MƏQALƏLƏR

Koronavirus: nəticələr, sosial-iqtisadi inkişafda yeni meyillər

  • 16.04.2021

İqtisadçı alimin qeydləri 

 

Düşüncələrim məni rahat buraxmır. Hadisələrin bu qədər böyük, əhatəli və miqyaslı olması məni çox narahat edirdi. Uzun müddət rahat, firavan həyat keçirən insanlar birdən-birə qarşılaşdığı faciənin böyüklüyünü hiss etdikdə, vaxtı ilə kitablardan oxuduğu, televiziyadan gördüyü, insanlardan eşitdiyi hadisələrdən dəhşətli olduğunu dərk etməyə başlamışdılar.
2020-ci ildə özünü göstərən koronavirus infeksiyası cəmiyyətdə çox ağır vəziyyətin yaranmasına səbəb oldu. Hətta 1941-1945-ci illərdə Böyük Vətən müharibəsindən də, nankor qonşumuz erməni işğalçılarından da ağır vəziyyət yaratdı. Müharibə vaxtı qarşıdakı düşməni görür, müdafiə olunur, ona qarşı tədbirlər hazırlayır, topla, tüfənglə, tankla, təyyarə ilə, raketlə hücum edir, təlafatlar törədilir. Ancaq indi gözə görünməyən, gizli yayılan koronavirus sürətlə yoluxan düşmən olmaqla dünyaya diz çökdürdü, insanların kütəvi məhvinə səbəb oldu. İstəsək də, istəməsək də əzizlərimizlə, yaxınlarımızla uzun müddət görüşə bilmədik, yaxından ünsiyyət qurmaq mümkün olmadı.
Bu dəhşətli virus 2019-cu ilin axırlarında Çinin Uhan şəhərində başladı və yer kürəsinin 215 ölkəsinə yayıldı. Milyonlarla insan - körpə, cavan, qoca virusa yoluxdu, 01 mart 2021-ci ildə 2,5 milyon nəfər həyatını itirdi. Lakin insanlar bu infeksiyaya biganə və məsuliyyətsiz yanaşdılar, qrip kimi fəsadlarla bərabər, quru öskürək, asqırma və hərarət baş qaldırdı, nəfəs yolu ilə yoluxub ölümə səbəb oldu. Bu virusa yoluxmamaq üçün ölkəmizdə vaxtında – mart ayının 3-də məcburi özünütəcrid, məsafə saxlama, evdə qalma və s. kimi sanitar-gigiyena qaydaları müəyyən edildi.
Koronavirus infeksiyasının yayılması ölkəmizdə bir çox hadisə və proseslərin dəyişdirilməsinə, mənfi halların aşkara çıxarılmasına və müsbət meyillərin əmələ gəlməsinə səbəb oldu. Qələmə aldığım bu sətirlər təcrid dövründə əldə etdiyim müşahidələrimdən, hadisələrə şəxsi baxışlarımdan, ana vətənə sevgi, milli ruhumuzun və daxili zənginliklərimizin formalaşmasını yeni istiqamətdə qəlbən görmək istəyimdən irəli gəlir. Ona görə də koronavirusla bağlı müsbət və mənfi təzadları qeyd etməklə fikirlərimi səmimi qəbul edəcəyinizi düşünürəm.
