Zülfü İLYASOV: Qarabağ milyonlarla soydaşımızın ürək döyüntüsünün eyni ahənglə vurduğu məkandır
Vətən torpağı hər bir xalqa, millətə, topluma ulu Tanrı tərəfindən əmanət olunan müqəddəs və əbədi varlıqdır. Vətən ona görə də doğmadır, əzizdir. Yer üzündə vətənsiz yüzlərlə xalq var. Onlar özlərini xoşbəxt saya bilmirlər. İnsanın mənəvi dünyasının fövqündə Vətən sevgisi dayanır. Vətən təkcə torpaq, ərazi deyil. Vətən həm də insan övladının ən məhrəm hiss və duyğularının yaşandığı məkandır. 30 ilə yaxın müddətdə ayrı düşdüyümüz Qarabağ nisgili və acısı bizə nələr yaşatmadı?! Vətən məfhumunun fəlsəfi mahiyyətini, onu itirməyin ağrısını-acısını bizim qədər dərk edən az millət tapılar. Vətən torpağının itkisindən ağır nə dərd ola bilərmiş!.. Şükürlər olsun ki, uzun illərdən sonra şəhidlərimizin qanı-canı bahasına itirdiklərimizi geri qaytara bildik. Əbədi-əzəli yurd yerlərimizə Böyük Qayıdışın astanasındayıq. Vətən sevgisi, torpaq təəssübü sözlə ifadə olunmayan hisslərdir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm və tarixi qələbənin ətri, rayihəsi, dadı xeyli zaman keçdikdən sonra çıxacaq.
Bu gün əsas vəzifə işğaldan azad edilmiş əraziləri dirçəltmək, ona yeni nəfəs verməkdən ibarətdir. Sözsüz ki, bu proses xeyli vaxt aparacaq. Öncə, əraziləri minalardan təmizləmək və bununla paralel olaraq ən zəruri infrastruktur məsələlərini həll etmək qarşıda durur. Cənab Pezident İlham Əliyev bu xüsusda danışarkən dəfələrlə bəyan etmişdir ki, burada görülən hər bir iş ən müasir standartlara uyğun şəkildə aparılacaq.
Tikinti-quruculuq, abadlıq-yenidənqurma tədbirləri mükəmməl konseptual proqramlar əsasında gerçəkləşəcək. Çünki tikinti-quruculuq işləri hər bir ölkənin sosial-iqtisadi tərəqqisini şərtləndirən mühüm amildir. Bu sahə ölkəmizin, o cümlədən Qarabağın sosial-iqtisadi inkişaf konsepsiyasının əsas tərkib hissəsidir. Dövlət başçısının rəhbərliyi ilə son 17 ildə bu sahə böyük vüsətlə inkişaf etmiş, təkcə paytaxt Bakı deyil, eləcə də bütün bölgələr əsl tikinti meydançasına çevrilmişdir. Tikinti sektoruna kapital qoyuluşunun və investisiyaların həcmi ilbəil artırılmış, bu da öz növbəsində ölkəmizin sosial-iqtisadi tərəqqisinə təkan vermişdir. Tikinti-quruculuq işlərindən danışarkən tarixə qısa ekskurs etmək yerinə düşərdi. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə tikinti-quruculuq və abadlıq işlərinə xüsusi diqqət yetirmişdir. Məhz ötən əsrin 70-ci illərində Azərbaycan tikinti sektorunun inkişafında yeni mərhələyə daxil olmuş, şəhər və rayonlarımızda nəhəng sənaye, istehsal və emal müəssisələri, yüzlərlə yaşayış binaları, elm, təhsil, səhiyyə ocaqları, yollar, körpülər, hotellər və s. tikilib istifadəyə verilmişdir. Müstəqillik illərində tikinti sahəsində inkişaf dinamikası qorunub saxlanılmış, 2003-cü ildən başlayaraq isə əsl tikinti bumu baş vermişdir.
Ona görə də tam əminliklə demək olar ki, tikinti kompleksinin inkişafının mühüm mərhələsi ulu öndərin adı ilə bağlıdır. Təkcə onu demək kifayətdir ki, o, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə tikinti-quruculuq və abadlıq işlərinə xüsusi həssaslıqla yanaşmış, bir sıra nəhəng obyektlərin tikintisinə şəxsən özü rəhbərlik etmişdir. Müstəqilliyimizə qovuşduğumuz zaman artıq Bakı SSRİ-nin ən möhtəşəm şəhərləri sırasına qatılmışdı. Gəncə, Mingəçevir, Sumqayıt, Əli Bayramlı (Şirvan), Naxçıvan, digər yaşayış məntəqələrimizin həm iqtisadi potensialı artmış, həm də siması köklü şəkildə dəyişmişdir. Müstəqillik illərində də bu sferaya diqqət davam etdirilmiş, iri tikinti şirkətləri yaradılmış, bir çox yerli və beynəlxalq əhəmiyyətli layihələr icra olunmuşdur. Qeyri-neft sektorunun inkişafına hədəflənmiş strateji xəttin strukturunda tikinti sektoru üstün mövqeyə çıxarılmışdır.
Xarici və daxili investisiyalar üçün əlverişli mühitin yaradılması, əsas kapitala qoyulan investisiyaların dəfələrlə artırılması nəticəsində bu sahənin inkişafında yüksək dinamika əldə olunmuşdur. 17 il bundan öncəki vəziyyəti bu günlə müqayisə etmək olmaz. Paytaxt Bakıda, şəhər və rayonlarımızda, kənd və qəsəbələrimizda yaradılan sənaye parkları, aqrar sənaye kompleksləri, turizm və idman obyektləri, elm və təhsil müəssisələri, yollar, körpülər, daha nələr nələr.. İnşa olunan hər bir obyekt ən yüksək standartlara cavab verir. Ölkəyə təşrif buyuran hər kəs yaradılan bu ehtişamdan heyranlığını gizlədə bilməz.
Bu gün hər bir Azərbaycan vətəndaşını bir məsələ düşündürür: işğaldan azad edilmiş ərazilərimizi necə dirçəldəcəyik?
Hər kəs bu quruculuq haqqında düşüncələrini dilə gətirir, təşəbbüs və istəklərini səsləndirir. Bu da təbiidir. Hamı Qarabağı gözəl, şux, bol və firavan görmək istəyir. Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, azad olunmuş ərazilərdə unikal sosial-iqtisadi infrastruktur yaradılmalı və bu təcrübə respublikamızın digər bölgələrində də tətbiq edilməlidir. Qarabağla bağlı bu və digər məsələlər, iqtisadi və innovativ cəhətdən əsaslandırılmış konkret planlar və proqramlar uyğun şəkildə gerçəkləşdiriləcək. Bu ərazilərdə ətraf mühitə və ekosistemə zərər verməyən alternativ enerji mənbələri qurulacaq, yaşıl zonalar yaradılacaq.
Qarabağı artıq bütün dünya tanıyır. İndiyədək müharibə, münaqişə ocağı, bundan sonra isə barış və tərəqqi, sülh və firavanlıq məkanı kimi tanıyacaqlar. Yaxın illər ərzində bu yerlərin hər bir guşəsi gülüstana dönəcək, dünyanın dörd bir yanına nur, işıq səpələyəcək. Qarabağ yer üzünün bütün sülhsevər insanları tərəfindən yad olunacaq, əsl ziyarətgaha çevriləcək. Hamı gözləri ilə görəcək ki, haqqın, ədalətin öz yerini tutmasının təntənəsi və məntiqi sonluğu necədir!
Strateji Yol Xəritəsinə uyğun olaraq aparılacaq tikinti-quruculuq işləri Qarabağ bölgəsinə yeni həyat bəxş edəcək. Burada məskunlaşma yeni keyfiyyət meyarlarına uyğun şəkildə, müasir şəhərsalma, qəsəbəsalma, kəndsalma prinsipləri əsasında həyata keçiriləcək. İstehsal, sənaye, kənd təsərrüfatı obyektlərinin tikintisi məskunlaşma şərtlərinə və normalarına uzlaşdırılacaq. Qarabağ təbii resurslarla zəngindir. Bu ərazilərdə geniş spektrli fəaliyyət imkanları mövcuddur. Hazırda respublikamızın bölgələrində 30-a qədər aqrar sənaye kompleksləri, aqroparklar yaradılıb və çox uğurla fəaliyyət göstərir. Onların sayı 50-ə çatdırılacaq. Bu layihənin icrasına 2 milyard manat vəsait yönəldilib. Açığını etiraf edim ki, Cənubi Qafqaz bölgəsində, hətta bir az da geniş anlamda bu səviyyədə aqrar-sənaye kompleksinə rast gəlməmişəm. Bu sahədə analitik məqalələr yazan və araşdırmalar aparan bir jurnalist kimi mənim qənaətim belədir.
İntensiv bağçılq və tərəvəzçilik, bitkiçilik, taxılçılıq, pambıqçılıq, ipəkçilik, zeytunçuluq, arıçılıq və heyvandarlıq – bu sahələrin hər birini bölgələr üzrə diversifikasiya proqramları əsasında, yeni innovativ texnologiyalar tətbiq etməklə inkişaf etdirmək, böyük mənfəət götürmək, minlərlə yeni iş yerləri açmaq və güclü ixrac potensialı yaratmaq üçün Qarabağ bölgəsində unikal şərait və təbii resurslar vardır. Mədən sənayesi, tekstil və toxumçuluq sənayesi sahələrində geniş imkanlar mövcuddur. Qarabağda turizmin bütün növlərini inkişaf etdirmək üçün hər şey var - meşələr, dağlar, çaylar, bulaqlar, termal sular, yüz dərdin dərmanı olan müalicə ocaqları, saf və təmiz hava. Qarabağ ilahinin yaratdığı əsrarəngiz gözəlliklərin bir tabloda qovuşduğu füsunkar məkandır. Bu ərazilərdə infrastrukturu sürətlə inkişaf etdirmək dövlətin, dövlət başçısının diqqətdə saxladığı ən vacib məsələdir. Bu barədə gələcək yazılarımızda geniş söhbət açacağıq. Bir az da məskunlaşma məsələlərindən danışaq. Bu, son dərəcə çətin prosesdir. Hər şeyi sıfırdan başlamaq lazımdır. Zənnimizcə, problemə fərqli prizmadan baxılmalıdır. Həmin ərazilərdə mövcud olan kənd və qəsəbələrin ilkin vəziyyətində bərpa edilməsi çox vaxt və vəsait tələb edir. Bir-birindən 30-40 km məsafədə yerləşən yüzlərlə kiçik kəndə yol, elektrik, su və qaz xətləri çəkmək, sosial obyektlər tikmək o qədər asandırmı?! Fikrimizcə, bunun əvəzinə kənd adları və toponimlər qalmaqla iki-üç və dörd mərtəbəli evlərdən ibarət müasir tipli yaşayış massivləri yaradılmalı, qalan ərazilər isə təsərrüfat məqsədləri üçün istifadə olunmalıdır. Rayon mərkəzləri genişləndirilərək, iri şəhərlərə çevrilməlidir.
Yuxarıda aqrar sənaye komplekslərindən danışdıq. İşğaldan azad edilmiş ərazilərdə yüzlərlə belə kompleks yaratmaq olar. Əkin üçün yararlı sahələr, biçənəklər, yaylaqlar özəl bölmənin, fermer təsərrüfatlarının icarəsinə verilərsə, həm ərzaq bolluğu yaratmaq olar, həm də məşğulluq problemi həll edilər.
Kiçik bir statistikaya diqqət çəkmək istərdim. Taxılçılıqda respublika üzrə orta məhsuldarlıq hər hektara 25-31 sentner təşkil edir. Mütəxəssislərin fikrincə, Qarabağda suvarılan ərazilərdən 45-50 sentner məhsul götürmək olar. Həmin ərazilərdə bir neçə milyon baş civarında mal-davar bəsləmək mümkündür. Bu isə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı ət, süd məhsulları, yun, dəri, yumurta ixrac edən ölkəyə çevirəcək.
Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri