Rəqəmsal mühitdə ofislərin virtuallaşması vektoru və rəqabət
Rəsul Balayev, iqtisad üzrə elmlər doktoru,
Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal
texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru
Hazırda rəqəmsallaşma ictimai həyatın bütün sahələrində özünü kifayət qədər əyani surətdə göstərir. İqtisadi fəaliyyətin səmərəliliyində rəqəmsal mühitin təsiri artır. Həmin təsirin kəmiyyət və keyfiyyətcə öyrənilməsi məsələsi gündəlikdədir. Rəqəmsal mühitdə rəqabət mübarizəsinin özünəməxsus cəhətlərinin iqtisadi agentlərin fəaliyyətinin səmərəliliyinə təsiri tədqiq edilməlidir.
Rəqəmsal mühit dedikdə digər mühitləri riyazi qanunlar əsasında şərh etmək (modelləşdirmək) üçün istifadə edilən məntiqi obyektlərin formalaşdırdığı mühit nəzərdə tutulur. Texnologiyalar rəqəmsal mühitin nüvəsini təşkil edir. Bu mühitdə texnologiyalar sürətlə dəyişsə də, texnoloji və riyazi (hesabi) aspektlərin bir-birini tamamlamasının kəsilməz prosesi gedir. Bu prosesdə, demək olar ki, həmişə təcrübə önə keçir. İdealda fiziki aləm (onun dəyişmələrinin kəmiyyətcə ölçülməsi və onların səciyyələndirilməsi) haqqında bütün zəruri rəqəmlər real vaxt rejimində əlyetən olduqda, haqqında danışılan tamamlama prosesində müsbət dinamikadan danışmaq olar. İstehsalçı üçün həmin zəruri rəqəmlər (verilənlər) qismində istehlakçının davranışının kəmiyyət parametrləri çıxış edir.
İnformasiya cəmiyyətinin və rəqəmsal mühitin tələbi informasiyanın açıqlığı və əlyetənliyidir. Bu baxımdan verilənlərin açıq olması onların faydalılığının şərti və nəticəsi kimi nəzərə gəlir. Əlbəttə, reallıq prinsiplərdən daha zəngindir və müxtəlifliyin zəruriliyi mühitində, artıq qeyd olunduğu kimi, informasiya təhlükəsizliyi, müəllif hüquqlarının qorunması və bu kimi bir sıra digər tələblər məhdudiyyət şərtləri olaraq qalır. Rəqəmsal iqtisadi mühitdə xüsusi informasiya modellərinin inkişaf perspektivləri barədə birmənalı nikbin olmaq reallığa etinasızlıq olardı. Unutmaq olmaz ki, məxsusi informasiya modelinə malik hər hansı iqtisadi agent tərəfdaşlarının fəaliyyət mühitində üstünlük təşkil edən informasiya modelinə uyğunlaşmaq məcburiyyətindədir. Odur ki, hər halda verilənlərin açıqlığı onların faydalılığına dəlalət edir. Haqqında danışılan faydanın əldə edilməsi fəaliyyət inteqrasiyasını təşviq edən rəqəmsal mühitdə fəaliyyət standartlarının açıqlığının təmin edilməsini nəzərdə tutur. Unutmaq olmaz ki, rəqəmsal iqtisadiyyatın təşəkkülünün hazırki dövründə həyata keçirilən tənzimləmə tədbirləri, işlənib hazırlanan və qəbul edilən standartlar onun inkişaf perspektivlərində həlledici rol oynayacaqdır.
