Ziyad Səmədzadə: Dağlıq Qarabağın sovet dövrü: Heydər Əliyev ermənilərin bütün məkirli planlarının qarşısını almışdı
İkinci Qarabağ müharibəsinin nəticələri Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Ən mühüm reallıq ondan ibarətdir ki, 30 ilə yaxın davam edən işğala son qoyuldu, Dağlıq Qarabağ münaqişəsi başa çatdı və Azərbaycan pozulmuş ərazi bütövlüyünü bərpa etdi. Bəli, müstəqil Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə problemə birdəfəlik son qoydu.
Bu Qələbə indi bizim baş mövzumuzdur. Azərbaycanın Zəfəri barədə bundan sonra da çox deyiləcək, çox yazılacaq, bu qalibiyyət siyasət, iqtisadiyyat, sosial, hərbi, mədəniyyət və digər sahələrdə elmi araşdırmalara vəsilə olacaq. Lakin biz bu gün Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən hadisələrə yalnız son 30 ilin kontekstindən baxmalı deyilik. Çünki Dağlıq Qarabağ münaqişəsi çoxdan başlamışdı. 1923-cü ildə sovet hakimiyyətinin ən yanlış, bölücü və separatçı qərarlarından biri kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra Ermənistan onilliklər boyu bu ərazinin Azərbaycandan qoparılmasına çalışmışdı.
Ötən əsrin 60-cı illərinə qədər Qarabağı Ermənistana birləşdirmək üçün müxtəlif yollara əl atılmış, 60-cı illərdə isə Qarabağda erməni separatizmi geniş baş qaldırmışdı. Məhz Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə və Azərbaycana rəhbərliyi dövrlərində erməni separatizminin qarşısı alınmış, Qarabağın Ermənistana birləşdirilməsi xülyasına son qoyulmuş, bu ərazilərin Azərbaycana məxsus olduğunu təbliğ və təsdiq edən çoxsaylı tədbirlər həyata keçirilmişdi. Bu yazıda da qarşıya qoyulan məqsəd Heydər Əliyevin erməni separatizminin qarşısının alınması və Qarabağın, o cümlədən Şuşanın inkişafı ilə bağlı həyata keçirdiyi tarixi fəaliyyətin təhlilidir.
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra da ermənilər separatçı fəaliyyətlərini dayandırmadılar
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən və Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Düzdür, XX yüzilliyin 20-30-cu illərində Dağlıq Qarabağ problemi Ermənistanla Azərbaycan arasında mübahisəli ərazi kimi müzakirə obyekti olmadı və qaldırılmadı. Bununla belə, həmin dövrdə erməni yazıçıları, şairləri separatçılığın daşıyıcılarına çevrilmişdilər, daha doğrusu “siyasətçilər” onları qabağa vermişdilər (bu, erməni separatçılığının “tarixi” ənənəsidir!). Məsələn, erməni yazıçısı M.Şaginyan (1888-1982) Dağlıq Qarabağa muxtariyyət verilməsindən az sonra “Dağlıq Qarabağ” adlı «kitabça» (1927) çap etdirmiş və burada tarixi həqiqəti açıq-aşkar təhrif etmişdi: “Нагорный Карабах страна Армянская...” (s. 3); “Нагорный Карабах - Феодальная область, дворянский кусочек Армении” (s. 5) və s.
İlk dəfə 1945-ci ildə Ermənistan Dağlıq Qarabağ haqqında ÜİK(b)P MK qarşısında məsələ qaldırmışdı. Xatırladım ki, həmin dövrdə Ümumittifaq K(b)P MK-nın üzvü Anastas Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yaradılmışdı. SSRİ rəhbərliyinə hər vasitə ilə təsir etməyə çalışan ermənilər 1945-ci ilin payızında növbəti dəfə Dağlıq Qarabağı onlara vermək məsələsini sovet hökuməti qarşısında irəli sürmüşdülər. 1945-ci ilin noyabrında Ermənistan K(b)P Mərkəzi Komitəsi katibi Q.Arutinov İ.Stalinə müraciət edərək, Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti adı altında Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırmışdı. Həmin müraciətin mətnini Ümumittifaq K(b)P Mərkəzi Komitəsinin katibi G.M.Malenkov 1945-i ilin noyabr ayında Azərbaycan K(b)P Mərkəzi Komitəsinın birinci katibi M.S.Bağırova göndərmişdi. Malenkov Ermənistan K(b)P Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz rəyini bildirməsini ona təklif etdi. Bağırovun bununla bağlı cavabına deyilir:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur. 1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur. 1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir. Müsavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərarası qırğın nəticəsində Azərbaycanın və Ermənistanın bir çox şəhərləri kimi Şuşa da dağıdılmış və xarabalığa çevrilmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi. 1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir. Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri - DQMV-nin hazırki mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir.
Azərbaycan SSR-in bütün ali təhsil məktəb və texnikum tələbələrinin 20,5%-ni əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir. Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri - Azərbaycan K(b)P MK-nın katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.
Bununla belə, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik. Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır. Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülmüşdür. Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.
Eyni zamanda, ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.
ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən əlavə, aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:
Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda, cəmi 9.000 gürcü-ingiloyun yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-in, demək olar, yalnız azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Və nəhayət biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir. Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.
Azərbaycan K(b)P MK katibi
M.C.Bağırov
10 dekabr 1945-ci il
№330, Bakı şəhəri
Şübhəsiz ki, nə sovet rəhbərliyi, nə də ermənilər Bağırovun məktubdakı təkliflərinə razı olmadılar və ermənilərin Qarabağı Ermənistana birləşdirmək xülyalarının üstündən xətt çəkildi.
50-ci illərin ortalarında A.Mikoyanın təşəbbüsü ilə növbəti dəfə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırıldı, Ermənistanda antiazərbaycanlı təbliğatı yenidən qızışdırıldı. Lakin ölkədə 30-dan çox milli münaqişə ocağının olduğunu nəzərə alan sovet rəhbərliyi bu məsələnin arzuolunmaz nəticələr verəcəyini başa düşərək, problemi Azərbaycanın xeyrinə həll etdi. 1958-ci ildə isə bütün ermənilərin katalikosu II Vazgen Bakıya səfər edərək, Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsindən hər səhər zəng vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı.
Lakin ermənilər bununla da Dağlıq Qarabağ ilə bağlı separatçılıq fəaliyyətindən əl çəkmədilər. 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin “imzaladığı” petisiya Moskvaya təqdim edilmiş, bunun əsasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyi Ermənistan və Azərbaycana bu barədə məsələ hazırlamağı tapşırmışdı. Erməni separatçıları belə hesab edirlər ki, buna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur.
60-cı illərin ortalarında qondarma “erməni soyqırımı”nın 50 illiyi, cəllad Andronikin 100 illiyi Ermənistanda geniş qeyd edildi və bu, öz doğma torpaqlarında yaşayan azərbaycanlıların daha da sıxışdırılmasına, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni millətçiliyinin açıq surətdə dərin kök salmasına yeni təkan verdi.
DTK sədri Heydər Əliyev Xankəndidə azərbaycanlıların şərəfini layiqincə qorudu
1967-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağda, xüsusilə də Xankəndi şəhərində erməni millətçilərinin torpaq iddialı məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verirdi. Bölgədə yaşayan ermənilər havadarlarının planlarına uyğun olaraq milli ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə belə əl atırdılar.Yay aylarında baş verən olaylar pik nöqtəsinə çatmışdı, nəzarət itirilmiş, hadisələr öz axarından çıxmışdı.
Əslində 80-ci illərin sonunda Xankəndidə cərəyan edən hadisələr 1967-ci ildə baş verməli idi. Ancaq o zaman Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri general Heydər Əliyevin çevikliyi, baş verən hadisələri düzgün qiymətləndirməyi və erməni millətçilərinin planlarını alt-üst etməyi hadisələrin qarşısını aldı. Heydər Əliyev, sözün əsl mənasında, erməni daşnakları üçün keçilməz maneəyə çevrildi.
