MƏQALƏLƏR

Qala gölünün və onun ətrafının ekoloji bərpası üzrə kompleks tədqiqat işlərinin qısa xülasəsi

  • 18.03.2011

“Ekoloji bərpa layihəsi”

Qala gölünün və onun ətrafının ekoloji bərpası üzrə

kompleks tədqiqat işlərinin qısa xülasəsi

Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ciddi nəzarəti altında ölkədə ekoloji vəziyyətin tənzimlənməsi üçün bir sıra vacib tədbirlərin həyata keçirilməsi layihələri genişləndirilir. Abşeron yarımadasında da abadlaşdırma, yaşıllaşdırma işlərinə geniş vüsət verilmişdir. Kompleks tədbirlər planı çərçivəsində digər layihələrlə yanaşı su hövzələrinin bərpa olunması üçün çirkab tullantı suları təmizlənir, kanalizasiya şəbəkələri yenidən qurulur, neft və digər maddələrlə çirklənmiş ətraf ərazilər müxtəlif üsullarla rekultivasiya edilir, geniş sahələrdə meşələr salınır və digər zəruri tədbirlərin həyata keçirilməsi proqnozlaşdırılır.

Bu istiqamətdə görülən işlərə Abşeron yarımadasında daha böyük ehtiyac vardır. DSK-nın məlumatına əsasən ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialının 70%-i bu ərazidə mövcuddur. Digər tərəfdən, Abşeron yarımadasında sututarları və torpaqlar 150 ildən çoxdur ki, müxtəlif intensiv texnogen təsirlərə məruz qalmışdır. Bu müddət ərzində yarımadada ekoloji təhlükəsizlik normalarına əməl olunmadan quruda və dənizdə neft yataqlarının intensiv istismarı dinamik sürətlə inkişaf etmişdir. Hal-hazırda Abşeron yarımadasında neft hasilatının və digər sənaye sahələrinin inkişafı regionda ekoloji normativlərə daha ciddi əməl etməyi tələb edir. Çünki yarımadanın 30 min ha-dan artıq məhsuldar torpaqları, Xəzər dənizinin sahilləri, su hövzələri, təbii göllər, atmosfer və s. bu kimi sferalar neft, neft emalı, neft-kimya, nəqliyyat, tikinti və digər sənaye sahələrinin tullantıları ilə çirklənməkdə davam etdirilir.  

Ekoloji fəsadların aradan qaldırılması bütün dünya ölkələrinin diqqət mərkəzindədir. Alimlərin hesablamalarına görə insan cəmiyyəti təşəkkül tapandan bəri, meşələrin üçdə ikisi qırılmış, 200 milyon hektardan artıq əkin sahəsi dövriyyədən çıxarılmış, 200-dən çox bitki və heyvan növləri məhv edilmiş, 10 milyard ton oksigen ehtiyatı azalmışdır. Dünyada hər il adambaşına təxminən 20 tondan artıq tullantı düşür.  Nəticədə dəyişkənliyə məruz qalan təbiət insanlar üçün problemə çevrilir. Müasir dövrdə iqtisadiyyatın sürətlə inkişafı çox mürəkkəb ekoloji problemlər yaradır. Odur ki, ətraf mühitdə tarazlığın pozulmasını doğuran səbəbləri aşkar edib onların aradan qaldırılması günün ən aktual məsələlərindəndir.

Azərbaycan Respublikası siyasi və iqtisadi müstəqillik qazandıqdan sonra, digər sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi sahəsində də sərbəst siyasət yürütməyə başladı. 1995-ci ilin noyabr ayının 12-də qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında ilk dəfə olaraq “hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” (39-cu maddə) müddəası öz əksini tapdı.