Koronavirusa yoluxmaların qarşısını almaq və karantin nəzarəti yaratmaq üçün Respublika Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Qərargahın göstərişlərinə əsasən vaxtaşırı qabalayıcı tədbirlər görüldü, vətəndaşların bir-birinə əl verməklə salamlaşmaq, qucaqlaşmaq, öpüşmək kimi vərdişləri qadağan edildi. Belə bir müsbət meyil formalaşdı: məsafə saxlamaq, əyani təmaslardan qaçmaq, sosial müdafiə, sanitar-gigiyena qaydaları müəyyən olundu və onlara ciddi əməl edildi. Ona görə də bu dövrdə düşünülmüş sosial çarxlar hazırlandı. Dəhşətli, qorxulu və çox sürətlə yayılan bəla ilə birlikdə mübarizə aparmaq üçün bütün vətəndaşlara, uşaqlara gənclərə, xüsusən risk qrupu yüksək olan, yaşı 60-65-dən yuxarı olan yaşlılara “Evdə qal”, “İdman et”, “Kitab oxu”, “Məsafə saxla”, “Evdə qal, özünü, ailəni, cəmiyyəti qoru” və s. kimi təbliğat kampaniyası aparıldı. Səhiyyə işçiləri, polislər, televiziya əməkdaşları, zəruri xidmət göstərən müəssisələrin işçiləri bu işə cəlb edildilər. Vətəndaş-dövlət həmrəyliyi artırıldı. Qabaqlayıcı və tövsiyə xarakterli kampaniya ölkəmizin hər bir vətəndaşının dövlətin yanında - birlikdə olması, insanların özünütəcrid etməsi, başqasının, ailəsinin virusa yoluxmasının qarşısının alınmasına zəmin yaratdı. Bu tədbirlər hər bir vətəndaşın özünün və cəmiyyətin sağlamlığına diqqət yetirməsinə imkan yaratdı, ərzaq məhsullarından düzgün və səmərəli istifadə etməyin zəruriliyini anlatdı. Hər kəsin bir-birinə yardım, kömək etməsi üçün aksiyaların keçirilməsi gücləndirildi, insanlar səfərbərliyə alındı. Bizim ata-babalarımızdan qalan hörmət, mərhəmət, qayğı, nəzakət kimi yüksək qiymətləndirilən normalar, insani keyfiyyətlər özünü göstərdi.
Parklardan, istirahət məkanlarından, işdən və s. evə gəldikdə, hər hansı iş gördükdə, marketlərdən məhsul alıb gətirdikdə və s. əllərini iyirmi saniyə sabunla yumaq, spirtli məhlulla dezinfeksiya etmək ənənəsi yaradıldı. Beləliklə, sanitar-gigiyena qaydalarına əməl edənlərin sayı sürətlə artdı, kütləviləşdi.
Covid-19 pandemiyası vaxtı nağd hesablaşmalar, bildirişlər daha çox elektron sistemlə əvəzləşdirildi, kartla, sifarişlə, qeyri-nağdsız alış-veriş genişləndirildi. Yəni, sifarişlə dərman, meyvə, tərəvəz, çörək və s. ərzaq məhsullarının çatdırılması xidməti inkişaf etdirildi. Biznesin bu sahəsi daha da inkişaf etdirilə bilər. Bunun üçün elektron alış-veriş barədə əhaliyə geniş məlumatlar verilməli, peşəkar, işini bacaran sosial işçilər, ixtisaslar formalaşdırılmalıdır. İstehlakçıların maarifləndirilməsinə, elektron xidmətlərdən istifadə etmələrinə, kartla ödənişlərə şərait yaradılmalı və bu işə diqqət artırılmalıdır.
Koronavirusa qarşı mübarizə şəraitində şəhər və rayonlararası sərnişin nəqliyyatının və metroda gediş-gəlişin dayandırılması, bəzi marşrutların məhdudlaşdırılması müsbət addımlardan biri hesab edilməlidir. Bu baxımdan əhalinin məsafə saxlamadan sıxlıq şəraitində hərəkəti qorxulu xəstəliyin sürətlə yayılmasına səbəb olardı. İnsanların vaxt və vəsait itkilərinə yol verməmək üçün yeni vərdişlər, innovativ yanaşmalar, rəqəmsal texnologiyalardan istifadə genişləndirilməlidir. Hesab edirik ki, əvvəlcə Bakıda supermarketlərdən bir neçəsində xəzinədarlara nağd pul verilməsi əvəzinə birbaşa terminallara kartla ödənişin edilməsinə keçmək olar. Əhali marketdən ərzaq və s. məhsullar aldıqda ödəməni yalnız öz adına müvafiq kodu olan kartla ödəyəcəyini bilməlidir. Vərdişlər daha sonra digər iri ticarət dükanlarında da tətbiq edilərək genişləndirilə bilər.
Başqa bir məsələyə diqqət yetirək. Koronavirus infeksiyası dövründə xüsusi karantin rejimində əhalinin sıx toplanması, ünsiyyət qurması və s. üçün inzibati tənzimləmə qaydaları qoyulsa da, bəzi məsuliyyətsiz, biganə insanlar qonaq gedir, qonaq qəbul edir, yaxınları, qonşuları, qohumları ilə təmas qurur, onları ziyarət edirdilər. Sanki “Evdə qal” çağırışı tətilə, istirahətə çıxmaq kimi başa düşülür. Beləliklə, onlar öz qohumlarını, yaxınlarını, ətrafındakıları böyük təhlükə qarşısında qoyurdular. Karantin rejimi evdə qalıb özünütəcrid etməkdir, kütləvi xəstəliyin qarşısının alınmasıdır, kef məclisi təşkil etmək, şadlıqlar keçirmək demək deyil. Belə olmasa idi, Bakının bəzi rayonlarında, misal üçün Lənkəranda, Zərdabda, Goranboyda, Xaçmazda, Göyçayda, Tərtərdə, Gəncədə bir çox məsuliyyətsiz hərəkətlər baş verməzdi. Minlərlə vətəndaş heç bir əsas olmadan belə məsusliyyətsiz hərəkət etməklə yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə sui-istifadəyə yol verməzdi. Ölkədə on minlərlə insan icazəsiz hərəkət qadağan olunsa da, maşınla qaydaları pozmuş, milyonlarla manat cərimələr ödəməklə məsuliyyətə cəlb olunmuşlar.
Koronavirus yoluxması vaxtı ciddi qadağaların tətbiq olunmasına baxmayaraq, bəzi qeyri-formal işləyənlərin müqaviləsi olmadığı meydana çıxdı. Tikintidə, bəzi müəssisələrdə rəsmi müqaviləsi olmadan işləyən və vergidən yayınan (2018-ci ildə vergi nəzarəti tədbirləri ilə əlaqədar müəyyən olunmuşdur) xüsusi topdansatış obyektləri, market şəbəkələri, özəl tibb müəssisələri aşkar edilmişdir.
Bəzi intizamsız, məsuliyyətsiz, biganə və cahil insanlar kütləvi yoluxmaya və ölümə səbəb olan bu dəhşətli virusun mahiyyətini dərk etmədən, “mən sağlamam”, “mənə heç nə olmaz”, “mən qorxmuram”, - deyərək icazəsiz evdən çıxır, yoluxucu xəstəliyi istər-istəməz qarşıdakı insanlara ötürürdülər. Ciddi özünütəcrid qaydalarına riayət etmədən küçələrdə, parklarda, digər məkanlarda gəzişir, danışanda, güləndə, ağlayanda və s. bir-birinə çox yaxın olur, özü də bilmədən virus daşıyıcısına, yayıcısına çevrilirlər.
Həyatımızı dəyişdirən, tərəqqini sürətləndirən çoxlu tədbirlər həyata keçirilir. Bu tədbirlər içində kütləvi təbliğat işləri, mətbuat, televiziya böyük rol oynayır. Ancaq televiziyalarda nümayiş etdirilən verlişlərdə insanların düşüncə və həyata baxış səviyyəsini korlayan bayağı, aşağı səviyyəli şoular göstərilir. Orada iştirak edənlərin bəzilərinin danışığında nalayiq və söyüşlə dolu ifadələr işlədir. Belə millət antipodlarını koronavirus qədər təhlükəli, ağrılı, acınacaqlı informasiya virusları adlandırmaq olar.
Çalışmaq lazımdır ki, verlişləri aparanlar, şou göstərənlər və teleşirkət rəhbərliyi millətin mənəvi-psixoloji vəziyyətinə təsir etməklə verlişləri tamaşaçılara hörmət ruhunda hazırlasınlar. İnsanların təfəkkürünü, həyat amalını, ünsiyyət qurma formasını, düşüncə tərzini, insanlara, cəmiyyətə münasibətlərini dəyişdirməyə, yeniləşdirməyə sövq etsin.
Sosial şəbəkələrdə, televiziyada incəsənət ustalarına, artistlərə, şoumenlərə həsr edilən verlişlərə, reklamlara daha çox yer verilir. Təbiidir ki, bir çox hallarda AzTV, İTV, Mədəniyyət TV, İdman TV istisnadır. Televiziyada verilişə dəvət olunanlar, hətta bəzi aparıcılar oturuşuna, duruşuna, geyiminə, danışığına fikir vermirlər. Hələ də çoxlu sayda əcnəbi dildə ifadələr işlədirlər. Çox vaxt aparıcıların ifadələri qırılır, yarımçıq qalır, müsahibinin sözünü lazımsız yerə kəsir. Onların nə demək istədiklərini başa düşmək olmur. Aparıcılar müxtəlif pozalarla öz şəkillərini verməkdən çəkinmirlər. Rəhbərlik isə buna imkan verir. Hətta onların bir çoxu ailəsini, uşaqlarını, nəvələrini, evlərini, həyatlarını, paltarlarını, saç ustalarını, dərzilərini, bağlarını, itini-pişiyini, var dövlətini reklam etməklə məşğuldurlar.
Geniş tamaşaçı kütləsinə bunların heç bir dəxli olmasa da, bunlar tez-tez təkrar olunur. Verlişlərin aparıcıları ailə məişət məsələlərini çox çılpaqlığı ilə müzakirə edirlər (iqtisadiyyat, quruculuq, sosial problemimiz olduğu halda verilişlərə dəfələrlə eyni simaları - daha çox müğənniləri, incəsənət adamlarını dəvət edirlər), bəziləri aparıcılıq etmir, təlxəklik edirlər. 

Özlərinin və verilişdə iştirak edənlərin bəzilərinin danışıq və davranış mədəniyyəti aşağıdır, danışıqlarına, ifadələrinə fikir vermirlər, neqativ çağırışlar, mesajlar, fikirlər ötürürlər. Özlərini hər şeyi bilən kimi göstərirlər. Millətə hörmət qoyulmalıdır, danışığını, yerini bilməyən bəzi ekran “qəhrəmanlarını” danışdırıb, ekranı onların ixtiyarına verməməlidirlər.
Bəzi verilişlərdə nümunə olacaq mənəvi-psixoloji və etik normalara hörmət əvəzinə, hərc-mərclik, bir-birinin sözünü kəsmək, ifrat dərəcədə tərifləmək, tənqid və təhqir etməklə, əxlaqa sığmayan ifadələr işlətməklə müzakirələr keçirilir. Son vaxtlar müəyyən irəliləyişlər olsa da, “Ona qalsa”, “Səhər-səhər”, “Şən-bazar”, “Praym şou”, “Gəl dərdivi danış”, “ATV maqazin”, “Səni axtarıram”, “Elgizlə izlə”, “Şou nyus”, “Gərgin saat”, “Ad günü”, “Komedyaxana”, “Bizimləsən” və s. verilişlərdə (və teleseriallar adı altında), məntiqi, mənəvi dəyərləri zədələyən tamaşalarda nəzarət yoxdur. Burada və sosial şəbəkələrdə istədikləri sözləri işlədirlər, özlərini ədalı, hətta istintaq, təhqiqat orqanlarının əməkdaşları kimi aparırlar. Orada iştirak edənlər və çox hallarda haqqı olmayanlar “məşhur”, “dahi”, “görkəmli”, “böyük şəxsiyyət”, “dəyərli insan”, “star”, “superstar”, “toylar kralı”, “ulduz”, “xalqın sənətkarı” və s. kimi təqdim edilir.
Bunlara artıq son qoymaq vaxtıdır. Mənəvi həzz almaq üçün futbolçudan, gimnastdan, boksçudan, müğənnidən, modelyerdən və s. süni ulduzlar yaradılır. Təbii ki, haqqı olanlar da az deyil. Onlara yüksək əməkhaqqı, hədiyyələr, dəbdəbəli evlər, bağlar, maşınlar verilir. Ronaldo, Messi, Neymar, Levandovski, Kante, Salah, İbrahimoviç, Müller, Rakitiç, Şumaxer və bu kimilərinə çox yüksək əməkhaqqı verilir. Braziliyalı futbolçu Neymarın illik əməkhaqqısı 31,6 milyon dollardır. Bunlara heç bir sözümüz yoxdur. Ölkəmizdə də çox yüksək dəbdəbə ilə yaşayan, var dövləti ilə öyünən “ekran ulduzları” və s. var. Ancaq müəllimlər, həkimlər, bəzi polis əməkdaşları ölkə üzrə orta aylıq 712 manat əməkhaqqından az, 300-500 manat əməkhaqqı alırlar. İnsanların sağlamlığının keşiyində dayanan, şərəfli peşə sahiblərinə və elmə qarşı laqeyd münasibət koronavirus dövründə vaksin hazırlamağı xeyli ləngitdi. Bunlar bir daha düşünməyə əsas verir ki, təhsil, elm, səhiyyə sahəsində rəqəmsal texnologiyaların formalaşması və tətbiqinə xüsusi diqqət verilməli, bu sahələrə tələb olunan qədər vəsait ayrılmalıdır.
Televerlişlər əhalinin sosial-psixoloji vəziyyətinə təsir edən çox vacib vasitələrdən biridir. Məlumdur ki, televerilişlər sponsorların hesabına hazırlanır, yaşayır. Ancaq reklamların tez-tez verilməsi insanların psixologiyasına çox pis təsir edir. Hesab edirik ki, reklamların müəyyən edilmiş vaxtı olmalıdır.
Covid-19 pandemiyası ilə əlaqədar karantin dövründə televiziyalarda səviyyəsiz, şou xarakterli verlişlər, şəxsi toyların nümayişi dayandırıldı. Maraqlı, mənəviyyatı saflaşdıran sosial çarxlar, düşünülmüş verlişlərlə əvəz edildi. Bu, çox yaxşı haldır. Ancaq istəyim budur ki, zəngin təbiətimizi, mədəniyyət abidələrimizi, musiqilərimizi, yeməklərimizi, ölkəni tanıdan, yaradıcı insanlarımızı tərənnüm edən verilişlər hazırlansın və göstərilsin. Xarici dövlətlərin maddi mədəniyyəti, adət-ənənələri, görkəmli şəxsiyyətləri barədə verilişlər də maraqla qarşılanır. Bundan başqa, özünütəcrid vaxtı onlayn təşkil olunan I-XI siniflər üçün, hətta universitetlərin tədris proqramlarına uyğun hazırlanan dərslərin elektron tədrisinə, virtual təhsilə, xüsusi maarifləndirmə işlərinə xüsusi verilişlər həsr edilməsi çox böyük kömək ola bilər.
