MƏQALƏLƏR

Ziyad Səmədzadə: Bakı 162 ildir ki, paytaxt funksiyasını çox şərəflə və ləyaqətlə yerinə yetirir YENİLƏNDİ

  • 12.08.2021

Müsahibimiz akademik, Milli Məclisin deputatı Ziyad Səmədzadədir.


- Ziyad müəllim, Azərbaycan xalqının və dövlətinin tarixində paytaxt Bakının müstəsna rolu və əhəmiyyəti olub və var. Bakıda, onun qədim kəndlərindən biri olan Buzovnada göz açıb böyümüş bir insan, bir ziyalı kimi Bakının keçmişi, dünəni, bu günü və sabahı haqda nələri demək istərdiniz?
-Təbii ki, Azərbaycanın bütün bölgələri, şəhərləri, rayonları, kənd və qəsəbələri hər birimiz, vətəninə, millətinə bağlı olan hər bir azərbaycanlı üçün əzizdir, doğmadır, müqəddəsdir. Hər bir bölgənin öz gözəlliyi, öz müstəsnalığı, özünəməxsusluğu var. Hər biri Azərbaycan xalqının və dövlətinin minilliklərlə ölçülən tarixində öz müstəsna rolları, xidmətləri ilə seçilib, fərqlənib, bu günümüzə gəlib çatıblar. Yəni, hər birinin tariximizdə öz yeri, öz rolu, öz əhəmiyyəti var. Birini digərindən ayırmaq, fərqləndirmək, üstün saymaq tarixilik və ədalətlilik baxımından heç cür düzgün olmazdı.O cümlədən, payxat Bakının da Azərbaycan xalqının və dövlətinin tarixində özünəməxsus yeri var. Azərbaycanı Bakısız, Bakını isə Azərbaycansız təsəvvürə, xəyala gətirmək mümkün deyil. Artıq iki əsrə yaxındır ki, Bakı Azərbaycanımızın baş şəhəri, paytaxtı rolunu, funksiyasını çox gözəl və çox müstəsna şəkildə yerinə yetirir. Bu yerdə xatırladım ki, Azərbaycanın tarixən bir neçə paytaxt şəhəri olub - Qəbələ, Bərdə, Gəncə, Şamaxı, Naxçıvan. Bu şəhərlər də paytaxt kimi öz missiyalarını çox şərəflə və ləyaqətlə yerinə yetiriblər, tariximizə özlərini xidmətləri ilə qızıl hərflərlə həkk etdiriblər. İki əsrdir ki, bu missiyanı Bakımız şərəf və ləyaqətlə daşımaqdadır.
Tarixdən də məlum olduğu kimi, Bakıdan əvvəl Azərbaycanın sonuncu paytaxtı qədim Şamaxı şəhəri olub - Xaqaninin, Nəsiminin, Seyid Əzimin, Abbas Səhhətin, Məhəmməd Hadinin, Mirzə Ələkbər Sabirin, daha neçə-neçə tarixi şəxsiyyətin, mütəfəkkirin vətəni olan Şamaxı. Ancaq bu şəhər seysmik zonada yerləşdiyi, tarixən Azərbaycanda baş verən zəlzələlərin episentri olduğu üçün dəfələrlə burada dağıdıcı zəlzələlər baş vermiş, böyük dağıntılar, insan fəlakətləri yaşanmışdır. Odur ki, 19-cu əsrdə Azərbaycanı ilhaq edən, ikiyə bölən Çar Rusiyası paytaxtın bu şəhərdən başqa yerə köçürülməsi qərarına gəlmiş, ilkin hazırlıqlara başlamışdır. Paytaxtın Xəzərin sahillərində yerləşən, “Küləklər şəhəri” kimi ad çıxaran Badi-Kubəyə, Bakıya köçürülməsi üzərində dayanılmışdı.
Onu da xatırladım ki, Bakı hələ paytaxt olmazdan təxminən yarım əsr əvvəl, 1806-cı ildə Rusiyanın tərkibinə daxil edilmişdir. O vaxt Bakı tarixi İçərişəhərdən və qala divarlarından kənarda tikilmiş azsaylı binalardan ibarət idi. Müqayisə üçün deyək ki, 1807-ci ildə Bakıda 3 min nəfərə yaxın əhali və cəmi 500-ə yaxın ev var idi.
XIX əsrin 80-ci illərinə qədər İçərişəhər ikiqat qala divarları arasında idi.Qala divarları vaxtilə 25-30 metr dənizin içərisinə doğru uzanaraq İçərişəhərin qarşısında qapalı liman əmələ gətirmişdi. Bakı yadellilərin diqqətini digər sərvətləri ilə yanaşı, həm də belə əlverişli limana görə cəlb edirdi. Bakı limanının Rusiyadan İrana gedən ticarət yollarının üstündə yerləşməsi bu şəhərin hərbi və strateji əhəmiyyətini artırırdı. O illərdə Bakıda sənayenin inkişafı ilə əlaqədar buraya yaşamağa və çörəkpulu qazanmağa gələnlərin sayı artmağa başlayır və İçərişəhərdən kənarda Bayırşəhərin formalaşması prosesi gedirdi. Odur ki, həm Şamaxıda tez-tez zəlzələlərin yaşanması, həm də qeyd olunan məqamlar nəzərə alınaraq, paytaxt kimi Bakının üzərində fikirlər qətiləşmişdi.1859-cu il oktyabrın 9-da Şamaxı qubernatoru dövlət idarələrinin Bakıya köçürülməsinə hazırlıq işlərinin başa çatması barədə knyaz Baryatinskiyə raport göndərmiş, bildirmişdi ki, Bakıda quberniya idarələri üçün müvafiq binalar tapılıb, məmurlar üçün lazımi mənzillər icarəyə götürülür. Yalnız belə bir hazırlıq işləri başa çatandan sonra - 1859-cu il dekabrın 6-da Rusiya imperatoru 2-ci Aleksandr fərman imzalamışdı. Fərmanda deyilirdi: “Quberniya şəhəri olan Şamaxıda tez-tez zəlzələ baş verdiyini və Şamaxı quberniyasının quberniya idarələrinin bu şəhərdə saxlanılmasının münasib olmadığını anlayaraq, Biz Qafqazdakı canişinimizin təqdimatına əsasən əmr edirik: 1. İndiki Şamaxı quberniya idarəsi və orada yerləşən bütün quberniya idarələri Şamaxı şəhərindən Bakı şəhərinə köçürülsün; 2.Bakı quberniya şəhəri dərəcəsinə qaldırılsın; 3. Bundan sonra Şamaxı quberniyası Bakı quberniyası adlandırılsın; 4.Şamaxı şəhəri Şamaxı qəzasının qəza şəhəri hesab olunsun”.
Beləliklə, bu fərmanla Bakının taleyi dəyişir. Bundan sonra Azərbaycan Bakı vaxtilə işləməyə, Bakı vaxtilə idarə olunmağa başlayır. Eyni zamanda, qeyd edim ki, Bakını Abşeronsuz, Abşeron yarımadasız təsəvvür etmək mümkün deyil. Çünki Bakı tarixən Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşib və yerləşməkdədir. Bakı və Abşeron tamdır, vahiddir, ayrılmazdır...


- Yeri gəlmişkən, Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər, versiyalar var...
- Elədir, Bakı adının mənşəyi haqda çox müxtəlif versiyalar mövcuddur. Qeyd edim ki, Bakı toponiminin qədimliyi haqqında ilk məlumata İvan Meşaninovun 1927-ci ildə Bakıda nəşr olunmuş “Yegipet i Kavkaz” adlı məqaləsində rast gəlmək olar. Fərziyyəyə görə, e.ə. III minilliyin sonlarına aid edilən “Ölülər kitabı” Misir mifologiyası toplusunda əksini tapmış “Bakhav” toponimi Qafqazda formalaşıb, sözün kökü olan “Baka” - “Günəşin doğulduğu yer” və ya “Səhər şəfəqi” kimi iddia edilir. Bu toponim Böyük Qafqazın şərqində yerləşən Bakı ilə eyniləşdirilir. Bəzi mənbələrə görə, Bakı adına ilk dəfə V-VIII əsr mənbələrində “Baqavan” və ya “Baquan”, “Atşi Baqavan” və ya “Atşi Baqvan”, yəni, “Atəşi Baquan” kimi rast gəlinib. “Baqa” sözün kökü, “an” və “van” isə məkan bildirir. Toponim eramızın VII yüzilində bu ərazidə yaşamış “bakan” tayfası ilə əlaqələndilir, bəzilərinin fikrincə isə “Bakuyə” sözündən götürülüb. Bakının adlarından birinin də fars dilindən yaranan “Badi-Kubə” sözünün birləşməsindən yaranması ehtimal olunur. Söz farsca “bad” (külək, yel) və “kubidan” (vurmaq, zərbə yetirmək) sözləriylə açıqlanır. Fars dilindən tərcümədə “Küləklər şəhəri” mənası verən bu sözün məhz Bakıya aid olmasını bir çox tarixçilər iddia edir. Azərbaycan xalqının və dövlətinin həyatında müstəsna xidmətləri olmuş məşhur Aşurbəylilər nəslindən olan böyük tarixçimiz, gözəl ziyalımız, professor Sara xanım Aşurbəyli isə Bakının ən qədim adının “Xunsar” olduğunu yazır. Bu yazılışda olan toponimin tərtibi onun 3 min ildən artıq bir dövr ərzində mövcud olduğunu göstərir. Xunsarın mənası “günə sarı”, yəni, “Günəşə doğru çevrilmiş” kimi açıqlanır. Nəzərə çatdırım ki, Bakı şəhərinin ilk rəsmi gerbi 21 may 1843-cü ildə təsdiq olunub. 4 hissədən ibarət qalxanvari lövhənin 1-ci qızılı sahəsində pələng, ikinci qızılı sahəsində yerdən çıxıb alovlanan qaz dilimləri təsvir edilib. Lövhənin bu iki sahəsinin təsviri Rusiyanın Kaspi vilayətinin gerbindən götürülüb. Gerbin göy rəng fonunda olan 3-cü sahəsində yüklü dəvə təsvir olunub. Bu, şəhər sakinlərinin yük daşımaqla məşğul olmalarını simvolizə edir. Gerbin göy rəng fonunda olan 4-cü sahəsində yerə sancılmış lövbər təsvir olunub ki, bu da Bakının yaxşı reydə malik liman şəhəri olmasından xəbər verir. Bakı şəhərinin ikinci gerbi 16 mart 1883-cü ildə təsdiq olunub. Gerbin qara rəngli qalxanvari lövhəsində üç qızılı rəngli alov təsvir olunub. Qalxan quberniya və şəhər gerblərində işlənən qırmızı rəngli Aleksandr lenti (Knyaz Aleksandr Nevskinin adına təsis edilən ordenin taxıldığı lent) ilə sarınmış iki qızılı sünbüllə əhatə edilib və şəhərlərin gerblərində istifadə edilən üç bürclü qala təsviri ilə bitir. 14 aprel 1967-ci ildə Bakı şəhərinin üçüncü gerbi qəbul edilib. Gerbin ortasında mavi dalğaların üstündə Azərbaycanı “Odlar yurdu” kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub. 1975-ci ildə isə həmin gerbə əlavələr edilib. Bakının mövcud gerbinin Əsasnaməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilib ki, o, Bakı şəhərinin müasir gerbi onun rəsmi rəmzidir...
Yuxarıda da qeyd etdiyim kimi, Bakı xanlığı (şəhəri) 1806-cı il oktyabrın 6-da çarizm tərəfindən işğal olunmuş, Rusiyanın tərkibinə daxil edilmişdir. Məhz həmin vaxtdan, xüsusilə də, 1859-cu ildə paytaxt Şamaxıdan Bakıya köçrüldükdən sonra Bakıda kapitalist münasibətlərinin inkişaf dövrü başlanmışdı. 1810-cu ildə Bakının ticarət dövriyyəsi 500 min manat idisə, 1827-ci ildə bu, 5205 min manata qədər artmışdı. 1832-ci ildə Bakıda ticarətlə 233 nəfər, 1849-cu ildə isə 322 nəfər məşğul olurdu. Bunların bir qismi (1852-ci ildə 67 nəfəri) fabrik-zavod məmulatı satışı ilə məşğul olurdu. 1840-cı illərin əvvəlində Bakıda 360 ticarət müəssisəsi var idi. 10 aprel 1840-cı ildə təşkil edilmiş Kaspi vilayəti tərkibində mərkəzi Bakı şəhəri olmaqla Bakı qəzası yaradılmışdı. Çar I Nikolayın 1846-cı il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə daxil edilmişdi. Şəhərin yüksəliş dövrü isə əsasən Azərbaycanda neft sənayesinin inkişafı ilə bağlıdır. Belə ki, 1848-ci ildə dünyada ilk neft quyusu məhz Bakı şəhərində qazılmış, 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilmiş və istismara verilmiş, 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdı. Bir qədər öncə də vurğuladığım kimi, 1859-cu il may ayının 29-30-da baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılmış və Çar II Aleksandrın 6 dekabr 1859-cu il tarixli fərmanı ilə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülmüş və adı dəyişdirilərək, Bakı quberniyası adlandırılmışdı. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Bakı şəhərində nəqliyyat əlaqələri də formalaşmağa başlamışdı.1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə “Qara Şəhər” ərazisində 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikilmişdi. 1878-ci ildə Nobel qardaşları tərəfindən Rusiya İmperiyasında ilk olaraq Balaxanıdan “Qara Şəhərə” qədər neft kəməri çəkilmişdi. 1880-ci ildə şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda və 1883-cü ildə 520 km uzunluğunda Bakı-Tiflis dəmir yolu xətti çəkilmiş,. nəqliyyat vasitələri ilə yanaşı, Bakıda rabitə sahələri də yaranmışdı.
1868-ci ildə Bakı-Tiflis, 1879-cu ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886-cı ildə isə şəhərdə ilk telefon xətti çəkilmişdi. 1907-ci ildə isə Bakı-Batumi neft kəməri istifadəyə verilmişdi ki, bütün bunların təsiri nəticəsində artıq 1908-ci ildə Bakı şəhəri Zaqafqaziya ümumi sənaye məhsulunun 91,6%-ni verirdi. 1917-ci il Rusiya inqilablarından sonra Azərbaycanda ictimai-siyasi həyat dəyişmiş və Bakı Sovetinin hakimiyyəti ələ alması ilə nəticələnmişdi. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətmişdilər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan xalqına qarşı amansızlığı ilə seçilən erməni cəlladı Stepan Şaumyan 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti adlı hökumət yaratmış, Bakı Soveti özünü Bakı quberniyası və Dağıstanda Sovet Rusiyası hökumətinin yerli hakimiyyət orqanı elan etmişdi.
1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bakı Kommunası və Sentrokaspi Diktaturası qüvvələri arasında Bakı döyüşü baş vermişdi. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdu. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdi. Bakının erməni-daşnak işğalında olması səbəbi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, Milli Şura paytaxt kimi müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdi. 1918-ci ilin 15 sentyabrında isə Qafqaz İslam Ordusu tərəfindən Bakının işğalına son qoyulmuş və paytaxt yenidən Gəncədən Bakıya köçürülmüşdü.
Qeyd edim ki, həmin vaxtdan 15 sentyabr tarixə qızılı hərflərlə Bakının işğaldan azad olunduğu gün kimi düşmüş və ötən ilin sentyabr ayının 15-də Bakı şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakının işğaldan azad edilməsinin 100 illiyi çox möhtəşəm şəkildə, Paradla qeyd olunmuşdu.


- Ziyad müəllim, Bakı həm də tarixən Xəzər dənizi və zəngin nefti ilə ad çıxarmış, tanınmışdır. İstərdik ki, bu barədə daha geniş şəkildə fikirlərinizi bildirəydiniz.
- Bu haqda bir qədər əvvəl ötəri də olsa, danışmışdım. Bir daha qeyd etmək istəyirəm ki, XIX əsrin sonlarında Azərbaycanın neft sənayesində yeni bir inkişaf mərhələsi başladı.
Bu dövrdə neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u azərbaycanlı idi. Yeni mərhələdən başlayaraq neft sənayesinin inkişafında milli neft milyonçularının - Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayevin fəaliyyəti genişlənməkdə davam etdi. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti - "Bakı neft cəmiyyəti" yaradıldı. Ümumiyyətlə, Azərbaycanda neft sənayesi milliləşdirilənədək 109 səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. Onlardan 72-si rus kapitalına (240 mln. rubl) və 37-si ingilis kapitalına (100 mln. funt-sterlinq) məxsus idi. Nobel qardaşlarının neft sənayesinə qoyduqları kapital 30 mln. rubl təşkil edirdi. O dövrün ən varlı neft sənayesi sahibkarlarından olan mesenat İsa bəy Hacinskinin "Hacı-Çeleken" neft şirkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 mln. funt-sterlinq təşkil edirdi. Neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik firmalar, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sexlər, təmir emalatxanaları və s. fəaliyyət göstərirdilər. Bu mərhələnin sonuncu illərində neft sənayesində ağır vəziyyət yaranmışdı (müharibə, inqilabi hərəkat və s. nəticəsində) və neft hasilatı kəskin surətdə azalmışdı.
Neft sahəsində ikinci mərhələ 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlamış və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə etmişdi 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilmiş və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılmışdı ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edirdi. Bununla əlaqədar S.A.Vəzirov "Azneftkombinatın" rəisi, R.H.İsmayılov ("Azneftzavodlar" birliyinin rəisi), B.Q.Baba-zadə ("Əzizbəyovneftin" baş geoloqu), R.Rəhimov (qazma ustası) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk neftçilər olmuşdular. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşmüşdü. Onu da bildirim ki, Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Bakının və Bakı neftinin böyük rolu olmuşdu. Heç təsadüfi deyil ki, Hitler Bakının işğalına xüsusi önəm verərək, bunun üzərində xeyli çalışmışdı. Hətta arxiv sənədlərindən də məlumdur ki, Bakının işğalı ilə bağlı Hitlerin özünün qatıldığı məclidə üzərində Bakı şəhəri, Xəzər dənizi əks olunmuş tort da kəsilmişdi. Bunu da hər kəs elə bilirəm ki, ekranlardan izləyib, bu, tarixi faktdır və bu, Bakının, Bakı neftinin nə qədər önəmli rol oynamasından xəbər verir. Amma Hitlerin və faşist Almaniyasının arzusu və istəkləri gözündə qoyularaq, Bakı neftinin və qəhrəman Bakı neftçilərinin də yaxından və müstəsna köməyi sayəsində Hitler Almaniyası üzrərində tarixi qələbə qazanılmışdı. Amma təəssüflər olsun ki, Bakının və Bakı neftçilərinin tarixi xidməti, qəhrəmanlığı keçmiş SSRİ rəhbərliyi tərəfindən lazımınca qiymətləndirilməmişdi, yəni tam haqqı çatsa da, Bakıya “Qəhrəman şəhər” adı verilməmişdi...
Bununla belə, 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil olmuş və dənizdə neftçıxarmanın əsasını qoymuşdu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdu. Bu istiqamətdə üçünü mərhələ 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanmış və bu, 1969-cu ilə kimi davam etmişdi. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənmiş, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilmiş (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə adası, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış-kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilmişdi. Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilib istismara verilmişdi (Kürovdaq, Mişovdaq, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən "Neft Daşları"nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdi. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikilmişdi. Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olunmuşdu. Neft sahəsində dördüncü mərhələ isə təbii ki, 1969-cu ildən başlanmışdı. Həmin ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesi də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoymuşdu ki, bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edirdi. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin, xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlamışdı. 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi (İB) yaranmış və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq, Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etmişdi. Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrində işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-ədək dərinlikdəki perspektivli sahələrdə, demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirilmişdi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kran gəmisi işə başlamışdı. Bundan başqa, ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaranmışdı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yatağı kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artdı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırılmışdı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən, dənizin 80-350 m dərinliklərində yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.). Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazəni alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) məhz Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi. Beşinci mərhələyə gəlincə, bu, SSRİ-nin dağılması, müstəqillik dövrünü və Azərbaycanın yeni tarixini əhatə etməklə "Yeni neft strategiyası"nın yaranması, 1994-cü il sentyabrın 20-də imzalanmış tarixi “Əsrin müqaviləsi” ilə səciyyələnmişdi.
Ötən 25 il ərzində də Bakı, Xəzər neftinin Azərbaycan xalqının və dövlətinin tarixində, həyatında, inkişafında hansı rol oynadığı hər kəsə yaxşı məlumdur. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi və sair və ilaxır, bunlar hamısı Bakı neftinin, Xəzərin sayəsində ərsəyə gəlmişdir. Eyni zamanda, çox qürurvericidir ki, Bakı nefti, Xəzərin neft-qaz resursları nəinki Azərbaycanın, bütövlükdə regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktyor rolunu oynamaqdadır.

 

- Yenidən Bakının paytaxt kimi son 160 ildəki inkişafına, keçdiyi yola nəzər salmanızı, ötən illərdə yaşanmış, keçilmiş mərhələyə qayıtmanızı, ekskurs etmənizi istərdik.
- Bəli, Bakımız ötən illər ərzində, 1859-cu ildən, paytaxt statusu aldıqdan sonra böyük inkişaf, tərəqqi yolu keçmişdir. Yəni, Bakının 19-cu əsrdə paytaxt statusu almasından ötən 160 il ərzində bu şəhərdə böyük inqilabi dəyişikliklər baş vermişdir. Burada bir misalı, faktı qeyd etmək, xatırlatmaq istərdim. Belə ki, Bakını dünyanın ən məşhur və ecazkar şəhərlərindən biri olan Neapola bənzədən məşhur rus yazıçısı Maksim Qorki sovetlər hakimiyyəti qurulduqdan sonra növbəti dəfə Bakıya səfər edir və gördüklərindən yaxşı mənada təəccübünü gizlətmir. 1928-ci ilin 20 iyulunda Bakıya gələn böyük ədib səhər tezdən, birbaşa dəmiryol vağzalından “Azneft” mədənlərinə yollanır, axşam isə şəhəri dolaşır. İyulun 21-də yazıçı Bakı Sovetinin plenumunda nitq söyləyir. İyulun 22-də fəhlələrlə görüşür və həmin gün də Tiflisə yola düşür. Bu səfərində gördükləri ilə 1890-cı illərin Bakısında gördüklərini müqayisə edən Qorki Bakı fəhləsinin həyatında baş vermiş böyük dəyişiklikləri qələmə alır və ilk təəssüratını bu cür təsvir edir: “Ətrafa baxıram və təbii ki, heç nəyi tanıya bilmirəm - mədənlər xeyli genişlənib. Ancaq ən təəccüblüsü ətrafdakı sakitlikdir. Mən yenə də neftə bulaşmış, qeyri-normal dərəcədə həyəcanlı yüzlərlə adam görəcəyimi gözləyirdim, ancaq adamlara az rast gəlinir, onlar da ki, tikinti işçiləridir - bənnalar, dülgərlər, çilingərlər. Qalaya bənzəyən binalar ucaldılır, dəmir sütunlar qaldırılır...”. Qorki sonra yazır: “SSRİ-də fəhlələr üçün mənzil tikintisi sahəsindəki bütün təcrübələrdən mənim üçün ən uğurlusu “Azneft”in təcrübəsidir. Bakıdakı fəhlə qəsəbələri çox gözəldir. Onların sayı artıq yüzü ötüb: təkcə Razin adına qəsəbədə onlar 50-dən çoxdur, Suraxanı, Balaxanı, Ramanada da az deyil. “Bu balaca şəhərlər ağıllı adamlar tərəfindən yaradılıb”, - ilk növbədə düşünürsən. Uzaqdan Razin qəsəbəsi hərbi düşərgəyə bənzəyir: boz torpaqda birmərtəbəli evciklər əsgər çadırlarını xatırladır, ancaq qəsəbəyə daxil olanda görürsən ki, onların hər biri nümunədir, hamısı bir yerdə isə - orijinal və gözəl şəhərin başlanğıcıdır. Az qala hər evin öz memarlıq fizionomiyası var və bu rəngarənglik qəsəbələri əyləncəli və şən edir. Hər evin kiçik bağçaya çıxan eyvanı var, bağçada isə ağaclar və güllər əkilib...”. Təbii ki, bunlar böyük söz adamının bir qədər də bədiiləşdirilmiş fikirləridir, amma Bakının keçmişini, dünənini, inkişaf yolunda hansı mərhələdən hansı mərhələyə gəldiyini müqayisə etmək üçün gözəl nümunədir.
Ümumiyyətlə, Bakı ötən bu illər ərzində neft sənayesi mərkəzinə çevrilməklə yanaşı, həm də ölkənin elm, mədəniyyət, sənət məkanına da çevrilməyi bacarmışdı. Azərbaycanın əsas elm, təhsil, mədəniyyət ocaqları, siyasi və ziyalı elitası əksəriyyət etibarı ilə məhz Bakıda cəmlənmişdi. Bütün bunlar nəticə etibarı ilə bölgələrdən paytaxta - Bakıya axını zaman-zaman sürətləndirmişdi. Bakıda əhalinin sayının artması, sıxlığın aradan qaldırılması ilə bağlı metronun çəkilməsi məsələsi aktuallığı ilə ortaya çıxmışdı. Bəlkə də çoxları bilmir, ancaq bu məsələnin kökü hələ ötən əsrin 40-50-ci illərinə gedib çıxır. Belə ki, bu ideyanı, Bakıda metro çəkilişi məsələsini məhz həmin illərdə Azərbaycan kommunistlərinin o zamankı rəhbəri Mircəfər Bağırov ortaya qoymuş, Moskva qarşısında məsələ qaldırmışdı. Ancaq bu ideya, bu məsələ 1967-ci ildə öz reallığını tapmşıdı. Böyük ziyalımız, akademik Vəli Axundovun Azərbaycana rəhbərlik etdiyi dövrdə məhz Bakıda ilk metrostansiyanın istfadəsi baş vermişdi. Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi ilə bu proses sürətləndirilmiş və metrostansiyaların sayı xeyli artırılmışdı. Bu siyasət, bu işlər müstəqillik əldə etdiyimiz illərdə - ümummilli liderimizin ikinci hakimiyyəti dövründə, eləcə də 17 ildən çoxdur ki, ölkəyə yorulmadan və uğurla rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyevin dövründə davam etdirilmiş və etdirilməkdədir. Təsadüfi deyil ki, müstəqillik illərində “Həzi Aslanov”, “Nəsimi”, “Azadlıq”, “Dərnəgül”, “Memar Əcəmi-2” və “Avtovağzal” stansiyaları tikilib, istfadəyə verilmiş və hazırda yeni stansiyaların tikintisi üzərində işlər davam etdirilir. Bununla yanaşı, ötən illər ərzində Bakıda adı bir zamanlar dillər əzbəri olan Bakı Soyuducular (“Çinar”) zavodu, Bakı Məişət Kondisionerləri Zavodu, digər nəhəng, vacib zavod və fabriklər tikilib, istifadəyə verilmişdi. Onu da qeyd edim ki, Azərbaycandakı əksər zavod və fabriklərin, sənaye müəssisələrinin Bakıda cəmlənməsi həm Bakı şəhərində ekoloji durumun ağırlaşmasına, həm də şəhərdə sıxlığın yaranmasına gətirib çıxarmışdı. Yəni, sovetlər dövründə daha çox Bakıda iri müəssisələrin cəmləşməsinə qərara verilirdi, Mərkəzi rəhbərlik kənar bölgələrdə bu müəssisələrin yaradılmasında maraqlı görünmürdü, çünki əlavə xərclərə getmək istəmirdi. Bu da, əlbəttə ki, yanlış bir siyasət idi. Amma çox əlamətdar haldır ki, müstəqillik illərində Bakının yükünün azaldılması, sıxlığın aradan qaldırılması, eləcə də, ekoloji durumun yaxşılaşdırılması üçün bir çox iri sənaye müəssisələri paytaxtdan kənara çıxarıldı...