Neft hasilatı Abşeron yarımadasının 30 min hektardan artıq torpaq sahəsini yararsız hala salmışdır. Bu torpaqların neft və neft məhsulları çirklənmiş üst qatlarında təqribən 20-25 milyon ton qiymətli karbohidrogen ehtiyatlarının toplanması ehtimal olunur. Onların təmizlənməsi və sənaye sahələrində qiymətli xammal kimi istifadəsi həm ekoloji, həm də sosial-iqtisadi baxımdan milli mənafelərimizə müvafiq həll olunmaqdadır. Dövlət səviyyəsində bu istiqamətdə bir sıra işlər həyata keçirilmiş və perspektiv dövrlər üçün tədbirlər layihəsi hazırlanmışdır. Ekoloji mühitin bütün regionlarda sağlamlaşdırılması üçün Azərbaycan Dövləti və Hökuməti yeni layihələrin həyata keçirilməsi üçün müvafiq ciddi qərarlar qəbul edir. 

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli, 1697 saylı Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı”nda  Abşeronun bərpasına aid bir sıra layihələrin işlənilməsi və həyata keçirilməsi məqsəd kimi qarşıya qoyulmuşdur.  Ötən müddət ərzində Kompleks Tədbirlər Planı çərçivəsində bir sıra layihələr müvəffəqiyyətlə həyata keçirilmişdir. Təhlil göstərir ki, ETSN, ARDNŞ, Fövqəladə Hallar Nazirliyinin və digər təşkilatların əməkdaşları ekoloji layihələrin həyata keçirilməsində fəaliyyət dairələrini ilbəil genişləndirirlər.

Bu layihələr çərçivəsində 2011-ci ilin yanvar ayında “İzotop” Xüsusi Kombinatı, Dövlət sularında xilasetmə xidməti, AMEA-nın Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu, “Ecoland” MMC və “Çartis” topoqrafik-geodezik xidmətlər şirkətinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Abşeron yarımadasının Qala qəsəbəsinin qərbində yerləşən gölün və onun ətrafının ekoloji sağlamlaşdırılması məqsədi ilə kompleks elmi-tədqiqat işləri aparılmışdır.  

Bu istiqamətdə aparılan tədqiqatların məqsədi Abşeron yarımadasının çirklənmiş ərazilərində (Qala gölü və onun ətrafında) ekoloji tarazlığın, enerji resurslarından səmərəli istifadənin normativ bazası və onun insan orqanizminə təsirinin ekoloji problemlərinin tənzimlənməsinin təmin edilməsinin təşkilati və sosial istiqamətlərinin mövcud vəziyyətini araşdırıb ehtiyat іmkanlarını aşkara çıxartmaq və onların səmərəli istifadə olunmasını təmin edən təklif və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir. Nəmin məqsədə çatmaq üçün bir çox məsələlərin həlli yolları aparılan tədqiqatların vəzifələrinə daxil edilmişdir. 

Qala qəsəbəsinin qərbində yerləşən gölün geoekoloji vəziyyətinin araşdırılması ilə bağlı əraziyə işçi qrupu tərəfindən texniki tapşırıq hazırlanmışdır. Müvafiq işçi qrupunun hazırladığı rəy və təkliflər aşağıda verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ekoloji problemlərə həsr olunmuş müşavirənin yekun nitqində Abşeron yarımadasındakı neft və digər tullantılarla çirklənmiş göllər haqqında öz  tövsiyə və əməli xarakterli fikirlərini belə ifadə etmişdir: “... bəzi göllər qurudulmalıdır. Ancaq, eyni zamanda, bəzi göllər abadlaşdırılmalıdır, onların suyu təmizlənməlidir və biz insanların istirahəti üçün bu gölləri yaxşı vəziyyətə gətirməliyik. Böyükşor gölü, Zığ gölü, Bülbülə, Hacıhəsən, Qırmızı göl, Masazır, Mirzələvi, Çuxurdərə, Zabrat, Qala, Puta, Daşgil gölləri abadlaşdırılmalıdır. ... Beləliklə, biz bu gün Bakının ətrafında, yəni çox bərbad mənzərə yaradan, müxtəlif məişət tullantıları ilə, neft tullantıları ilə, digər zəhərli maddələrlə çirklənmiş bu gölləri təmizləyəcəyik. ....2010-cu il Azərbaycan tarixində nəinki "Ekologiya ili" kimi qalacaq və Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dönüş ili kimi yazılacaqdır. Mən …konkret təkliflər gözləyirəm ki, biz onları tezliklə reallaşdıraq” .

Qeyd edək ki, Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur. Bu  göllərə il ərzində 41,5 mln. m3 müxtəlif tərkibli çirkab suları  axıdılır. Suların tərkibində neft məhsullarının, ağır metalların və digər zəhərli maddələrin qatılığı yol verilən normadan dəfələrlə çox olduğundan göllərin dib çöküntülərində radionuklidlərin artması müşahidə olunur. Təsərrüfat-məişət tullantı sularının da göllərə və ətraf ərazilərə axıdılması Abşeron yarımadasında kəskin olan ekoloji vəziyyəti daha da mürəkkəbləşdirir.  

Ekoloji problemlərin həll edilməsi məqsədilə ETSN tərəfindən digər layihələrlə birlikdə, «Abşeron yarımadasında yerləşən göllərin və digər sututarların ekoloji vəziyyətinin sağlamlaşdırılması» layihəsi də işlənib hazırlanmışdır. Lakin təhlil göstərir ki, bu tədqiqatların tam həyata keçirilməsi bir sıra təşkilati və maliyyə problemləri ilə bağlıdır. Ona görə də yarımadadakı bütün göllərə dair ekoloji, geoloji-morfoloji və digər tədqiqat işləri başa çatdırılmamışdır.    

  Hesab edirik ki, əldə olunan məlumatların kompleks təhlili, təklif və tövsiyələrin hazırlanması, nəinki Qala gölünün, eləcə də digər göllərin və onların ətrafının təmizlənməsi, torpaqların bioməhsuldarlığının bərpa edilməsi və ətraf mühitin sağlamlaşdırılmasına köməklik göstərəcəkdir.

Gölün 110 il bundan əvvəlki hərbi xəritədə  yeri göstərilib. Cənub- şərqdə indiki ərazinin təxminən 25 %-i qədər mövcud olan bu göl “duzlu göl” adlandırılıb. Yerli əhali əvvəllər gölün quruyan hissəsindən və suyundan məişətdə işlətmək üçün duz emal etmişlər. Heyvandarlıqda bu gölün duzu daha yararlı hesab olunurmuş.

Gölün şimal sahilində neft-qaz infrastrukturu obyektləri yerləşən sahələrdə neftlə çirklənmə çox yüksək həddə çatmaqla 30-70% təşkil edir. Şimal tərəfdə neftlə çirklənmənin dərinliyi 80-100 sm-dir. Digər sahələrdə neftlə çirklənmə nisbətən aşağıdır (10-20 sm).

Tədqiqatlara və yerli sakinlərin məlumatlarına əsaslanaraq bu nəticəyə gəlmək olar ki, gölün suyunun artmasının əsas mənbəyi onun şimal sahilini əhatə edən ərazidə hazırda fəaliyyət göstərməyən keçmiş “Əzizbəyovneft” NQÇİ-nə məxsus neft quyularından axıdılan və əvvəllər bu ərazidə yerləşən neft ayırıcı qurğunun (separator) fəaliyyəti ilə bağlı ayrılan lay suları olmuşdur. Keçmiş neft quyularının və digər neft-qaz infrastrukturu obyektlərinin qalıqları indiyə kimi ərazidə qalmaqla, onların yerləşdiyi və bitişik sahələrin müxtəlif dərəcədə neftlə çirklənməsinə səbəb olmuşdur.

Bir çox konversasiya olunmuş neft-qaz quyuların qalıqları gölün içində və ətrafında qalmaqdadır. Ətrafda olan neft quyularından gölə axan çirkab suların qarşısı yerli icra hakimiyyətinin layihəsi əsasında qismən alınıb.  Lakin gölün şimal-qərb hüssəsindən keçən suvarma borularındakı nasazlıqlar kifayət qədər suyun gölə axıdılmasına münbit şərait yaradır. Nasaz boru kəmərlərinin təmiri ilə yerli icra orqanları tərəfindən layihələr hazırlanıb. 