Rəqəmsal mühitdə fəaliyyət məkanı və iş yeri
Rəqəmsal mühitdə fəaliyyət məkanı və iş yeri anlayışları arasında fərqin azalacağı gözlənilir. Bu mühitdə fəaliyyət məkanının iş yerini əvəzləməsi, ofis anlayışının virtuallaşması üçün bütün zəruri şərtlər mövcuddur və müvafiq potensial göz qabağında inkişaf edir. İş yoldaşları arasında əlaqələrin məkandan asılılığı azalır. Təcrübədən göründüyü kimi, azalmaya mane olan əsas amillərdən biri ənənəvi müəssisə modelidir. Həmin modelin dəyişməsi isə zaman məsələsidir. Məsələ ondadır ki, iş yerindən daha yaxşı fəaliyyət məkanında çalışmaqla işçi müəssisəyə verdiyi faydanı və onun özünün gəlirlərini artıra bilirsə, ofisin virtuallaşması sürətlənə bilər. İnsanların işə gedib və qayıtmaq vaxtına qənaət etməsi də az əhəmiyyətli amil deyildir. Məsələ ondadır ki, məhz “yerdəyişmələrin minimumlaşdırılması” effekti sayəsində aqlomerasiya effektini az-çox dərəcədə reallaşdırmaq mümkün olur.
Ofisin virtuallaşmasını məhdudlaşdıran səbəblər də az deyildir. Hər şeydən əvvəl, onu qeyd edək ki, bu virtuallaşma prosesi İT menecerlərinin, informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin və bir sıra digər ofis işçilərinin işini çətinləşə bilər. Digər və zənnimizcə, heç də az əhəmiyyətli olmayan səbəb kimi rəqəmsal mühitdə biliklərin texnolojiləşməsində baş verən aşağıdakı meyillər diqqətəlayiqdir: təcrübənin yenilənməsinin yüksək tezliyi onun yayılmasında iştirak edən mütəxəssislər arasında əyani nümunənin rolunu artırmış, ümumiləşdirmənin isə rolunu azaltmışdır. Daha dəqiq desək, öz təcrübi biliklərini şəxsi təmasda daha yaxşı ötürə bilən insanların sayı artmaqdadır. Odur ki, həmin insanların məsafədən bir-birinə yardımçı olmasının çətinləşməsi baş verir. Bu gözləntilərin reallaşma ehtimalı transaksiya xərclərinin dinamikasında və ofislərin virtuallaşması vektorunun müəyyən edilməsində həlledici amil ola bilər.
Rəqəmsallaşma iqtisadi həyatda dinamizmi kəskin surətdə artırır. Kəskinləşən rəqabət mübarizəsi şəraitində formalaşmış institusional mühit artan dinamizmin tələblərinə uyğunlaşmaq məcburiyyətindədir. Bununla belə, ənənəvi rakursda müəssisə modelinin ətalətliliyi rəqəmsal mühitin yaratdığı genişlənən müxtəlifliyə adekvat reaksiya verə bilmir. Bu xüsusilə rəqabət mübarizəsində özünü daha aşkar şəkildə göstərir. Belə ki, rəqəmsal mühitdə, obrazlı desək, bütün iqtisadi agentlər bir-birinə rəqibdir. Başqa sözlə, belə bir fikirlə razılaşmaq lazım gəlir ki, rəqəmsal iqtisadiyyatda rəqabət mübarizəsini rəqiblərdən deyil, hər yerdən gözləmək lazımdır. İnformasiya rəqəmsal olduqda və şəbəkədə birləşdikdə bütün sədlər dağılır və heç bir biznes təhlükəsiz olmur.
İnformasiya bazarında rəqabətin məkan aspekti
Rəqəmsal iqtisadi mühit informasiya bazarında rəqabətin məkan aspektini aktuallaşdırır. İnformasiya bazarında rəqabətin başlıca məqsədi informasiya bərabərsizliyi amilindən istifadə edərək, informasiya rentasını əldə etməkdir. Rəqəmsal iqtisadi mühitdə iqtisadi agentin informasiya məkanında əldə etdiyi üstünlük ona informasiya mübadiləsində vaxt məsrəflərini azaltmaqla mənfəəti artırmağa imkan verir. İnformasiya bazarında pay əldə etmək üçün aparılan rəqabət mübarizəsi məkan xarakterlidir və informasiya məkanı anlayışına münasibəti dəqiqləşdirməyi tələb edir. Belə bir fikirlə razılaşmamaq çətindir ki, rəqəmsal mühitdə rəqabət mübarizəsi sərhədləri nəzərə almayan xüsusi informasiya məkanı yaratmaq uğrunda aparılır. Belə fikirlə razılaşmaq olar ki, informasiya məkanı uğrunda rəqabət kateqoriyası, məkan nəzəriyyəsi çərçivəsində informasiya bazarında pay uğrunda mübarizə kimi nəzərdən keçirilməlidir. Beləliklə, informasiya bazarında məkan rəqabəti sərhədləri nəzərə almayan xüsusi informasiya məkanı yaratmaq uğrunda aparılan mübarizədir.
İnformasiya bazarında rəqabət heç də təkmil deyildir. İnkişaf etmiş ölkələr tərəfindən bu bazarda haqsız rəqabətə cəhdlər müşahidə olunur. İş o həddə çatmışdır ki, artıq qlobal informasiya rəqabəti proseslərinin nəticələrinə görə ölkələri informasiya mərkəzi və informasiya periferiyası əlamətləri üzrə fərqləndirirlər. Bu təsnifatda rəqəmsal mühitin indikatorları ilə yanaşı, habelə ölkələrarası informasiya bərabərsizliyinin xarakteristikaları da nəzərə alınır. Həmin xarakteristikalara, ilk növbədə ölkədə - informasiya-kommunikasiya sahələri məhsullarından istifadə səviyyəsi, informasiya infrastrukturunun inkişafı və idxaldan asılılıq səviyyəsi, informasiya bazalarının (provayder şirkətlərinin) cəmləşməsi səviyyəsi, dövlət elektron idarəçiliyi səviyyəsi, elektron iqtisadi tənzimləmənin səviyyəsi aid edilə bilər.
İnformasiya cəmiyyətinin genişlənməsi iqtisadiyyatda transaksiya xərclərinin ümumi səviyyəsinə birmənalı təsir etmir. Belə ziddiyyətli vəziyyəti şərtləndirən səbəblərin mənbələrdə rast gəldiyimiz təsnifatı maraq doğurur: rəqəmsal iqtisadi informasiyanın həcminin və iqtisadi transaksiyaların tutumunun sürətlə artması; rəqəmsal mühitin strukturlaşdırılmasının aşağı səviyyəsi, eyni zamanda, təhlükəsizliyə və məxfiliyə tələblərin artması; rəqəmsal informasiya axınlarının və iqtisadi subyektlərin məlumatlandırılmasının assimmetriyası.
İqtisadi inkişaf, məlum olduğu kimi, rəqabət mübarizəsi ilə müşayiət olunur. Yeni əsrdə rəqabət üstünlükləri, təcrübənin ilkin təhlilindən göründüyü kimi, əsasən innovasiyalarla bağlıdır. Rəqabətin nəticəsi, milli miqyasda iqtisadi artımda və ölkə əhalisinin həyat səviyyəsinin yüksəlməsində ifadə olunmalıdır. Milli iqtisadiyyatın rəqabət qabiliyyətində rəqəmsal fəaliyyətin səmərəliliyi amilinin rolu artır. Yeri gəlmişkən, belə bir məsələni xüsusi qeyd etməyə ehtiyac vardır. Ölkə rəqəmsal texnologiyaların inkişafında, onun texniki-texnoloji təminatının yaradılmasında idxalı əvəzləmə imkanına malikdirsə, bu, ona rəqabət mübarizəsində ciddi üstünlüklər verir.
Rəqəmsal iqtisadiyyat dördüncü sənaye inqilabı dalğasında formalaşır və inkişaf edir. Şəbəkə mühitində başdan-başa innovasiyalı yanaşma cəhdləri, müşahidələr göstərir ki, o, xərcləri azaltmağa yönəlmişdir. Rəqəmsal bazarın yeni iştirakçıları ənənəvi iştirakçılardan öz çevikliyi ilə fərqlənir. Bu isə həmin bazarın iştirakçılarını daim sayıq olmağa məcbur edir. Dördüncü sənaye inqilabının reallıqları baxımından bazar iştirakçılarının rəqabət qabiliyyətinə və rəqabət mübarizəsi mühitinə münasibətdə Klaus Şvabın aşağıdakı mövqeni mühüm və diqqətəlayiq hesab edirik:
“Rəqabət qabiliyyətini təmin etmək üçün şirkətlər və ölkələr bütün formalarda innovasiyalar tətbiq etməlidirlər. Bu, ilk növbədə xərclərin azaldılmasına yönəlmiş strategiyaların məhsul və xidmətlər təklif etmənin daha innovativ üsullara əsaslanan strategiyalardan daha az səmərəli olacağını göstərir. Gördüyünüz kimi, bu gün tanınan şirkətlər, digər sənaye və ölkələrin yeni yaranan və hər şeyi dəyişən, habelə yenilikçi şirkətlər tərəfindən həddindən artıq böyük təzyiq altındadır. Bu hal, öz innovativ ekosistemlərini qurmaq zərurətini qəbul etməyən ölkələrə də aiddir”.
Rəqəmsal bazarlarda rəqabət və blokçeyn texnologiyası
Rəqəmsal bazarlarda rəqabətin xarakteri həlledici dərəcədə bazarın informasiya texnologiyaları seqmentindəki vəziyyətindən və burada baş verən rəqabətin xüsusiyyətlərindən asılıdır. İlkin yanaşmada informasiya texnologiyaları bazarında rəqabətin xüsusiyyətlərinə aşağıdakılar aid edilir:
- beynəlxalq rəqabət şərtləri və qaydalarının güclü təsiri;
- qeyri-mükəmməl və haqsız rəqabət hallarına tez-tez rast gəlinməsi;
- qiymətlərin volotilliyi, qiymətin əmələgəlməsinin əsasən istehsal sferasında deyil, satış sferasında baş verməsi;
- münasib dövr başa çatdıqdan sonra texnologiyanın qiyməti lisenziyalı nüsxə qiymətindən maddi daşıyıcı qiymətinə qədər enə bilir;
- qeyri-qiymət rəqabətinin geniş istifadə olunması və i.a.
İnformasiyaya sahib olmaqla rəqəmsal bazarda inhisarçı olmaq cəhdinin qarşısını almaq üçün bu günə, hələ ki, mükəmməl sayıla bilən texnoloji həllər təklif edilir. Nikbinliyi ilə fərqlənən belə bir fikir vardır ki, “rəqəmsal qiymət platformalarının, elektron mağazaların, blokçeyn sistemlərinin olduğu şəraitində informasiya bazarını heç kəs inhisarlaşdıra bilməz”. Bu nikbinliyi bölüşmək isə, zənnimizcə, hələ çox tezdir. Məsələ ondadır ki, blokçeyn texnologiyasının problemləri, artıq özünü göstərir və onlara bu günə olan vəziyyətə aşağıdakılar aid edilir:
- blokçeyn kriptoqrafiya üsullarına əsaslandığı üçün mürəkkəb hesablamaların aparılmasına olduqca böyük miqdarda elektrik enerjisi sərf edilir;
- texnologiya əsasında aparılan əməliyyatların sürəti çox aşağıdır, onlar tənzimlənə bilmir (dələduzluq halları ilə mövcud qanunvericilik çərçivəsində mübarizə aparmaq çətindir), təhlükəsizliyə zəmanət yoxdur;
- maliyyə-bank sistemi blokçeyn texnologiyasının tətbiqi və inkişafında maraqlı deyildir.
İnformasiya rəqabəti şəraitində istənilən informasiyaya iqtisadi aspektdən yanaşmaq lazımdır. Belə ki, informasiya, demək olar ki, bütün hallarda:
- ənənəvi bazarlarda mövqeni saxlamaq və möhkəmləndirmək məqsədi ilə istifadə olunur;
- ölkənin (transmilli şirkətin) texnoloji imkanları artdıqca, digərlərinə nisbətən tam informasiya şəraitində fəaliyyət üstünlüyü əldə edir ki, bu da informasiya qeyri-bərabərliyini artırır;
- hər yerə nüfuz edən texnologiyalar vasitəsi ilə istənilən iqtisadi münasibətin gec-tez şəffaflaşması baş verir.
