MƏQALƏLƏR

Mirzə Fətəli Axundzadənin iqtisadi fikirləri haqqında YENİLƏNDİ

  • 22.04.2021

Mirzə Fətəli Axundzadə 1812-ci ildə Şəki (keçmiş Nuxa) şəhərində anadan olmuşdur. O, Yaxın Şərqdə və Türk dünyasında dramaturgiyanın və yeni tipli nəsrin banisi, əlifba islahatçısı, Azərbaycan ədəbiyyatında realizm prinsiplərinin və maarifçi-demokratik ideologiyanın əsasını qoymuş, görkəmli liberalist və ictimai-siyasi xadim kimi tanınımışdır. Ensiklopedik biliyə və fitri istedada malik olan M.F.Axundzadənin öz həyat və yaradıcılığı ilə xalqımızın ictimai-siyasi şüurunun bütün sahələri, eləcə də iqtisadi şüurunun formalaşmasında əvəzsiz xidmətləri olmuşdur.
O dövrdəki Azərbaycanla bağlı ilk olaraq, onu qeyd etməliyik ki, artıq M.F.Axundzadənin bütöv olan vətəni Azərbaycanın şimal ərazisi Rusiya tərəfin-dən işğal olunmaqla parçalanmağa doğru gedirdi. Təbii ki, bu proses böyük bir millətin Arazdan şimalda və cənubda qalan hissələrinin tədricən, fərqli sosial-iqti-sadi və mədəni inkişaf yoluna qədəm qoyması prosesini şərtləndirdi. Belə ki, hər iki Azərbaycan klassik feodal üsul-idarəçiliyinin və feodal təsərrüfatının hakim olduğu həmin o dövrün həm ictimai-siyasi, həm də iqtisadi baxımdan geri qalmış məmləkətləri sırasında idi. Lakin buna baxmayaraq, gənc Mirzə Fətəli bir neçə xarici dili, xüsusən rus dilini mükəmməl bildiyinə görə ölkənin Şimali Rusiya və rus dili xətti ilə gələn Qərb üsul-idarəsi, fikir və düşüncə axınlarından, mütəmadi olaraq, xəbər tuta bilirdi. Bəs, həmin dövrdə ictimai-siyasi və iqtisadi baxımdan dünyada hansı proseslər gedirdi? Təbii ki, Qərbi Avropa istisna olmaqla, dünyanın böyük bir hissəsinin sosial-iqtisadi durumu Azərbaycandan o qədər də fərqlənmirdi. Qərbi Avropa isə elə həmin dövrdə də həm zehni-intellektual, həm də sosial-iqtisadi həyat səviyyəsinə görə fövqəladə inkişaf trendinə daxil olmuşdu. Belə ki, həmin dövrdə “Ronesans hərəkatı”, “Sənaye inqilabı”, “Maarifçilik cərəyanları”, “Fransa inqilabı” və s. kimi hadisə və proseslərin nəticəsi olaraq, artıq Qərbi Avropada sxolastik düşüncə tərzindən elmi-realist düşüncə tərzinə, aqrar-feodal cəmiyyətindən kapitalist-sənaye cəmiyyətinə və nəhayət avtoritar idarəetmə sistemindən demokratik idarəetmə sisteminə keçid istiqamətində proseslər sürətlənmişdi. Heç şübhəsiz ki, bütün bu proseslər öz zəmanəsinin böyük ziyalısı kimi M.F.Axundzadənin ictimi-siyasi və xüsusilə də iqtisadi düşüncə tərzinə və ədəbi yaradıcılığına müsbət təsir göstərməyə bilməzdi.
