ƏSRLƏRİN YAŞIDI OLAN NOVRUZ
ƏSRLƏRİN YAŞIDI OLAN NOVRUZ
Novruz qədim ənənələrə söykənən Azərbaycan dövlətinin milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir.
Eramızdan 487 il əvvəl şərq alimləri, türklər, ərəblər, farslar, hindilər bir yerə yığışaraq, fikirləşiblər ki, bir təqvim düzəltsinlər. Qərara alıblar ki, bu ili heç bir tarixi hadisə ilə bağlamasınlar. Bu gün bizim milli təqvimə görə heç kəsin anadan olduğu, yaxud həyatdan köçdüyü gün deyil. Allahın hökmü ilə qışın getdiyi, baharın gəldiyi, gecə ilə gündüzün bərabərləşdiyi günü seçiblər. Onlar bu günü seçəndə təsadüfən o, düşüb çərşənbə gününə.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günü martın 20-si, 21-i və ya 22-sində keçirilir. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın – yəni Yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz, həmçinin Bəhai təqvimində ilin ilk günüdür.
Novruzun mənşəyi və tarixi
Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Novruz bayramının mənşəyi, onunla bağlı miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının tarixini əfsanəvi şəxsiyyətlərin adı ilə bağlamağa çalışmışlar. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona “dini libas” geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi din xadimləri belə bir fərziyyə uydurmuşlar ki, guya Novruz bayramı IV xəlifə Əlinin hakimiyyətə (656-661-ci il) gəldiyi günlə əlaqədardır. Halbuki İmam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz bayramı isə yazda qeyd edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək qoruyub saxlamışlar.
Novruz bayramında çərşənbələr
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım» deyiblər, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci çərşənbə su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların üzərindəki buzlar əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Bütün insanlar çaya gedərək, yaxud axan suda əllərini, üzlərini yuyaraq və suyun üzərindən atılaraq "ağırlığım – uğurluğum suya” deyərlər. Bu inanca görə onların üzərində olan bütün pisliklər həmin suya düşərək məhv olacaqdır və onlar da yeni ilə saf daxil olacaqlar. Su çərşənbəsində süfrəyə su qoymaq, suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb, tökülərsə həmin ilin sizin üçün bol-bərəkət gətirəcəyi gözlənilir.
Su çərşənbəsində baxılan fallardan birinə görə stəkana su doldurub, saçınızdan bir tel qopardaraq ona nişan üzüyünü bağlayıb, 3 dəfə suya salıb çıxartmaq lazımdır. Sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa siz, həmin yaşda evlilik həyatına qədəm qoyacaqsınız.
Əlbəttə bu edilən işlərin hamısı qədim inanclara əsasən yerinə yetirilir. Ancaq unutmaq lazım deyil ki, su şəffaflıq, aydınlıq və təmizlik deməkdir. İlk öncə isə suyun həyat mənbəyi olduğunu heç vaxt yaddan çıxarmaq olmaz.
İkinci çərşənbə od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu məhsul yaratmaq üçün hazırlayır. Hər çərşənbə axşamı tonqal qalanır, lakin bu çərşənbə gününün özünəməxsus olan xüsusiyyətləri digərilərindən tamamilə seçilir. Bu günün məhz od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi vardır. Xonçalar bəzədilir və hər ailə üzvünün adına bir şam yandırılır. Od çərşənbəsi elimizin adət-ənənələrinə görə “Üsgü çərşənbə” də adlanır. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.
Od çərşənbəsinin mənası tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan Atəşpərəstlik dini ilə bağlanılırdı. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərmişdir. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşhag da buna əyani misaldır.
Üçüncü çərşənbə yel çərşənbəsidir. O, bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, tumurcuqlanan ağacları yellədir.
Yel çərşənbəsinə el arasında “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə”, “hava çərşənbəsi” də deyilir. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində adətən hava təmizlənir. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel-qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.
Axırıncı çərşənbə torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, günəşlə isitdi, onu “yaratmağa” hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni»,- deyib buğda isladardılar.
Torpaq çərşənbəsi mərasiminə dan söküləndə başlayırdılar. Uşaqlı-böyüklü hamı bağlara, əkin sahələrinə yollanır, ağacların diblərini belləyirdilər.
Adamlar yığışıb küçə-meydanları, həyətləri zir-zibildən təmizləyər, ağacları budayar, quru otu, ötən payızdan qalma xəzəli bir yerə yığar, qaş qaralanadək toplanan çör-çöpü meydanlarda qalayarlar.
Bundan sonra başlanan şənlik səhərədək davam edər.
Torpağı qoydum dincə,
Novruz bizə gəlincə.
Torpağa kəm baxanı
Doğrarlar xincə-xincə.
Ulu babalarımızın ən qədim əmək peşələrindən biri qoyunçuluq olduğu üçün saya oyunları da torpaq çərşənbəsinin atributlarından birinə çevrilmişdir.
Novruz dünya xalqlarının bayramı kimi
Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu qeyd etmək olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə vermir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən iranlılar və azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar. Novruz bayramı İraqda, Türkiyə ərazisində, Hindistanda, Pakistanda, Özbəkistanda, Türkmənistanda və s. ölkələrdə qeyd edilir.
Novruz Azərbaycanda
Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“Gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir, qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi, plov və s. bişirilir. Rəngbərəng yumurta boyanır, xonçalar bəzənir, şamlar yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında keçirilən “haxışta”, “bənövşə”, “kos-kosa”, qılıncoynatma", "kəməratma", "kəndirbaz", "qoçdöyüşdürmə" tamaşaları indi də bəzi bölgələrdə hazırlanır. Novruz bayramını kosasız təsəvvür etmək mümkün deyil. Kosanın xurcununa bayram sovqatı qoyarlar. Kosanı adətən keçəl müşayiət edir.
Novruz İranda
İran süfrəsində fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma mərci səmənisi cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər. İran süfrəsində şəkil də olur – məsələn, İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt Peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar. Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-Kərim olur, bəziləri isə İran şairi Hafizin divanını da süfrəyə qoyurlar. İran süfrəsində də “s” hərfi ilə başlayan 7 nemət olmalıdır.
Novruz Əfqanıstanda
Əfqan süfrəsi isə adətən masada olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı “həft meyvə”, yəni yeddi meyvədir. Amma bu, quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. Ərik qurusu, kişmiş, qoz, iydə və s. hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaların qaynadandan sonra da üzərilərinə fırçayla cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari–şərif şəhəridir. Əfqanların inancına görə, Məhəmməd Peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında xüsusi sərgilər, mərasimlər təşkil edirlər.
Əfqanlar Məzari-şərifə gedərək, orada xüsusi bayraq qaldırırlar. Bayraq 10 gün orada qalır. Sonsuz qadınlar Əlinin ziyarətgahına gəlir, ora lentlər bağlayırlar. Onlar Allaha dua edirlər ki, Əlinin xətrinə ailələrinə övlad nəsib etsin.
Novruz Qırğızıstanda
Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Bu, quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir. Çünki bu xörək əllə yeyilir (yəni beş barmaqla).
Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var (Azərbaycanda üzərlik yandırılan kimi). Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir.
Onlar «Alas-alas, hər bəladan xilas», – deyə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.
Novruz Tacikistanda
Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir. Uşaqlar qapı döyüb bayram payı istəyir, yaz çiçəklərindən dərib yığır, qapıları döyərək ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, yumurta, ya da pul verir. Pul vermək isə qabaqlar yox idi.
Novruz Özbəkistanda
Özbəklər isə Novruz süfrəsi üçün «nişala» hazırlayırlar. Nişala şəkərdən bişirilir, bəyaz rəngdə şokolad kimi çox ləzzətli olur. Onu çörəklə də yemək ləzzətlidir. Özbəkistanda dəyişik adətlər var. Məsələn, Surxəndəryada adamlar asimandan yağmur gözləyir. Üzlərini böyük bir qocaman qadının – Sus xatının şəklinə tutub yağış istəyirlər. «Sus xatın, susma xatın, yağmur yağdır», – deyə şərqi söyləyirlər. Yəni bu, İslama qədərki bir düşüncədən gəlir. Novruzda Özbəkistanda öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin yaşlı adamı əlini yağa batırır və öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" kimi elan edilmişdir.
Beləcə əsrlərin yaşıdı olan Novruz bayramı adət-ənənələrlə zəngindir. Bu adət-ənənələri xalqımız unutmur və hər il qeyd edir. Ağsaqqallarımız, nənə-babalarımız öz bildiklərini danışdıqca yeni-yeni məlumatlar əldə edirik.
Novruz bayramınız mübarək!
L.Nəbiyeva