Rəqəmsal bazarların inkişafı ideyaların və faydalı sayılan təcrübələrin mübadiləsi prosesini sürətləndirir. Bu isə yeni biznes modellərinin yaradılması, yayılması və istifadəsi proseslərini də sürətləndirməkdə, rəqəmsal bazarlarda rəqabətə yeni yanaşmaları formalaşdırmaqdadır. Rəqəmsal bazarlarda rəqabətin özünəməxsus cəhətlərindən biri biznes modellərin öz aralarında və onlarla internet platformalar arasında rəqabət mübarizəsində üzə çıxır. İlkin təcrübənin təhlili böyük ehtimalla belə deməyə əsas verir ki, biznes modellər və internet platformalar arasında rəqabət gec-tez sonuncunun qələbəsi ilə başa çatır. Odur ki, zənnimizcə, platformada üstünlük qazanmağa yönəlmiş biznes model daha perspektivli hesab edilə bilər. Rəqəmsal bazarlarda rəqabətin digər özünəməxsusluğu bazarda əhəmiyyətli (və ya ümumiyyətlə) payı olmayan şirkətlərin üstünlük əldə edə bilməsindədir. Onların kreativliyi əsasən yeni çağırışlara əlüstü reaksiya verməkdə ifadə olunur.
Yeni şirkətlər rəqəmsal bazarın tələblərinə daha çevik reaksiya verə bilirlər. Onlar bütün resursları yalnız günün tələblərinə uyğun strukturun yaradılmasına səfərbər edə bilirlər. Bu baxımdan iri şirkətlərin vəziyyəti fərqlidir. Uzun illər fəaliyyət göstərən bu şirkətlərin maddi-texniki və kadr potensialını çevik şəkildə yeni çağırışlara tabe etmək çətindir. Əlbəttə, iri şirkətlərin geniş imkanları və onların yaratdığı kreativliyin dəstəklənməsi amili nəzərdən qaçmamalıdır. Məhz radikal və kreativ addımlar sayəsində informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən nəhəng şirkətlər innovasiyalı modernləşdirmə xəttini yeridir, itkilərini azaltmaqda və bazarın yeni seqmentlərini tutmaqda bu və ya digər dərəcədə uğur qazanırlar. Rəqəmsal bazarda əldə edilən qazanc əksər hallarda ikitərəfli olur. Bu, təkcə əqli fayda ilə məhdudlaşmaya bilər. Deyək ki, tərəf-müqabilə fayda verməklə, az vaxtda real olaraq çox sayda müştəri tapmaq olur.
Sonda bəzi məqamları xülasə edək. Ətraf mühiti riyazi əsaslarla modelləşdirən məntiqi obyektlərin formalaşdırdığı rəqəmsal mühitin nüvəsində texnologiyalar dursa da, texnoloji və riyazi aspektlərin bir-birini tamamlamasının kəsilməz prosesi diqqət mərkəzində olmalıdır. Rəqəmsal mühitdə məxsusi informasiya modelləri az perspektivlidir və burada verilənlərin açıqlığı onların faydalılığına dəlalət edir. Rəqəmsal mühitdə bütün iqtisadi subyektlər bir-birinə rəqibdir. Bu mühitdə rəqabət mübarizəsi sərhədləri nəzərə almayan xüsusi informasiya məkanı yaratmaq uğrunda aparılır. Rəqəmsal mühitdə istənilən informasiyaya iqtisadi aspektdən yanaşmaq zərurəti yaranır. İnformasiyaya sahib olmaqla rəqəmsal bazarda inhisarçılığın qarşısını almaq üçün təklif edilən blokçeyn və digər texnologiyaların hazırki vəziyyətdə bəyan edilmiş missiyasının yerinə yetirilməsində ciddi problemlər mövcuddur.