Məlum olduğu kimi, 1776-cı ildə ingilis iqtisadçısı Adam Smitin “Xalqların sərvəti” adlı əsərini nəşr etdirməsi və bu əsrin dəsti xəttini davam etdirən digər əsərlərin ortaya çıxması artıq Qərbi Avropada yeni iqtisadi-ictimai formasiya kimi, kapitalizmin liberal dəyərlərə əsaslanan elmi-nəzəri bazasının da forma-laşdırılması prosesinin başlanğıcını qoymuşdu. Biz bu xəttin Mirzə Fətəlinin əsərlərində yer alan iqtisadi fikirlərində də özünü açıq şəkildə büruzə verdiyinin şahidi oluruq.
M.F.Axundzadənin iqtisadi fikirləri­ni kompleks təhlil etdikdə həm də onu gö-rürük ki, dövlət idarəçiliyinin məzmun və formaca dəyişikliklərə uğra-ması məsələləri onun yaradıcılığının əsas leytmotivini təşkil edir. O dövrün ictimai-siyasi və iqtisadi həyatının bu sahələrində dərin islahatların aparılması zəruriliyini dərk edən Mirzə Fətəlinin bu istiqamətdəki fikirlərinin həmin dövr üçün əsas tənqid hədəflərindən biri də o dövrdə mövcud olan avtoritar və totalitar feodal üsul-idarəsi idi. Bu isə müəllifdən çox böyük cəsarət və risk tələb edirdi. Bir maarifçi və liberalist kimi M.F.Axundzadə öz əsərlərində feodal üsul-idarəsi və qayda-qanunlarına, zülmə, özbaşınalığa, ədalətsizlik və qanunsuzluğa qarşı çıxmış, nəinki təkcə öz doğma Azərbaycan xalqının, hətta ümumən Şərq xalqlarının milli intibahı, siyasi, iqtisadi və mədəni tərəqqisi, azad və xoşbəxt həyata qovuşmaları naminə, bu problemlərin həllinin vacibliyini göstərmişdir. O, bir tərəfdən, alovlu bir vətənsevər vətəndaş kimi məmləkətinin, millətinin gerili-yinə acıyır, digər tərəfdən isə, bütün müsəlman millətlərinin bu baxımdan çağdaş Qərbi Avropa tərəqqi karvanına qoşulmalarının ən optimal yolları haqqında düşünürdü.
M.F.Axundzadə cəmiyyətin idarə edilməsi sahəsində, müasir anlamda desək, demokratik və hüquqi dövlət arzusunda idi. Asiya xalqlarını “nadanlıq və qəflət yuxusundan oyatmaq” və iqtisadi-mədəni tərəqqi yoluna çıxartmaq məqsədilə o, 1863-1865-ci illərdə məşhur “Kəmalüddövlə məktubları” adlı fəlsəfi əsərini yazmışdır. 1860-cı illərin ortalarından başlayaraq, rus inqilabçı demokratlarının və Qərbi Avropa maarifçilərinin qabaqcıl ideyalarının qüvvətli təsiri altında dahi mütəfəkkir zəhmətkeş kütlələr üçün xalis maarifpərvər və müdrik hökmdarın insanpərvərliyinə inamı haqqında özünün əvvəlki “ideyasını” rədd edir və onun bu ideyaları getdikcə daha prinsipial xarakter daşımağa başlayır. Belə ki, əgər müəllif “Aldanmış kəvakib” əsərinin meydana çıxdığı dövrdə, zülm edənlərlə zülm olunanlar arasında “barışığa” və “sazişə” gəlməyi mümkün hesab edirdisə, “Üç məktub” əsərində o, artıq bu məsələyə münasibətini xeyli kəskinləşdirməklə daha müdrik və düzgün mövqe tutmuşdur. O, 1871-ci ildə Mirzə Yusif Xana məktubunda yazırdı: “Zülmü yox etmək üçün iki vasitə vardır: “ya zülmkar zülm etməkdən əl çəkməli,” və yaxud da, “məzlumlar zülmə dözməyərək, özləri onun özünü məhv etməlidirlər”. Ağıl söyləyir ki, zülmü yox etmək üçün başqa yollar yoxdur. Min illərlə mütəfəkkirlər, alimlər, şairlər zülmü və ədalətsizliyi yox etmək üçün zülmkarlara nəsihət və məsləhət verməyi kifayət hesab edirdilər. Lakin təcrübə göstərdi ki, belə cəhdlər faydasızdır və bu yolla yer üzündə zülmü məhv etmək olmaz. Deməli, zülmü yox etmək üçün “zalıma” nəsihət vermək lazım deyil, əksinə “məzluma” demək lazımdır ki, “say”, “qüvvə” və “bacarıq”da zülmkardan qat-qat üstün olduğun halda, nə üçün sən bu zülmə, acizanə surətdə, dözürsən? Oyan və zülmü alt-üst et”.
M.F.Axundzadə o dövrün dövlət idarəçiliyini yalnız ümumi şəkildə deyil, eyni zamanda, konkret istiqamətlər üzrə də cəsarətlə tənqid edirdi. Hətta Cə-lil Məmmədquluzadə kimi cəsarətli söz sahibi olan bir yazıçı belə, bu haqda deyib ki, “Axundzadənin əsərlərində toxunduğu bütün məsələlərdən qan iyi gəlirdi”. O, çar üsul-idarəsinin yüksək rütbəli məmuru olmasına baxmayaraq, çar hakim-lərinin nöqsanlarına da göz yummamış, onların bürokratizmini, rüşvətxorluğunu və ədalətsizliyini açıq şəkildə tənqid etmişdir. Məsələn, “Hacı Qara” əsərində qaçaqmal keçirmək barədə bəylərlə söhbət apararkən, Hacı Qara çar bürokratik üsul-idarəsi, yerli çar məmurları haqqında deyirdi: “Rus adı gələndə (burada çar məmurları və idarəçiliyi nəzərdə tutulur) bağrım yarılır. Onların qılınc-tüfəngi məni o qədər qorxutmur nəinki, silisti, apar-gətiri canıma vəlvələ salır”.
Əslində müəllif burada digər bir həqiqətin də üstünü açırdı: “Qaçaqmalçılıq daha çox gömrükxanalardakı çox ağır, həm də bürokratik mexanizmdən və rüşvətxorluqdan doğur”.
“Aldanmış kəvakib” əsərində də müəllif heç nədən çəkinmədən göstərirdi ki, “bilavasitə şahın, eləcə də onun nazirlərinin təqsiri üzündən İran dövləti və xal-qı dəhşətli bir vəziyyətə düşmüşdür: ticarət və əkinçilik süqut etmiş, şəhər və kəndlər viran qalmış, körpülər və karvansaralar uçulub tökülmüş, ölkə ağır iqtisadi-siyasi böhrana uğramışdır. Hər yerdə zalım, nadan, ədalətsiz, rüşvətxor dövlət məmurları və feodal hakimləri xalqa olmazın zülm edir, onu soyub-talayır, başına min bir oyun açırlar”.
M.F.Axundzadə nəinki o dövrün Şərq idarəetmə sistemini tənqid etmiş, eyni zamanda, özünün “ideal dövlət və dövlət başçısı” modelini də təqdim etmiş-dir. “Aldanmış kəvakib” povestindəki Yusif Sərrac obrazı məhz dediklərimi-zə bariz nümunədir.
Müəllif bu obrazla öz mütərəqqi görüşlərini nümayiş etdirmiş, İranı tərəqqi yoluna yönəltmək, xalqın güzəranını yaxşılaşdırmaq üçün konkret təkliflər də irəli sürmüşdür. Yusif Sərrac məhz elmi, əqli, qabaqcıl mədəniyyəti ilə seçilən, iqtisadi-mədəni tərəqqini təmsil edən, maarifçi bir hökmdar surəti idi. Bəs, Yusif Sərracın idarəçiliyi hansı prinsiplərə əsaslanırdı? O, ilk olaraq öz ətrafına bir qrup həqiqətpərəst, ağıllı, savadlı, sağlam düşüncəli adamları toplayıb, onlara söyləyir ki, kəndxudadan tutmuş padşahadək bütün hakimlər “əhli-zələmə” və yolkəsəndirlər. Onlar ölkə və millətə heç bir fayda vermir, həmişə öz şəxsi mənafe-ləri haqqında düşünür, biçarə xalqı müxtəlif cərimə və vergilər vasitəsi ilə soyub talayır, öz iş və fəaliyyətlərində heç bir qanun və qaydaya riayət etmirlər. Bir təsadüf nəticəsində İran şahı olan Yusif Sərrac ölkədə geniş ictimai-siyasi və iqtisadi islahat yönümlü tədbirlər həyata keçirməyə başlayır. Onun islahatları nəticəsində İranın ictimai-siyasi həyatında böyük dəyişikliklər baş verir. Bir sözlə, həmin dövr ərzində “İran üçün əyyami-firuzluq, “əyyami-səadət” və “iqbal” baş verir. Yusif şahın fəaliyyətinə nəzər saldıqda, açıq şəkildə görünür ki, onun apardığı bu islahatlar obyektiv olaraq, İranın orta əsr feodal ziddiyyətləri və ictimai yaralardan xilas edilib, bunun əvəzində kapitalist inkişaf yoluna düşməsi ilə nəticələnir.

 

Müəllifin öz əsərində “utopik dövlət” başçısını, kapitalist islahatları yolunda göstərməsini də məhz Mirzə Fətəli yaradıcılığının “orijinallığı” və “ölməzliyi” hesab etməmək ən azı ədalətsizlik olardı.
M.F.Axundzadənin iqtisadi fikirləri içərisində iqtisadi inkişaf yollarının axtarılması məsələsi də əsas yerlərdən birini tutmuşdur. Belə ki, M.F.Axundza-də “Kəmalüddövlə məktubları” adlı əsərində iqtisadi inkişaf üçün iqtisadi infrastrukturun yaxşılaşdırılmasının vacibliyinə toxunur. Yol infrastrukturunun timsalında öz fikirlərini açıqlayan müəllif ölkənin iqtisadi inkişafı üçün yol infrastrukturlarının qaydaya salınmasına böyük əhəmiyyət verirdi.
M.F.Axundzadə ölkəsinin və onun əhalisinin yoxsulluq və dilənçiliyini kütlələrin iqtisadi və mədəni geriliyində və savadsızlığında, ölkənin təsərrü-fat həyatının pozulmasında, onun müxtəlif sahələrinin idarə edilmə-sinin köhnəlmiş, yararsız şərait və üsullarında görürdü. M.F.Axundzadə “kənd təsərrüfatı, əkinçilik, ticarət, maldarlıq, bostançılıq və s. işlər haqqında düzgün təsəvvür olmadığına görə təsərrüfatı yaxşı idarə etməyə kömək edə bilən, səriştəli (kompetent), iqtisadi təhsilli mütəxəssislərin və onlara lazım olan iqtisadyönümlü ədəbiyyatların (kitabların) yoxluğu”na acıyırdı.
Maddi nemətlərin istehsalı üçün ictimai əməyin düzgün bölgüsü və ölkənin əmək ehtiyatlarından tam və təyinatı üzrə istifadə edilməsinin zəruriliyi problemləri də Mirzə Fətəlinin diqqətindən yayınmamışdır. Onun zəngin iqtisadi təfəkkürünə görə, “İranda iqtisadi gerilik və bu zəmində işsizlik nəticəsində insanlar başqa ölkələrə iş axtarmağa gedib, həmin ölkələrdə alçaldıcı həyat tərzi keçirməyə məcbur olurlar”.
M.F.Axundzadə özünün heç də o dövrün tanınmış iqtisadçılarının əsərlə-rindən geri qalmayan, dərin məzmunlu “İnsan tələbatları haqqında” adlı əsərində ictimai əməyin düzgün bölgüsünü onun müxtəlif sahələr arasında müəyyən proporsiyaların nəzərə alınması məsələləri ilə əlaqələndirir və düzgün olaraq belə hesab edirdi ki, həmin prinsiplərin pozulması zəruri olan yaşayış vasitələrinin bəzilərinin çox, digərlərinin isə az istehsal edilməsi səbəbindən olur.
M.F.Axundzadə iqtisadiyyatda liberal- kapitalist dünyagörüşünün təmsilçisi olmasına baxmayaraq, cəmiyyətdə sosial-ədalət prinsipinə əməl edilməsinin vacibliyini də göstərmişdir. O, adamların yoxsulluq və məhrumiyyətlərinin əsas səbəbini məhz zəhmətkeş xalqın mülkiyyətlərinin müstəbidlər tərəfindən mənimsənilməsində görür və bu işdə varlı sinfin sadiq xidmətçiləri kimi ruhaniləri günahlandırırdı. Onun fikrincə, müstəbid və ruhanilər zorakılıq yolu ilə xalq malını talan etməyə həmən hazırdırlar.
Məhz elə buna görə də M.F.Axundzadə zəhmətkeşlərdən özlərinin “haqq-halal” azadlıqlarını təmin etmələrini ru­hən və cismən tələb edirdi.
“M.F.Axundzadənin iqtisadi fikirlərini ətraflı təhlil etdikdə, onun kapitalist iqtisadiyyatı haqqında zəngin biliklərə malik olduğunu görməmək mümkün deyil-dir. Məsələn, o, kapitalizmdə istehsalla istehlak arasındakı ziddiyyəti dərindən başa düşür və onun fikrincə, kapitalist ölkələrində, bəzən istehsal edilən əmtəələrin miqdarı xalq kütlələ­rinin tələbindən artıq olur ki, bu da mütləq böhrana gətirib çıxarır. Özünün “Hekayət” əsərində yazır ki, “Altmış il bun-dan əqdəm Firəngistanda, xüsusən İngilis məmləkətində xalq biaram karxanalar yapmağa və sənaye işlətməyə iqdəm edib, az müddətdə külli-aləmin ehtiyaclarına kafi miqdardan bəməratib ziyadə əqmişə və əmtəə hazır edib, Firəngistanda və sair əqalimdə hərə şəhərin bazar və karvansaraylarını ənva və əqsam əşya ilə doldurdular. Və bu aləmin məalından saf qafil idilər və hərgiz xəyallarına xü-tur etmirdlər ki, bu işin nəticəsi, aqibəti ərbabi-tənxahın iflasına bais olacaqdır”. Müasir iqtisadi anlamda desək, M.F.Axun­zadə xalqı başa salmağa çalışırdı ki, əhalinin tələbatını, yalnız yerli bazar­ların “konyunkturunu” (mövcud vəziyyətini) müəyyənləşdirmək və real bazarda tələblə təklif arasında nisbətə uyğun olaraq, mal (məhsul) istehsal etmək lazımdır. Əks təqdirdə, hökmən bazarlarda bu və ya digər mal qrupları üzrə “ifrat istehsal” səbəbindən böhrana gətirib çıxaracaqdır. Bu böhran isə, sonda, sahibkarların iflasına səbəb olacaqdır.
M.F.Axundzadə özünün “Hacı Qara” əsərində Ağcabədi bazarında alver edən, tacir Hacı Qaranın dili ilə deyirdi: “Allah kəssin belə bazarı, belə alış-verişi”. Lakin nə həmin malları istehsal edən istehsalçı, nə də onları satan satıcı Hacı Qara başa düşmürlər ki, malların satılmamasının səbəbi heç də onların mallarının keyfiyyətinin aşağı olması deyil, həm də ifrat istehsaldan, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən ola bilər.
Belə bir cəhəti də qeyd edək ki, həm SSRİ adlanan böyük bir imperiyanın dağılması nəticəsində keçmiş müttəfiq respublikalar, həm də digər xarici ölkə-lərlə bağlanılmış qarşılıqlı əməkdaşlıq müqavilələrinin pozulması, sonralar dün-ya bazarında və eləcə də ölkəmizdə neftin qiymətlərinin aşağı düşməsi nəticə-sində və nəhayət, təqribən 28-30 il ərzində Qarabağ torpaqlarının “erməni van-dallarının” işğalı altında olması və s. qeyri-neft sektorunun inkişafında ləngimələrə səbəb oldu. Bütün bunlar isə doğma Azərbaycanımızın iqtisadiyya-tının qabaqcıl Avropa ölkələrində tətbiq edilən modellərdən istifadə etməklə inkişaf etdirilməsinə mane olmaya bilməzdi.
Lakin artıq biz bu gün tam əminlik və iftixar hissi ilə qeyd edə bilərik ki, Cənab Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevin parlaq zəkası, hərbi-siyasi-diplomatik bilgilərinin yüksək olması, xalqımızı və onun bütün zümrələrini bir yumruq halında öz ətrafında birləşdirməyi bacarmaq qabiliyyəti və nəhayət, türk hərbçilərinin güclü təlim keçdiyi, Şanlı Ordumuzun müasir döyüş texnologiyaları və müharibə şəraitində davranış qaydalarını dərindən bilmələri, cəsurluğu və qeyrətliliyi, ən nəhayət, qardaş Türkiyə dövləti başda olmaqla, bəzi dövlətlərin də öz torpaqlarını işğaldan azad etməsi üçün haqq mücadiləsinə qalxmış xalqımıza mənəvi dəstək olması nəticəsində Uca Tanrımıza çox şükürlər olsun ki, bu gün M.F.Axundzadənin Vətəni Azərbaycanın “Qarabağ” adlı bir problemi yoxdur. İşğaldan azad edilmiş rayonlarımızda bərpa və yenidənqurma işləri üçün ölkə başçısının müvafiq sərəncamları ilə ən yeni, modern layihələr hazırlanmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası nəzdində sədri olduğum “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyi də bu prosesə öz töhfələrini vermək əzmindədir. Belə ki, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramının, “Tədbirlər Planı”nın 11.8-ci bəndinin tələblərinə uyğun olaraq, bu məqalənin müəllifi tərəfindən hələ 2018-ci ildə hazırlanmış “Torpağa Qayıdış” adlı kənd təsərrüfatı istehsal kooperativinin “Nümunəvi Nizamnamə”si Azəbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin “Fermerlər, kooperativlər və Assosiasiyalar “şöbəsinə təqdim edilmişdir.
Azərbaycanda ilk “kənd istehlak cəmiyyəti”nin 1899-cu ildə Xankəndində yarandığını nəzərə alaraq, ilk modern kooperativin də məhz burada yaradıl-masını təklif etmişik. Bütün yuxarıda göstərilənlər isə öz ölkəsinin ən ləyaqətli və vətənpərvər övladlarından biri olan, xalqını dərin məhəbbətlə sevən və doğma Vətənini (Şəki də daxil olmaqla) iqtisadi və sosial inkişafı baxımından Avropa tipli dövlətlər sırasında görmək istəyən Mirzə Fətəli Axundzadənin həmin “arzularının çiçək açması” və onun “ruhunun şad olması” demək olacaqdır.
Allah Prezidentimizi və qəhrəman ordumuzu qorusun! Şəhidlərimizə isə rəhmət eləsin!
QARABAĞ AZƏRBAYCANDIR!

 

 

HƏSƏN İSRAFİLOV,
iqtisad elmləri doktoru,
Azərbaycan Respublikasının
“Əməkdar müəllimi”,
Kooperasiyanın İnkişafına
Dəstək İctimai Birliyinin sədri