1967-ci ilin iyul ayında Dağlıq Qarabağda, Xankəndidə nə baş verirdi? Məhz həmin il erməni millətçiləri növbəti dəfə, artıq açıq müstəvidə öz işğalçılıq siyasətlərini həyata keçirməliydilər. Belə ki, “Böyük Ermənistan” planının ilk mərhələsi Dağlıq Qarabağı, xüsusilə də Xankəndini azərbaycanlılardan təmizləmək idi.
Həmin ərəfədə ermənilərin özləri tərəfindən bir neçə ermənini qətlə yetirməsi bölgədə milli ədavətin qızışdırılmasına xidmət edirdi. Əvvəlcədən planlaşdırıldığına görə bu cinayət hadisələrinin üstü açılmırdı. Əgər həmin ərəfədə ətraf rayonlarda bir erməni qətlə yetirilirdisə və qəsdən bu cinayətin üstü açılmırdısa, təbii ki, hadisələrdən xəbərsiz olan ermənilər tərəfindən qatilin birmənalı şəkildə azərbaycanlı olması düşünülürdü və belə qəbul olunurdu. Son nəticədə ermənilər də baş verən hadisələrə cavab olaraq Xankəndidə yaşayan azərbaycanlılara mənəvi və fiziki təzyiqi artırırdılar.
1967-ci ildə daha çox səs-küyə səbəb olan və Xankəndidə gərginliyi son həddə çatdıran hadisə isə Xocavənd rayonunda baş verir. Rayonun Qaradağlı kəndində azərbaycanlıların və ermənilərin birgə təhsil aldıqları orta məktəbdə bir erməni uşağı yoxa çıxır. Səhərisi gün vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından tapılır. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan həmin məktəbin direktoru Ərşad Məmmədovu və daha iki azərbaycanlı müəllimi həbs edirlər. Vilayət prokurorluğu işi Ali Məhkəməyə göndərir. Ali Məhkəmə isə işə Xankəndidə baxılması üçün qərar verir. Azərbaycan SSR Ali Məhkəməsinin üzvlərindən birinin sədarəti altında məhkəmə prosesi başlanır.
Həmin ərəfədə baş verən hadisələrin canlı şahidi olan azərbaycanlılardan biri, o dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində işləmiş Əfrail Hüseynovun xatirələrində qan qoxulu həmin günlərdə vəziyyətin nə qədər gərgin olduğu açıqca hiss olunur:
“Qarabağın bütün erməni icması işini-gücünü buraxıb məhkəmə salonlarına doluşur, küçələrdə səsgücləndiricilərlə məhkəmənin gedişini izləyirdilər. İrəvandan və Ermənistanın digər rayonlarından da avtobuslarla Stepanakertə çoxlu ermənilər gətirilmişdi. Onlar həyasızcasına araqızışdırmaqla, təxribatla məşğul olurdular. Axır ki, məhkəmə prosesi başa çatdı. Hökmün verilmə vaxtı yetişdi. Lakin ermənilər işlərini elə qurdular ki, hökmün oxunacağı zaman Bakıda mühüm bir müşavirənin keçirildiyi vaxta təsadüf etdi. Belə ki, hökmün oxunmasından bir gün qabaq vilayətin bütün məsul işçiləri Bakıya müşavirəyə çağırıldılar. Stepanakertdə yerli rəhbərlərdən yalnız DTK-nın şöbə rəisi Markarov qalmışdı. Belə bir gərgin vaxtda erməni qaragüruhunun təzyiqi altında məhkəmə Ərşad Məmmədova ölüm hökmü oxumağa məcbur qaldı. Hökmün oxunuşundan sonra hakimlər tez-tələsik maşınlarına minib şəhəri tərk etdilər.
Ərşad Məmmədovu və digər iki azərbaycanlını dustaqlar üçün nəzərdə tutulmuş xüsusi maşına mindirdilər. Minlərlə erməni vəhşisinin “Ərşada ölüm!” çığırışları altında əvvəl onları yerli həbsxanaya aparmaq istəsələr də, sonra fikirlərini dəyişib şəhərin yuxarı hissəsində yerləşdirilmiş, indi adı bütün azərbaycanlılara yaxşı tanış olan 366-cı alayın düşərgəsinə gətirdilər. Azğınlaşmış ermənilər maşının qabağını düşərgənin darvazasının qarşısında kəsdilər. Hərbçilərin gözü önündə ermənilər dustaq maşınını “Kalaşnikov”, “Makarov” tipli odlu silahlardan atəşə tutdular, sonra dəmir linglə maşının qapısını sındıraraq yaralarından yağış kimi qan süzən dustaqları yerə düşürtdülər. Onları vəhşicəsinə öldürdülər. Bu, azmış kimi Ərşad Məmmədovu yaxınlıqda yaşayan qoca erməni Aleksanın həyətinə sürüdülər. Cəsədin qollarını çarmıxa açdılar, ayaqlarını şaquli vəziyyətə gətirdilər. Tonqal qurdular, qoca erməni benzin gətirdi. Üstünə Ərşad Məmmədovun cəsədi sərilmiş tonqala od vurub yandırdılar. Bu qeyri-adi vəhşi mərasim bir xeyli çəkdi. O vaxt Bakıdan, mərkəzi idarədən Xankəndinə ezamiyyətə gəlmiş, milliyətcə rus olan Banserev də bu hadisələrin şahidi idi. O cümlədən Markarov da baş verən olayların seyrçisi idi”.
Göründüyü kimi, Xankəndidə vəhşiləşmiş ermənilərin azğınlıqları son həddə çatır. Azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən sonra (məhz hadisələrdən sonra) Markarov baş verənlər haqqında Bakıya məlumat verir. Qısa müddət ərzində Şuşa və Xankəndi ağır texnikalar və canlı qüvvələrlə mühasirəyə alınır. Gediş-gəlişin qarşısı alınır. Hadisə yerinə başqa yaşayış məntəqələrindən gəlmək istəyənlər buraxılmır. Sonralar o da məlum olur ki, mühasirə məsələsi də ermənilərin əvvəlcədən düşünülmüş planı olub. Təbii ki, hadisələrdən xəbər tutan Ağdam camaatı erməniləri cavabsız qoymayacaqdı, qisas almaq üşün Xankəndinə üz tutacaqdılar. Ermənilər bunu nəzərə almışdılar.
Yaranmış gərgin vəziyyətin ciddiliyi nəzərə alınaraq, səhərisi gün MK-nın birinci katibi Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin sədri Məmməd İsgəndərov Dağlıq Qarabağa gəlirlər. Şuşada fövqəladə qərərgah yaradılır. Bundan əlavə, Moskvadan və Bakıdan xüsusi istintaq qrupları da hadisə ilə bağlı işə başlayırlar. Həmin ərəfədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyev də Xankəndi şəhərinə nə gəlir. Bakıdan və Moskvadan gələn dövlət məmurları, ittifaq miqyaslı hüquq mühafizə orqanlarının ali rütbəli zabitləri Xankəndi şəhərində hər an təhlükə ilə üzləşmək ehtimalını nəzərə alaraq, Şuşada qalırdılar. Heydər Əliyev isə bütün təhlükələrə baxmayaraq, Dağlıq Qarabağa ezam olunduğu günlərdə Xankəndi şəhərində qalaraq xidməti vəzifəsini icra edirdi. Ən başlıcası isə o, bir azərbaycanlı kimi baş vermiş hadisələri araşdırmağı, millətçi ermənilərin cinayət əməllərini ifşa etməyi özünün ümdə borcu sayırdı…
Həmin günlərdə Heydər Əliyevin üzərinə olduqca mürəkkəb və çətin bir iş düşmüşdü: erməni millətçilərinin böyük hiyləgərliklə qurduqları oyunları, cinayət əməllərini ifşa etmək, günahsız azərbaycanlıların qatillərinin layiqincə cəzalandırılmasına nail olmaq, ən başlıcası isə Xankəndidə azğınlaşmış ermənilərin qarşısında azərbaycanlıların şərəfini qorumaq. Təcrübəli çekist, DTK kimi çətin bir orqanda tutduğu vəzifələrdən asılı olmayaraq, hər zaman millətinin, xalqının tərəqqisinə xidmət edən Heydər Əliyev Xankəndidə baş vermiş cinayət hadisəsi ilə yaradılmış əməliyyat qrupuna rəhbərlik edərkən yaxşı bilirdi ki, söhbət adi bir cinayətin açılmasından deyil, xalqının, azərbaycanlıların şərəfindən gedir. Heydər Əliyev onu da yaxşı bilirdi ki, türk qanına susamış millətçi cinayətkarlar layiqli cəzalarını almazlarsa, qətl hadisələrini törədənlər və onların havadarları məsuliyyətə cəlb olunmazsa, hadisələr daha ağır nəticələrə səbəb olacaq. Təbii ki, Heydər Əliyev onu da bilirdi ki, Xankəndidə baş verən hadisələr Dağlıq Qarabağı Ermənistana birləşdirmək planının başlanğıc həlqəsi idi.
DTK zabiti Əfrail Hüseynovun xatirələrində Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinin, bütün varlığı ilə millətinə, xalqına bağlılığın bir daha şahidi oluruq:
“Respublika DTK-nın Bakıdan gəlmiş xüsusi əməliyyat qrupunda yeganə azərbaycanlı, qrupun rəhbəri Heydər Əliyev idi. Qrupun işə başladığı günün ertəsi səhər saat 7 radələrində general-mayor Heydər Əliyev əməliyyat müşavirəsi keçirdi. Müşavirədə bütün ətraf rayonların DTK zabitləri iştirak edirdilər. Qrup rəhbərinin lakonik, məntiqli və təmkinli çıxışını çətinliklə sezilən bir narahatlıq müşayiət edirdi. Bu narahatlığı o anda yalnız azərbaycanlı duya bilərdi.
Mən onu gözəl başa düşürdüm. 1967-ci il… Milli münaqişə zəminində qətl hadisəsi… DTK-nın sədri kimi ciddi və məsul bir vəzifə… Damarlarında axan türk qanı… Amma Heydər Əliyevin həmin günlərdə özünü necə təmkinli aparması, erməni və rus zabitləri ilə apardığı ciddi və dərin müzakirələr inanın ki, canlı bir həyat məktəbi idi. Əməliyyatçılara müvafiq tapşırıqlar verən qrup rəhbəri bunların dərhal icra olunması üçün tədbirlər görülməsini əmr etdi. Növbəti əməliyyat müşavirəsinin vaxtı dəqiqləşdirildi və qrup üzvlərindən ayrılarkən Heydər Əliyev nəzərlərini bir anlıq mənim üzərimdə saxladı. Bu ani baxış mənə çox mətləbləri anlatdı. Anladım ki, son dərəcə ehtiyatlı, diqqətli olmalı, sayıqlığı əldən verməməli, hər addımımı yüz ölçüb bir biçməliyəm.
Qrup rəhbərinin tapşırığı ilə aparılan araşdırmalar ona arayış şəklində növbəti müşavirədə təqdim edilməli idi. Gün ərzində kabinetimdə oturub qətl hadisəsinin təfsilatı, o cümlədən digər hallarla bağlı məndə olan əməliyyat məlumatlarının arayışını hazırlayırdım. İş yükünün ağırlığına və vaxtın məhdudluğuna görə general mənə ikinci müşavirədə iştirak etməməyə icazə verdi.
Müşavirə işə başlamışdı. Təxminən bir saatdan sonra iş otağımın qapısı açıldı. Heydər Əliyev içəri daxil oldu. Cəld ayağa qalxdım. İşarə etdi ki, əyləşim. Görünür rəsmiyyət məqamı deyilmiş. General fikirli və çox qayğılı görünürdü. Vəziyyəti başa düşdüm. Yırtıcı canavarların, vəhşi qatillərin və onların havadarlarının arasında tək qalmışdıq. Mən onda Heydər Əliyevə DTK-nın sədri, hörmətli generalımız kimi yox, namuslu bir azərbaycanlı, əsl vətəndaş, günahsız insanların qanının yerdə qalması ilə barışmaq istəməyən bir insan kimi ümid bəsləyirdim…”.
Həmin ağır günlərdə bütün azərbaycanlılar ədalətin bərqərar olması üçün Heydər Əliyevə ümid bəsləyirdilər. Heydər Əliyev isə bu ümidləri doğruldur. Onun peşəkarlığı, gərgin əməyi nəticəsində qısa müddət ərzində Xankəndi olaylarının səbəbləri açılır, cinayəti törədənlər, təşkil edənlər layiqli cəzalarını alır, 39 nəfər erməni canisi həbs edilir. Sübuta yetirilir ki, milli ədavəti yaratmaq üçün erməni məktəblisini vəhşicəsinə qətlə yetirən də Edik Baqdasaryan olub. Daha sonra o da məlum olur ki, Xankəndi olaylarının arxasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi durur.
Həmin ərəfədə hadisələrə rəvac verənlərdən biri də Dağlıq Qarabağ Muxtar vilayətinin birinci katibi Qurgen Melkumyan olub. Təbii ki, Heydər Əliyev Melkumyanın bu cür millətçi mövqeyini unutmayıb. Sonralar, 1973-cü il noyabrın 14-də Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdə Xankəndi şəhərinə səfər edəndə öz qətiyyətini nümayiş etdirib və elə həmin il də Melkumyan öz vəzifəsini itirib. Sonralar Heydər Əliyev müsahibələrində həmin səfəri haqqında fikirlərini belə bildirib: “…Mən Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi ilə dəfələrlə görüşmüşəm, vilayətin bütün rayonlarında olmuşam, ermənilərlə də çox söhbət etmişəm. Bir faktı xatırladım. Dağlıq Qarabağ Muxtar vilayətinin 50 illik yubileyi idi, vilayət “Xalqlar dostluğu” ordeni ilə təltif olunurdu. Oradakı çıxışımdakı bəzi məqamları erməni millətçiləri indi də mənə bağışlaya bilmirlər. Mən bəzi əhvalı-ruhiyyələri hiss edərək demişdim ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq…”
Heydər Əliyevin vətənpərvərliyi nəticəsində erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alındı
Azərbaycan SSR DTK-nın sədri kimi Heydər Əliyev Qarabağda erməni separatizminin qarşısının alınması istiqamətində başqa mühüm tədbirlər də həyata keçirmişdi. Məhz Heydər Əliyevin sayıqlığı və vətənpərvərliyi nəticəsində bu dövrdə erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alınmışdı.
Heydər Əliyev 1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8 x 9 sm. ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndinə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.
Heydər Əliyevin 1967-ci ilin yekunlarına dair SSRİ DTK-ya göndərdiyi hesabatda Ermənistan SSR-də fəaliyyət göstərən millətçi qüvvələrin Dağlıq Qarabağdakı təxribat fəaliyyətinə dair konkret faktlar öz əksini tapıb. DTX-nın arxivindəki bu sənəddə sovet rəhbərliyinə məlumat verilir ki, son beş ildə Qarabağla heç bir əlaqəsi olmayan millətçi ermənilər mütəmadi muxtar vilayətə səfərlər edir, buraya Ermənistan SSR-də hazırlanan və millətçi çağırışlar əks olunan vərəqələr gətirir, şər və təxribat xarakterli fikirlərlə yanaşı, Qarabağın yaxın vaxtlarda Ermənistana birləşdiriləcəyi barədə təbliğat aparır, yerli ermənilərin bu istiqamətdə müraciətləri hazırlanır və imzaları toplanılır, Ermənistanda tarixin saxtalaşdırılması istiqamətində işlər görülür, bu istiqamətdə əsərlərin yazılması və dərsliklərə salınması təşkil olunur.
Ulu öndərin respublika DTK-sına rəhbərlik etdiyi dövrdə erməni millətçilərinin Azərbaycan əleyhinə təbliğat, təşviqat, təxribat, pozuculuq fəaliyyətinin məhdudlaşdırıldığı da arxiv sənədlərində öz əksini tapmışdır. Komitənin vilayət şöbəsinin rəisi polkovnik D.Bıstrovun məruzəsində qeyd edilir ki, verilmiş tapşırıqlarla əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı 1967-ci ilə nisbətən 1968-ci ildə milliyyətçi vərəqələrin hazırlanması və yayılması, eləcə də ermənilərin azərbaycanlılara qarşı hücumları kəskin azalmışdır. Keçirilən tədbirlər zamanı yenə millətçi qrupların aşkar edilərək ləğv olunduğu, onlardan çoxlu miqdarda vərəqələr və həmin vərəqələri hazırlamaq üçün lazım olan avadanlıqlar aşkar edilərək götürüldüyü bildirilir.
Heydər Əliyev 2 min hektardan çox torpağın Ermənistana birləşdirilməsi ilə bağlı qərarın icrasına imkan vermədi
Respublika rəhbəri seçildikdən sonra da ulu öndər Heydər Əliyev Qarabağda milli mənafelərin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi, Ermənistandakı millətçi dairələrin təxribatlarının qarşısı alınması istiqamətində məqsədyönlü və təsirli tədbirlər görmüşdür. O, Azərbaycanı gözləyən təhlükələri fitri istedadı ilə qabaqcadan görür, siyasi-ideoloji vasitələrdən, mövcud qanunvericiliyin imkanlarından məharətlə istifadə edərək bu təhlükələri vaxtında önləyə bilirdi.
Əvvəldə qeyd edildiyi kimi, Heydər Əliyev hələ Azərbaycana rəhbərlik etməzdən əvvəl Qarabağın Ermənistana birləşdirilməsi üçün cəhdlər edilmişdi. Ermənistan, o cümlədən Azərbaycanla sərhəd olan bəzi əraziləri də ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar.
Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. Moskvanın təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR ilə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistana verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.
Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi dərhal bu məsələni ön plana çəkdi və sözügedən qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri sinə gələrək, prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.
Ümumiyyətlə, Heydər Əliyev 1969–cu ildə respublikaya rəhbərliyə başlamasından sonra Dağlıq Qarabağla bağlı xüsusi siyasət yürütdü. Hələ 1967-ci ildə DQMV ərazisində üç azərbaycanlının avtomobilinin içində yandırılması nəticəsində başlayan milli qarşıdurma elementlərini büruzə verən separatizm qığılcımlarının nəticəsini əvvəlcədən görən ölkə rəhbəri qətiyyətli addımlar atdı. Vilayət rəhbəri, şovinist V.Şahnazaryan başqası ilə əvəzləndi, hüquq-mühafizə orqanlarında ciddi təmizləmə aparıldı. 1973-cü ilin avqustunda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi “erməni millətçiləri” adlı əməliyyat keçirərək, Daşnaksütyun təşkilatı ilə bağlı olan bir qrup şəxsi həbs etdi.
1977-ci ildə SSRİ Konstitusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən ermənilər yenidən fəallaşaraq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı iddialar qaldırdılar, Moskvaya, SSRİ mərkəzi orqanlarına kütləvi ərizələrlə müraciət etməyə başlamışdılar. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. Məsələdən xəbər tutan Heydər Əliyev ermənilərin bu cəhdlərinin qarşısını almaq üçün qəti addımlar atmışdı. Bu məqsədlə Heydər Əliyevin tapşırığı ilə elmi arayış hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərək, Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilmiş və həmin qərar keçmiş SSRİ rəhbəri L.Brejnevə təqdim olunmuşdu.
Heydər Əliyevin gördüyü işlər Qarabağın erməniləşdirilməsinin qarşısına sipər çəkmişdi
Heydər Əliyev böyük şəxsiyyət, xalqına, vətəninə bağlı insan idi. Hələ Azərbaycan DTK-sına rəhbərlik etdiyi dövrdə ulu öndərimiz Dağlıq Qarabağda aparılan erməniləşdirmə siyasətini görürdü. Ona görə Azərbaycana rəhbərliyə başlamasından sonra Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri Dağlıq Qarabağın Azərbaycan torpaqları kimi tanınmasına, nəticə etibarilə erməniləşdirmənin qarşısını almağa xidmət edən addımların atılması oldu.
O dövrdə Dağlıq Qarabağda olan vəziyyətin yaratdığı narahatlıq doğuran məsələlərdən biri azərbaycanlı əhalinin bölgəni tərk etməsi idi. Bunu nəzərə alan Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinin siması xeyli dəyişdi. Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, azərbaycanlı əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaradan olduqca mühüm addım idi.
Ümumiyyətlə, həmin illərdə Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. Heydər Əliyev Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək, vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi.
Bu məqsədlə atılan addımlardan biri Ağdam-Xankəndi dəmiryol xəttinin çəkilişi oldu. Həmin yol 1979-cu il yanvarın 12-də ümummilli liderin iştirakı ilə istifadəyə verildi və muxtar vilayətin respublikamızın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsinin yaradılması təmin olundu. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi.
Ermənilərin əzəli Azərbaycan torpaqlarına çox yaxın tarixdə köçürüldüyünü onların özlərinin əli ilə əbədiləşdirmək ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur. Belə ki, Dağlıq Qarabağ erməniləri 1978-ci ildə əvvəlki Mardakert - indiki Ağdərə rayonunun Marağa kəndində ucaltdıqları abidə ilə bu torpaqlara 150 il əvvəl gəldiklərini təsdiqləmişlər.
Ötən əsrin 70-ci illərində Şuşa qədim Azərbaycan şəhəri kimi intibahının yeni dövrünə qədəm qoydu
Sovet illərində Şuşa şəhərinin də dirçəldilməsi və qədim Azərbaycan şəhəri kimi inkişaf etdirilməsi məhz Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra mümkün oldu. Xatırladaq ki, 1967-ci ildə Xankəndidə baş vermiş hadisələr zamanı Heydər Əliyev Şuşaya da getmiş və 1905-1906, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmiş, hələ respublika rəhbəri seçilməmişdən əvvəl Şuşanın inkişaf etdirilməsinin vacibliyi barədə məsələ qaldırmışdı.
Təsadüfi deyil ki, 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayandan dərhal sonra ulu öndər Şuşanı abadlaşdırmaq, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlərin görülməsi üçün göstərişlər vermişdi. O illərdə Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşlərin birində ümummilli lider demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”.
1997-ci ildə Heydər Əliyev Şuşa və Laçın ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bu barədə danışaraq demişdi: «Mən ilk dəfə Şuşaya 1967-ci ildə, o vaxt baş vermiş faciəli bir hadisə ilə bağlı getdim. Bilirsiniz ki, o vaxtkı Stepanakertdə 1967-ci ildə böyük bir münaqişə olmuşdu, Dağlıq Qarabağdakı ermənilər ilə azərbaycanlılar arasında qan tökülmüşdü. Çox böyük bir faciə baş vermişdi. O dövrdə Dağlıq Qarabağda olan bəzi quldurlar, Azərbaycan xalqına düşmən münasibəti bəsləyən adamlar həbsdə olan iki-üç nəfər azərbaycanlını aparan dustaq maşınını dağıdıb yandırmışdılar. O vaxt biz bunun səbəblərini araşdırdıq. Onda mən on beş gün orada qaldım və Şuşanı ətraflı gəzdim, baxdım və gördüm. O vaxt mən hələ Azərbaycanın birinci rəhbəri deyildim, ancaq rəhbər vəzifədə idim. Şuşanı gördüm, onu ətraflı öyrəndim. Bu fikrə gəldim ki, Şuşanı belə vəziyyətdə saxlamaq olmaz. Ona görə də o zaman gəlib Azərbaycanın rəhbərlərinə öz fikrimi dedim. 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra mən Şuşanı abadlaşdırmaq, 1920-ci ildə bu şəhərin başına gəlmiş hadisələrin izlərini tamamilə ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda, onun tarixi abidələrini qoruyub saxlamaq, bərpa etmək, Şuşanı böyük bir muzeyə çevirmək üçün ilk addımlar atdım».
1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Bu qərar Şuşanın tarixi abidələrinin bərpası və Şuşanın Azərbaycan şəhəri kimi inkişafında ən vacib addım oldu. Şəhərin XVIII-XIX əsrlərdə tikilmiş binaları, o cümlədən “Xan qızı” bulağı, “Gəncə qapısı”, “Şor bulaq”, “Hacıqulular” adlanan memarlıq kompleksi və sair tarixi abidələr bərpa olundu. Uzun illərdən bəri baxımsızlıq üzündən uçulub dağılmış qala divarları, Qara Böyükxanım məqbərəsi, K.Əsgərov küçəsindəki məscid, mərkəzi rayon xəstəxanasının ərazisindəki qala bürcləri və divanxana öz əvvəlki görkəminə qaytarıldı.
Əvvəldə qeyd etdiyim kimi, 1979-cu il yanvarın 12-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə “Ağdam-Xankəndi” dəmir yolu xətti istifadəyə verildi. Həmin gün Şuşaya da gələn Heydər Əliyev bir sıra binaların və tarxi məkanların bərpadan sonra açılışında iştirak etmişdi.
Məhz ulu öndərin Dağlıq Qarabağa diqqət və qayğısının bariz nümunəsi kimi, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi tikildi və 1982-ci il yanvarın 14-də, olduqca soyuq və qarlı bir gündə Heydər Əliyevin iştirakı ilə açılışı oldu. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, Heydər Əliyev bu tədbirdə iştirak etdi və əhali kütləvi şəkildə ulu öndərlə görüşə gəldi. Hündürlüyü 20 metr olan bu gözəl incəsənət əsəri incə və naxışlı şəbəkə ilə bəzədilmiş, ona qırmızıya çalan yerli mərmərdən üz çəkilmişdi. «Molla Pənah Vaqif Azərbaycan xalqının fəxri, böyük şairimizdir. Xatirimdədir, 60-cı illərin ortalarında biz Molla Pənah Vaqifin 250 illik yubileyini qeyd etdik. 1967-ci ildə mən Şuşada olarkən Molla Pənah Vaqifin məzarını ziyarət etməyə getdim. Onu əvvəl heç tapa bilmirdilər, sonra mən xahiş etdim, tapdılar, gedib baxdım. Şübhəsiz ki, o məzar Molla Pənah Vaqifə layiq deyildi. Şübhəsiz ki, belə bir böyük şəxsiyyətin qəbrini onun şəxsiyyətinin səviyyəsinə çatdırmaq lazım idi. Mən 70-ci illərdə bu fikrimi həyata keçirməyə çalışdım və buna nail oldum. 1980-1981-ci illərdə Molla Pənah Vaqifin qəbri üzərində böyük bir abidə, türbə tikildi. Bu, çox gözəl memarlıq abidəsi idi. Mən bunu Azərbaycanın həyatında böyük, əlamətdar, tarixi hadisə kimi qəbul edərək, oraya nəinki özüm getdim, eyni zamanda, Azərbaycanın o vaxtkı elm, mədəniyyət, incəsənət xadimlərinin çoxunu da oraya getməyə dəvət etdim. Biz çox böyük bir dəstə ilə Şuşaya getdik, orada Molla Pənah Vaqifin türbəsini açdıq, nitqlər söyləndi», - deyə ulu öndər bu barədə sonralar bildirmişdir.
1982-ci ilin qarlı yanvar günlərində Heydər Əliyev Şuşada Poeziya evini açdı, Vaqif poeziya günlərində iştirak etdi, Üzeyir bəy Hacıbəyovun və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış oldu və onların qorunmasına dair tövsiyələrini verdi.
Həmin il iyulun 29-da bir daha Şuşaya gəlməsi, özü ilə ailəsini, elm və ədəbiyyat xadimlərini də gətirməsi ulu öndərin Qarabağa və Şuşaya olan diqqətinin nümunəsi idi. Həmin vaxt Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın və Mir Möhsün Nəvvabın abidələrinin açılışı oldu. Bununla yanaşı, ulu öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini də vermişdi.
Ulu öndərin Şuşaya həmin səfəri Azərbaycanda böyük bir poeziya bayramı kimi yaddaşlarda qalmaqdadır. Azərbaycanın görkəmli yazıçı və şairlərinin, tanınmış müğənni və musiqiçilərinin Cıdır düzündəki konsertləri hamının yaddaşındadır. Lütfiyar İmanov, Zeynəb Xanlarova, Arif Babayev, Ədalət Nəsibov, Teymur Mustafayev, Amaliya Pənahova, Əlabbas Qədirov və başqalarının çıxışları poeziya bayramını daha da gözəlləşdirdi. Ümumiyyətlə, poeziya və musiqi Şuşa mədəniyyətinin sütunudur. Heydər Əliyev bunu gözəl bilirdi və bu sahəyə olan diqqəti onun necə böyük insan olduğunu bir daha sübut edirdi.
Şuşada Üzeyir Hacıbəyovun, Bülbülün və M.M.Nəvvabın ev-muzeylərinin yaradılması da Heydər Əliyevin Şuşanın mədəni irsinin yaşadılmasına və təbliğinə göstərdiyi diqqətin təzahürü idi. Ulu öndərin bu fikirləri bir daha Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Heydər Əliyev Şuşanı SSRİ-nin ən məşhur kurort mərkəzlərindən birinə çevirdi
Şuşa şəhərində genişmiqyaslı quruculuq işlərinin aparılması və şəhərin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. O dövrdə Azərbaycanda tar, kamança, ud, nağara və s. musiqi alətləri istehsal edən yeganə Şərq milli musiqi alətləri fabriki Şuşada istifadəyə verildi. Xalça Muzeyinin, Şuşa Dram Teatrının yaradılması, Qarabağ İpək Kombinatının və Bakı Radio Zavodunun filiallarının açılması, yeni məktəblərin tikintisi, çoxmərtəbəli yaşayış və ayrı-ayrı inzibati binaların inşa olunması, yaradılması, abadlıq işləri üçün ayrılan vəsaitin hər il əhəmiyyətli dərəcədə artırılması da Heydər Əliyevin Şuşaya olan qayğı və diqqətinin nəticəsi idi.
Ulu öndərin xüsusi nəzarəti ilə şəhərin mədəni həyatı ilə yanaşı, sosial-iqtisadi həyatının da inkişafı üçün xeyli iş görülmüşdü. Bu daha əsasən şəhərin sanator-kurort potensialının dirçəldilməsi ilə bağlı idi
Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından əvəzolunmaz kurort şəhəridir. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələri ilə məşhurdur.Təəccüblü deyil ki, hətta ən uzaq keçmişdə müxtəlif xarici ölkələrdən ümumi zəiflik, qanazlığı, qapalı vərəm və digər xəstəlikləri olan insanlar müalicə üçün Şuşaya gəlirdilər. Burada bir-iki ay qalıb müalicə aldıqdan sonra sağalıb evlərinə qayıdırdılar.
Hələ XIX əsrdə məşhur klimatoloqlar dəniz səthindən hündürlükdə yerləşən mühüm əhəmiyyətli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir məskən olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı “Turşsu” deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultmuşdu. Məşhur rus kurort tədqiqatçısı professor Fiqrovski 1926-cı ildə Şuşanı dağ iqlimi stansiyası kimi tədqiq edərək, onu Azərbaycanın Davosu adlandırmışdı.
1943-cü ildə Azərbaycan SSR XKS və Azərbaycan K(b) P MK-nın “Şuşa şəhərində kurort-sanatoriya inşaatı haqqında” birgə qərarı ilə Şuşa şəhərindən müxtəlif cəhətli iqlim və balneoloji kurort kimi istifadə olunması nəzərdə tutulmuşdu. Amma o illərə qədər Şuşanın əvəzedilməz təbiətinin müalicəsi imkanlarından səməri istifadə etmək mümkün olmamışdı.
XX əsrin ortalarına qədər Azərbaycan rəhbərliyi Şuşanın kurort şəhəri kimi inkişaf etdirilməsi ilə bağlı məsələni dəfələlərlə müzakirə etmişdi. Müzakirələrdə müvafiq nazirliklərin, Azərbaycan Tibb İnstitutunun və digər müəssisələrin nümayəndələri iştirak edirdilər. O vaxtki DQMV-nin rəhbərləri iclas iştirakçılarını inandırmağa çalışırdılar ki, Şuşanın ərazisinin məhdud olması səbəbindən burada iri kurort mərkəzinin yaradılması məqsədəuyğun deyil. Buna görə də daha yaxşı olardı ki, kurort mərkəzi muxtar vilayətin inzibati mərkəzi olan daha geniş əraziyə malik Xankəndidə planlaşdırılsın. Kurort mərkəzinin vilayət mərkəzində yaradılması barədə təklifin səsverməyə qoyulmasına hazırlaşanda o vaxtkı Tibb İnstitutunun rektoru, professor Bahadur Eyvazov ona söz verilməsini xahiş edir. B.Eyvazov həmin təklifin əleyhinə çıxaraq, istirahətin və kurort müalicəsinin bilavasitə saf su və saf hava ilə əlaqədar olduğunu, buna görə də kurort komplekslərinin ancaq və ancaq dünyada nadir təbiəti olan Şuşada yaradılmasının vacibliyini elmi dəlillərlə sübut edir. Daha sonra vurğulayır ki, o, uzun illər Şuşada iqlim amillərinin insan orqanizminə təsirinin öyrənilməsi üzrə tədqiqatlar aparıb və respublikanın bütün aparıcı alimləri də bu məsələdə tam yekdildirlər ki, Şuşanın havası insan orqanizminin müalicəsi və bərpasında əvəzolunmaz amildir. Çıxışında o, iştirakçıların diqqətini DQMV-nin rəhbərliyinin Şuşaya etinasız münasibətinə yönəldərək, qeyd edir ki, illərlə şəhərdə təmir-bərpa və abadlıq işləri görülmür. Bütün bunların nəticəsi olaraq kurort mərkəzinin Şuşada yaradılması barədə qərar qəbul edilir.
Xatırladım ki, hələ 1964-cü ildə SSRİ hökuməti Bakıda kurortoloq və fizioterapevtlərin ümumittifaq qurultayını keçirmişdi. Bu tədbirdə xarici ölkələrin və Sovet İttifaqının görkəmli alimləri iştirak etmişdilər. Azərbaycan alimlərinin Şuşa kurortu, xüsusən onun unikal iqlimi və müalicəvi havasının xüsusiyyətləri haqqında məruzələri qurultay iştirakçılarında böyük maraq doğurmuşdu. Qurultay işini başa çatdırandan sonra iştirakçılar üçün Şuşaya ekskursiya təşkil olunmuş, burada qonaqların iştirakı ilə havanın tərkibinin xüsusi analizi keçirilmişdi. Aydın olmuşdu ki, Şuşanın havası öz müalicəvi xüsusiyyətlərinə görə dünyaca məşhur olan Davos və Kislovodsk kimi kurort zonalarının havası ilə oxşardır, hətta onlardan daha üstündür.
Bütün bunlara baxmayaraq, o cümlədən həmin dövrdə şəhərdə sanatoriyalar fəaliyyət göstərsə də, həyata keçirilən tədbirlər şəhərin kurort kimi inkişafını tam təmin edə bilmirdi. Şuşa şəhərində kurort kompleksinin davamlı inkişaf konsepsiyasının işlənib hazırlanmasına ehtiyac var idi.
Yalnız 1969-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika hakimiyyətinə gəlişindən sonra şəhərdə həyat qaynamağa başladı. 1976-cı ilin 4 noyabr tarixində şəxsən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərində kurort kompleksinin sonrakı inkişafı üzrə tədbirlər haqqında” qərar qəbul etdi. Qərarda Şuşanın abad şəhərə çevrilməsi, kurortlar üçün vacib olan müvafiq infrastrukturun yaradılması üzrə vəzifələr müəyyənləşdirildi.
Qərara uyğun olaraq, şəhərdə yeni sanatoriya və kurort müəssisələrinin korpusları ucaldıldı. Bundan sonra Şuşa şəhəri ümumittifaq əhəmiyyətli kurort kimi inkişaf etməyə başladı. Həyata keçirilən tədbirlər nəticəsində 700 nəfərlik “Şuşa” dağ iqlimi sanatoriyası və onun 330 nəfərlik pansionatı, vanna binası, içməli su qalereyası, 100 nəfərlik meşə sağlamlıq məktəb kompleksi, 120 çarpayılıq xəstəxana tikilib istifadəyə verildi. Bu, Şuşa şəhərinin simasını dəyişdirdi, rayonun inkişafına səbəb oldu və Şuşa kurortunu ümumittifaq səviyyəli kurort kompleksinə çevirdi. Qərarın icrası nəticəsində Şuşa şəhərində turist bazası genişləndirilərək, çarpayılarının sayı 300-ə çatdırıldı, il boyu işləyən 400 nəfərlik uşaq sanatoriyası kompleksi tikilib istifadəyə verildi, Qocalar evi Şuşa sanatoriyasına verildi və sanatoriyanın 6-cı korpusu oldu. Şəhərdə gözəl mineral su qalereyası inşa olundu. Buraya su şəhərdən 30 km kənarda yerləşən mənbədən boru vasitəsi ilə çəkilmişdi. Həmçinin, mineral su doldurulması zavodu da fəaliyyət göstərirdi. «Şuşada böyük bir mehmanxana, çoxmərtəbəli yaşayış binaları, ayrı-ayrı inzibati binalar tikildi. Biz o vaxt Şuşanı çox mötəbər bir statusa qaldırdıq. Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi ki, bunun da böyük əhəmiyyəti var idi. Çünki o vaxtlar Sovet İttifaqının çox yerlərindən - vilayətlərindən, şəhərlərindən adamlar buraya istirahətə gəlirdilər. Onlar, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə tanış olurdular. Bunlar hamısı o illərdə Şuşanın inkişaf etdirilməsi üçün görülmüş işlərdir. Eyni zamanda, bunlar Şuşaya göstərilmiş qayğıdır. Bu qayğı tamamilə təbiidir və belə də olmalıdır. Əgər 1920-ci ildən 1970-ci ilə qədər Şuşada belə işlər görülməmişdisə, şübhəsiz ki, bu, insanların səhvi olmuşdur», - deyə Heydər Əliyev 1996-cı ildə etdiyi çıxışların birində bildirmişdir.
Həmin dövrdə şəhərin ətrafında karbon turşulu-hidrokarbonatlı-natriumlu “Narzan” tipli çoxsaylı mineral su mənbələri aşkar edilmişdi. Bu müalicəvi sudan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulu zamanı müvəffəqiyyətlə istifadə olunurdu. Bu sular nəfəs yolu xəstəlikləri, həzm, sinir sisteminin pozulması, qanazlığı kimi xəstəliklərin müalicəsi zamanı çox xeyirli idi. Beləliklə, Şuşa kurortunda tənəffüs yolları xəstəlikləri, sinir-əsəb xəstəlikləri, maddələr mübadiləsinin xəstəlikləri, qanazlığı ilə yanaşı, mədə-bağırsaq xəstəliklərinin müalicəsi də mümkün olmuşdu.
Bir sözlə, ötən əsrin 70-ci illərindən sonra Şuşa şəhəri ümumittifaq əhəmiyyətli kurort kimi inkişaf etməyə başladı. Heydər Əliyevin tarixi xidmətləri ilə Şuşa şəhəri ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Şuşanın ümumittifaq səviyyəli kurort şəhərinə çevrilməsinin böyük əhəmiyyəti var idi. Çünki o vaxtlar sovet ittifaqının hər yerindən - vilayətlərindən, şəhərlərindən bura istirahətə gəlirdilər. Həmin insanlar Şuşada Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə tanış olurdular.
İsa bulağı, Səkili bulağı, Şəmilin bulağı Şuşaya təşrif buyuran qonaqların ən sevimli yeri idi. Şəhərə gələnlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi “Cıdır düzü” idi. “Cıdır düzü”ndə hər il may ayında “Xarı-bülbül” mahnı festivalları keçirilirdi.
İstirahət və müalicə zonası kimi tanınan Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi. Laçın yolunun üstündə yerləşən Turşsudan keçən Daşaltı çayı ərazinin mənzərəsinə xüsusi rəng qatır.
Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə «xarı bülbül» adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb. Sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında öz təəccüblərini gizlədə bilmirdilər.
Sonrakı illərdə də Heydər Əliyev Qarabağdan və Şuşadan diqqət və qayğısını əsirgəmədi. 1982-1987-ci illərdə Moskvada ali vəzifədə işlədiyi dövrdə bu siyasətin davam etdirilməsi şuşalılar tərəfindən hər zaman yüksək qiymətləndirilir. Hər il Vaqif poeziya günlərinin, həmçinin mütəmadi olaraq “Xarı bülbül” musiqi festivalının keçirilməsi bunun bariz nümunələridir.
Ümumiyyətlə, ulu öndərin Şuşanın inkişafına göstərdiyi diqqət və qayğını sovet dovründə, yəni XX əsrin 20-60-cı illərində heç bir respublika rəhbəri göstərməmişdi. “Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”, - deyə Heydər Əliyev bildirmişdi.
Heydər Əliyev qətiyyəti nəticəsində ermənilərin heç BİR niyyəti baş tutmadı
Bütövlükdə, Heydər Əliyevin qətiyyəti nəticəsində ötən əsrin 80-ci illərinin sonlarına qədər ermənilərin Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı niyyətləri baş tutmamışdı. Heydər Əliyevin qətiyyətli mövqeyi 80-ci illərinin ortalarından etibarən SSRİ məkanında və Ermənistan SSR-də antiAzərbaycan, antitürk təbliğatı daha da güclənməyə başlananda da özünü göstərdi. Hələ 1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma “erməni soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də “Soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd olunması təklifi ilə müraciət etmişdi. Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdı.
O illərdə qondarma erməni tarixçiləri tərəfindən Qarabağın tarixi saxtalaşdırılaraq “erməni torpaqları” olması barədə dərsliklər və məqalələr, qədim Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi barədə Moskvaya ardı-arası kəsilməyən məktublar, müraciətlər yazılırdı. Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın Yerevanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və məqsədyönlü şəkildə SSRİ məkanında yayılan “Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirmişdi.
1985-ci il iyunun 20-də SSRİ Nazirlər Soveti “1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında” qərar qəbul etdi. Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu sayda erməni köçürüldü. Onlar özləri ilə qatı erməni millətçiliyi gətirərək azərbaycanlılara qarşı düşmənçiliyi qızışdırır və bu istiqamətdə təbliğat aparırdılar. Dekabr ayında isə “Daşnaksütyun” partiyasının Afinada keçirilən XXII qurultayı “Böyük Ermənistan” uğrunda mübarizəni yenidən genişləndirmək haqqında qərar qəbul etdi.
1986-cı ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində SSRİ-də irəli sürülən “aşkarlıq” və “demokratiya” ideyalarından istifadə edilərək, Xankəndidə tarix və mədəniyyət abidələrini qoruyan “Krunk” adlı təşkilat yaradıldı. 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların Moskvaya yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kompaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. İlin ikinci yarısında Yerevandan müntəzəm olaraq Xankəndinə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşmək ideyasını təbliğ edirdilər. Eyni zamanda, iyulun 17-də Avropa Parlamenti saxta “erməni soyqırımı” iddialarını tanıdı və “soyqırımı qurbanlarına” xatirə günü təsis etdi.
Beləliklə, M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra baş verən proseslərin nəticəsi olaraq Ermənistanda və SSRİ xaricində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı çağırışlar, erməni separatizmi və millətçiliyi geniş miqyas almışdı. Lakin Heydər Əliyev ermənilərin bütün məkrli planlarının qarşısını qətiyyətlə alırdı. Xalqımızın dahi oğlunun qətiyyətli mövqeyi M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat edirdi. Çünki Heydər Əliyev onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə idi.
Moskvada, keçmiş SSRİ rəhbərliyində çalışdığı beş ildə daim erməni millətçilərinin hədəfində olan ulu öndər Heydər Əliyev onların öz xarici diaspor təşkilatları ilə birlikdə Azərbaycana və azərbaycanlılar əleyhinə şər, böhtan, qarayaxma kampaniyasına qarşı təkbaşına mübarizə apardı və onlara öz məkrli planlarını həyata keçirməyə imkan vermədi. Yalnız Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sov.İKP MK Siyasi Bürosunun və şəxsən baş katib M.Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefasından sonra xalqımıza qarşı erməni ekspansiyasının növbəti mərhələsi başladı. Xalqımızın dahi oğlunun ermənipərəst qüvvələr tərəfindən siyasi fəaliyyətdən uzaqlaşdırılıb təzyiq və təqiblərə məruz qalması Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışan erməni-daşnak qüvvələrinə öz niyyətlərini açıq bəyan etmək və hərəkətə keçmək fürsəti verdi. Məhz bu amil otuz ildir davam edən və xalqımızı ağır bəlalara məruz qoyan münaqişənin başlanmasında həlledici rol oynadı.
1987-ci ilin sonlarından artıq Yerevanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalar keçirilirdi. Heydər Əliyevin istefasından bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Oktyabr ayında Yerevanda Puşkin adına parkda “Qarabağ” komitəsinin ilk mitinqi təşkil olundu ki, bu da ermənilərin ərazi iddialarının həyata keçirilməsi yolunda atılan ilk addım oldu. Bunun ardınca noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə “L’Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrü təhlil edib səciyyələndirərkən demişdir: “Heydər Əliyevin istefasından sonra Azərbaycanın problemləri başladı. İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb, Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı. Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi həmin separatçıların fəaliyyətinə heç bir məhdudiyyət qoymadı, heç bir reaksiya vermədi və nəticə etibarilə bu meyillər Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Əlbəttə, Sovet İttifaqının dağılmasının səbəbləri kifayət qədər çoxdur. Ancaq onun əsas səbəbləri, əlbəttə ki, yanlış milli siyasət olmuşdur. Sovet İttifaqını böyük dövlət kimi saxlayan məhz düzgün milli siyasət olub. Ancaq 1985-ci ildən sonra bu siyasətə cavabdehlik daşıyan şəxslər ya öz məsuliyyətini dərk edə bilmirdilər, ya da ki, qəsdən çox ziyanlı addımlar atmışlar. Onların arasında Dağlıq Qarabağdakı erməni millətçilərinin, separatçılarının vaxtında cəzalandırılmaması məsələsi xüsusi yer tutur. Dağlıq Qarabağ münaqişəsindən sonra digər yerlərdə də toqquşmalar baş verdi və nəticə etibarilə Sovet İttifaqı dağıldı”.
“Krunk” təşkilatının üzvləri 1988-ci il yanvar ayının əvvəllərində yardım üçün Moskvaya getmişdilər və separatçılıq dalğasının başlaması üçün ideoloji-təbliğat işi böyük vüsət alırdı. Artıq 1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirmişdi.
1988-ci ilin fevral ayından Xankəndidə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə mitinqlər başladı. İlk dəfə olaraq bu mitinqlərdə “saqqallılar” adlanan xüsusi hərbi dəstənin üzvləri də göründü. Rəsmi Bakının isə tərəddüd göstərməsi vəziyyətin daha da gərginləşməsinə şərait yaradırdı. Elə bu ərəfədə Yerevandan “miatsum” (birləşmək) iddiasını hüquqiləşdirmək barədə təlimat gəldi və təşəbbüs artıq DQMV-nin qanunverici orqanının əlinə keçdi. Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə yalnız bir məsələ - DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklifin müzakirəsi çıxarıldı. Kvorum olmadan keçirilən iclasda Ermənistan SSR Ali Sovetinin deputatları, əsasən isə vilayət yazıçılar ittifaqının sədri V.Akopyanın təzyiqi ilə DQMV-nin Azərbaycan SSR-in tabeliyindən çıxaraq, Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul edildi. Bu, Azərbaycanın ərazi bütövlüyünə təhlükə və SSRİ Konstitusiyasına zidd olmaqla, həm də ittifaq miqyasında separatizm meyillərinin aydın təcəssümü idi.
1988-ci ildə erməni separatçılarının qısa müddət ərzində qazandığı uğurların əsas səbəbi Moskvadan aldıqları genişyönümlü dəstək olsa da, rəsmi Bakının nümayiş etdirdiyi susqunluq və laqeyd münasibət də məlum proseslərin nəzarətdən çıxmasını şərtləndirdi. Prosesin baş verdiyi ilk günlərdə vilayətin erməni əhalisində böyük qorxu hissi var idi. Onlar hələ də Azərbaycana qarşı birbaşa çıxış etməkdən qorxurdular. Hətta Ermənistandan gəlmiş saqqallılar onları zorla, döyə-döyə mitinqə gətirəndə də oranı yarımçıq tərk edirdilər. Əgər Azərbaycan rəhbərliyi vəziyyətə müdaxilə etmək istəsəydi və vilayət ərazisində əsrlər boyu yaşayan yerli azərbaycanlı əhalinin düşmənin müqavimətinə qarşı səfərbər olmasını təmin edə bilsəydi, separatçılığın qarşısını elə fevralın birinci həftəsində almaq olardı.
Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olurdu. Hadisələrin ən qızğın vaxtında - fevral ayının 22-də Ağdamın minlərlə sakini Əskəran üzərinə yürüşə çıxdı. Ancaq bu yürüşün qarşısı Bakıdan göndərilmiş emissarlar vasitəsilə alındı, hətta yürüş iştirakçıları təqib də edildi. İndiyədək 5 mindən artıq övladını vətən yolunda şəhid vermiş Ağdam məhz həmin gün Qarabağ münaqişəsinin ilk şəhidlərini - Əli ilə Bəxtiyarı torpaq və millət uğrunda fəda etdi.
Fevralın 22-də qadağalara baxmayaraq, Bakıda da ilk ümumxalq mitinqi keçirildi. Xalq Moskvadan ədalətli olmasını, problemə son qoyulmasını istəyirdi. Ölkə rəhbərliyindən tələb olunurdu ki, Qarabağda baş verən hadisələr xalqdan gizlədilməsin, hakimiyyət problemin ciddiliyini qəbul edib tədbir görsün, Qarabağda insanları silah-sursatla təmin etsin. Əli ilə Bəxtiyarın dəfn günü bütün Azərbaycanın ürəyi Ağdamda döyünürdü. Ətraf və uzaq rayonlardan Ağdamın dərdinə şərik olmağa gələnlərin sayı minlərlə idi.
Bütün bunlardan sonra DQMV ətrafında siyasi vəziyyət olduqca gərgin idi. 1988-ci ilin may ayında eyni gündə Azərbaycan və Ermənistan kommunist partiyalarının qurultayları keçirildi. Bakıdakı və Yerevandakı qurultaylarda müvafiq olaraq Siyasi Büronun üzvləri və Mərkəzi Komitənin katibləri olan Yeqor Liqaçovla Aleksandr Yakovlev iştirak etdilər. Y.Liqaçov Bakıda bəyan etdi ki, Moskva Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığından Qarabağın müstəqilliyinə heç vaxt razılaşmaz. A.Yakovlev isə Yerevanda bildirdi ki, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşan rəsmi Moskva Qarabağı Ermənistanın tərkibində görür. Eyni gündə qarşı duran tərəflərə belə “tərəfkeşlik” etməklə M.Qorbaçov və erməni lobbisinin digər qulları nəticədə münaqişəni hərbi müstəviyə keçirdilər. 1988-ci ilin sonlarından isə Ermənistandakı azərbaycanlıların kütləvi deportasiyası başladı.
1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” fərman verdi. Fərmana əsasən Dağlıq Qarabağ Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla, Moskvaya tabe olan xüsusi idarə forması yaradıldı. A.Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi vilayətin Azərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi. Bu şəxs DQMV-nin tam iqtisadi müstəqilliyini reallaşdırmaq üçün vilayət ərazisindəki bütün müəssisələrin artıq Azərbaycanda deyil, Ermənistanda yerləşən müəssisələrlə iqtisadi əlaqələr qurmasını təmin edən sərəncamlar verdi və bunu qısa müddət ərzində həyata keçirdi. Bu antiazərbaycançı fəaliyyətin reallaşmasında onun fəal “köməkçisi” isə Azərbaycanın rəhbəri Ə.Vəzirov idi. Bu “missiyanı” A.Mütəllibov da davam etdirərək, Qarabağın Azərbaycandan təcridinə şərait yaratdı.
1991-ci ilə qədər Dağlıq Qarabağda və eləcə də Ermənistanla həmsərhəd rayonlarda azərbaycanlılar yaşayan kəndləri işğal edən, qırğınlar, soyqırımlar törədən ermənilər SSRİ-nin dağılmasından sonra işğal planını yeni fazaya keçirdilər.
Azərbaycan müstəqillik qazanandan sonra Dağlıq Qarabağ bütün dünyada Azərbaycan ərazisi kimi tanındı. Güclü himayəçilərinə arxalanan Ermənistan müstəqilliyimizin ilk illərində Azərbaycanda hakimiyyəti ələ keçirən iqtidarların səbatsızlığından və yaratdıqları şəraitdən istifadə edərək, Dağlıq Qarabağı ətrafındakı 7 rayonu işğal etdi.
Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər sonralar Azərbaycanın milli dövlətçilik ideyalarının aparıcı qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Ulu öndər özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələr Azərbaycanın inkişafı, beynəlxalq aləmdəki təcrid vəziyyətdən çıxması, xalqımızın haqq işinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması kimi məsələlər idi.
1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni siyasi kursun ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli şərait yarandı. Ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycanın yüksəlişi, möhtərəm İlham Əliyevin rəhbərliyi ilə gedilən inkişaf yolu Heydər Əliyevin müəyyən etdiyi vəzifələrin uğurla həyata keçirilməsini təmin etdi. 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılan hərbi-siyasi Qələbə və Dağlıq Qarabağ münaqişəsinə son qoyulması isə bir daha Heydər Əliyev yolunun düzgün və alternativsiz olduğunu sübuta yetirdi.
Akademik Ziyad Səmədzadə