Sən demə, dünya boyda bir nisgil yaşayırmış
Böyük Vətən müharibəsinin başlanmasından 80 il ötür. Tarix baxımından o qədər də uzun zaman deyil. Ağrısı-acısı bu gün də qalmaqdadır. Bəlkə də bu müharibə bəşər övladının gördüyü ən müdhiş və ən dəhşətli müharibədir. Törətdiyi fəlakət və faciələr az qala yer kürəsinin yarısını bürümüşdü. Dünyanın yarısını cənginə alan müharibənin ziyan vurmadığı qapı qalmadı. Azərbaycan xalqı da olmazın itkilər verdi, böyük məhrumiyyətlərə düçar oldu. Cəbhəyə 600 mindən çox soydaşımız getdi, az qala onların yarısı həlak oldu. Həm hərb meydanında, həm də arxa cəbhədə xalqımız misilsiz hünər və fədakarlıq nümunələri göstərdi. Neftçilərimiz gecəni gündüzə qatıb çalışırdı. Əgər Bakı nefti olmasaydı, faşizm üzərində qələbə qazanmaq mümkün olmayacaqdı! Azərbaycan SSR-dən kənarda yaşayan və Qızıl Ordu sıralarında qəhrəmanlıq göstərən minlərlə həmvətənlimiz vardır ki, onlar haqqında çox az məlumata rast gəlmək olar. Gürcüstanın Borçalı, Başkeçid, Qarayazı, Qaraçöp və digər bölgələrindən müharibəyə gedən, mərdliklə vuruşan igid övladlarımız lazımi dəyərini ala bilməmişlər. Çünki o vaxtlar ittifaq respublikalarında milli azlıqlara, xüsusən də müsəlmanlara münasibət fərqli idi. İdeoloji sistem xalqlar dostluğu pərdəsi altında əsl həqiqəti ört-basdır edirdi. Dini, irqi və milli ayrı-seçkiliyi rədd edən sovet ideoloji sistemi əslində bu prinsip üzərində qurulmuşdu. Gürcüstan, Ermənistan və digər respublikalarda yaşayan minlərlə soydaşlarımız müharibədə qəhrəmanlıq göstərməsinə rəğmən, onların bir nəfərinə belə ali dövlət mükafatı - Sovet İttifaqı Qəhrəmanı adı verilmədi. Yalnız Bakı bu sahədə istisnalıq təşkil edirdi. Hər kəs - rus da, erməni də, yəhudi də, digər xalqların nümayəndələri də öz halal haqqını alırdı. Belə ikili standartlar bu gün də davam edir. Məhz bu səbəbdən də Azərbycandan kənarda yaşayan igid oğullarımızın adlarını geniş ictimaiyyət yaxşı tanımır. Bu sahədə araşdırmalar olduqca azdır. O vaxtlar bunu etməyə heç icazə də vermirdilər. Bu gün onlardan biri, mənim babam İlyasov Qulaməli Qasım oğlu haqqında söhbət açacağıq. 80 il ötdükdən sonra indiyədək heç kəsə məlum olmayan bir “sirrin” üstü açılacaq, bir insan taleyinin səhifələri vərəqlənəcək…
O gedən gün...
Qaraçöp mahalına payız yenicə qədəmlərini basmışdı. El-oba yaylaqlardan dönmüşdü. Bu köç əvvəlki köçlərə bənzəmirdi. Cəbhədə qızğın döyüşlər gedir, kənddə cavanlar günbəgün seyrəlirdi. Çağırışlarla gedən kim, könüllü gedən kim. Nədənsə, insanlarda qorxu, təlaş yox idi. Cəbhəyə gedənlər sanki toya, bayrama yola düşürdülər. Ölkənin başının üstünü alan qara buludların gətirəcəyi faciə və dağıntılardan hələ xəbərsiz idilər. Hamı düşünürdü ki, bir-iki həftəyə, yaxud bir-iki aya şanlı Qızıl Ordu məsələni həll edəcək, faşistləri ölkəmizdən qovub çıxaracaq. Hələ “qara kağız”lar da gəlməmişdi. Əhalini arxayın salan da bu idi. 39 yaşı yenicə tamam olmuşdu Qulaməli kişinin. Nüfuzuna, hörmətinə görə cavan yaşlarından bu titulu qazanmışdı. Oğlu İbrahimin 17 yaşı tamam olmuşdu. Tiflis Pedaqoji Texnikumunu bitirmişdi. Texnikumun müdiri sonralar Azərbaycan Elmlər Akademiyasının prezidenti olacaq Zahid Xəlilov idi. Gürcüstanda yaşayan soydaşlarımızın maariflənməsində Qori Müəllimlər Seminariyasından sonra bu təhsil ocağı müstəsna rol oynamışdı.
Qızı Şirmayının 3-4 yaşı vardı. Qulaməli kişi oğlundan çox narahat idi. O, qapının hər an döyüləcəyini, İbrahimin cəbhəyə çağırılacağını gözləyirdi. Belə də oldu. Günlərin birində İbrahimin müharibəyə çağırış vərəqi Qulaməli kişiyə təqdim olundu. Bu xəbəri o, həyat yoldaşı Güllü xanıma söylədi və tapşırdı ki, İbrahimə bir söz deməsin. Səhəri gün rayona getdi və hərbi komissarlığa məlumat verdi ki, oğlunun əvəzinə onun özü cəbhəyə gedəcək. Onu məzəmmət etdilər və dedilər ki, sənin bronun var, arxa cəbhədə lazımsan, ərizə yazma, bir şey fikirləşərik. Cavabında o, - oğlum getməsin, mən getməyim, onda bəs kim getsin? Sonra isə - mənim qərarım qətidir, israr etməyin, onsuz da gedəcəyəm, – dedi.
Oktyabr ayının son günləri idi. Moskva ətrafında qanlı döyüşlər gedirdi. Hər şey düşmənin düşündüyü kimi getmirdi. O ciddi müqavimətlə üzləşmişdi. Qaraçöpdə dumanlı, çiskinli bir gün idi. Adi günlərdən deyildi. Necə deyərlər, el-obanın dirəyi, məclislərin, yığıncaqların yaraşığı Qulaməli kişi sübh tezdən cəbhəyə yola düşəcəkdi. Dost-tanış, qohum-əqrəba onun evinə toplaşmışdı. Əvvəlki şadyanalıqdan əsər-əlamət qalmamışdı. Hər kəs qayğılı, tutqun və dərdli görünürdü. İndi-indi anladılar ki, məsələ ciddidir, əgər belə olmasaydı, Qulaməlini müharibəyə aparmazdılar.
Qulamali kişi ətrafa baxıb yaraşıqlı çöhrəsi ilə gülümsündü, sonra divardan asılan sədəfli sazı sinəsinə basaraq, “Dilqəmi” havasını çalmağa başladı. Deyilənə görə, bu hava onun mizrabında çox yanıqlı səslənirdi. Aşıq deyildi, ancaq şirin səsi və xoş avazı vardı. Bütün el məclislərində bu havanı ifa edirdi. Kənd əhli indi təkcə Qulaməlidən yox, həm də “Dilqəmi”dən ayrılacaqdı.
O, 1902-ci ildə Qaraçöp mahalının Düzəyrəm kəndində dünyaya göz açmışdı. Atası Molla Qasım kişi kəndin axundu idi, yaxşı azan səsi vardı. Onun babası İlyas kişi təxminən XIX əsrin ortalarında Qarabağ bölgəsindən köç etmişdi. Qaraçöp o vaxtlar inzibati ərazi vahidi kimi Gürcüstanın Gürcüani (gürcü hanı) rayonuna daxil idi.
Qulaməli kişi yaxşı təhsil görmüşdü. Ərəb, fars, gürcü, və rus dillərində yazıb-oxuyurdu. O vaxtlar Tiflisdə çox qaynar mədəni mühit var idi. O, təhsilini bu sahədə almış və mühasiblik peşəsinə yiyələnmişdi. Gənc yaşlarından müxtəlif vəzifələrdə işləmişdi. Müharibəyə gedərkən o, kolxozda mühasib işləyirdi.
Qıvrım saçlı, uca qamətli, enli kürəkli, pəhləvan cüssəli bu insan güclü, məğrur olduğu qədər də həlim idi, ruhu, cismi el havacatına, şeirə, sənətə köklənmişdi.
Nənəmin dediklərindən…
Dəmiryol stansiyası izdiham içində idi. Onunla vidalaşmağa az qala bütün kənd camaatı gəlmişdi. Komendant görüşə icazə vermirdi. Qulaməli dedi ki, məni heç kəs zorla aparmır, özüm könüllü olaraq gedirəm, imkan ver, beş dəqiqə həmkəndlilərimlə vidalaşım. O isə, yox, olmaz! - əmrini verdi. Eşalon yerindən tərpənmək üzrəydi. Bu məqamda Qulaməli şişman rus zabitinə elə şillə vurdu ki, o, “süzərək” perronun ortasına düşdü. Eşalon dayandı. Kənd camaatı Qulaməlini əllərində havaya qaldıraraq, oradan xeyli uzaqlaşdırdı. Açıq-aydın görünürdü ki, onu vermək istəmirlər. Qulaməli çox cəld və çevik idi. Bir dəfə atası Molla Qasım kişi atını satarkən alıcı ona deyir, - məndə at Qulaməlidəki kimi yürümür o, isə cavabında – mən atımı satıram oğlumu da satmıram ki, - demişdi. Belə cəld və qıvraq olması ona imkan verdi ki, bir göz qırpımında əldən çıxaraq eşalona minsin. Son dəfə qaça-qaça, arxaya boylanmadan, - özünüzdən, eldən-obadan muğayat olun, mən mütləq qayıdacam, - dedi. Dedi, ancaq sözünə “xilaf” çıxdı. Neçə illərdir gözləyirəm, ondan bir xəbər yoxdur, bir “qara kağız” parçası da gəlmədi ki, gözümüzü yollardan çəkək. Təkcə mənim yox, bütün elin-obanın həsrəti, nisgili azalardı. Eh, itkin dərdi çəkmək çox çətinmiş! Nənəm bu dərdlə də dünyasının dəyişdi.
Atamın dediklərindən…
Müharibə qələbə ilə başa çatdı. Sağ-salamat gələnlər, şikəst olanlar, zabit kimi hərbi hissədə xidmətə saxlanılanlar məlum olurdu. Onların içərisində atamı görmədikdə narahatlığımız artırdı. 1945-ci ilin sentyabrından sonra tərxis prosesi səngidi. Ümid sonda ölər, - demişlər. Ümid çırağımızın işartısı zəif də olsa, qalırdı. 22 yaşında məni kolxoza sədr seçirlər. Bu etimad atama olan hörmət və ehtiramdan irəli gəlirdi. Kənddə hamı mənə “Qulaməli oğlu İbrahim”, - deyə müraciət edirdi. Bu şövq - təbii olaraq məni qürurlu və məsuliyyətli olmağa kökləyirdi. Ancaq qəlbimdə həmişə daxili qınaq və günahkarlıq hissləri gəzdirirdim. O, öz ömrünü mənim yolumda fəda etmişdi. Əcaba, bu borcu qaytarmaq mümkündürmü? 80 ildir ki, bu suala cavab tapa bilmirəm. Anam, bibilərim, əmilərim bu dərdlə, bu nisgillə haqq dünyasına qovuşdular.
Cəbhədən atam üç məktub göndərmişdi. 1943-cü ilin yayında Donbas yaxınlığından göndərilən son məktubda o, el-obanı soruşur, qohum-əqrəbaya salamlarını çatdırırdı. Məktub müəmmalı sonluqla bitirdi: “Oğlum İbrahim, bu mənim sənə göndərəcəyim son məktubumdur. Bundan sonra məndən məktub gözləmə, ancaq bil ki, atan ölməyib, sağdır”. Belə də oldu. Bundan sonra atamdan məktub gəlmədi…
Atam 2004-cü il yanvarın 24-də 81 yaşında dünyasını dəyişdi. İki il xəstə yatdı. Tez-tez atasını yuxuda görürdü, qəhər onu boğurdu. Bizə vəsiyyət edərək deyirdi ki, - bilirəm indiyəcən o, sağ olmaz, heç olmasa qəbrini, övladlarını tapın. Sonra isə deyirdi ki, - o heç vaxt evlənməzdi, bizə olan sevgisini heç kəslə bölüşə bilməzdi. Son anında o, atasının şəklini istədi. Böyüdülüb, divardan asılmışdı, müqəddəs varlıq kimi qorunub saxlanılırdı.
Bu dilsiz-ağızsız şəkil, bir də saralmış üçkünclü məktublar bizim üçün çox əziz idi. Şəkili gətirdik. Onu gözünün üstünə qoyaraq, nə isə pıçıldadı, sonra dərin yuxuya getdi və bir daha ayılmadı… Babamın qardaşları – Həmzəli və Əmrəli cavan yaşlarında dünyalarını dəyişdilər…. Çoxlu nəvə-nəticələri vardır, onların hər birinə “Qulaməli babalarına” qarşı tükənməz sevgi təlqin olunub. Babamın Səltənət, Ünbülbanu və Müşgünaz adlı üç bacısı olub. Böyük bacılarını xatırlaya bilmirəm, o vaxtlar uşaq olmuşam. Ən çox sevib ülfət bağladığım sonbeşikləri Müşgünaz nənə olub. Çox gözəl, şux qadın idi. Deyilənə görə, qardaşına ən çox o oxşayırdı. Zəngin irfan dünyası vardı, “Dilqəmi” havasının vurğunuydu. Bu hava səslənəndə hönkür-hönkür “qardaş” deyib ağlayardı. Sonralar “Dilqəmi” qara zurnada ifa olunmağa başladı. Mahir zurnaçılar – Əhməd və Ramiz bu bavanı Müşgünaz nənə üçün xüsusi şövqlə ifa edirdilər. Bax, beləcə “Dilqəmi” hamı tərəfindən sevildi, toy-düyünlərdə ata evindən köç edən qızların ayrılıq simfoniyasına çevrildi.
Yurd yeri vətənə çevriləndə...
Qaraçöp mahalı Şərqi Gürcüstanın Kaxetiya bölgəsində ovalıq ərazidə yerləşir, Qavrı (Qanıx) çayının sağ vadisində qərarlaşıb, 35 mindən çox əhalisi var, yaxınlığında heç bir yaşayış məntəqəsi yoxdur. Mahal səkkiz kənddən ibarətdir: Baldoy, Əyrəm, Qarabağlı, Muğanlı, Keşşəli, Ləmbəli, Tüllər, Qazlar (Qazilər). Qaraçöp coğrafi-strateji cəhətdən əlverişli mövqedə yerləşir. Cənubdan Ceyrançöllə həmsərhəddir. Bu gün mübahisəli ərazi olan Keşişlər monastr kompleksindən 17 km cənubi-qərbdə yerləşir. Sovetlər dönəmində Qazlar (Qazilər) kəndi ərazisində tapılan zəngin arxeoloji materiallar sübut edir ki, hələ antik dövrlərdən burada türk oğuz tayfaları yaşayıb. Əhali bir neçə dəfə yaşayış yerini dəyişib və nəhayət, XIX əsrin ortalarında indiki ərazidə məskunlaşıb. Qarabağlı kəndinin əhalisinin Qarabağdan ermənilər tərəfindən sıxışdırılıb çıxarıldığı haqqında məlumatlar var. Zaman-zaman vuruşa-vuruşa, döyüşə-döyüşə bərkiyən, mətinləşən qaraçöplülər bu torpaqları özlərinə əbədi yurd yeri etmişlər. Cəsurluq, qorxmazlıq olmasaydı, kiçik bir toplum bu qədər həmlələrə, hücumlara, talanlara sinə gərə bilməzdi. Vətəni, torpağı, namusu qorumaq və onun uğrunda şəhidlik zirvəsinə yüksəlmək bu toplumun genefondunun dərin qatlarına hopub. Bu gün Qaraçöp mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, şeiriyyatımızın, folklorumuzun ən yüksək səviyyədə qorunub saxlandığı bölgələrdən biridir. Həm də Şərqi Gürcüstanın iqtisadi cəhətdən inkişaf etmiş bölgəsi sayılır. Qulaməli kişi belə bir mühitdə doğulub böyümüşdü. Əcdadları kimi həyat kredosu da mərdliyə, mübarizliyə süslənmişdi.
9 may 2020-ci il
Atamın vəsiyyəti illərlə mənə rahatlıq vermirdi. Həyat yoldaşım Tamila müəllimə ilə bu işi çözməyə yollar axtarırdıq. 2019-cu ilin payız ayları idi. İnternetdə gözümüz “Бессмертный полк” saytına sataşdı. Babam haqqında bildiyimiz bütün məlumatları yazıb bu sayta göndərdik.
Bir-iki ay keçməmiş pandemiya bütün dünyanı cənginə aldı. Hər şey yaddan çıxdı. Biz də fikirləşirdik ki, belə vəziyyətdə kim axtarış aparacaq. Nəhayət, 2020-ci ilin may ayının 9-da - Qələbə günü elektron ünvanımıza bir məlumat daxil oldu. İlk olaraq gözümə bu sözlər sataşdı: “Sizin babanız İlyasov Qulaməli Qasım oğlu 18 avqust 1943-cü ildə Rostov vilayəti uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub”. Qəhər məni boğdu, sonrasını oxuya bilmədim.
Həyatda möcüzəli, mistik məqamlar çoxdur. Oğlum Zaur Pyotiqorsk şəhərində yaşayırdı. İşi ilə əlaqədar tez-tez Rostov şəhərinə gedirdi. Nədənsə, bu şəhər onu çəkirdi, orada doğmalıq və rahatlıq tapırdı. Bir gün mənə zəng edib dedi ki, ailəmlə birlikdə Rostova köçmək istəyirəm. Mən etiraz etmədim. O, 2018-ci ilin payızında bu şəhərə köçdü. Sonra qardaşım Qulaməli də (babasının adı qoyulub) iş yerini Rostova dəyişdi. Həyat öz axarı ilə davam edirdi. Bizim müraciətdən xəbərsiz idilər. Yalnız 2020-ci ilin may ayının 9-da hadisədən xəbər tutdular. Dəfn olunduğu məkanı soruşanda dedim ki, sizin yaşadığınız şəhərdən 140 km aralıda yerləşir. Bir anlığa donub qaldılar. 77 ildir babamın uyuduğu torpağa onları çəkib gətirən nə imiş? Bu suala cavab tapa bilməmişəm. Moskvadan göndərilən məlumatın tam mətni belədir: “Qvardiya yefreytoru İlyasov Qulaməli Qasım oğlu 40-cı, 50-ci və 148-ci atıcı alaylarının tərkibində şərəfli döyüş yolu keçmiş, Belqorod, Nikolayev, Donbas ətrafında gedən döyüşlərdə iştirak etmiş, Rostov vilayətində üç dəfə ağır döyüşə girmiş, 1943-cü il avqustun 18-də qəhrəmancasına həlak olmuş və Kuybişev rayonunda yerləşən “Qardaşlıq məzarlığında” dəfn edilmişdir. Belə qəhrəman babamın övladları olduğunuza görə sizə dərin minnətdarlıq ifadə edirik!...” Sonda yazılırdı ki, babanız haqqında bütün sənədlərlə və təltiflərlə tanış olmaq üçün Rostov Vilayəti Hərbi Komissarlığına dəvət olunursunuz... Bu anda bir vacib məqamın üstündən keçə bilmərəm. Babamın son məktubunda yazılan müəmmanın hikmətini indi dərk etməyə çalışıram. Belə ki, Donbasla sərhəddə yerləşən Kuybişev rayonunda çox amansız döyüşlər gedib, min nəfərə qədər itkimiz olub. Burada qazanılan parlaq qələbə müharibədə təşəbbüsü ələ keçirməkdə müstəsna rol oynayıb, qalan məsələləri Stalinqrad ətrafında döyüşlər həll edib. Bu döyüşə gedərkən, yəqin ki, babam ölümü gözə alaraq, canından çox sevdiyi oğlunu təlaş və xiffətdən xilas etmək üçün bu sətirləri yazıbmış...
Rostovda yaşayan oğlumu, qardaşımı, gəlinimi, nəvələrimi Kuybişev rayonunun sakinləri xüsusi nəvazişlə, gül-çiçək dəstələri ilə qarşıladılar. Babama sonsuz minnətdarlıq hisslərini ifadə edərək dedilər ki, biz onlara sonacan borcluyuq. Siz isə bundan sonra sadəcə olaraq qonaq yox, bu torpağın ən əziz və əbədi sakinlərisiniz...
Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin xüsusi
müxbiri, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü