Rəsul Balayev: Rəqəmsal iqtisadi mühitdə təhlil və özünəməxsusluqların genenizi
İnformasiya cəmiyyətinin üstünlüklərinin və iqtisadiyyatın innovasiya potensialının reallaşdırılması rəqəmsal texnologiyaların geniş arealda və fəal tətbiqi sayəsində mümkün olur. Artıq rəqəmsal iqtisadiyyat anlayışı elmi publisistikadan elmi dövriyyəyə keçmiş və onun mahiyyətinin açıqlanmasına aşkar ehtiyac vardır. Rəqəmsal texnologiyaların sosial-iqtisadi münasibətlərə təsiri özünü kifayət qədər əyani surətdə göstərsə də, onların qiymətləndirilməsinin metodiki və informasiya problemləri, hələ ki, öz həllini gözləyir.
Rəqəmsal iqtisadiyyat anlayışına yanaşmaların müxtəlifliyi gözlənilən olsa da, onun meydana gəlməsindən keçən dövr ərzində həmin fərqlərin azalmaması arzuedilən deyildir. Son onilliklərdə elmi dövriyyəyə elmi publisistikadan daxil olan “anlayışların” artması da bu məsələdə az əhəmiyyət kəsb etmir. İnnovasiya iqtisadiyyatı, informasiya iqtisadiyyatı, yeni iqtisadiyyat, rəqəmsal iqtisadiyyat və bu kimi digər anlayışların bir çox hallarda eyni mənada işlənməsi də onların elmi dövriyyəyə təklif edilməsinə baxmayaraq, məhz elmi publisistikada populyarlaşdırılmasının nəticəsidir. Digər səbəb iqtisadiyyat anlayışının genişliyində, onun iqtisadi həyat kimi sinonimlərinin mövcudluğudur.
Niyə rəqəmsal iqtisadiyyat?
Rəqəmsal iqtisadiyyat anlayışının dəqiqləşdirilməsinə təcrübi yanaşmalara gəldikdə isə onları fərqləndirmək olar. Rəqəmsal iqtisadiyyat dar mənada qəbul edildikdə, yəni rəqəmsal texnologiyalara əsaslandıqda, o, yalnız elektron mal və xidmətləri (deyək ki, distant təhsil, teletəbabət, qlobal şəbəkələrdə göstərilən ənənəvi xidmətlər və s.) əhatə edir. Rəqəmsal iqtisadiyyat geniş mənada götürüldükdə rəqəm texnologiyalarının tətbiq edildiyi iqtisadi fəaliyyətləri əhatə edir. Bu halda rəqəmsal iqtisadiyyatı mövcud (hazırda mövcud iqtisadiyyatı ənənəvi, analoq, artım iqtisadiyyatı və s. adlandırırlar) iqtisadiyyatın informasiya-kommunikasiya texnologiyaları ilə əhatə olunan hissəsi kimi də təqdim edirlər. Formallaşan, yəni əhəmiyyətli dərəcədə məntiqi sxemlərə çevrilə bilən iqtisadi fəaliyyətlərin rəqəmsal iqtisadiyyata aid edilməsi cəhdləri də vardır və zənnimizcə, bununla yalnız bəzi qeyd-şərtlərlə razılaşmaq olar.
Qlobal şəbəkələrin bütün planeti əhatə etməsi, informasiyanın inkişafın əsas və məqbul şəraitdə tükənməyən resursuna çevrilməsi müasir dövrün reallığıdır. Rəqəmsal iqtisadiyyat və internet iqtisadiyyatının sinonim kimi işlədilməsi də təsadüfi deyildir. Məsələ ondadır ki, hər iki halda fəaliyyətin səmərəliliyi rəqəmsal (şəbəkə) texnologiyalarının malik olduğu üstünlükləri reallaşdırmaqla əldə edilir. Unutmaq olmaz ki, virtual iqtisadi mühitin mərkəzi məkanı olan, istehsalçı ilə istehlakçının qarşılaşdığı “virtual bazar” da şəbəkə imkanlarından yararlanmaqla fəaliyyət göstərir. Bu bazarda malın axtarışı və seçilməsi, alğı-satqı, ödəmələrin vaxtında həyata keçirilməsi, konyunkturun monitorinqi kompüter şəbəkələri vasitəsilə, süni intellekt elementlərindən istifadə edilməklə həyata keçirilir.
İnternetin ictimai həyatın bütün sahələrinə nüfuz etməsi təkcə onun faydalılığı ilə deyil, bu şəbəkədə insanlarda erkən yaş dövrlərində asılılıq yarada bilən üsul və vasitələrdən uzun müddət nəzarətsiz istifadə edilə bilməsi ilə əlaqədar olmuşdur. Əyləncə və biznes maraqlarını qorumaqla, istər-istəməz istehlakçı cəmiyyətə xas meyilləri təşviq edən informasiya rəngarəngliyinin şəxsi təması əvəzləməsi adi istifadəçilər üçün gözlənilməz olmuşdur. Haqqında danışılan informasiya kaleydeskopunun şəxsi təması birgəyaşayışın mənəvi əsasları üçün təhlükə yaradacaq həddə əvəzləməsi isə gələcəkdə arzuolunmaz meyillərə rəvac vermişdir.
Rəqəmsal iqtisadiyyatda təhlil
Rəqəmsal iqtisadiyyatın inkişafı əlverişli rəqəmsal mühitin yaradılmasını tələb edir. Həmin mühit isə digər fəaliyyət istiqamətləri ilə yanaşı, dövlət-özəl bölmə tərəfdaşlığının dəstəklənməsini, ümumiyyətlə, dövlət strukturları, əhali və biznes subyektləri arasında səmərəli münasibətlərin qurulmasını nəzərdə tutmalıdır. İqtisadi münasibətlər sisteminin digər sektorlarına nisbətən rəqəmsal iqtisadiyyatda dövlət amilinin xüsusilə vurğulanması təsadüfi deyildir. Məsələ ondadır ki, rəqəmsal texnologiyaların tətbiqi arealını genişləndirmək imkanlarını, inkişaf etmiş ölkələrin təcrübəsindən göründüyü kimi, məhz dövlətin fəal iştirakı ilə gerçəkləşdirmək mümkün olur.
Təşəkkül mərhələsində olan rəqəmsal iqtisadiyyatın mövcud vəziyyətinin təhlili üçün özünəməxsus metodiki baza formalaşır. Doğrudur, həmin bazanın formalaşması sürəti arzuolunan deyildir. Bunun ilkin səbəblərindən biri rəqəmsal iqtisadiyyatın nəzəri-metodoloji bazasının formalaşmasının praktikadan geri qalmasıdır. Digər səbəb müvafiq verilənlər bazasının ənənəvi iqtisadiyyatın ənənəvi sektorlarına dair verilənlər bazaları ilə birgəliyinin təmin edilməsindəki ləngimələrdir. Daha dəqiq desək, həmin birgəliyin təmin edilməsi üzrə işlərin sürəti, rəqəmsal texnologiyaların iqtisadiyyatın bu və ya digər ənənəvi sektoruna nüfuz etməsi tempindən geri qalır. Nəticədə rəqəmsal iqtisadiyyatın verilənlər bazasının iqtisadiyyatın ənənəvi sektorlarına dair verilənlər bazaları ilə birgəliyinin təmin edilməsi istiqamətində görülməli işlər tamamlana bilmir.
Rəqəmsal iqtisadiyyatın təhlili məqsədilə əksər hallarda dörd qiymətləndirmə meyarından istifadə edilir: məşğulluq, məkan, texnoloji, iqtisadi. Rəqəmsal iqtisadiyyatın səmərəliliyinin məşğulluq meyarı ilə qiymətləndirilməsinə əsaslanan yanaşmada rəqəmsal texnologiyaların məşğulluğun səviyyəsi və strukturuna təsiri araşdırılır. Məkan meyarı üzrə qiymətləndirmə konkret halda rəqəmsal iqtisadiyyatın ərazi (coğrafi) xarakteristikaları təhlilə cəlb edilməklə aparılır. Rəqəmsal iqtisadiyyatın təhlili məqsədi ilə istifadə edilən texnoloji meyar üzrə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovasiyaların geniş istifadəçi kütləsi üçün əlyetənliyi qiymətləndirilir. Rəqəmsal texnologiyaların inkişafının qiymətləndirilməsinin iqtisadi meyarına gəldikdə isə, bu halda səmərəlilik ilkin yanaşmada məsrəf-buraxılış modeli üzrə müəyyən edilə bilər.
Müvafiq elmi təminatın hazırki vəziyyətində rəqəmsal iqtisadiyyatın inkişafını kəmiyyətcə qiymətləndirmək üçün birmənalı qəbul edilən indikatorlar sistemi olmasa da, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən tövsiyə olunan indikatorlar sisteminin təcrübədə tətbiqi məqbul hesab edilir. Həmin indikatorlar aşağıdakı istiqamətləri xarakterizə edir: iqtisadiyyatın yüksək texnoloji sahələrinin inkişafı, onun emal sənayesi məhsulları və xidmətlərində xüsusi çəkisi; elmi işləmələrə, proqram təminatının yaradılmasına, təhsilə və əlavə yenidən hazırlığa investisiyalar; informasiya-kommunikasiya avadanlıqlarının işlənib hazırlanması və buraxılışı; elm və yüksək texnologiyalar sahəsində yeni iş yerlərinin yaradılması və i.a.
Rəqəmsal mühit məhsulun istehlak dəyərinin artması istiqamətində həyata keçirilən tədbirlərə məsrəfləri azaltdıqca istehlak modellərinin dayanıqlığı artır. Bu baxımdan müvafiq mənbələrdə göstərildiyi kimi, dördüncü sənaye inqilabı daha davamlı istehlak nümunələrinə keçməklə aşağı qiymətlərlə istehlakın daha dayanıqlı modellərinə keçidi təmin edir ki, bu da öz növbəsində daha məsuliyyətli istehlaka səbəb olur.
Rəqəmsal məhsullar və xidmətlər bazarında vəziyyətin təhlili əməyin xarakterində baş verən dəyişikliklərə adekvat terminoloji dəqiqləşdirmələr tələb edir. Bu baxımdan, rəqəmsal iqtisadiyyatda “informasiya əməyi” anlayışı dəqiqləşdirilməlidir. “İnformasiya əməyi”nin, böyük ehtimalla fiziki və zehni əməyin arasında yer alan anlayış olduğunu söyləmək olar. Onu da qeyd edək ki, məşğulluğun strukturunda “informasiya əməyinin” fiziki əməyi əvəzləməsi tempinin davamlı surətdə yüksəlməsi rəqəmsal iqtisadiyyatda xidmət sahəsinin xüsusi çəkisinin artmasının əsas səbəblərindən biridir.
Rəqəmsal potensialın reallaşdırılmasının texnoloji imkanlarının iqtisadi səmərəliliyin dinamikasına təsiri birmənalı qiymətləndirilə bilən amil deyildir. Bununla belə, dinamikanın vektorunun təyin edilməsi və dəyişikliklərin kəmiyyətcə qiymətləndirilməsi - həll perspektivləri tamamilə fərqli olan məsələlərdir. Belə ki, birinci halda dinamikanın müsbət olub-olmadığını müəyyən etmək mümkün olsa da, onun kəmiyyət ifadəsini müəyyən etmək, hələ ki, zəruri dəqiqiliklə mümkün deyildir. Bununla belə, məhz rəqəmsal potensialın qiymətləndirilməsi istiqamətindəki tədqiqatların intensivləşməsinə artan diqqət başa düşüləndir. Məsələ ondadır ki, iqtisadi fəaliyyətin təşkilinin səmərəliliyi, rentabelliyi və məhsulun bazar perspektivləri müəssisənin (şirkətin) rəqəmsal potensialından bilavasitə asılıdır. Get-gedə inkişafın rəqəmsal potensialının maliyyə resursları, xammal təchizatı, təsərrüfatçılıqda tərəf-müqabillərlə münasibətlər qədər vacib, bəzən isə onlardan üstün olduğu üzə çıxır.
Rəqəmsal iqtisadiyyatın reallaşmasının əhatə dairəsi görünməmiş sürətlə genişlənir və demək olar ki, iqtisadi fəaliyyətin bütün sahələrinə müxtəlif templərlə nüfuz edir. Bununla belə, gözlənildiyi kimi, artan sırada elektron biznes və internet bankçılıq inkişaf tempinə görə irəlidədir. Başqa sözlə, rəqəmsal iqtisadiyyatın reallaşdığı sahələr ildən-ilə artır və hazırda daha çox inkişaf edən sahələrə aşağıdakıları aid etmək olar: elektron biznes, internet bankçılıq, sosial sahələr, təhsil, telekommunikasiya, informasiya sistemləri, sənaye.
Rəqəmsal iqtisadiyyatın özünəməxsusluqlarının müəyyən edilməsi onun bu və ya digər məkan və zamanda start vəziyyətinin qiymətləndirilməsini, onu şərtləndirən amillərin səciyyələndirilməsini tələb edir. Doğrudur, rəqəmli iqtisadi fəaliyyətlərin yayılması və inkişafının sürəti həmin qiymətləndirmə proseslərinə çevik və eyni zamanda, kompleks yanaşma tələb edir. Əks halda informasiya axınlarının güclənməsi fonunda qarşıya çıxan çətinliklər daha çox qeyri-müəyyənlik yarada bilər.
(ardı var)
Rəsul Balayev,
iqtisad üzrə elmlər doktoru,
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Rəqəmsal texnologiyalar və tətbiqi
informatika” kafedrasının professoru