Koronavirus dövrü başa çatdıqdan sonra bəzi həyati əhəmiyyətli məsələlər yeni dönəmdə tənzimlənməlidir. Ad günləri, sünnət, məktəbə getmə, məktəbi qurtarma, universitetə qəbul və bitirmə, əsgərlik, nişan, xınayaxdı, toy mərasimləri və digər şadlıq mərasimləri təntənəli, toplam şəkildə - 50-300-500 nəfərin iştirakı ilə keçirilir. Buraya çoxlu sayda qohum-əqraba, dost-tanış, iş yoldaşları və digərləri dəvət olunur, ifrat toplantılar keçirilir, sıx toplaşırlar. İaşə obyektləri, saraylar, şadlıq məclislərinin sayı artır. Televiziyalarda öz toylarını reklam edənlər 1-2 saat başqalarına dəxli olmayan prosesləri göstərməklə nə məqsəd güdür? Qlobal ərzaq təhlükəsizliyi şəraitində ifratçılığa yol verilir. Yaxud, yaxınlarını itirənlərin bir neçə dəfə çoxsaylı insanların iştirakı ilə yas mərasimləri, anım günləri keçirmələri, qucaqlaşma, öpüşmə və s. infeksiya mənbəyidir, məhsul və vəsaitin israf edilməsidir. Belə tədbirlərin koronavirus infeksiyası ilə əlaqədar karantin rejimi müddətində dayandırılması çox müsbət qarşılanmalıdır. Hesab edirik ki, bu tədbirlərin təkcə xüsusi karantin rejimi vaxtı məhdudlaşdırılması ilə kifayətlənmək olmaz, bu, rahat həyat dövründə də davam etdirilməlidir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, hazırda dünyanın 30-dan çox ölkəsi aclıq təhlükəsi ilə qarşılaşıb. Bu təhlükə arta bilər. Ona görə də istehsal ehtiyatlarından və ərzaqdan düzgün istifadə edilməlidir. Hesablamalarımıza görə, bir ildə şənlik və yas mərasimlərində ölkəmizdə təxminən 30-35 min ton ət, adambaşına 30 kq çörək işlədilir və bunun 15-20%-i itkilərə gedir. İsrafçılığın qarşısını almaq və təmasları azaltmaq üçün toy və yas mərasimlərində iştirakçıların say həddi 30-40, maksimum 50 nəfər müəyyən edilməli, menyuların tərkibi isə xeyli azaldılmalıdır. Buna isə yerli və mərkəzi orqanlar tərəfindən ciddi nəzarət olunmalıdır.
Hesab edirik ki, koronavirusla mübarizə sosial-iqtisadi həyata təsir göstərir ki, iqtisadi həyatda, cəmiyyətdə yeni çağırışlar, yeni formatda fəaliyyət, yaşayış prinsipləri olmalıdır. Ölkəmizin neftdən asılılığına son qoymaq üçün elm və texnologiyanın inkişafı proqramı qəbul edilməli, regional inkişaf proqramları kimi, hər rübdə onun icrası yoxlanılmalıdır. Hər bir vətəndaş, müəssisə və təşkilatların rəhbərləri fəaliyyətlərinə yenidən baxmalı, insanların sağlamlığını qorumaq və onların rifahını yaxşılaşdırmağın dövlət siyasətinin strateji hədəfi olduğunu əsas götürməlidirlər.
Məktəblərdə, uşaq bağçalarında, universitetlərdə uşaqların, şagirdlərin, tələbələrin, eləcə də hər kəsin məsafə saxlamaqla oturması, ünsiyyəti və s. barədə qaydalar, normalar hazırlanmalıdır.
Xeyir və şər mərasimlərinin keçirilməsi xərcləri və s. normalar tətbiq edilərək tənzimlənməlidir. Bəy-gəlin maşınları və onları müşayiət edənlərə ciddi intizam tədbirləri müəyyən edilməlidir. Evlərdə yemək hazırlamağa və insanların evdə yemək yeməyə meyli xeyli artacaqdır. Bununla əlaqədar istehlakçılara keyfiyyətli yarımfabrikatlar və çeşidli hazır yemək təklifi artırılmalıdır.
Koronavirus rejimi vaxtı içki məclisləri, demək olar ki, keçirilmədi. Bu vəziyyəti nəzarətdə saxlamaq lazımdır. Cinayət hadisələri və yol-nəqliyyat qəzalarının sayı xeyli azalıb. Cinayət məsuliyyətinə görə cəzalar, cərimələr, nəzarət və məsuliyyət güc­­ləndirilməlidir.
Ölkə iqtisadiyyatının və sosial şəbəkələrin dəstəklənməsi, sosial-iqtiadi tədbirlər paketinin qəbul edilərək həyata keçirilməsi üçün koronavirusun mənfi təsirlərinin məhdudlaşdırılması məqsədilə dövlət tərəfindən 3,5 milyard manat vəsait ayrıldı. Vəsaitin düzgün xərclənməsi üçün və elmi monitorinqlər aparılmaqla bərabər, təhsil, səhiyyə və elmin maliyyələşdirilməsi, onun yüksək ixtisaslı kadrlarla təminatı dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqaməti kimi daim diqqət mərkəzində olmalıdır.
Sərnişin avtobuslarında, metroda, qatarlarda, təyyarələrdə, gəmilərdə və digər ictimai yerlərdə insanların sosial məsafə saxlamaqla yol getmələri, oturmaları üçün normalar müəyyən edilməlidir. Marketlərdə, yeməkxanalarda sanitar qaydalar ciddiləşdirilməli, işçilər həkim nəzarətindən keçirilməli, məsafə saxlanmasına, siqaret çəkilməsinə qadağalar gücləndirilməlidir, ciddi nəzarət olunmalıdır.
İnternetin bütün kəndlərdə, qəsəbələrdə fəaliyyət göstərməsi təmin edilməli, keyfiyyəti və sürəti artırılmalı, yeni dövrün tələblərinə uyğun hər kəsin internetə çıxış imkanları olmalıdır.
Koronavirus pandemiyası insanların psixoloji yardıma təlabatını xeyli artırdı. Psixoloji sarsıntılar insanların şüuraltında uzun müddət qala bilər. Odur ki, psixoloji yardıma şərait yaradılması üçün mərkəzlər formalaşdırılmalıdır. Hesab edirik ki, bu məsələlərdə dövlət dəstəyi təmin olunmalıdır.
Vətəndaşların cəmiyyətin bu və ya digər hadisə və proseslər barədə məlumatlandırılmasının əhəmiyyəti artmışdır. Onlara rəsmi mənbələrdən düzgün informasiya çatdırılması, mətbuat və televiziyalardan hər hansı formada verilən informasiyalar üçün məsuliyyət artırılmalıdır. Restoranlar, kafelər, çayxanalar, ictimai iaşə müəssisələri, dükanların və s. iş rejiminə baxılmalı, insanların rahatlığını pozan hallar aradan qaldırılmalı, bəzi yaşayış yerlərinin yaxınlığında fəaliyyət göstərən obyektlərin fəaliyyəti dayandırılmalıdır.
Koronavirusa qarşı mübarizə başa çatdıqdan sonra turizmin inkişafına yeni prizmadan baxılmalıdır. Virus təhlükələrinin xaricdən daxil olmasının qarşısı alınmalı və nəzarət gücləndirilməli, ölkənin daxilində turizmin inkişafına şərait yaradılmalıdır. Bu turizm qiymət və keyfiyyətli xidmətlər baxımından insanlarımızın tələblərinə uyğunlaşdırılmalıdır.
Ətraf mühitə atılan tullantı və qarışıqların azaldılması, havanın, suyun, torpağın çirkləndirilməsinin qarşısını almaq üçün müəssisə, təşkilat və hər bir vətəndaşın məsuliyyətinin artırılması məqsədilə ciddi tədbirlər görülməlidir. Havanı, suyu, torpağı çirkləndirən müəssisələrin işinə baxılmalı, nəqliyyatın sıxlığı azaldılmalı, xarici ölkələrdə olduğu kimi, velosipedlərdən istifadəyə, insanların piyada hərəkətinə uyğun təbliğat artırılmalı, şərait və maraq yaradılmalıdır.
Koronavirus pandemiyasına qarşı mübarizə başa çatdıqdan sonra onun təkrarən yayılma təhlükəsi ola bilər. Ona görə də insanların xarici ölkələrə gedişi və ölkəmizə gəlişi ciddi həkim nəzarətində saxlanılmalıdır. Virus daşıyıcılarına qarşı vaxtında tədbir görülməsi üçün uşaq bağçalarında, məktəblərdə, universitetlərdə, metroda, sərnişin nəqliyyatında, orta və irihəcmli ticarət obyektlərində, idarə və təşkilatların girişində testlə həkim nəzarəti aparılmalıdır.

 

İBRAHİMOV İSLAM HACI oğlu, iqtisad elmləri doktoru, professor,
Əməkdar kənd təsərrüfatı işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü