MƏQALƏLƏR

Rəsul Balayev: İnformasiya cəmiyyətinin görünən cizgiləri və rəqəmsal mühitdə dayanıqlı

  • 29.04.2021

İnformasiya cəmiyyəti sivilizasiya­nın yeni mərhələsi, postsənaye cəmiyyətinin konsepsiyasıdır. Bu cəmiyyətin konsepsiyasının uğuru onu dəstəkləyən maraqlı tərəflərin bü­tün əhali təbəqələrini əhatə etməsin­dən asılıdır. Başqa sözlə, informasiya cəmiyyətində uğur və çoxluğun müsbət münasibəti arasında korrelyasiya əlaqəsinin mövcudluğundan danış­maq olar. Haqqında danışılan müs­bət münasibət isə, təbii ki, demokratik, o cümlədən informasiya cəmiyyətinin demokratik prinsiplərinə zidd olmayan motivləşdirmə ilə bağlıdır. İnformasiya cəmiyyətində demokratiyanın vacib şərti azad və dürüst informasiya əldə etməkdir.
Azad və dürüst informasiyanın itkisiz və təhrifsiz yayılmasında, ona maraqlı tərəflərin sərbəst əlyetənliyinin təmin edilməsində texnoloji amilin rolu günbəgün artır. Odur ki, informasiya cəmiyyətində demokratiyanın haqqında danışılan vacib şərtlərinə əməl etmək üçün informasiya-kommunikasiya texnologiyalarının zəruri xarakteristikalarının təkmilləşdirilməsi mühüm addım hesab edilir. Eyni zamanda, unutmaq olmaz ki, kommunikasiya informasiya cəmiyyətinin əsas elementidir və onun inkişafı kütləvi informasiya xidmətlərinin ucuzlaşması ilə müşayiət olunur. Əks halda, getdikcə daha çox insanın informasiya texnologiyaları və bilik transferi ilə məşğul olması mümkünsüzdür.
İnformasiya cəmiyyəti sıçrayışlar və təkamül prosesində təşəkkül tapır. Bəşər tarixində yazının və kitab çapının ixtirasının, rabitə vasitələrinin inkişafı və kompüterlərin yaradılmasının informasiya inqilabları hesab edilməsi, zənnimizcə, informasiya cəmiyyətinin formalaşmasında təkamül amilinin rolunu azaltmır. Bəşəriyyətin təkamül tarixi bir çox texnoloji inqilabları özündə ehtiva edir və bundan həmin inqilabların əhəmiyyəti heç də azalmamışdır. Deyək ki, kağız pulun meydana gəlməsi müasir informasiya münasibətlərinin inkişafında nə sadalanan “inqilablar”dan, nə də virtual pulların meydana gəlməsindən heç də az rol oynamamışdır.

İnformasiya cəmiyyətinin görünən cizgiləri
İnformasiya cəmiyyətinin iqtisadi bazasının təşəkkülünün, əsasən kompüterlərin və şəbəkə vasitələrinin ixtirası ilə əlaqələndirilməsi, demək olar ki, akademik elmdən daha çox elmi publisistikanın xidmətidir. Bununla belə, məhz həmin dövrdən başlayaraq təkcə istehsalın deyil, ictimai münasibətlərin və insanların həyat tərzinin dəyişməsi, yeni təcrübəyə, yaradıcılığa və biliyə tələbin artması və nəhayət informasiya cəmiyyətinin cizgilərinin aşkar şəkildə təzahür etməsi reallıqdır.
İnformasiya cəmiyyəti, yüksək ehtimalla bazar informasiyasının assimmetrikliyinin azaldılması üçün potensial imkanları genişləndirəcəkdir. Təkcə onu qeyd edək ki, informasiya mübadiləsində çoxsaylı təkrarlanmaların və analoji situasiyalar barədə xəbərlərdə semantik kəsişmələrin yüksək xüsusi çəkisi bazar iştirakçıları arasında informasiyanın bərabər bölgüsü imkanlarını artıra bilər. İnformasiya cəmiyyətinin şəbəkə strukturuna malik olması onun iqtisadi inteqrasiyanı dəstəkləmə qabiliyyətini artırır. Mövcud və gözlənilən iqtisadi maneələrə, o cümlədən iqtisadi sərhədlərə rəğmən informasiya cəmiyyəti inteqrasiya proseslərini sürətləndirməklə informasiya bazarında assimmetrikliyi zəiflətmək iqtidarındadır. Əlbəttə, informasiya bazarında inhisarçılığa qarşı mübarizə üçün səlahiyyətli və bütün maraqlı tərəflərin motivlərini uzlaşdırmaq mümkün olduqda, bu qabiliyyət reallaşa bilər.
İqtisadi resursa və kütləvi surətdə istehlak edilən məhsula çevrildikdən sonra informasiya iqtisadi agentlərin rəqabət qabiliyyətinə birbaşa təsir edir. İnformasiya cəmiyyətinin iqtisadi məqsədi bəzi qeyd-şərtlərlə maddi və qeyri-maddi istehsalın, o cümlədən ortada olan faydanı mənimsəməyə yönəlmiş xidmətin rəqabət qabiliyyətini artırmaqdır. Odur ki, informasiya cəmiyyətinin görünən əlamətlərinə informasiya iqtisadiyyatının, mədəniyyətinin, infrastrukturunun, qanunvericiliyinin və s. formalaşması aid edilə bilər. Elektron hökümətin yaranması rəqəmli bazarların, elektron təsərrüfatçılıq şəbəkəsinin inkişafı və dəstəklənməsi fonunda baş verir. Elektron demokratiya (informasiya demokratiyası) dəyərlərinin populyarlaşması isə informasiya cəmiyyətinin institusional inkişafının əlamətləri kimi dəyərləndirilməkdədir.
İnformasiya cəmiyyəti qlobal problemlərin həllində elmi-tədqiqatların nəticələrindən istifadə arealını və qismən imkanlarını genişləndirir. Bu cəmiyyətdə biliyin artan əhəmiyyəti elmin rolunu artırsa da, digər maraqlı meyil də müşahidə olunur. Məsələ ondadır ki, informasiya cəmiyyətində biliyin rolu artdıqca, elmi müddəalarda fundamentallığa əsassız iddiaların azalması baş verir. Belə vəziyyəti şərtləndirən mühüm səbəblərdən biri texnoloji biliyin formalaşmasında heç də həmişə elmi-nəzəri deyil, bir sıra hallarda təcrübi ümumiləşdirmələrin üstünlük təşkil etməsidir. Başqa sözlə, ilkin yanaşmada kifayət qədər böyük ehtimalla demək olar ki, informasiya cəmiyyətində sübut edilməli elmi dəlillərin azalması baş verir. Hər bir halda faktiki əsaslandırma və yoxlanma tələb edən texnoloji biliklər, istisnasız olaraq texnoloji bacarıqlarla bağlıdır. Odur ki, informasiya cəmiyyətində yüksəkixtisaslı mütəxəssis statusu, həmçinin peşəkar səviyyədə zəruri işgüzar vərdişlərin olmasını nəzərdə tutur. Yəni, yeniliyin rəqabət qabiliyyətini təmin etmək üçün nəzəriyyəçi və praktikin bir şəxsdə “birləşməsi” zərurəti meydana çıxır.
İnformasiya cəmiyyətində, bir çox hallarda qabaqcıl təcrübənin təkrarlanmasına mütəmadi cəhdlərin özünü doğrultmaması tilsimli dairə effekti yaradır. Texnoloji baxımdan az qala daim irəlidə olanı təqib etmək “elmi” formalaşır. Belə vəziyyət, təəssüf ki, texnoloji düşüncə ətalətinə səbəb ola bilir və müxtəlif səviyyələrdə arzuolunmaz texnoloji asılılığı gücləndirir. Deyək ki, haqqında danışılan proses davamlı olarsa, “ağıllı mətbəx” qura bilməyən “ağıllı şəhər” yaratmaq fikrinə düşməyəcəkdir. “Geri qalan səhvləri təkrarlamır” kimi ifadələr müəyyən qeyd-şərtlərlə bu “elmin” müddəası sayıla bilər.
Bir sözlə, əksər ölkələrin və hətta sivilizasiyaların, bir çox hallarda qabaqcıl texnoloji və institusional təcrübəni davam etdirməyə çalışması rəqəmsal iqtisadiyyatı təhdid edən amillərdən birinə çevrilməkdədir. “İrəlidə olanı təqib etmək elmi”ni formalaşdıran əsas səbəb dünyanın iqtisadi güc mərkəzləri olan dövlətlərin meqatexnika bazarını inhisarda saxlaması, bu istiqamətdə yerli şirkətlərin yalnız milli iqtisadiyyat çərçivəsində fəaliyyətinə rəvac verilməsidir.
Qlobal informasiya cəmiyyətinin - ədalətli rəqabət mühitinin yaradılması, ölkə və dünya informasiya şəbəkələrinin açıq əlyetənliyinin təmin edilməsi, həmin şəbəkələrin inkişafına özəl investisiyaların təşviqi və s. kimi prinsiplər inkişaf edən ölkələri daim irəlidə olanı təqib etmək kimi tilsimli dairədən çıxarmağa xidmət etməlidir.
İnformasiya cəmiyyəti sosial əhəmiyyətli problemlər barədə keyfiyyətli informasiyanın əlyetənliyini təmin etməklə, həmin problemlərə ictimaiyətin diqqətli və emosional yanaşmasını dəstəkləmək iqtidarındadır. İnformasiya cəmiyyətində rəqabət qabiliyyətli iqtisadi fəaliyyətin dayanıqlı inkişaf tələblərinə, o cümlədən onun ekoloji reqlamentlərinə uyğunlaşdırılması əhəmiyyətli daxili potensialı formalaşdırmağı tələb edir. Həmin potensial qeyri-iqtisadi resursların transformasiyasında da ifadə oluna bilir.

İnformasiya cəmiyyətində dayanıqlı inkişafa təhdidlər və pozitiv imkanlar
İnformasiya cəmiyyətində hazırda dayanıqlı inkişafı təhdid edən aşağıdakı problemlər mövcuddur:
-informasiya resurslarının bölgüsündə qeyri-bərabərlik. Belə vəziyyət dayanıqlı inkişafın tələblərinə zidd olaraq, inkişaf etmiş və inkişaf edən ölkələr (sivilizasiyalar) arasında fərqin azalmasına xidmət etmir;
- güclənən informasiya seli dürüst və keyfiyyətli informasiyanın seçilməsi prob­lemini kəskinləşdirir;
- ictimai münasibətlərin virtuallaşması cəmiyyətin istənilən üzvünün şəxsi məkanını daraldır;
-xarakterindən asılı olmayaraq qlobal şəbəkələrdən asılılıq yenilik axtarışlarının vektorlarını müşayiət edir;
- mədəniyyətlərin unifikasiyasında imperativlik əlamətləri inkişaf edən ölkələrdə (sivilizasiyalarda) qeyri-aşkar müqavimət yaradır, dayanıqlı inkişaf dəyərlərinə münasibət mürəkkəbləşir. Kütləvi informasiya vasitələrinə etimad azalır; kibercinayətkarlıq şəbəkə iqtisadiyyatını ciddi təhdid edir və beynəlxalq terrorçuluq alətinə çevrilir və s.
İnformasiya cəmiyyətinin potensial üstünlükləri daha çox olsa da, onların məhz dayanıqlı inkişafa xidmət baxımından potensial imkanlarına, ilk növbədə aşağıdakılar aid edilməlidir: informasiya cəmiyyəti qloballaşma proseslərini intensivləşdirir və onun ayrıca götürülmüş bir ölkədə təşəkkül tapması, demək olar ki, qeyri-mümkündür. Rəqəmsal iqtisadiyyatın qlobal informasiya-iqtisadi proseslərlə əlaqələrini milli çərçivəyə salmaq real görünmür; bu prosesdə dövlət və milli əlamətlərin dəstəklənməsi informasiya cəmiyyətinin təməl prinsiplərinə uyğun deyildir; informasiya cəmiyyəti bütün bəşəriyyətə xidmət edən vahid informasiya mühiti formalaşdırmağa xidmət etməlidir; rəqəmsal iqtisadiyyatda şəbəkə strukturuna qarşı qoyulan tələblərin unifikasiyası və sadələşdirilməsi prosesi dayanıqlı inkişafı dəstəkləmək imkanlarını genişləndirir.
İnformasiya cəmiyyəti hansı problemləri yaradır və ya kəskinləşdirir sualına cavab vermək üçün bəşəriyyətin həmin cəmiyyətin təşəkkülünə qədərki problemlərini sadalayaq: sosial qeyri-bərabərlik, qaçqın və köçkünlər, miqrantlar, terrorçuluq, ətraf mühitin çirklənməsinin fəlakət həddinə çatması, biomüxtəlifliyin azalması, qlobal istiləşmə, narkotiklər və s. Bəşəriyyətin informasiya cəmiyyətinin təşəkkülü prosesində kəskinləşən problemləri kimi isə aşağıdakılar qeyd olunur: sosial qeyri-bərabərlik, qaçqın və köçkünlər, miqrantlar, terrorçuluq, narkotiklər, qlobal istiləşmə. Göründüyü kimi, informasiya cəmiyyəti özlüyündə bəşəri problemlərin siyahısını azaltmamışdır, həmin cəmiyyətdə onların bəzilərinin hətta kəskinləşməsi müşahidə olunur.

İnformasiya cəmiyyətində dayanıqlı iqtisadi inkişafa doğru
Gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanını zəiflətmədən, cari ehtiyacların qarşılanmasını təmin edən dayanıqlı inkişaf – qlobal və milli miqyaslarda inklüziv və etibarlı gələcək qurmaq üçün razılaşdırılmış səyləri nəzərdə tutur. Bu halda, iqtisadi artım, inklüziv cəmiyyət və ətraf mühitin mühafizəsi təşviq və təmin edilməlidir. İnformasiya cəmiyyətinin inkişafının magistral xətti yerli və regional xüsusiyyətlərin təsirinə məruz qalır. Bu təsirlər tarixi və cari xarakterli olmaqla, haqqında danışılan cəmiyyətin fərqli modellərini ortaya qoymuşdur. Həmin modellərin dəyəri, onların öyrənilmə səviyyəsi ilə əlaqədar olduğundan, hazırda informasiya cəmiyyətinin əsas modelləri sırasında, əsasən Fin, Sinqapur və Silikon vadisi modelləri aid edilir: sosial cəmiyyət əsasında inkişaf edən, açıq ictimai nəzarət edilən informasiya cəmiyyəti (“Fin”) modeli; bazar münasibətləri əsasında inkişaf edən avtoritar informasiya cəmiyyəti (“Sinqapur”) modeli; bazar qüvvələri ilə hərəkətə gətirilən açıq informasiya cəmiyyəti (“Silikon vadisi”, ABŞ) modeli. Onu da qeyd edək ki, bu ölkələr hazırda informasiya cəmiyyəti texnologiyalarının inkişafında dünyada ilk yerləri tuturlar. Maraqlıdır ki, BMT tərəfindən hesablanan texnoloji inkişaf indeksinin ən yüksək olduğu Finlandiya, ABŞ və Sinqapurun, həm də iqtisadiyyatlarının rəqabət qabiliyyəti indeksləri də dünyada ən yüksəkdir.
Sadalanan ölkələrin milli iqtisadiy­yat­larının fəaliyyətdə olan tənzimlən­məsi modelləri informasiya mo­del­lərinin xarakterinə təsirsiz qalma­mışdır. Odur ki, gələcəkdə infor­masiya cəmiyyəti modellərinin sayı­nın artacağı, yəni inkişafda önə çıxan ölkələrin özünəməxsus modellərinin yaradacağı ehtimalı, kifayət qədər yüksəkdir. Bununla belə, dayanıq­lı inkişaf tələbləri baxımından bazar qüvvələri ilə hərəkətə gətirilən açıq informasiya cəmiyyəti modelinə və bazar münasibətləri əsasında inkişaf edən avtoritar informasiya cəmiyyəti modelinə nisbətən sosial xarakterli modelin daha perspektivli göründüyünü söyləmək olar. Məsələ ondadır ki, informasiya cəmiyyətinin dayanıqlı inkişafının sosial aspekti, sosial qeyri-bərabərliyin azaldılması siyasətinin səmərəliliyindən birbaşa asılıdır. Bu baxımdan da informasiya cəmiyyətinin Fin modeli diqqətəlayiqdir. Bu ölkədə cini əmsalı, demək olar ki, əksər ölkələrdən aşağıdır .
Dayanıqlı inkişafın, ən yeni tarixdən göründüyü kimi, təkamül yolu ilə əldə edilməsi daha realdır. Bununla belə, bu istiqamətdə görülən tədbirlərin, ilk baxışda paradoksal təsir bağışladığını söyləmək olar. Məsələ ondadır ki, qlobal ekoloji böhranın qarşısının alınmasını tələb edən dayanıqlı inkişaf üçün radikal addımların atılmasına ciddi ehtiyacın olduğu artıq mübahisə doğurmur. Halbuki, mövcud beynəlxalq təcrübədə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün bir çox zəruri addımların atılmasını ölkələrə yalnız tövsiyə etmək mümkündür.
Dayanıqlı inkişaf nəzərə alır ki, iqlim dəyişikliyi diqqətdən kənarda qalarsa, cəmiyyət, nəinki əldə etdiyi nailiyyətləri itirəcək, hətta gələcəkdə də uğur əldə edə bilməyəcəkdir. ABŞ-ın milli iqlim dəyərləndirilməsi hesabatında (2018-ci ildən başlayaraq), bu təhlükə kifayət qədər aşkar şəkildə öz əksini tapsa da, onun siyasi qərarların qəbulunda nə dərəcədə nəzərə alınacağını zaman göstərəcəkdir. Halbuki, təxirəsalınmaz tədbirlərdə ABŞ kimi nəhəng iqtisadi gücün iştirakına ehtiyac göz qabağındadır. Həmin tədbirlərin, xeyli hissəsinin həyata keçirilməsi mexanizmi və ilkin nəticələrinin proqnozları da işlənib hazırlanmışdır. Deyək ki, hazırda iqlim dəyişikliyinin mənfi nəticələrini azaltmaq üçün, məhz böyük dövlətlərin iştirakı ilə “istixana” effekti yaradan qazların emissiyasını azaltmaq mümkündür.

Rəsul Balayev,
iqtisad üzrə elmlər doktoru,
Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru