MƏQALƏLƏR

Ölkəmizdə bir il fasilədən sonra avtomobil sərgisi öz işinə başlayıb

  • 18.03.2011
Ölkəmizdə bir il fasilədən sonra avtomobil sərgisi öz işinə başlayıb

 

 2010-cu ildə qlobal maliyyə böhranı ilə əlaqədar keçirilməyən "AutoShow Azerbaijan" beynəlxalq avtomobil sərgisi 16 mart 2011-ci il tarixində öz qapılarını ziyarətçilərinə açıb. 7-ci dəfə keçirilən “AutoShow” sərgisi ilə yanaşı, “AutoParts” 4-cü Azərbaycan Beynəlxalq “Ehtiyat hissələri, Aksessuarlar və Xidmət Avadanlıqları” sərgisi də keçirilir.

 

Yeni Hyundai Accent, Elantra və təmtəraqlı Equs
Bakı Ekspo” sərgi mərkəzinə daxil olan kimi “Hyundai Auto Azerbaijan” şirkətinin stendi diqqəti cəlb edir.  Sərgi iştirakçıları arasında ən böyük yerə sahib olan şirkət tam yeni “Hyundai Accent” və “Hyundai Elantra” modellərinin təqdimatını keçirib. “Kiçik möcüzə” adının verildiyi yeni Accent genişlik və rahatlığı bir arada təqdim edir. Hyundai mühəndislərinin yaratdığı qənaətli mühərriklə təchiz edilmiş bu avtomobilin mexaniki sürət qutusundan ibarət olan versiyası 100 km məsafəyə 5,9 litr yanacaq sərf edir. Hyundai Accent 1,4 və 1,6 litr həcmli mühərrik seçimləri ilə təklif olunur. Yenilənmiş  Elantra isə öz sinfinə yeni standartlar gətirib. Avtomobildə əsas diqqət çəkən yeniliklər arasında Hyundainin yeni altıbucaqlı radiator barmaqlığı, arxa tərəfə doğru uzanan xenon ön faralar, LED arxa stoplar, öz-özünə park edən ağıllı SPAS sistemi, seqmentində ilk dəfə Elantrada tətbiq edilən avtomobil  stabilite idarəetmə sistemi, VSM, səkkiz havayastığı, aktiv kreslo başlıqları, istilətməli arxa kreslolar və yeni tip rəngli LCD məlumat ekranın olmasıdır. Avtomobilin kapotunun altında 1,6 litrlik benzin mühərriki (140 at gücü) quraşdırılıb və 6 pilləli sürət qutusu ilə təchiz olunub. Premium sinifində Hyundainin yeni markası olan Equs avtomobili də şirkətin stendində nümayiş olunur. Equs-la yeni eranın başladığını bəyan etmiş Hyundai bu “incəsənət əsəri” ilə bazarda qaydaları dəyişir. “Lüks avtomobil daha baha olmayacaq”,- deyən koreyalı avtomobil nəhəngi Hyundai  Equs modeli ilə təhlükəsizliyin və gücün yeni “zirvələrini” nümayiş etdirir. Equs  4,6 V8 TAU və 3,8 V6 Lambada mühərrikləri ilə təchiz edilmiş variantlarda istehsal olunur.

 

İranlı SAİPA sanki İranda istehsal olunmayıb
Azərbaycan bazarına yeni daxil olmuş İranın SAİPA markası ilk dəfədir ki, Azərbaycanda avtomobil sərgisində iştirak edir. Şirkətin Azərbaycandakı nümayəndəliyinin baş meneceri Mehdi Səngini bildirdi ki, SAİPA sərgiyə 4 sedan, 2 pikap modeli olmaqla cəmi 6 modeli ilə qatılıb. Sedan modellərinin qiyməti 7200-8300 AZN, pikap modelləri isə 12000-14500 AZN təşkil edir. Əmircan qəsəbəsində baş ofisə və Bakı Avtomobil Bazarında satış mərkəzinə sahib olan   SAİPA satdığı avtomobillərə 2 il zəmanət verir. Avtomobillərdə də ABS, Airbag, kondisioner, şüşələrin avtomatik idarə edilməsi sistemi, SD pleyer mp3 və s. mövcuddur.

Əsli Çindən olan naxçıvanlı – NAZ Lifan

Sərgidə cəmi 1 yaşı olan Naxçıvan Avtomobil Zavodu da iştirak edir. Zavod Çinin ilk fərdi avtomobil şirkəti olan “Lifan Industry (Group) Co., Ltd” şirkətinin dəstəyilə NAZ-Lifan markalı avtomobillər istehsal edir. NAZ-Lifan 320, NAZ Lifan 520, NAZ Lifan 620 və NAZ Lifan SUV modelləri sərgidə nümayiş olunur.  ABS, EBD, sürücü və ön sərnişin üçün təhlükəsizlik yastığı, kondisioner, elektrikli idarə olunan şüşələr, park radarı bir sözlə müasir avtomobil üçün əsas vacib sistemlər NAZ Lifan avtomobilində quraşdırılıb. Mühərrik həcmlərinə gəldikdə isə NAZ Lifan 320 1,4 litr, NAZ Lifan 520 i 1,6 litr və NAZ Lifan Suv 1,8 litr mühərrikə malikdir. Sərgidə şirkətin nümayəndəsindən bunu da öyrəndik ki, Naxçıvan Avtomobil Zavodu yaxın günlərdə Qaradağ rayonu ərazisində böyük bir servis mərkəzini açacaqdır.

Sərgidə zirehli avtomobil də nümayiş olunur

Azərbaycan bazarında Land Rover və Jaguar  brendlərinin rəsmi idxalçısı olan “Crystal Motors” şirkəti sərgiyə zirehli Jaguar XJ Sentinal avtomobilini gətirib. B7 səviyyəli ballastik qorunmağa malik limuzin avtomobil avtomat atəşindən, qumbara partlayışından və 15 kq trotil ekvivalentinə bərabər  partlayışdan müdafiəni təqdim edir. Sərgidə nümayiş olunan  Jaguar XJ Sentinal İngiltərənin kral ailəsinin sifarişi ilə hazırlanıb və sərgi başa çatdıqdan sonra İngiltərəyə qaytarılacaqdır. Amma bu avtomobili bəyənib istəyən olarsa “Crystal Motors” şirkəti onun üçün bu avtomobildən sifariş edib hazırlatdıra bilər.

Yolunu şəhərin gur küçələrindən sal

Nissan və İnfiniti markalarının ölkəmizdə rəsmi distribütoru olan “Nurgün Motors” şirkəti sərgiyə yeni Nissan Maxima, Nissan Patrol, Nissan Micra, yeni facelift olunmuş X-Trail, İnfiniti QX56, İnfiniti, FX 35, İnfiniti M37 modelləri ilə qatılıb. Sərginin ikinci günündə yeni Nissan Micra modelinin təqdimatı da keçirildi.  Əsl şəhər avtomobili olan Nissan Micra  3 silindrli, 92 at gücündə 1,2 motora və  4 pillə  sürət qutusuna malikdir. Ən maraqlısı budur ki, avtomobil 220 sürətilə hərəkət edə bilir.  “Nurgün Group” şirkətinin Marketinq departamentinin müdiri Vasif Əliyev deyir ki, yeni Nissan Micura modelinin Azərbaycanda seviləcəyinə böyük ümid edirlər: “Biz bilirik ki, Azərbaycanda iri qabaritli, mühərrik həcmi böyük olan avtomobillərə maraq daha böyükdür. Amma müşahidələrimiz və araşdırmalarımz göstərir ki, artıq gənc nəsil balaca avtomobillərə maraq göstərməyə başlayıb.  Bununla bərabər paytaxt Bakıda “tıxac” və “parkovka” problemi balaca avtomobillərə marağı artırır. Biz ilk dəfədir ki, Azərbaycanda B seqmentində avtomobil təqdim edirik. Yeni Nissan Micra elə də baha qiymətə olmayacaq. Bəyənənlər bu avtomobili  komplektasiyasından asılı olaraq 12290-12990 manata əldə edə biləcəklər”.

Nissan və İnfiniti avtomobillərin test-drive etmək imkanı yaradılıb

Sərgidə edilmiş yeniliklərdən biri də test-drive üçün şəraitin yaradılmasıdır. Belə bir şəraiti “Nurgün Motors” şirkəti yaradıb. “Baku Expo” sərgi mərkəzinin həyətyanı sahəsində Nissan-nın Murano, Patrol, Micra modellərini və İnfiniti-nin isə QX, FX35 modellərini sürüb test etmək olar. Tüninq olunmuş Tiguan 2011-ci ilin əvvəlindən “Volkswagen Group” şirkətinin Azərbaycanda eksklüziv dileri hüququnu əldə etmiş “EUROSTYLE LTD” şirkəti də sərgidə diqqət çəkən iştirakçılardan biridir. Sərgiyə gələn qonaqları şirkətin stendində “TOUAREG” markası ilə xoş görüş gözləyir. Həmçinin  eksteryer və interyerində bir çox yeniliklər edilmiş, habelə yüksək təhlükəsizliyə və rahatlığa malik olan “Tiguan” və “Passat CC” modelləri də  ziyarətçilərin böyük  maraqla baxdıqları avtomobillərdəndir. “Tiguan” modeli elə “Volkswagen Group” şirkətinə məxsus olan “R-Line” sexi tərəfindən tüninq olunub. Bu avtomobilin xarici görünüşü, bufferi, bamperi tamamilə fərqlidir. “EUROSTYLE LTD” şirkətinin marketinq meneceri Hacımurad Süleymanov deyir ki, müştərilər onlara tüninqi istədikləri formada sifariş verə bilərlər, hətta avtomobilin Swarovski daşları ilə bəzədilməsi mümkündür.

İlk dəfə olaraq sərgidə kommersiya nəqliyyatı sektorunda dünya premyerası keçirilib.  Azərbaycan ilk ölkə oldu ki, sərgidə TezAuto avtobusu təqdim olundu.

P.S. Mən bu dəfəki avtomobil sərgisinə balaca və nəhəng modellərin “müharibəsi” kimi baxardım. Sərgidə Range Rover Sport, Land Rover, Nissan Patrol, Jaguar kimi iriqabaritli və böyük motor həcmi olan avtomobillər yer alsa da, Hyundai Accent, Hyundai  Elantra, Nissan Micra, Saipa Saba, Naz Lifan 320 kimi balaca avtomobillər sayca üstünlük təşkil edirdi. Gözləyək, görək bu “müharibədə” kim qalib gələcək?

 

Seymur Yunusov