Özünə, sözünə sadiq Sadiq Bağırzadə
“Torpağa su qarışanda palçıq olur, qan qarışanda Vətən” sözlərini əlini, ayağını, gözünü itirən yaralı döyüşçülərimizin, qazilərimizin dilindən çox eşitdim...
Əsgərlərimizin sosial şəbəkədə paylaşılan, üzümüzdə təbəssüm doğuran müxtəlif görüntülərini də izlədim. Boş vaxtları olanda yellənçəkdə yellənir, oxuyur, yemək bişirir, qartopu oynayırlar... Bildiyimiz, gördüyümüz, yaşadığımızdır hamısı. Amma elə fərqli duyğular oyadır ki... O qədər xoşdur ki. Bilirəm ki, hamı qartopu oynayanları ilk dəfə görürmüş kimi izləyib bu paylaşımları. Kövrəlmədən baxmaq olmur. Və düşünməsən də olmur: Uşaqdılar...
Hərdən lap hönkürmək istəyirsən bu böyüklüyə sığmayan uşaqlığa, uşaqlığa sığmayan böyüklüyə.
Ölümün üstünə gedən, gözünə baxan ərənlərim gizlənqaç oynayırlar. Ölümün gözü qarşısında gizlənqaç oynayan uşaqlıq içini titrədir adamın. Nə varsa, sökür ilmə-ilmə.
Bəlkə elə Sadiq də gizlənqaç oynayıb? Hardasa gizlənib? Elə gizlənib ki, ən yaxın dostları da tapmayıb onu?
Mən də onu tapmaq istədim, axtardım, Sadiqi axtardım.
Şəhid olandan sonra axtardım. Ailənin yeganə oğlu Sadiq Şahin oğlu Bağırzadəni Şəhid olandan sonra tapdım, tanıdım. Sadiq Bağırzadə Astaranın Ərçivan qəsəbəsində 15 aprel 2002-ci ildə dünyaya gəlib. 2008-ci ildə Ərçivandakı Şəhid Natiq Kərimovun adını daşıyan 3 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 2019-cu ildə həmin məktəbin məzunu olub. Sadə, zəhmətkeş ailədə böyüyüb.
Bu, sadəcə qısa xronologiyadır. O isə hamının sevimlisi idi: şagirdlərin, müəllimlərin, onu tanıyanların... Həmişə fərqlənib. Dostları deyir ki, təbiətən çox şən olan gülərüzlü Sadiqi sevməmək mümkün deyildi.
Ağlımız azca işləyəndən xəyallar qururuq, arzularımız olur. Kimi aşpaz, kimi təyyarəçi, kimi polis, kimi sürücü olmaq istəyir. Sadiq uşaqlıqdan idmançı olmaq istəyirdi. Arzusuna sadiq qalıb. 8 yaşından idmanla məşğul olub. 8 yaşından arzusu – məqsədi olub.
İdmanla məşğul olsa da, tarix elminə xüsusi marağı vardı. Tarixi, tariximizi sevə-sevə öyrənirdi. Bəlkə buna görə də özü ilə birgə torpaqlarımızı azad etmək arzusu da böyüyürdü. O, işğal günlərini tariximizdən silmək istəyirdi.
“Bir başqaydı Sadiq. Çox fərqliydi. Tariximizə qarşı həssasdı. Bütün düyünlü tarixlərin “niyə”si olurdu onun üçün. O gözəl gözləriylə elə baxırdı, çaşıb qalırdın. Yeni tarix yazmaq istəyirdi” - bunları tarix müəllimi, həm də sinif rəhbəri olan Nuranə Həmidova dedi. Nuranə xanım özü də fərqlidir: sərrast düşüncəli, fəal, savadlı. Ərçivanda bir işıq kimidir. Şəhid ailələri ilə əlaqə saxlayır, qızlarımızın savadlanması üçün çalışır, həm də tariximizi öyrədir, Vətəni sevdirir. Sadiq kimi vətəndaşlar yetişdirir. Onunla ünsiyyətdə olanda “kaş bütün müəllimlər belə olaydı” düşündüm.
Atası Şahin bəy deyir ki, Qarabağ hadisələri, işğal olunan ərazilərimiz onu həmişə narahat edirdi. Kiçik yaşlarından bu hadisələrlə bağlı suallar verirdi. Onun üçün ağrılı mövzu idi. “Bir gün Xocalı faciəsinin qisasını alacağam” deyirdi...
Çox gənc idi Sadiq Şahin oğlu. Arzuları çox idi. Yaşının kiçik olmasına baxmayaraq, arzuları böyük idi özü kimi. Məktəbinə, ailəsinə, doğma el-obasına başucalığı gətirmək üçün yaşayırdı. Ömrünə tarix yazırdı. Sadiq Heydər Əliyev adına bütün turnirlərin boks üzrə yarışlarında “Qızıl medal”a layiq görülüb hər dəfə. İştirak etdiyi yarışlarda aldığı medallar, diplomlar, fəxri fərmanlar yaşadığı illərə sığmayacaq qədərdir.
Hələ 2016-cı ildə, 14 yaşında Boks üzrə Açıq Bakı birinciliyində yalnız finalda uduzaraq, gümüş medalla dönüb doğmalarına. Yarış seçim xarakteri daşıdığından Milli Komandaya vəsiqə qazanıb. O, Azərbaycan Respublikası Milli Komandasının üzvü idi. Çox arzuları vardı. Beynəlxalq yarışlarda iştirak etmək, Vətənini dünyada tanıtmaq, bayrağını ucalarda görmək istəyirdi. Avropa və Dünya çempionu adını qazanmağı məqsəd qoymuşdu. Yorulmadan məşq edirdi. Məşqçiləri ona inanırdı.
Dünyanın istənilən ölkəsində keçirilən yarışların qalibi olmaq istəsə də, bir müqəddəs arzusu da vardı: bir gün Şuşada, Xankəndində keçiriləcək yarışların qalibi olmaq. Hərdən də zarafatla deyirdi: “Eybi yoxdu, təki axırıncı yeri tutum, amma torpaqlarımızı işğaldan azad edək, Şuşada idman yarışları olsun”. Ona görə də ilk olaraq Vətənə borcunu vermək istədi.
Hərbi xidmətə gedəndə onu yola salan dostlarından birinə pıçıldamışdı: “Nə olaydı, döyüş başlayaydı, torpaqlarımızı azad edəydik... Mən də döyüşəydim.”
Beləcə bu ilin may ayında hərbi xidmətə yollandı Sadiq. Çox çevik, idmançı olduğundan onu Xüsusi Təyinatlı Qüvvələrə qəbul etdilər. Kəşfiyyatçı kimi təlim keçdi. Ona “qızıl əsgər” dedilər.
Sadiq Bağırzadə tarix yazdı: XTQ-in ən gənc kəşfiyyatçı qəhrəmanı kimi tarixə düşdü.
İkinci Qarabağ Savaşı başlayanda öndə gedən zabit heyətində tək əsgər oldu. İlk gündən igidliyi ilə də fərqləndi. Murov yüksəkliyi uğrunda savaşda “Murov aslanı” dedilər ona.
İllərin dostu kimi sevdiyi, qardaş bildiyi Ağstafalı balası Xalədddin Cəlilovla birlikdə 16 erməni postunun dağıdılmasında, Murovdağ yüksəkliyinin düşmənlərdən təmizlənməsində aslanlar kimi vuruşub döyüşçü yoldaşlarının “bizim Murov aslanımız” dedikləri Sadiq Bağırzadə.
Taqım və manqa komandirlərinin sözlərinə görə, onu saxlamaq olmurdu. Minalanmış sahələrə heç kimi buraxmırdı. Birinci özü gedirdi. Həmişə bir sözü vardı: Biz bu torpaqları almalıyıq. Biz bunu uşaqlara qoyub gedə bilmərik. 18 yaşı olmasına baxmayaraq, daşıdığı məsuliyyət artıq qoca idi. Biz bu yükü qoyub gedə bilmərik – deyirdi Sadiq. Murovdağa bayraq qaldıranda üzündəki Qələbə sevinci ilə qalıb dostlarının yadında igidimiz.
Sadiq döyüşdə olduğunu ailəsinə deməmişdi. Ata-ana bundan xəbərsizdi. Hər gün xəbər gözləyirdilər. Ürəkləri bir xəbər ümidinə sarılmışdı...
“30-da səhər Ərçivana şəhid gəlmişdi. Orda idim. Çox ağır idi. Günorta evə yenicə qayıtmışdım ...Xəbər gəldi... Xaləddinlə bir yerdə olub”, - deyir atası. Susur. Arada səsi qırılır. Nə deyəcəyimi bilmirəm... Nələr desək də, ana-ata ürəyi yaralı qalır...
Cəmi iki gün fərqləri vardı ailənin tək oğullarının. Xaləddin aprelin 13-də, Sadiq isə 15-də dünyaya gəlib. İkisi də 18 yaşında... İkisi də idmançı.
İstənilən savaşda itki olur. O ki qala Vətən savaşı. Düşmən əlində olan torpaq yükündən ağır heç nə yoxdur. Səni əyən, əzən yükü daşımaqdan çətin nə ola bilər ki?!
Bizi bu yükdən qurtardı Sadiqlər.
Onu böyük izdihamla qarşılayıb, izdihamla yola saldılar el-obasında ölməzliyinə.
Özü də boksçu olan dayısı Rzayev Ruhid deyir ki, uşaqlıqdan boksçu olmaq istəyirdi. Həmişə seçilib. Onunla həmişə fəxr etmişik. Əvvəl onu ailəsinə görə tanıyırdılar, indi bizi Sadiqə görə tanıyırlar.
“O kiçik yaşlarından idman yarışlarında iştirak edib. Həmişə də uğur qazanıb.
Həmişə qələbə üçün döyüşüb. “Ancaq irəli” - bu sözü çox sevərdi”, - əmisi dedi.
İndi müqəddəs arzusuyla qolboyundu Sadiq.
“Vətən uğrunda”, “Cəsurluğa görə” medalları ilə təltif olunub Sadiq. Sadiqin, sadiqlərin cəsurluğudur Vətən. Onun qələbə sevincli təbəssümü var Vətənin üzündə.
Hamımızın illərlə həsrət qaldığımız təbəssümün.
KƏMALƏ ABİYEVA