Maliyyə sanksiyaları
Aksizlərlə bağlı…
Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır.
Aksiz markaları ilə markalanmalı olan malların markalanmadan satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması qaydalarına əməl edilməlidir. Qeyd edək ki, vergi orqanları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti zamanı aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması halları aşkar edildikdə, həmin mallar müsadirə olunur. Qəzetimizin ötən sayında aksizlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş maliyyə sanksiyaları barədə məlumat vermişdik. Bu yazıda isə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş inzibati cərimələr və cinayət məsuliyyəti tədbirlərini nəzərinizə çatdırmaq istəyirik.
Məhsulun ümumi miqdarı az miqdarda, yəni 500 manatadək olduqda, İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslərə 35 manatdan 40 manatadək, vəzifəli şəxslərə 80 manatdan 90 manatadək, hüquqi şəxslərə isə 200 manatdan 300 manatadək inzibati cərimələr tətbiq olunur. İnzibati Xətalar Məcəlləsində aksiz markası ilə markalanmalı olan malların marka olmadan az miqdarda, yəni 500 manatadək olan məbləğdə idxal edilməsi faktı aşkar edildikdə, gömrük orqanları tərəfindən aksiz markası olmayan mallar müsadirə edilməklə, fiziki şəxslərə 150 manatdan 250 manatadək, vəzifəli şəxslərə 300 manatdan 500 manatadək, hüquqi şəxslərə isə 1.000 manatdan 3.000 manatadək inzibati cərimənin tətbiq olunması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) marka olmadan xeyli miqdarda, yəni 500 manatdan 2.000 manatadək məbləğdə satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etməyə görə, Cinayət Məcəlləsinin 213.1.1-ci maddəsinə əsasən, əmlakı müsadirə edilməklə 1.000 manatdan 3.000 manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir. Eyni əməllər külli miqdarda, yəni 2.000 manatdan yuxarı məbləğdə təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyi zaman əmlakı müsadirə edilməklə 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur.
Xüsusi razılıqların (lisensiya) verilməsi qaydalarının pozulması
İnzibati Xətalar Məcəlləsində dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda həmin razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslərə 10 manatdan 15 manatadək, vəzifəli şəxslərə 30 manatdan 50 manatadək, hüquqi şəxslərə isə 120 manatdan 160 manatadək inzibati cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan əməllər vətəndaşlara, təşkilatlara və dövlətə xeyli miqdarda (1.000 manatdan 7.000 manatadək) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə cinayəti törədən şəxsə 1.000 manatdan 5.000 manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzası verilir. Bundan başqa, vurulan ziyan külli miqdarda, yəni 7.000 manatdan artıq olduqda, eyni zamanda mütəşəkkil dəstə tərəfindən törədildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsi nəzərdə tutulur.
Vergi ödəyiciləri valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində alınıb-satılması və ya dəyişdirilməsini qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında həyata keçirməlidirlər. Operativ vergi nəzarəti zamanı vergi orqanları tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması və ya dəyişdirilməsinə görə həmin vergi ödəyicilərinə İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarında inzibati cərimə tətbiq olunur. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun aparılmadıqda isə İnzibati Xətalar Məcəlləsində həmin vergi ödəyicisinə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizinədək məbləğində inzibati cərimənin tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Toğrul ƏLİYEV
|