiyənin siyasi-hərbi dairələri deyil, bütövlükdə qardaş ölkənin ictimaiyyətinin qəlbi Azərbaycanla döyündü. Demək olar ki, bütün türk telekanallarının, qəzetlərinin baş mövzusu İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq işinin müdafiəsi idi. Şəhər və kəndlərimizin azad edilməsi xəbərlərini Türkiyə qəzetləri manşetlərdə baş xəbər kimi dərc edirdilər. Ermənistan ordusunun Gəncədə, Bərdədə mülki əhaliyə qarşı hücumlarını Türkiyə KİV-i qəzəblə dünyaya çatdırırdı. Türkiyə KİV əməkdaşları akkreditasiyadan keçərək, hər gün cəbhə xəttindən birbaşa yayımlar edirdilər. Gəncənin gecə saatlarında ballistik raketlərlə hücuma tutulmasından sonra türk jurnalistin bu xəbəri ürəkağrısı ilə çatdırmasının şahidi olduq.
Həmin günlərdə Türkiyədə bütün insanların nəbzi Azərbaycanla döyünürdü. İstanbulda, Ankarada və digər şəhərlərdə Azərbaycanın qələbələrinə həsr olunmuş konsert proqramları keçirilirdi. Bütün Türkiyə xalqı tezliklə bu müharibənin Azərbaycanın qələbəsi ilə başa çatacağı günü gözləyirdi. Ona görə Türkiyə televiziya kanallarının jurnalistlərinin Prezident İlham Əliyevə ünvanladıqları suallar ilk növbədə bu barədə olurdu. Məsələn, “CNN Türk” televiziyasının müxbirinin ilk sualı belədir: “Mən vaxt itirmədən dərhal suallarıma keçirəm. Əvvəlcə əməliyyatlarda son vəziyyət necədir, planlaşdırıldığı kimi irəliləyirmi? İşğal altındakı nə qədər torpaq azad olundu?”
“Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir”, - deyən İlham Əliyev qarşıda duran vəzifələrin icra olunacağını bəyan etdi.
“NTV” televiziyasının müxbiri də ilk olaraq nə qədər ərazinin azad olunduğunu soruşmuşdu: “Birinci sualım cəbhə xətti ilə bağlı olacaq, cənab Prezident. İşğal altındakı ərazilərin sentyabrın 27-dən bəri nə qədəri geri alındı? Çünki son iki gündə gözəl xəbərlər gəlməyə başladı”. İlham Əliyevdən ilk müsahibə alan Türkiyə televiziyası olan “TRT Haber”in də sualı bu məzmunda olmuşdu.
Bütün bu suallar ondan xəbər verirdi ki, Türkiyə ictimaiyyəti də Azərbaycan xalqı kimi müharibənin ilk günündən Qələbəyə köklənmişdi. Türk dünyasının öndərləri olan Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları müharibənin ilk günündən real həyatda bir daha öz təsdiqini tapdı.

Türkiyə KİV-i Qərb mediasının görmək istəmədiklərini dünyaya çatdırdı
Qeyd etdiyim kimi, Qərb KİV-ini Azərbaycan torpaqlarının işğal olunması, danışıqlar prosesinin nəticəsiz qalması, habelə Ermənistanın müharibə günlərində Azərbaycanın mülki yaşayış məntəqələrini qadağan olunmuş, o cümlədən ballistik raketlərlə atəşə tutmaları, dinc azərbaycanlı əhalini qətlə yetirmələri qətiyyən maraqlandırmırdı. Lakin Türkiyə televiziyaları ilə müsahibələr zamanı hər şey tamamilə fərqli idi. Obyektivlik, jurnalistika dəyərlərinə sadiqlik bu müsahibələrin ruhuna hakim kəsilmişdi. Söhbət ondan getmir ki, Türkiyə Azərbaycana qardaş dövlət olduğu üçün həmin televiziyalar öz suallarında məqsədyönlü davranırdılar. Xeyr, söhbət ondan gedir ki, Türkiyə KİV-i Prezident İlham Əliyevə ünvanlanan sualların hər birində bütün dünyaya haqqın, ədalətin kimin tərəfində olduğunu düzgün çatdırırdı. Əlbəttə, İlham Əliyevdən müsahibə almış bütün Qərb KİV-inin heç də hamısı sualları ünvanlayarkən qərəzli davranmadılar. İtaliyanı, İspaniyanı təmsil edən qəzetlər və agentliklər məsələlərə kifayət qədər ədalətli və obyektiv yanaşmışdılar.
Bu mənada Türkiyəni təmsil edən televiziyalar Dağlıq Qarabağ probleminə, danışıqların nəticəsiz qalmasına, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin bu prosesdəki roluna, Ermənistanın müharibə cinayətlərinə əsl həqiqətlər kontekstindən nəzər saldılar.
Məsələn, “A Haber” televiziyasının suallarından biri Ermənistanın mülki şəxsləri, Tərtərdə məzarlığı hədəfə alması barədə idi. “Haber Türk” televiziya kanalının da suallarından biri Moskvada xarici işlər nazirlərinin 11 saat yarım davam edən görüşündən sonra Gəncə şəhərinin atəşə tutulması barədə oldu. Eyni məzmunlu sual “CNN-Türk” televiziyası tərəfindən də səsləndirildi. “TRT Haber” televiziyasının əməkdaşı da Naftalanda 5 mülki vətəndaşın həlak olması barədə ürəkağrısı ilə söz açdı.
Göründüyü kimi, Qərb KİV-inin diqqət yetirmək istəmədikləri məsə­lələri Türkiyə KİV-ləri gündəmə gə­tir­dilər, Ermənistanın müharibə cinayətlərini, beynəlxalq konvensiyalara zidd davranışlarını beynəlxalq ictimaiyyətə çatdırdılar. Bunun səbəbi Türkiyə mediasının yalnız Azərbaycanı dost və qardaş dövlət olaraq görməsi deyildi. Bunun səbəbi Türkiyə televiziyalarının baş verənlərə obyektiv yanaşması idi. Həm də Türkiyə televiziyalarının əməkdaşlarının peşə etikasına əməl etmələri idi.

Türkiyənin iştirakı olmadan hər hansı bir məsələ həll edilə bilməz
Bu müsahibələrin vacib bir məqamı Türkiyənin Dağlıq Qarabağ probleminin iştirakında rolu barədə oldu. Türkiyə ilk gündən ATƏT-in Minsk qrupunun üzvlərindən biri olsa da, birbaşa danışıqlar prosesində iştirak etməyib. 44 günlük müharibə isə göstərdi ki, Minsk qrupu formatı öz missiyasını yerinə yetirə bilmək imkanlarından uzaqdır. Nəzər yetirsək görərik ki, Minsk qrupunun həmsədrləri olan ölkələrin hər birində çoxsaylı erməni diasporu mövcuddur. Uzun onilliklər ərzində ermənilər həmin ölkələrin siyasi-ictimai fikrinə nüfuz etmiş, öz yalanlarını onlara qəbul etdirə bilmişlər. Odur ki, Minsk qrupunun öz missiyasını yerinə yetirə bilməməsinin əsas səbəbi erməni təəssübkeşliyi olmuşdur.
Əvəzində isə problemin həllinə dəs­tək vermək istəyən beynəlxalq ictimaiyyət tədricən bu prosesdə Türkiyənin rolunu etiraf etməyə başladı. O cümlədən Rusiya da Türkiyə faktorunu nəzərə aldı.
Prezident İlham Əliyevin Türkiyə televiziyalarına müsahibələrində də rəsmi Ankaranın sülh prosesindəki roluna əhatəli nəzər salındı. İlham Əliyev bu barədə “NTV” televiziyasının suallarını cavablandırarkən Türkiyənin de-fakto danışıqlar prosesində olduğunu, Ankaranın iştirakı olmadan bölgədə hər hansı bir məsələnin həllinin qeyri-mümkünlüyünü bəyan etdi: “Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bunu artıq son illərin tarixi göstərmişdir. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixən belə olubdur. Biz tarixi yaxşı bilirik.
Ona görə bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki, faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünən cənab Ərdoğanın və cənab Putinin danışığı bunu göstərir. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın xarici işlər nazirlərinin, müdafiə nazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunu müzakirə edirlər.
Ona görə bizim mövqeyimiz bundan ibarətdir ki, Türkiyə mütləq olmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupu da otuz il ərzində bir nəticəyə nail olmadı, otuz il ərzində Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin icra olunmasına kömək etmədi. Bu vəziyyət faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxardı. Ancaq nəticə etibarilə iyul ayında bizə edilən hücum, avqust ayında erməni təxribatçı qrupunun bizə göndərilməsi və nəhayət, sentyabr ayında genişmiqyaslı hücum göstərdi ki, bu münaqişə dondurulmuş məsələ deyil”.
Bütövlükdə müharibə dövründə diplomatik sferada aparılan müzakirələr göstərdi ki, Türkiyənin iştirakı olmadan problemin həllində beynəlxalq əməkdaşlıq mümkün deyildir. Rusiya Prezidenti Vladimir Putinin bu məsələdə xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparması deyilənləri təsdiq edir.
“A Haber” televiziyasında bir daha bu məsələyə münasibət bildirən Prezident İlham Əliyev dedi ki, Türkiyəni bu prosesdən kənardan saxlamaq mümkün deyil: “Əslində, de-fakto Türkiyə artıq masadadır. Mən bunu söyləmişəm.
Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Siz də bilirsiniz, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici işlər nazirlərinin, müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə Türkiyə de-fakto buradadır. Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildə təşkil olunduğu üçün, - onsuz da Türkiyə Minsk qrupunun üzvüdür, - o zaman bilmirəm hansısa səbəblərə görə həmsədr olmadı. Yəni, biz çox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zaman Türkiyə özü bunu etmədi. Özü istəsəydi, məncə, olardı. Çünki ona görə mən deyirəm, bugünkü Ərdoğan Türkiyəsi ilə o Türkiyə arasında böyük fərq var. Əgər həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ çoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələ həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın. Yox, qoy, onlar da çalışsınlar. Halbuki 30 il ərzində bir nəticəyə gəlmədilər. Amma Türkiyəni bu prosesdən kənardan saxlamaq həm düzgün deyil, həm də ki, mümkün deyil”.
Prezident İlham Əliyev ötən il noyabrın 10-da xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə Respublikası rəsmi qaydada atəşkəsə nəzarət etmək işində rol oynayacaq və belə də oldu. Dövlət başçısı bunu regional əməkdaşlığın təzahürü, həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzi kimi dəyərləndirmişdi. Artıq bu məqsədlə yanvar ayının 30-dan Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatın 5-ci bəndinə əsasən yaradılıb və münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi daşıyır. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti region üçün sülh və əməkdaşlıq perspektivi baxımından böyük önəm kəsb edir. Ən əsası Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması göstərir ki, Türkiyənin bütün iştirakı olmadan heç nə mümkün deyil.

Azərbaycan-Türkiyə qardaşlığı dünyaya bir daha nümayiş olundu
44 günlük müharibədə Azərbaycan-Türkiyə qardaşlığı bir daha tarixi sınaqdan çıxdı. Bu müharibə qardaşlığımızı daha da möhkəmləndirdi, sarsılmaz etdi.
Müharibə günlərinin ən möhtəşəm mənzərələrindən biri isə hər yerdə Azərbaycan, Türkiyə, o cümlədən Azərbaycana dəstəyini ifadə edən Pakistan, İsrail, Ukrayna bayraqlarının dalğalanması idi. Binaların eyvanlarını, avtomobillərin şüşələrini, hər yeri ay-ulduzlu bayraqlar bəzəmişdi.
Respublikamızın hər yerində Azərbaycan bayraqları ilə yanaşı, Türkiyə bayraqlarının dalğalanması barədə jurnalistin sualına cavab verən Prezident İlham Əliyev bunu təbii və birliyin təcəssümü kimi dəyərləndirdi: “Doğrudur. Biz qürur duyuruq. Bu, təbiidir. Bizim qardaşlığımız əbədidir və bizim qardaşlığımız bütün sınaqlardan keçib. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Mən dəfələrlə bu mövzu ilə bağlı öz sözlərimi demişdim. Əziz qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təşkil olunan birgə mətbuat konfranslarında dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi. Bu, ürəkdən gələn duyğulardır. Bizim birliyimiz bizim tariximizə əsaslanır, ortaq etnik köklərə, dilimizə, dinimizə, qardaşlığımıza əsaslanır. Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır”.
Azərbaycan Prezidentinin Türkiyə televiziya kanallarına verdiyi müsahibələrin ruhunda da bu qardaşlıq və dostluq münasibətləri aydın göründü. Bu müsahibələrin hər birində obyektivlik gözlənilməklə, Azərbaycanın haqq səsi ilə yanaşı, həm də Azərbaycan-Türkiyə qardaşlığı bir daha dünyaya bəyan olundu. Bayraqlarla bağlı sualı “CNN-Türk” televiziyasının müxbiri də səsləndirdi və Prezident İlham Əliyev Türkiyə bayrağının Azərbaycan bayrağı qədər bizə əziz olduğunu dedi: “Bu, əslində, hər zaman belə idi. Çünki Türkiyə bizim üçün təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim üçün əziz bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir. Ancaq təbii ki, bu münaqişə, bu döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, cənab Prezident, mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Azərbaycana göstərilən dəstək, Türkiyədən gələn məktublarda insanların “Azərbaycan tək deyil” sözləri, əlbəttə ki, Türkiyəyə olan məhəbbəti daha da artırdı. Siz də bunun şahidisiniz ki, bütün bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır. Eyni zamanda, bu gün Türkiyədə də Türkiyə ilə Azərbaycan bayraqları bir yerdə dalğalanır. Mənə göstərilən o videokadrlar da bizi çox duyğulandırır, çox məmnun edir ki, bizim türk qardaşlarımız orada avtomobilləri, binaları Türkiyə və Azərbaycan bayraqları ilə bəzəmişlər. Yəni, bu əsl qardaşlıq, həmrəylik rəmzidir. Azərbaycanı Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir”.

Ziyad SƏMƏDZADƏ,
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı