“NUR ŞƏHƏRİ” - MİNGƏÇEVİR GÖZƏLLİKLƏR DİYARINA ÇEVRİLİR
Ölkə Prezidentinin rəhbərliyi ilə son yeddi ildə aparılan uğurlu islahatlar və həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində 2010-cu il yüksək göstəricilərlə yekunlaşdı. Qazanılmış uğurları nümayiş etdirən makroiqtisadi göstəricilər inkişaf tempinə görə Azərbaycanın dünya ölkələri arasında öncüllər sırasında olduğunu bir daha təsdiqlədi. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında dövlətimizin rəhbəri qeyd etmişdir ki, dünyanı bürümüş böhrana baxmayaraq, ölkəmizdə 2010-cu ildə bütün vəzifələr icra olunmuş və əldə edilmiş uğurların təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət dayanmışdır. 2010-cu ilin yekunları göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft-qaz strategiyası uğurla davam etdirilir, ölkə əhalisinin sosial müdafiəsi istiqamətində müvafiq tədbirlər görülür və irimiqyaslı lahiyələr reallaşdırılır. Bu möhtəşəm inkişaf dalğası nur şəhəri olan Mingəçevirdən də yan keçməmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son üç ildə iki dəfə Mingəçevir şəhərində olmuş və bir sıra sosial və istehsal təyinatlı obyektlərin açılışında iştirak etmişdir. Bunlar aşağıdakılardır:
«Kür» elektron avadanlıqlar istehsalı müəssisəsi, «İnterenerji» yüksək gərginlikli elektrik dayaqları zavodu, «River Sayd» oteli, fəaliyyəti bərpa olunmuş «Mingəçevir izolit» ASC, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının inzibati binası, Şahmat məktəbi, əsaslı yenidən qurulmuş «Kür» Olimpiya Tədris Mərkəzi, «Günəşli» yaşayış massivinə təbii qaz verilməsi, Mingəçevir-Xaldan avtomobil yolunun əsaslı yenidən qurulması. 2010-cu ildə Mingəçevir şəhərində aparılmış iş və görülmüş sosial-iqtisadi tədbirlər nəticəsində ümumi məhsul buraxılışı 203 manat təşkil etmişdir. Regionların inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası nəticəsində şəhər üzrə ümumi məhsul istehsalı 1,3 dəfə, özəl sektorda sənaye məhsulu istehsalı 5,8 dəfə qalxmış, bu müddət ərzində nəqliyyat və rabitə xidmətləri müvafiq olaraq 1,9 və 1,7 dəfə, əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin həcmi 5,4 dəfə, tikinti-quraşdırma işləri 21 dəfə, investisiya qoyuluşu 24 dəfə artmışdır. Mingəçevir şəhərində 2008-ci ildən başlanmış geniş abadlıq və quruculuq işləri 2010-cu ildə daha yüksək sürətlə davam etdirilmişdir. Hesabat ilində Heydər Əliyev prospektində, İ.İslamzadə, M.Füzuli, M.F.Axundov, S.Vurğun, Ş.İ.Xətai, D.Əliyeva, Vidadi, A.Qurbani küçələrində, məhəllədaxili ərazilərdə, "Teatr" və "Qələbə" meydanlarında, şəhərin Bakı və Gəncə istiqamətlərinin giriş hissələrində görülmüş işlərə ümumilikdə 5 milyon manatdan çox vəsait xərclənmişdir. İl ərzində küçə və meydanlarda, məhəllədaxili ərazilərdə 186 min kvadrat metr sahəyə asfalt örtük salınmış, 260 ədəd işıq dirəyi quraşdırılmış, bina fasadlarının 16 min kvadrat metr sahəsi rənglənmiş, 13 min kvadrat metr sahədə hörgü işləri aparılmış, tamet və metlax döşənmiş, aqlay, mərmər və kafel üzlük çəkilmişdir. 4 ədəd yeni fəvvarə quraşdırılmış, onlardan biri əsaslı təmir edilmişdir. Bağ və xiyabanlara, məhəllədaxili ərazilərə 300-dən çox oturacaq qoyulmuş, 500-dən çox işıqlandırıcı quraşdırılmış, 5 min kvadrat metr sahədə yeni yaşıllıq zolaqları salınmış, 3,5 min kvadrat metr sahəyə dekorativ bitki növləri əkilmişdir.
2010-cu il ərzində 120 yaşayış binasının şifer dam örtüyü, 67 binanın yumşaq şifer dam örtüyü əsaslı təmir edilmiş, 78 binanın şifer dam örtüyündə, 95 binanın yumşaq dam örtüyündə cari təmir işləri aparılmışdır. Görülmüş işlərə 33 min kvadrat metr şifer örtük işlənmişdir. 12 yaşayış binasının zirzəmi-kommunikasiya xətlərində əsaslı, 160 binada cari təmir işləri görülmüşdür. Hesabat dövründə 9 məhəllədə uşaq idman meydançaları bərpa edilmiş, 11 uşaq meydançasına idman və əyləncə qurğuları, məhəllədaxili ərazilərdə 24 stol və 200 ədəd oturacaq quraşdırılmışdır. 16 binanın eyvanına 2 min kvadrat metr lambrin vurulmuş, 15 binanın fasadına 12 min kvadrat metr müasir alkopon üzlük çəkilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi ilə əlaqədar şəhərin idarə, müəssisə və təşkilatları tərəfindən ağac əkini üçün müəyyən olunmuş yerlərdə 20 mindən çox ağac əkilmiş, onlara aqrotexniki qulluğun göstərilməsi və mühafizəsinin təşkili təmin edilmişdir.
2009-2013-cü illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın Mingəçevir şəhərinə aid bəndləri hesabat ilində uğurla icra olunmuşdur.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdə xüsusi yeri olan şəhərin sənaye müəssisələrinin inkişafının dəstəklənməsi istiqamətində aparılan işlər ardıcıllıqla davam etdirilmişdir. Ölkə miqyasında ən iri enerji istehsalçısı olan və şəhərin sənaye məhsulu istehsalının 75%-ni təşkil edən Azərbaycan İstilik elektrik stansiyasinin 1, 2 və 8-ci bloklarında modernləşdirmə işləri başa çatdırılmış, 3 və 4-cü enerci bloklarında cari, 5-ci blokda orta təmir işləri aparılmışdır. Hazırda stansiyada 6 və 7-ci enerji bloklarının modernləşdirilməsi istiqamətində işlərə başlanılmışdır. Nəticədə hər blokun istehsal gücü orta hesabla 70-90 meqovat artmışdır. Ümumilikdə stansiyada əsaslı və cari təmir işlərinə 7,4 milyon manat vəsait xərclənmişdir. Stansiyanın yanacaq təminatının yaxşılaşdırılması məqsədi ilə hər birinin tutumu 20 min kub metr olan 6 ədəd ehtiyat mazut çənlərində son tamamlama işlərinə başlanmışdır. Hesabat ilində stansiyada 5,2 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuş, işçilərin orta aylıq əmək haqları 428 manat təşkil etmişdir.
2010-cu ildə şəhərdə fəaliyyətdə olan digər sənaye müəssisələri "Mingəçevir SES silsiləsi”, “Kür" Elektron avadanlıqları istehsali, "İnterenerji" Yüksək Gərginlikli Elektrik Beton Dayaqları MMC-lər, "Azneftemaş", "Mingəçevir İzolit", "Mingəçevir maşınqayırma zavodu" ASC-lər sabit və məhsuldar iş rejimində işləmiş, istehsal proseslərinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər görmüşlər.
Hesabat ilində "Mingəçevir Regenat", "Kür-çörək", "Zeynalabdin" ASC-lər, "Aqrartikinti" ASC-nin Mingəçevir dəmir beton məmulatları filialı imkanları daxilində istehsal proseslərini tənzimləmişlər.
Son illər faktiki olaraq istehsal proseslərini dayandırmış "Mingəçevir Toxucu", "Azərkabel", "Şüşə lifi" və "Texniki Rezin" ASC-lər 2010-cu il ərzində də fəaliyyət göstərməmişlər.
Dövlət Proqramına uyğun olaraq şəhərin enerji və qaz təminatında, istilik təchizatında, su və kanalizasiya sistemlərində təmir-bərpa işləri nəzərdə tutulmuş qaydada aparılmışdır. İl ərzində 2 min metrdən çox qəza vəziyyətində olan müxtəlif su borusu, 1.2 min metr kanalizasiya xətti, yüzlərlə müxtəlif diametrli siyirtmə dəyişdirilmiş, 500-dən çox evə qaz xətti çəkilmiş, şəhərdə işıqlandırma nöqtələrinin sayı 7 mini keçmişdir.
Proqramın müvafiq bəndlərində nəzərdə tutulduğu kimi Dövlət Dram Teatrının əsaslı yenidən qurulması davam etdirilmiş, "Kür" Olimpiya İdman Kompleksi istifadəyə verilmiş, şəhər stadionunda təmir-bərpa işləri başa çatdırılmış, 5 saylı məktəb və 15 saylı Texniki-Humanitar Lisey yeni tikilmiş tədris binalarına köçürülmüş, YAP Mingəçevir şəhər təşkilatının inzibati binası inşa edilmiş, Şahmat məktəbi əsaslı yenidən qurulmuşdur.
Təhlil göstərir ki, son 7 ildə Mingəçevir şəhərində 8667 iş yeri açılmışdır ki, onun da 7861-i daimi iş yerləri olmuşdur. O cümlədən 2010-cu il ərzində Mingəçevirdə 634 daimi iş yeri açılmışdır. Şəhərin büdcə xərcləri son 7 ildə 5 dəfədən çox artaraq 24,5 milyon manat təşkil etmişdir.
Hesabat dövründə şəhərin istehsal və xidmət sahələrində çalışan işçilərin orta aylıq əmək haqqı 10 % artaraq 225 manat, istehsal sahələrində çalışan əməkçilərin orta aylıq əmək haqqı 15 % artaraq 386 manat təşkil etmişdir.
Ölkə rəhbərinin iqtisadi siyasətdə müəyyən etdiyi əsas istiqamət sahibkarlığın inkişaf etdirilməsidir. «Sahibkarlıq fəaliyyətinin "bir pəncərə" prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında» dövlət başçısının məlum sərəncamından sonra şəhərdə sahibkarlıqla məşğul olmaq istəyənlər üçün əlavə imkanlar yaranmışdır. 2010-cu ildə Mingəçevirdə sahibkarlıqla məşğul olmaq üçün Statistika İdarəsi tərəfindən 495 nəfər fiziki şəxs, 15 hüquqi şəxs qeydiyyata alınmışdır.
Şəhərdə sahibkarlığın inkişafına geniş imkanlar yaradılmasına təsir edən amillərdən biri də əhaliyə verilən kreditlərin durmadan artması ilə bağlıdır. Hazırda şəhər əhalisinə son 7 ildə fəaliyyətə başlamış 10 bank filialı və 3 kredit təşkilatı xidmət göstərir. İl ərzində şəhər sakinlərinə, əsasən sahibkarlıqla məşğul olanlara 16 milyon manat kredit verilmişdir. Ümumilikdə isə son 7 ildə əhaliyə verilmiş kreditlərin həcmi 30 milyon manata çatmışdır.
Şəhər Təhsil şöbəsi üzrə büdcə xərcləri 8,8 milyon manat təşkil etmişdir.
Ötən il Heydər Əliyev Fondunun xətti ilə «Yeniləşən Azərbaycana-yeni məktəb» devizi altında «Tərəvəzçilik sovxozu» yaşayış massivində yerləşən 5 nömrəli məktəbə 220 şagird yerlik, eləcə də keçmiş 15 nömrəli məktəbin yerində Texniki Humanitar Lisey üçün 1200 yerlik yeni məktəb binaları inşa edilmiş və hər iki məktəb müasir inventar və avadanlıqlarla təchiz olunmuşdur.
Ötən il şəhərin 22 orta ümumtəhsil məktəbində 12030 şagird təhsil almış, 21 məktəbəqədər müəssisədə 2595 uşaq olmuş, 7 məktəbdənkənar müəssisədə 3779 uşaq idman və yaradıcılıq dərnəklərinə cəlb edilmişdir.
Qeyd etmək lazımdır ki, 2009-cu ildə şəhərin orta ümumtəhsil məktəblərində təlim keyfiyyətinin aşağı düşməsi müşahidə edilmiş və Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə mövcud olan nöqsanlar müzakirə olunaraq vəziyyətin yaxşılaşdırılması üçün Şəhər Təhsil şöbəsi və məktəb rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Görülmüş tədbirlər nəticəsində şagird biliklərinin keyfiyyətində nəzərəçarpacaq irəliləyişlər olmuşdur.
2010-cu ildə XI siniflərdə 1003 nəfər şagird olmuş, onlardan 945 nəfəri attestat almışdır ki, bu da 94 faiz (2009-cu ildə 88,8%) təşkil edir. 5 nəfər fərqlənmə attestatına layiq görülmüşdür. 2009-cu ildə attestat ala bilməyənlərdən 48 nəfəri 2010-cu ildə imtahanları müvəffəqiyyətlə vermişlər.
Hesabat ilində ali məktəblərə qəbul üçün 788 nəfər sənəd vermiş, onlardan 351 nəfəri tələbə adına layiq görülmüş, o cümlədən 18 nəfəri xüsusi təyinatlı ali məktəblərə, daha 23 məzun isə digər ölkələrin ali məktəblərinə qəbul olunmuşlar.
İl ərzində əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi, səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
Şəhər Mərkəzi xəstəxanasının 9 struktur bölməsində və bir sıra şöbələrində 99 min manatlıq təmir işləri aparılmış, 675 min manatlıq avadanlıq, bərk və yumşaq inventar alınmış, müvafiq sahələr 248 min manatlıq dərman preparatları və 154 min manatlıq ərzaqla təmin edilmişdir. Səhiyyə sahəsi üzrə cəmi büdcə xərcləri 6 milyon manat təşkil etmişdir.
Ötən il kadrların peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə həkim və orta tibb işçiləri Səhiyyə Nazirliyinin təşkil etdiyi seminar və təlimlərdə iştirak etmiş, 300 nəfərdən yuxarı həkim və orta tibb işçisi müxtəlif ixtisasartırma kurslarında olmuş, 3 nəfər həkim ali ixtisas dərəcəsi almışdır. İl ərzində güzəştli qruplardan olan şəhid ailələrinin, Böyük Vətən və Qarabağ müharibəsi əlillərinin, Çernobıl qəzası iştirakçılarının və Əfqanıstan müharibəsi veteranlarının tibbi müayinə, müalicəsi və dərman təminatı nəzarətdə saxlanılmış, onlardan 931 nəfəri stasionar müalicəyə cəlb edilmiş və əhaliyə göstərilən tibbi xidmətin təşkilində bir sıra digər müsbətyönümlü işlər görülmüşdür.
2010-cu ildə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi, Dezinfeksiya stansiyası, Taun Əleyhinə şöbə və Baytarlıq İdarəsi tərəfindən müvafiq olaraq şəhər ərazisində sanitar-gigiyenik və epidemioloji nəzarətin gücləndirilməsi, yoluxucu xəstəliklərin törədicilərinin ilkin mənbələrinin ləğv edilməsi, xüsusi təhlükəli xəstəliklərin baş verməsinin qarşısının alınması və zoobaytar xidmətinin təşkili ilə bağlı müəyyən tədbirlər həyata keçirilmişdir.
Hesabat ilində Şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili, keçirilən mədəni-kütləvi tədbirlərin məzmunca zənginləşdirilməsi və mütəmadi xarakter alması istiqamətində xeyli işlər görülmüş, mədəniyyət müəssisələri tarixi və əlamətdar günlərə həsr olunmuş ümumşəhər tədbirlərində, el bayramlarında fəallıq nümayiş etdirmişlər.
Şəhər Uşaq Musiqi və İncəsənət məktəblərinin kollektivləri ayrı-ayrı respublika və region müsabiqələrində uğurla çıxış etmişlər.
Ötən il bu sahənin inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, 6 mədəniyyət müəssisəsinin təmirinə 72 min manat, inventar və avadanlıqların alınmasına 26 min manat, təsərrüfat və sair xərclərə 37 min manat vəsait sərf edilmiş, ümumi büdcə xərcləri 1,8 milyon manat olmuşdur.
M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrı 2010-cu ildə 4 tamaşa hazırlamış, 40 tamaşa oynanılmışdır. Teatr kollektivi yeni il ərəfəsində şəhərin bütün ümumtəhsil məktəblərində və ümumşəhər tədbirlərində maraqlı proqramlarla çıxış etmişdir.
Təhlil göstərir ki, 2010-cu il ölkəmiz üçün olduğu kimi Mingəçevir şəhəri üçün də çox uğurlu il olmuşdur. Şəhər həyatının bütün sahələrində irəliləyiş və müsbət dəyişikliklər müşahidə olunmuşdur.
Nazirlər Kabinetindəki müşavirədə cənab Prezident 2010-cu ilə yekun vurarar qeyd etmişdir ki, 2011-ci ildə ölkədə daha böyük işlər görüləcək və bütün sahələrdə sürətli inkişaf davam etdiriləcək. Dövlət rəhbərinin tapşırıq və göstərişlərini əsas götürərək cari ildə şəhərdə aşağıdakı işlərin icrasına diqqət artırılmalıdır:
• Azərbaycan İstilik Elektrik Stansiyasında və SES silsiləsində aparılan modernləşdirmə və yenidənqurma işlərinin yekunlaşdırılması;
• Yaşayış məhəllələrində əsaslı təmir, abadlıq, asfaltlanma və işıqlanma işlərinin aparılması;
• Ümumtəhsil məktəblərində məskunlaşmış köçkün soydaşlarımızın köçürülməsi istiqamətində işlərin başlanması üzrə əməli tədbirlərin görülməsi;
• Az.İES, Sol və Sağ sahil yaşayış massivlərində 3 istirahət parkının yaradılması;
• "Günəşli" yaşayış massivində əhali sektoruna qaz çəkilişinin başa çatdırılması;
• Uzun illər fasiləsiz istismar olunan su və kanalizasiya xətlərinin, təmizləyici qurğuların əsaslı yenidən qurulması üçün aidiyyatı təşkilatlarla məsələnin həll edilməsi;
• Sosial obyektlərin və yaşayış binalarının istilik sistemlərinin yenidən qurulması ilə bağlı aidiyyatı qurumlarla problemlərin həlli;
• Kür çayının şəhər ərazisində olan sahillərinin və su anbarının ərazisində yerləşən çimərlik zonasının əsaslı yenidən qurulması və abadlaşdırılması;
• Sahibkarlığın inkişafına dəstək məqsədilə banklardan kredit ayrılmasında və inşaat işlərinin sürətləndirilməsində lazımi köməklik göstərilməsi;
• Əmlak Komitəsinin tabeliyində olan iri sənaye müəssisələrinin özəlləşdirilməsinin tezləşdirilməsi, bu işə sahibkarların cəlb edilməsi və istehsal proseslərinin bərpası istiqamətində əməli tədbirlərin görülməsi.
Bütün bunlar əminlik yaradır ki, aləmi nura, işığa qərq edən Mingəçevir şəhərini qarşıdakı illərdə daha möhtəşəm inkişaf və tərəqqi gözləyir.
Zülfü İlyasov, bölgə müxbiri,
Mingəçevir şəhəri
|