MƏQALƏLƏR

Ölümü seçən Elçin Həsənli

  • 10.06.2021

Düşünürsən, arzuları yarımçıq qaldı. Və necə bir ali arzusuna çatdı.
Deyirsən, ömrü yarımçıq oldu... Və necə bütöv ömür yaşadı.
Belə düşündüyümüz vətənsevdalıların, əsgər və zabitlərimizin həyatını öyrənməliyik, öyrətməliyik, vətən sevgisindən dərs almalıyıq. Dərs verməliyik.
Həsənli Elçin Vaqif oğlu kimi...
Həmişə seçilib. Nə bahalı geyimi, bahalı telefonu, nə maşını ilə fərqlənmək istəməyib, ağlına gəlməyib. Sadəcə birinci sinifdən məsuliyyəti, çalışqanlığı ilə seçilib. Şəxsiyyət kimi seçilib. Bütün məktəbin sevimlisi olub.
1993-cü il iyunun 16-da Ağstafada ziyalı ailəsində dünyamıza gəlib. Atası aspiranturaya qəbul olunduğundan Bakıya köçüblər. Hal-hazırda elmlər doktoru, professor olan Vaqif Həsənli universitet, anası Xatirə İsmayılova ibtidai-sinif müəllimidir. 1999-cu ildə Suraxanı rayonundakı 290 nömrəli məktəbdə orta təhsilə başlasa da, sonra A.Abdullayev adına Nəsimi rayonu 211-nömrəli tam orta məktəbdə oxuyub. Məzun Elçin Həsənli arzusunun dalınca gedib. Azərbaycan Dövlət Texniki Universitetinin tələbəsi olub 2010-2014-cü illərdə. Məktəbdə olduğu kimi, universitetdə də savadı, düşüncəsi, davranışı ilə fərqlənib.
Müəllimləri onun haqqında bir-birindən gözəl sözlər dedi. Onlara elə gəlirdi ki, ən tutarlı kəlmələri seçsələr də, az olacaq.
Sonra Həqiqi Hərbi Xidmətə yollanıb. Lənkəranda, Füzulidə hərbi xidmət keçib. Hərbi Xidmətdən sonra magistraturaya daxil olub. 2017-ci ildə magistr təhsilini də fərqlənmə diplomu ilə başa vurub. Bu da Elçinin arzusu idi. Oxumaqdan usanmırdı. Nə qədər oxusa, “azdı”deyirdi.
2019-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə doktoranturaya qəbul oldu. Qiyabi oxuyur, “Şirvan” RETŞİ-nin Salyan ETŞİ-də paylayıcı şə­bəkə sahəsində mühəndis işləyirdi. Həm də Sabirabad “Asan xidmət” mər­kə­zində çalışırdı.
Mükəmməlliyə can atırdı Elçin Həsənli.
2016-cı il aprel hadisələrində özünə yer tapmadı. Döyüşlərə getmək istəyirdi. Kumiri olan general-mayor Polad Həşimovun ölümündən sarsıldı. “Erməni­lə­rin cavabını verməliyik”, - dedi. Elə iyul ayında da könüllü hərbi xidmətə yazıldı.
Anası Xatirə İsmayılova müəllimədir: məktəbdə tədbirlər keçiririk - 20 Yanvar, Xocalı faciəsi, işğal günlərini yad edirik. Bütün bu hadisələr adamı dəhşətə gətirir. Bizim evdə həmişə tariximizlə bağlı söhbətlər olub, bu faciələri yaşamışıq bütün ruhumuzla. Özüm də Vətənə bağlı insanam. Deyirdim ki, vuruşub torpaqlarımızı almalıyıq. Mübariz İbrahimovun qəhrəmanlığı təpik kimi oldu. Silkələdi bizi. Hətta oğlanlarımdan biri gedib şəhid olsa, amma vətən azad olsa, razı olardım. Polad Həşimov öləndə gedib könüllü yazılanlar oldu. İnanırsız, düşündüm ki, görəsən, Elçin də yazılıb? Bir gün dedi ki, “ana, könüllü yazılmışam orduya, müharibə olsa gedəcəm. Sevindim. Hətta şəhid olmasını da gözə aldım. Və o gecə zəngini də gözləyirdim onun kimi. Gecə getmək istəyirdi. Dedim ki, gecə hara gedirsən? Dinmədi. Mən bilirdim bu nə gedişdi. Yatmadı. Bütün gecəni otaqda fırlandı. Su da içmədi. Bir tikə çörək də yemədi. Güclə gözlədi sabahı. Maşın gələndə düşdü tələsik. Maşına minəndə çevrilib mənə baxdı. Elə qəribə baxdı ki... Ürəyimə damdı ki, bu ayrılıqdır”.
Kimsə onu saxlaya bilməzdi...
“Ən böyük arzum torpaqlarımızın azad olunmasını görməkdi. İndi bu savaşa az da olsa, qatqımın xoşbəxtliyini necə ifadə edim ki?”, - deyirdi yaxınlarına.
Beləcə ilk gün getdi döyüşlərə...
Döyüş yoldaşlarının sözlərinə görə, Elçin bir şəhidi, yaralını döyüş meydanında qoymurdu. Müharibədi, bəzən gec yardım olunduğundan da itkilər olurdu. Çox diqqətliydi. Güllə altında çıxarırdı onları. Bütün silahlardan istifadə etməyi asanlıqla öyrənirdi. Çox məharətlə döyüşürdü. Təhlükəni hiss edirdi elə bil.
Gəncəli Sərxan Yolçuyev də könüllü qatılıb savaşa, Elçinlə dost olub, Murov uğrunda döyüşlərdə ağır yaralanıb: “Təəssüf edirəm yaralandım, dostlarımın yanında ola bilmədim. Bütün şəhidlər mənim qardaşımdı, vətən övladıdı. Amma Elçinin yeri başqaydı. Elə bir oğul idi ki. Neçə əsgəri ölümdən qurtardı. Yaralıları çiynində daşıyırdı. Savadlı, qorxmaz. Heç inanmırdım ona nəsə olar.Yoxluğuna alışa bilmirəm. Bilirsiz, deyirlər, nöqsansız adam olmur, amma o, nöqsansız idi. Nə desəm, azdı . Mən dostluğu onunla anladım, onunla yaşadım. Hamımızın evində, qonşusunda uşaqlar böyüyür. Söhbətləşəndə deyirdik ki, bu yükü, bu acını onlara qoymayaq - qazinin göz yaşı necə ağrılı olurmuş. Amma biz valideynlərimizdən öncə bu vətənin övladıyıq. Onun üçün canımızdan keçməliyik. Vətən sağ olsun”, - deyir, sonra ona yazdığı şeiri oxuyur:


Allah səni sevdi yenə, Zirvəni bəxş etdi sənə.
İtirmək ağırdı mənə sənin kimi igid qardaş.
Qan oldu bayraq sinəndə, nə söyləyim mən dinəndə?
Mən zəfərə sevinəndə, sən olmuşdun Şəhid, qardaş.
İndi saralıb solmuşam, yaman çarəsiz qalmışam.
Sən gedəndən mən olmuşam nəfəs alan meyit, qardaş.
Bayraq bulaşdı qanına, qurbanam Şəhid canına,
Məni də apar yanına, nolar, məni eşit, qardaş.


Sol cibində ürəyinin üstündə bayrağımızla keçdi bütün savaşı -Vətən yolunu. “Vətən uğrunda” medalı ilə təltif olundu.
O qədər cəsur idi ki Elçin. “Cəsurluğa görə” medalına döyüşlərdə fərqləndiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsində göstərdiyi igidliyə, bacarığına, bütün tapşırıqları uğurla yerinə yetirdiyinə görə layiq oldu.
Bütün savaşı keçdi Elçin. 43 gün addım-addım irəlilədi qələbəyə. Noyabrın 8-də Şuşa azadlığında Şəhid oldu ərənimiz. Ölümüylə əsgər dostlarını xilas etdi. Şuşa uğrunda döyüşlərdə irəli keçən döyüşçülər yataq kisəsinda gizlənən, arxadan onları güllələmək istəyən ermənini görmürlər. Onu Elçin görür, özünü düşmənin üstünə atır. Ölümü özü seçir. Beləcə neçə döyüşçünü xilas edir canı bahasına Vətən yolunda.
“Şuşanın azad olunması uğrunda” medalına layiq olur.
Bütün savaşı keçdi Elçin. Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan, Qubadlı...Və Şuşa. Bütün savaşı ürəyinin üstündə gəzdirdiyi bayrağı anaya verəndə qürur duydu ana. “Şuşa döyüşləri başlayanda ondan xəbər tuta bilmədik bir neçə gün. Bildim ki, şəhid olub. Hiss elədim. Elçini gətirən gün gecə dedim, “Oğlum gəlir. Durun, qarşılayın... Onun nəfəsini, ətrini duydum evdə. Gəldi... Ağırdı, amma başımıza gələn faciələrin cavabını verməliydik. İnanmıram ki, Elçin kimi oğul adi ölümlə ölə bilərdi. O kamil insan idi. Ölümü də fərqli olmalıydı.
Hər oğul Şəhid olmur, hər ana şəhid doğmur”, – dedi ərənimizin anası.
O bayrağı hər gün yüz dəfə qoxlayır ana: Elçinin ətri var bu bayraqda .
Elədi Xatirə xanım. İndi bayrağımız Elçin ətirlidir.
Bütün döyüşçülərin, bütün şəhidlərin anaları bilsin ki, indi torpağımız, bayrağımız, çörəyimiz, suyumuz, havamız Elçinlər ətirlidir.


Kəmalə Abiyeva