- Ziyad müəllim, üzrlü sayın, sözünüzü yarımçıq kəsməli olacağam. Yəni, elə bu yerdə yaxın tarixə bir daha ekskurs edərək, bir məqamı da xatırlatmaq istərdik. Belə ki, hələ 80-ci illərin lap əvvəllərində, mərhum Heydər Əliyevin ilk hakimiyyəti dönəmində Sizin rəhbərliyinizlə Bakının kompleks inkişaf məsələləri ilə bağlı işlər görülmüş və hətta, bu istiqamətdə kitab da işıq üzü görmüşdü... Bu baxımdan istərdik ki, bu məsələlərə də işıq salasınız.
- Çox yaxşı oldu ki, bu məqamı xatırlatdınız. Çünki bu, istər respublikamızın, istərsə də, xüsusilə, Bakımızın inkişafına, onun təxminən bir əsrə, 80 ilə yaxın bir dövr ərzində keçdiyi inkişaf yoluna işıq tutan bir məsələdir. O zaman belə bir məsələnin ortaya gəlməsi və Bakının kompleks inkişaf məsələləri planının hazırlanması tarixi bir hadisə idi. Buna heç cür adi, sıradan bir məsələ kimi baxmaq qətiyyən və qətiyyən düzgün olmazdı. Bu, o dövr üçün böyük bir hadisəydi. Konkret olaraq, 1981-ci ildə Bakı Şəhər Partiya Komitəsinin keçmiş birinci katibi məni yanına çağıraraq - o vaxt keçmiş Xalq Təsərrüfaı, indiki İqtisad Universitetində dərs deyir, prorektor vəzifəsini icra edirdim - dedi ki, bəs Heydər Əliyev tapışırıq verib ki, Ziyad Səmədzadə mütəxəssislərdən ibarət bir qrup təşkil etsin və Bakının sosial-iqtisadi, kompleks inkişaf məsələləri ilə bağlı geniş bir sənəd-plan hazırlayıb təqdim etsin. Dediyim kimi, o zamanlar da Bakının kompleks inkişaf məsələləri planını hazırlamaq asan məsələ deyildi, çətin bir iş idi. Çünki o vaxtlar Bakıda olan iri sənaye müəssisələrinin 90 faizi birbaşa Mərkəzə, İttifaq hökumətinə tabe idi və bunun özü imkan vermirdi ki, yerli icra srtukturları onların işinə müdaxilə etsin, onların inkişaf planlarını hazırlasınlar. Bunun mənfi tərəflərdən biri də o idi ki, yenə yuxarıda qeyd etdiyim kimi, bu müəssisələrin Bakıda yerləşməsi paytaxtda artıq ciddi sıxlıq problemi yaradır, ekoloji durumu həddindən artıq pisləşdirir, ağırlaşdırırdı. Bakının ekoloji durumu az qala hər bir insanın həyatına, sağlamlığına ciddi təsir göstərirdi. Həmçinin, səhərin o zaman mövcud infrastrukturu sürətlə artan əhalinin tələblərinə cavab vermirdi və sair və ilaxır. Sözümün canı odur ki, o zamanlar məhz Heydər Əliyevin tapşırığı ilə Bakı Şəhər Partiya Komitəsi və keçmiş Maarif Nazirliyinin əmri ilə işlədiyim ali məktəbdə - indiki İqtisad Universitetində Bakının kompleks inkişaf problemlərinə dair laboratoriya yaradıldı və ona işləməsi, fəaliyyət göstərməsi üçün hətta, müəyyən qədər maliyyə vəsaiti də ayrıldı. Beləliklə, bizim laboratoriya məşhur “Dostluq” kinoteatrının yaxınlığındakı binanın altında yerləşdi və biz bir ilə yaxın orada gecə-gündüz bilmədən işlədik. Bir il ərzində böyük və ağır bir işi başa çatdıra bildik. Ümumiyyətlə, paytaxt kimi, Bakının 160 illik tarixində bu, ilk və hələlik son kitabdır ki, burada respublikanın baş şəhərinin iqtisadi həyatı, 20-ci ərin əvvəllərindən başlayaraq 80-ci illərinə qədər olan vəziyyəti, Bakının əhalisi, əmək ehtiyatlarının dinamikası, şəhərdə yerləşən sənaye müəssisələri, onun ölkə iqtisadiyyatında tutduğu yer, şəhər təsərrüfatı, su, kanalizasiya məsələləri, qaz, işıq, nəqliyyat təminatı, nəqliyyatın ətraf mühitə təsiri, əhalinin həyat səviyyəsi, mədəni inkişaf və sair bütün məsələləri genişliklə, sırf faktlar, konkret rəqəmlər, göstəricilərlə öz əksini tapmışdır. Bakı ilə bağlı bütün məsələləri burada tam əhatə edə bilmişdik. Qeyd edim ki, Bakının kompleks inkişaf məsələlərinə həsr olunmuş plan-kitab 1982-ci ildə işıq üzü görmüş və rəhbərlik, xüsusilə, ulu öndərimiz tərəfindən çox böyük razılıqla, rəğbətlə qarşılanmışdı. Fəxr və böyük qürur hissi keçirirəm ki, bu məsələdə mənim də rolum, əməyim, xidmətlərim var. Beləliklə, bu işlər görülüb başa çatdıqdan sonra o zaman Bakının kompleks inkişaf məsələlərinə yönəlik addımlar davam etdirilməyə başlanıldı. Ancaq 80-ci illərin ortaları və sonlarına yaxın keçmiş Sovetlər Birliyində baş verən hadisələr, başabəla “yenidənqurma və aşkarlıq” siyasəti, Mərkəzdəki və xaricdəki havadarlarının köməyi ilə yenidən ölkəmizə, xalqımıza qarşı erməni şovinistlərinin ərazi iddiaları irəli sürməsi, 1988-ci ilin yanvar-fevral aylarından alovlandırılan Qarabağ münaqişəsi bir çox məsələlər və sahələrdə olduğu kimi, paytaxt Bakının da inkişaf məsələlərində özünün mənfi, acı izlərini buraxdı. Bakının inkişafı, demək olar ki, həmin illərdə və ərəfədə tam dayandı, durğunluq mərhələsi yaşandı. Həmçinin, qeyd etdiyimi kimi, Qarabağ münaqişəsinin başlanması, böyük sayda qaçqın və məcburi köçkün ordusunun yaranması, həm də 90-cı illərdə bölgələrdə əksər iş yerlərinin bağlanması, elektrik və qaz təhcizatında problemlərin yaşanması, o cümlədən 2000-ci illərin əvvəllərindən Bakıda tikinti bumunun başlanması ilə paytaxta axın daha da güclənmiş, əhalinin sayında böyük artım müşahidə olunmuş və bu da nəticədə sıxlığın daha da artması ilə sonuclanmışdı. Ancaq 2004-cü ildən regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən dövlət proqramları nəticəsində artıq son illər əksinə proses yaşanmaqda, insanlarımız yenidən bölgələrə qayıtmaqdadırlar. Artıq inkişaf səviyyəsinə görə paytaxtla regionlar, iri sənaye mərkəzləri arasında fərq böyük miqyasda aradan qalxmışdır. Bununla belə, hələ də görüləcək işlər çoxdur, yerlərdə iş yerlərinin açılması, özəl sektorun, sahibkarlığın inkişafı daha da sürətləndirilməlidir. Hansı ki, bu istiqamətdə Azərbaycan dövləti, xüsusilə, dövlət başçısı çox önəmli addımlar atmaqda, vacib sərəncamlar və fərmanlar verməkdədir. Elə bir görüş, iclas, müşavirə olmur ki, dövlət başçısı bu məsələləri dilə gətirməsin və həmin təbdirlərdən sonra hansısa sənədlər imzalamasın. Yəni, Azərbaycan dövlətinin və dövlət başçısının bu məsələdə iradəsi ortadadır. Bunlar da istər-istəməz həm regionlarımızın, digər sənaye mərkəzlərimizin inkişafı, həm də paytaxt, baş şəhər kimi Bakımızın inkişafı, tərəqqisi, çiçəklənməsi deməkdir.
Son illər Bakının inkişafı, qədimiliklə müasirliyin vəhdətinin təşkili, tarixi abidələrin qorunması istiqamətində böyük addımlar atılmaqdadır. Bakı artıq hər bir kəsi valeh etməkdədir, bunu xaricdən ölkəmizə gələn istər rəsmi şəxslər, istərsə də sıravi insanlar, turistlər öz dilləri ilə söyləyir, səsləndirirlər. Son illər Bakıda Heydər Əliyev Mərkəzinin, Beynəlxalq Muğam Mərkəzinin, Xalçaçılıq Muzeyinin tikilməsi, “Qış parkı”nın salınması, “Ağ Şəhər” layihəsi, “Sovetski”, “Xutor” kimi tanınan məhəllələrdə böyük yenidənqurma, tikinti-quruculuq işlərinin görülməsi və sair və ilaxır, bunlar hamısı Bakımızın gözəlləşməsindən, daha da müasirləşməsindən xəbər verir...


- Bakının qədim, köhnə yaşayış məhəllələrindən olan “Sovetski”də söküntü işlərininin aparılması, burada böyük tikinti-quruculuq, abadlıq işlərinin görülməsi, Bakının gözəlliyinə gözəllik qatan “Qış parkı”nın istifadəsi məsələsinə bir qədər geniş toxunmanızı istərdik. Çünki zaman-zaman bu məsələlər ətrafında da bəzi qüvvələr tərəfindən xoş olmayan fikirlər formalaşdırılmasına cəhdlər edilmiş və ara-sıra bu cəhdlər yenə edilməkdədir...
-Təbii ki, bu cəhdlər heç də Bakını, paytaxt əhlini, bakılıları sevməkdən irəli gəlmirdi, bunun yaxından-uzaqdan Bakı sevgisi ilə heç bir əlaqəsi yox idi. Burada sırf cılız, korporativ və siyasi maraqlar özünü nümayiş etdiridi. Kimlərsə (onların da kimlər olduğu hər kəsə yaxşı bəllidir) bu məsələlərdən yararlanıb, öz məkrli siyasi məqsədlərini həyata keçirmək istəyirdilər. Amma bütün digər cəhdlər kimi, bu cəhdlər də tez bir zamanda məğlubiyyətə, fiaskoya uğradıldı, Bakımızın, paytaxtımızın inkişafına, gözəlləşməsinə qarşı yönələn addımlar, necə deyərlər, bir andaca, suya düşürüldü. Onu da xatırladım ki, “Sovetski”nin köçürülməsi planı hələ sovetlər dövründə gündəmə gəlmişdi. Hətta rəhmətlik Vəli Axundovun Azərbaycana rəhbərlik etdiyi illərdə, konkret olaraq, 1964-cü ildə bununla bağlı qərar da qəbul edilmişdi. Amma sonradan bəzi səbəblərdən bu məsələ özünün tam həllini tapmamışdı. Bununla belə, “Sovetski”nin köçürülməsi məsələsi çoxdan mövcud idi və çox müsbət haldır ki, müstəqllik illərimizdə bu məsələyə yenidən qayıdıldı, artıq bir neçə ildir ki, bu istiqamətdə böyük addımlar atılır, özünüz də bunların canlı şahidisiniz, əlavə, geniş şərhə də ehtiyac yoxdur. Yəni, el məsəlində də deyildiyi kimi, “görünən kəndə bələdçi nə lazım ki?!”. Həmçinin, keçmiş Basin, indiki Füzuli küçəsi və onun ətrafındakı köhnə yaşayış binalarının sökülərək, onun yerində “Qış parkı”nın salınması çox böyük və genişmiqyaslı işlərdəndir. Müstəqilliyimizin belə demək mümkünsə, Bakımıza bəxş etdiyi lütflərindəndir. Xatırlatmaq istərdim ki, “Qış parkı” 2013-cü mayın 10-dan istifadəyə verilmişdir. Park kompleksi Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınmışdır. “Qış parkı” Milli Parkdan sonra ikinci böyük park kompleksidir və parkın ümumi ərazisi 7 hektardır. Park Heydər Əliyev sarayının arxasından başlayaraq Füzuli meydanına qədər olan ərazini əhatə edir. Parka daxil olarkən ilk olaraq ən müasir tələblərə cavab verən fəvvarə kompleksi diqqəti cəlb edir. Parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunub. Parkın girişində və çıxışında quraşdırılan fəvvarələrin ətrafına sakinlər üçün xüsusi oturacaqlar qoyulub. Bununla yanaşı, ətrafı yaşıllıqlarla örtülən istirahət guşəsində müxtəlif güllər və palma ağacları əkilib. Belə ki, bura 2 minə yaxın ağac, 10 mindən çox bəzək kolu və növbənöv güllərlə əhatələnib. Güllərin hər birinin üzərində onun haqqında məlumat verən xüsusi “məlumat lövhələri” qoyulub. Həmçinin, buraya sakinlərin istirahət etmələri üçün çoxlu oturacaqlar quraşdırılıb. Oturacaqların ətrafında isə güllər diqqəti cəlb edir. Parkın ərazisində qeyri-adi dizaynla bəzədilmiş üç kafe də sakinlərin istifadəsinə verilib. Kafelər qeyri-adi dizaynları ilə fərqlənir və sair və ilaxır. Hesab edirəm ki, bunları görməmək və qiymətləndirməmək naşılıqdan, korluqdan, gözügötürməzlikdən başqa bir şey deyil. Ancaq hər bir vicdanlı insan, vətənini, onun baş şəhəri-paytaxtı Bakını sidq-ürəkdən sevən, onun inkişafı üçün çalışan hər bir Azərbaycan vətəndaşı, Bakı sakini də bunu məhz olduğu kimi, çox müsbət və çox yüksək qiymətləndirir, dəyərləndirir. Çünki bir daha qeyd edirəm ki, bunlar məhz Bakımızın inkişafı, müasirləşməsi, gözəlləşməsi istiqamətində atılan addımlardır. Bunun başqa adı və izahı yoxdur.
Fürsətdən istifadə edib, bu yerdə Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko Parkından qısaca bəhs etmək istərdim. Çünki bunun özü də Bakının gözəlləyinə xüsusi gözəllik qatır, Bakının özünəməxsus koloritinə əlavə koloritlik gətirir. Bakı-Pirallahı yolu üzərində inşa edilən bu Eko Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib. Xüsusi yaşıllıq zolaqları salınıb, dekorativ şam, kin-konq, şabalıd, mavi sərv, leylandra və leylandra koldreks, lisidium, sürünən küknar kolları və qızıl gül, qavra, lavanda, yaşıl taflan, çobanyastığı, qartopu, çin qızılgülü, ətirşah, payız gülü kimi bəzək gülləri, növbənöv sarmaşıqlar əkilib. Daş palıd zolağı və çinar zolağı xüsusilə seçilir. Parkda fəvvarələr qurulub, kiçik süni su hövzələri – gölməçələr yaradılıb. Ərazinin düzgün suvarılması üçün 2 tip - xüsusi damla və sprint sistemləri yaradılıb. Suvarma sistemi kompüterlə avtomatik idarə olunur. Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları yaradılıb, köşklər qurulub, skamyalar düzülüb. Xüsusi işıqlandırma sistemi yaradılıb ki, bu da Park və Mədəniyyət Mərkəzinin gecə görünüşünü xüsusi ilə cəlbedici edir. Zirə Cinemada isə 300 nəfərlik konsert, toplantı və 3D kinozalı fəaliyyət göstərir. Kinozal müasir tələblərə cavab verən ən son texnologiya ilə təchiz olunub. Nizami Kino Mərkəzinin nümayişində olan filmlərin paralel olaraq burada yayınlanması nəzərdə tutulub. Zalda ən son filmlərin nümayişi və izləyicilərin rahatlığı üçün hər bir şərait yaradılıb, xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq, soyutma-isitmə və havalandırma sistemləri qurulub,VİP zona yaradılıb. Zalda, həmçinin konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkündür. Həmçinin, park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Kiçik yaşlı uşaqlar üçün elektromobil və velosipedlərdən ibarət xüsusi park yaradılıb. Əraziyə 25 adda 150-dək ekzotik quş gətirilib, onların saxlanması və artırılması üçün müvafiq şərait olan Quş parkı yaradılıb və sair. İndi bunları necə qiymətləndirməyəsən, bu işlərə necə sevinməyəsən? Bu işlərə görə ancaq və ancaq minnətdarlıq, təşəkkür etmək düşür. Sağ olsun Azərbaycan dövləti, ölkə Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva ki, bu işləri görüblər, görürlər və görməkdə davam edirlər. Bunların hər biri tarixi işlər, inqilabi addımlardır.


- Ziyad müəllim, amma bir məsələ var ki, ötən əsrin 90-cı illərində Bakımızda bir sıra mənfi hadisələr də yaşanmış, xüsusilə də Bakımızın göz bəbəyi sayılan tarixi “İçərişəhər”də tariximizə, memarlıq incilərimizə qarşı xoş olmayan davranış nümayiş etdirilmişdi...
- Dediklərinizdə həqiqət var. Təəssüflər olsun ki, müstəqiliyimizin ilk-çətin illərində Bakımızda, “İçərişəhər”imizdə heç də xoş olmayan məqamlar özünü göstərmişdi. Amma bunlar diqqətdən qaçmamış, Azərbaycan dövləti, ilk növbədə dövlət rəhbərliyi bu məsələyə vaxtında münasibət göstərmişdi. Heç təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin imzası ilə Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında 17 fevral 2003-cü il tarixində müvafiq sərəncam imzalanmışdı. Hesab edirəm ki, bu, çox tarixi bir fərman idi, orada Bakımıza, onun keçmişinə, dünəninə və bugününə dəqiq qiymət verilmişdi. Qeyd olunmuşdu ki, ulu əcdadlarımızın bizə yadigar qoyduğu bu gözəl şəhərin hər bir guşəsi, hər bir daşı Azərbaycan xalqının yüksək dühasını, böyük qüdrətini, ulu mədəniyyətini əyani şəkildə nümayiş etdirir. Həmçinin, qeyd edilmişdi ki, memarlıq tariximizin daş ensiklopediyası olan Bakı Azərbaycanın hər bir bölgəsində inşa edilmiş qədim tikililərlə qırılmaz tellərlə bağlıdır, belə ki, azərbaycanlıların bir neçə nəsli tarix boyu Bakının unikal memarlıq görkəminin formalaşmasına öz töhfələrini vermişdir. Bununla yanaşı, Sərəncamda göstərilmişdi ki, Bakının ən qədim, vaxtilə bütövlükdə qala divarları ilə əhatə olunmuş hissəsi İçərişəhərdədir, orada bu günə qədər qorunub saxlanılmış müdafiə, dini ibadət, ictimai və məişət xarakterli bir sıra tikililərin və qurğuların mühəndis-memarlıq həllinin kamilliyi xalqımızın mədəniyyət tarixində mühüm yer tutan memarlıq məktəblərinin yüksək peşəkarlıq səviyyəsindən xəbər verir.
“Öz adlarını İçərişəhərin daş kitabələri üzərində həkk etmiş qədim Azərbaycan memarları və sənətkarlarının zəkası və zəhməti ilə açıq səma altında yaradılmış bu “muzey-şəhər” hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi doğurur. İçərişəhər Azərbaycan xalqının milli sərvəti, milli iftixarıdır. İçərişəhər orta əsrlərdə Azərbaycanda yüksək inkişaf etmiş şəhərsalma sənətinin olduqca qiymətli incisidir. Onun ərazisində yerləşən Qız qalası, qala divarları, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansara, zorxana, hamam, bazar meydanı və sair obyektlər Azərbaycan memarlıq sənətinin keçdiyi ayrı-ayrı mərhələləri özündə əyani şəkildə təcəssüm etdirən misilsiz abidələrdir. İçərişəhərin ilk baxışda xaotik tikililər təsiri bağışlayan binalarında daxili bir ahəngdarlıq hökm sürür. Burada meydan, məhəllə, bina və küçələrin quruluşu ərazinin relyefi, təbiəti və iqliminin, Azərbaycan xalqının milli mentalitetinin xüsusiyyətlərini nəzərə almaqla planlaşdırılıb. İçərişəhərin ərazisində mütəmadi olaraq aparılan qazıntı işləri nəticəsində əldə olunmuş arxeoloji materialların zənginliyi əməli surətdə nümayiş etdirir ki, İçərişəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin mənəvi və maddi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir. Mütəxəssislər İçərişəhərin qədim yaşayış məskəni olması ilə yanaşı, onun ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar etdikləri mədəni təbəqələrin Azərbaycan xalqının tarixi və mədəniyyəti üçün xüsusi əhəmiyyətə malik olduğunu müəyyən etmişlər. İçərişəhəri əhatə edən qala divarları Azərbaycan ərazisindəki digər qədim istehkamlar və müdafiə xarakterli tikililərdən öz orijinallığı və möhtəşəmliyi ilə seçilir”, - deyə sərəncamda sonra qeyd olunmuşdu. Bununla belə, həmin sənəddə böyük təəssüf hissi ilə qeyd olunmuşdu ki, İçərişəhərin dövlət əhəmiyyətli qoruq kimi qorunub saxlanılması işində bir sıra səhvlərə, hətta qanunsuzluq hallarına yol verilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi vəzifə səlahiyyətlərini aşaraq, İçərişəhər ərazisində bəzi qanunsuz tikintilərin aparılmasına imkan yaratmış, bu isə Qoruğun ümumi mənzərəsinə xələl gətirmiş, oradakı bir neçə memarlıq abidəsinin dağıdılmasına səbəb olmuş, bəziləri üçün təhlükəyə çevrilmişdir. Vurğulanmışdı ki, İçərişəhərdə yeni binaların inşa edilməsi uzun əsrlər ərzində formalaşmış bir çox arxeoloji materialların məhv olmasına gətirib çıxarmış, Mədəniyyət Nazirliyi və əvvəllər bu işə cavabdeh olan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi İçərişəhərlə bağlı baş verən mənfi halların qarşısının alınması üçün vaxtında lazımi qətiyyət və prinsipiallıq göstərməmişdir.
Odur ki, sərəncamda Bakı Şəhər İcra Hakimiyyətindən İçərişəhərin uzunmüddətli qorunması, konservasiyası və bərpası konsepsiyası qəbul edilənə qədər onun ərazisində, bərpa işləri istisna olmaqla, aparılan bütün tikinti işlərinin dayandırılması tələb edilmiş və digər mühüm məqamlar əksini tapmışdı. Qeyd edim ki, İçərişəhərlə bağlı məsələ bununla yekunlaşmamış, 2006-cı ilin avqust ayının 18-də ölkə Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalanmışdı. Sərəncamda Azərbaycan memarlıq sənətinin bir çox qiymətli nümunələrinin dünya memarlığının inciləri sırasına daxil olduğu, Bakı şəhərindəki qədim memarlıq abidələrinin isə mədəniyyətimizin və tariximizin rəmzlərinə çevrildiyi, xalqımızın milli sərvəti olan İçərişəhərin Azərbaycanda hələ yüzillər bundan əvvəlki şəhərsalma sənətinin əzəmətli təzahürünə çevrildiyini vurğulanmışdı.
“Tariximizin sovet dövründə müxtəlif üslublarda inşa olunmuş inzibati binalar, teatrlar və muzeylər, kitabxanalar və konsert salonları, idman kompleksləri və yaşayış massivləri, bağlar və parklar XX əsr Bakısının panoramını tamamlamışdır. Azərbaycan paytaxtının ümumi mənzərəsinin daha da kamilləşməsində milli memarlıq məktəbinin tanınmış nümayəndələrindən Zivərbəy Əhmədbəyov, Mikayıl Hüseynov və başqalarının böyük xidməti olmuşdur. Bakının bugünkü görkəmi özünəməxsus relyefi ilə nadir memarlıq incilərinin harmonik vəhdətini əks etdirir”, - deyə qeyd olunun sərəncamda bir daha vurğulanmışdı ki, uzun illərdən bəri Azərbaycanın nadir tarixi-memarlıq abidələri lazımınca qorunmamış, onlardan bir çoxu baxımsızlıq üzündən yararsız hala düşmüş, səriştəsizlik nəticəsində bəzilərinin bərpası tikililərin heyrətamiz tarixi görünüşünə və çoxəsrlik memarlıq irsi ənənələrinə ciddi xələl gətirilərək aparılmışdır. Təmir-bərpa işləri görülərkən ümumi prinsiplərə riayət olunmadığı kimi, binaların divarlarına vurulan zövqsüz reklam lövhələri, çəkilən elektrik xətləri, habelə digər kommunikasiya şəbəkələri və razılaşdırılmadan edilən dəyişikliklər tarixi tikililəri hədsiz eybəcərləşdirmişdir. Bir sıra hallarda isə nadir gözəlliyə və tarixi əhəmiyyətə malik abidələr, ümumiyyətlə, diqqət və qayğıdan kənarda qalmışdır. Bu yöndə növbəti sərəncam isə 16 dekabr 2009-cu ildə imzalanmışdı ki, o da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirlərini özündə ehtiva etmişdir. Artıq verilən sərəncamlar və tapşırıqlar ötən illər ərzində öz müsbət nəticəsini göstərmiş, “İçərişəhəri”miz özünün ikinci nəfəsini yaşamış və yaşamaqdadır. Bunu hər il ölkəmizə, Bakımıza gələn və sayı ildən-ilə artan turistlərin “İçərişəhər”ə axınından da görmək mümkündür. “İşərişəhər”in tarixiliyi, gözəlləyi baxan hər kəsi valeh etmiş və etməkdədir. Yəni, istər Ulu Öndərimizin, istər ölkə prezidentinin, istərsə də birinci xanım, Birinci vitse-prezident, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Bakımıza, “İçərişəhəri”mizə böyük diqqət və qayğısı hər kəsdə böyük rəğbət doğurmuşdur. İnsanlarımız görülən işləri yüksək qiymətləndirməklə yanaşı, Bakımızla, “İçərişəhər”imizlə fəxr, qürur hissi keçirməkdədirlər. Çünki öz keçimişinə, tarixinə, mədəniyyətinə bağlı olan toplumlar, cəmiyyətlər, xalqlar daha çox tərəqqi və inkişaf etmişdir. Xalqımız, cəmiyyətimiz, dövlətimiz də bu məsələdə istisna deyil...


- Ziyad müəllim, son olaraq bir məsələ barədə də fikirlərinizi bilmək istərdik. Bakının tarixinin, keçmişinin, dünəninin, bu əzəmətli yolun öyrənilməsi, tədqiq edilməsi ilə bağlı bir çox insanların əməyi və zəhməti olmuşdur. Bu sırada kimlərin adlarını qeyd etmək istərdiniz?
- Hesab edirəm ki, çox vacib bir məqama toxundunuz. Çünki heç kimin əməyi, zəhməti, xidməti unudulmamalıdır. Unudulmamalıdır ki, unudulmayaq. Bu sırada ilk öncə Sara xanım Aşurbəylinin adını çəkmək isərdim, hansı ki, bir qədər əvvəl bu barədə danışmışdım. Bakının tarixinin öyrənilməsində, tədqiq edilməsində Bakı milyonçularından olan Aşurbəyovlar-Aşurbəylilər ailəsinin, nəslinin nümayəndəsi Sara xanımın əməyi, zəhməti, tarixi xidməti danılmazdır, müstəsnadır.
Bir daha böyük minnətdarlıq və məmnuniyyət hissi ilə vurğulamaq istərdim ki, parlaq zəka sahibi olan Sara xanım “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kimi müstəsna əhəmiyyətli kitabların müəllifidir.
Xüsusilə də, Bakımıza, onun tarixinə ən böyük töhfələrindən biri də elə bilirəm ki, “Bakı şəhərinin tarixi” adlı fundamental, çox dəyərli əsəri, kitabıdır. Qeyd edim ki, şəxsən Sara xanımın özünün mənə hədiyyə etdiyi bu kitab mənim stolüstü kitablarımdandır, zaman-zaman həmin kitabı vərəqləyirəm, oxuyuram, həm Bakımızla, həm də onun gözəl bilicisi Sara xanımla bir daha fəxr edirəm.
Məhz yuxarıda qeyd etdiyim, sadaladığım tədqiqatlarına görə Sara xanım Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülmüşdür. Ümumilikdə, Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə o, Azərbaycan Dövlət mükafatı laureatı, “Şöhrət” ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universitetinin Fəxri Doktoru adını almışdır.
Ona görə də hesab edirəm ki, Sara xanım, Aşurbəylilər nəslinin, sülaləsinin bu gözəl, bu dəyərli nümayəndəsi hər zaman Azərbaycan xalqının və bakılıların qəlbində yaşayacaq, əziz xatirəsi daim ehtiramla yad ediləcək. Ruhu, işıqlı xatirəsi həmişə bizimlə, Bakımızla, Azərbaycanımızladır!
Bununla yanaşı, böyük tarixçimiz, “Şöhrət” ordenli tarix elmləri doktorumuz mərhum Məşədixanım Nemətovanın Bakı, onun tarixi keçmişi haqda bir sıra gözəl tədiqaqları, elmi monoqrafiyaları olmuş, işıq üzü görmüşdür. Bakı və onun tarixi Məşədixanım Nemətovanın fəaliyyətində, elmi yaradıcılığında qırmızı xətlə keçmişdir. Həmçinin, böyük yazıçımız Qılman İlkini (Musayevi) burada xatırlamamaq ədalətsizlik və insafsızlıq olardı. Onun xüsusilə, “Bakı və bakılılar” əsəri öz müstəsnalığı və unikallığı ilə seçilmişdir. Bakı tarixinin bilicisi Qılman İlkinin “Bakı və bakılılar” kitabında Bakı və onun qədim tarixi haqqında çox maraqlı və tarixi məlumatlar əksini tapmşıdır. O cümlədən, bu kitabda Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi, xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsi çox böyük ustalıqla təsvir edilmişdir.
Həmçinin, gözəl şairimiz Teyyub Qurbanın Bakımızın keçmişi, tarixi barədə gözəl publisistik yazıları, böyük və tarixi şəxiyyət Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Yaşayan ömür” pyesi, ilk müstəqil Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyatından bəhs edən “Dönməzlik” povesti daim yaddaşlarda və hafizələrdə yaşayacaq, xatırlanacaq.
Həmçinin, Bakımızın ötən əsrdə memarlıq simasının formalaşmasının iki banisi olub - Sadıq Dadaşov və Mikayıl Hüseynov. Onları da xatırlamamaq, yada salmamaq qeyri-mümkündür. Çox yaxşı haldır ki, bir müddət öncə ölkə prezidenti və Birinci vitse-prezidentlə mədəniyyət xadimlərinin bir qrupunun görüşündə də məhz bu iki böyük şəxsiyyətin adı çəkilib, xidmətləri xatırladılmışdı. Belə ki, Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxşı zamanı dövlət başçısına müraciətində bunları demişdi:
“...Bu, elə bir xahişdir ki, mən bilirəm, Sizin ürəyinizcə olacaq. Bakının müasir dövrdə, yəni, XX əsrdə memarlıq simasının formalaşmasının iki banisi olub - Sadıq Dadaşov və Mikayıl Hüseynov. Bakıda Zivər bəyin heykəli var, amma bu iki nəfərin heykəli yoxdur. İcazənizlə biz onun layihəsini hazırlayarıq. Biz Ömər müəllimlə bir yerdə bu layihə üzərində bir müddət işləmişik, onu təqdim edək. Xahiş edirəm, bu iki böyük şəxsiyyətə Bakıda mütləq abidə qoyulsun”.
Qeyd edim ki, Elbay müəllimin təklifinə də dövlət başçısı tərəfindən dərhal müsbət reaksiya verilmiş, “Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birlikdə Elbəy müəllimin səsləndirdiyi təklifi təhlil etsin, çünki siz tamamilə haqlısınız...”, - deyə bildirilmişdi.
Həmçinin, nəzərə çatdırım ki, Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O, Azərbaycan memarlığı tarixinin öyrənilməsinin əsasını qoymuş, bu məqsədlə 1934-1940 və 1944-1946 illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlər təşkil etmişdir. Sadıq Dadaşov memarlıq və nəzəri əsərlərini məhz görkəmli Azərbaycan memarı və memarlıq tarixçisi Mikayıl Hüseynovla birgə yaratmışdır.
Həmçinin, Sadıq Dadaşovun qardaşı Həsən Dadaşov Azərbaycanın ən gör­kəm­li alimlərindən, iqtisadçılarından biri kimi tanınmışdır. O, Cümhuriyyət quru­cuları tərəfindən xaricdə təhsil almağa göndərilən ilk ziyalılarımızdan biridir və eyni zamanda, onunla yaxınlığımız, tanışlığımız olmuşdur. Yəni, onlar böyük bir nəslin, milyonçular nəsli olan Dadaşovlar nəslinin nümayəndələri kimi, Azərbaycan xalqının həyatında özlərinə məxsus mühüm rol oynamışdılar.
Bakı haqqında danışarkən, elə bilirəm ki, böyük qəzəlxanımız Əliağa Vahidin adını çəkməmək qeyr-mümkündür və bu, bəlkə də böyük ədalətsizlik olardı. Düzdür, o, şair, qəzəlxan, söz ustadı, söz xiridarı idi, yəni Bakının tarixinin araşdırılması, tədqiq edilməsi onun sahəsi, missiyası deyildi. Amma Əliağa Vahid adı, Əliağa Vahid obrazı özü boyda bir Bakı deməkdir. Yəni, xüsusilə, 20-ci əsr Bakısını Vahidsiz təsəvvür etmək mümkün deyil.
Bununla yanaşı, böyük mütəfəkkir, böyük dövlət xadimi, Bakı xanlarının nəslindən olan Abbasqulu Ağa Bakıxanovun Bakımızla, onun tarixi ilə bağlı xidmətlərini qiymətləndirməmək, xatırlamamaq mümkün deyil. Belə ki, onun bir neçə əlyazmadan ibarət olan əsəri (“Gülüstani-İrəm”) Bakı xanlıqları (1743-1813-cü illər) tarixinə dair çox qiymətli mənbədir. Bakıxanov müstəqil xanlıqların dövrünü, tarixini işıqlandıraraq, əsərində feodal çəkişmələrindən tutmuş, sosial münasibətlərəcən toxunmuşdur.
Odur ki, bu adlarını çəkdiyim işıqlı insanların hər biri Bakımızın, Azərbaycanımızın həyatında, xalqımızın yaddaşında daimi olaraq qalacaq, yaşayacaq və əbədiyaşarlıq təşkil edəcəklər. Hər birinin ruhu şad, məkanı cənnətlik olsun!
Fikirlərimi, eyni zamanda, bu notlar üzərində yekunlaşdırmaq istərdim ki, inkişafın, dövrün reallıqlarından irəli gələrək Bakımız böyüyür, Bakı əhalisinin sayı (yuxarıda bu məsələyə qismən də olsa, toxunmuşduq) yenə də durmadan artır. Artıq Azərbaycanımızın on milyonuncu insanı, on milyonuncu vətəndaşı da dünyaya gəlib və bununla bağlı həm ölkə prezidenti, həm də birinci xanım Azərbayxan xalqını təbrik etmişdi. Həmçinin, bununla əlaqadər bir sıra tədbirlər keçirildi, atəşfəşanlıq düzənləndi. Yəni, həm Azərbaycanımızın əhalisi artır, həm də buna paralel olaraq, Bakımızın əhalisi artır. Odur ki, bu məsələlər görüləcək və görülməli olan işlərə komplek yanaşmaları da ortaya qoyur və tələb edir. Bir az öncə də vurğuladığım kimi, çox yaxşı haldır ki, bölgələrdə müsbət meyillər var, insanlar yenidən regionlara qayıdırlar. Həmçinin, regionların növbəti - dördüncü inkişaf proqramı bir daha imkan verəcək ki, insanlar bölgələrdən paytaxta doğru deyil, artıq Bakıdan bölgələrə doğru axın etsinlər. Ancaq bununla belə, bu işlər sistemli, kompleks şəkildə həyata keçirilməlidir, burada nə gecikmək, nə də tələskənliyə yol vermək olmaz. İşlər elə görülməlidir ki, Bakımız bütünlüklə sıxlıqdan yaxa qurtara bilsin, həmçinin, ekoloju durum daha da yaxşılaşdırılsın. Onu da xatırladım ki, Bakının ilk baş planı 1926-cı ildə qəbul olunub. Sonra rəhmətlik Vəli Axundovun Bakı ilə bağlı dəyərli tədqiqatları olub. Hətta, onun Bakı haqqında işıq üzü görmüş kitabında paytaxtımız 2000-ci ildə necə olacaq məsələsindən geniş bəhs edilirdi.
Ancaq Bakının baş planının axırıncı dəfə qəbulundan bizləri çox böyük zaman məsafəsi ayırır və demək olar ki, Bakının bugünkü real durumu ilə heç cür uzlaşmır, səsləşmir. Düzdür, bu istiqamətdə işlər görülsə də, müvafiq sərəncamlar, qərarlar verilsə də, maliyyə vəsaitləri ayrılsa da, hesab edirəm ki, Bakının problemlərinin və inkişafının gələcəkdə daha da kompleks həlli üçün baş planın artıq tezliklə hazırlanıb başa çatdırılması və qüvvəyə minməsi lazımdır. Bu, Bakımıza, onun inkişafına və gözəlləşməsinə ən böyük töhfələrdən olardı və olacaq.
Yeri gəlmişkən, onu da əlavə etmək istərdim ki, son iki ildə, 2020-ci və artıq yarım ilini geridə buraxdığımız 2021-ci ildə də Bakımızın, paytaxtımızın abadlaşdırılması, gözəlləşdirilməsi istiqamətində böyük işlər görülüb. Yüksək memarlıq üslubları ilə şəhərin gözəlliyinə gözəllik qatan bir sıra müəssisələr, obyektlər, park və meydanlar salınıb, tikilib-istifadəyə verilib. Bunların arasında “Yeni Klinika”nı, Hərbi Qənimətlər Parkını və digərlərini göstərmək olar.
Eyni zamanda, birinci xanım Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti və şəxsən Birinci vitse-prezidentin özünün birbaşa rəhbərliyi ilə Balaxanı və Bibiheybət yaşayış məntəqələrində yüksək səviyyəli yenidənqurma, bərpa, restavrasiya işləri aparılıb və bu qəsəbələr bir anın içindəcə simasını dəyişərək, tanınmaz hala gəlib, gözlər oxşamağa başlayıb.
Bəli, çox təəssüf ki, 2020-ci ilin yanvar-fevral aylarından dünyanı başına, cənginə almış koronavirus pandemiyası görülən bütün qabaqlayıcı tədbirlərə rəğmən, ölkəmizdən də yan keçmədi və nəticədə də bu işlərin həyata keçirilməsində müəyyən ləngimələr, axsamalar yaşandı. Ancaq bununla belə, istər Bakının kənd və qəsəbələrinin abadlaşdırılması, orada yüksək bərpa, təmir, restavrasiya işlərinin aparalması, istərsə də şəhərin gözlliyinə gözəllik qatan digər müəssisələrin, obyektlərin, park və meydanların tikilib insanların istifadəsinə verilməsi istiqamətində işlər görülməkdə və davam etdirilməkdədir.
“Gizli düşmən” adlandırılan və hələ də davam edən koronavirus pandemiyası belə, bu işlərin həyata keçirilməsinin, bu əzmin qarşısında acizdir. Çünki ortada Azərbaycan dövlətinin və Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanıın, ölkə Prezidenti cənab İlham Əliyevin dəmir iradəsi var. Bu iradə qarşısında indiyədək heç nə dayanmadığı kimi, bundan sonra da heç nə dayana və bizi növbəti uğurlardan, nailiyyətlərdən, Qələbə və Zəfərlərdən saxlaya bilməz!
Bakımız gözəlləşir və daha da gözəlləşəcək, daha da cazibədar olacaq!

 

 

Müsahibəni apardı:

Kamil HƏMZƏOĞLU