Gölün içərisində olan iki konversasiya olunmuş quyudan və ətraf ərazilərdən qaz və su çıxır. Ehtimal olunur ki, neftlə birlikdə həmin sahədən nümunə üçün götürülən suda daha çox karbohidrogen qarışığı vizual gözlə də görünür. Belə nəticə çıxarmaq olar ki, qazılan buruqlar kifayət qədər germetik bağlanmayıb və ya aşınma öz təsirini göstərib. Köhnə neft mədənlərində istifadə olunan yardımçı təsərrüfat üçün istifadə edilən süni neft gölləri də baxımsız qalıb. 

   Gölün topo-geodeziya təsviri: Qala gölü şimal-qərbdən cənub-şərq istiqamətinə uzanmaqla uzunluğu 2900 m, eni 250-350 m-dir. Gölün sahəsi təxminən 90 ha, suyunun həcmi 2 milyon m3-dən çoxdur. Gölün ümumi görünüşü aşağıda verilmişdir. Gölün şimalında maksimal dərinlik 2.5 m, orta hissəsində 7.0 m, cənubunda isə 5.5 metrdir. Gölün dibi ovalvaridir. Göl morfoloji baxımdan eroziya-deflyasiya mənşəlidir. Sahə eroziyaya uğradığından texnogen dəyişikliklər çoxdur. Gölün ətrafı neft qalıqları, sənaye və məişət tullantıları ilə ciddi çirklənməyə məruz qalıb. Gölün yaxınlığında yaşayış və ya bağ sahələri salınıb, ləğv olunmuş neft-qaz quyuları müasir tələblərə müvafiq konservasiya olunmayıb. Ərazidə açıq qoruq, kənd təsərrüfatı obyektləri, işləməyən neft quyuları, torpaq yollar, fəaliyyətdə olan və olmayan kommunikasiya xətləri və s. vardır.

Gölün şimal tərəfi neft-mədən sularından, boru kəmərlərindən, neft quyularından və s. mənbələrdən axıntılar və sızmalar nəticəsində daha ciddi çirklənməyə məruz qalmışdır. Torpağa yayılmış və hopmuş xam neft karbohidrogenləri polimerləşərək çoxillik axıntı yerlərində bitum qatı yaratmışdır.  Gölün şimali-şərq hissəsi nisbətən düz ərazidir. Cənuba getdikcə ərazidə relyef dəyişikliyi müşahidə olunur. Gölün cənub-şərq sahilində relyef səviyyəsi 400 m məsafədə 10-15 m dəyişməkdədir. Gölün qərb sahili də relyefli ərazidir. Burada da yüksəklik eyni qaydada dəyişir.

 

Qala gölünün ümumi görünüşü

 Ərazinin çirklənmə dərəcəsi müxtəlifdir. Gölün şimal sahilində neft-qaz infrastrukturu obyektləri yerləşən sahələrdə neftlə çirklənmə çox yüksək həddə çatmaqla 30-70% təşkil edir. Şimal tərəfdə neftlə çirklənmənin dərinliyi 80-100 sm-dir. Digər sahələrdə neftlə çirklənmə nisbətən aşağıdır (10-20 sm).

Gölün üzəri nazik neft təbəqəsi, dibi isə yumşaq təbəqə ilə əhatə olunmuşdur. Oradan götürülmüş nümunələrin kimyəvi təhlilinə görə bu ağır neft qarışığı olan gilli qalıqlardır.

Gölün geoloji quruluşu: Tektonik baxımdan Qala gölünün ərazisi Şərqi Abşeron sinklino­riumun­da, şimal-qərbdən cənub-şərq istiqamətində uzanan Qala antiklinalının şərq qanadında yerləşir. Qala gölünün mərkəzi və şimal hissəsini kəsməklə qərb-şərq istiqamətində  2 dərinlik qırılması ehtimal olunur. Bununla yanaşı gölün şimal-qərb hissəsində 3 km uzunluğunda Balaxanı mərtəbəsində qırılmanın olması da geoloji baxımdan təyin olunmuşdur. Ərazidə Abşeron yaşlı süxurlar 3-5º bucaq altında şərq və şimal-şərq istiqamətində yatmışlar.

 

Qala gölünün sxematik geoloji xəritəsi

 Gölün geoloji vəziyyəti və su balansı: Qala qəsəbəsinin cənub-qərbində eroziya-deflyasiya mənşəli çökəklikdə yerləşən göl morfoloji baxımdan təbiidir. Onun müxtəlif üsullarla tədqiqi göstərilmişdir ki, bu göl XX əsrin 40-cı illərinə qədər kiçik bir ərazini (40-50 ha) əhatə etməklə təbii hidroloji rejimi (qış-yaz maksimum və yay-payız minimum səviyyəsi) ilə fəaliyyət göstərmişdir. XX əsr boyu Abşeron yarımadasında sənayenin, xüsusən də neft sənayesinin sürətli inkişafı, yaşayış məntəqələrinin genişlənməsi və onların da çox hissəsində kanalizasiya sisteminin qeyri-qənaətbəxş fəaliyyəti təbii göllərin hidroloji rejiminə ciddi təsir göstərmişdir. Bunun da nəticəsi olaraq Qala gölündə də su səviyyəsi yüksəlmiş, əraziləri genişlənmiş və göl ətrafında neqativ geoekoloji problemlərin intensivləşməsi müşahidə olunmaqdadır.  

Qeyd etmək lazımdır ki, 2 hissədən ibarət olan bu göl Qala kəndinin həyatında mühüm rol oynamaqla, duz istehsalında xammal mənbəyi kimi istifadə olunmuşdur. Şimal hissədə gölün suyu şirin (1.0-3.0 q/l), cənub hissədə yerləşən gölün suyu isə duzlu (>150 q/l) olmuşdur. Sonrakı müddətdə gölün şimal qərbində yerləşən keçmiş “Əzizbəyovneft” NQÇİ-nin neft buruqları və neft  ayırıcı qurğularından (seperator) axıdılan lay suları hesabına gölün su həcmi və ərazisi xeyli genişlənmişdir. Gölün su həcminin, ərazisinin genişlənməsi nəticəsində paralel lay suları gölə daxil olan neft məhsulları ilə qarışaraq onun çirklənməsini xeyli intensivləşdirmişdir.

Gölün içərisində və sahilində fəaliyyətini dayandırmış və qismən fəaliyyət göstərən onlarla neft buruqlarının mədən suları, ətrafda yerləşən kiçik ölçülü neftli gölməçələrin çirkab suları onilliklər boyu birbaşa bu gölə axıdılmışdır. Aparılmış hidrogeoloji tədqiqatlar göldən ətraf ərazilərə su axınının olmadığını göstərir.

Atmosfer yağıntılarının Abşeron yarımadasına düşən illik həcminin 250 mm, göl hövzəsinin su toplayan sahəsinin 12 km2, gölün indiki səthinin 1 km2 olduğunu nəzərə alaraq gölün su balansı aşağıdakı kimi qiymətləndirilir.

Cədvəldən görünür ki, gölün səviyyəsinin  indiki vəziyyətdə saxlanması üçün əlavə (0.96 l/s) suyun gölə vurulması tələb olunur. Digər istənilən səviyyədə saxlanılması üçün isə gölün su balansında iştirak edən sənaye və digər mənbələrdən daxil olan yerüstü axının həcmi korrektə olunmalıdır. Son illərdə Qala kəndi inkişaf edərək gölün şimal-şərq sahili boyu xeyli genişlənmişdir. Yaşayış məntəqəsində əsaslı kanalizasiya sistemi olmadığı üçün göstərilən ərazinin tullantı suları da gölə axıdılır. Gölün cənub və cənub-şərq ətrafında məişət və tikinti tullantılarından  yaranmış 3 ha-dan artıq zibilliklər ərazisi də mövcuddur.

Hal-hazırda Qala gölünün su balansında təbii (atmosfer yağıntıları, buxarlanma, qrunt suları ilə qidalanma) və süni (sənaye və lay suları, kanalizasiya axınları) amillər xüsusi rol oynayır.

Qala gölünün su balansı

 
 

Suyun gəlir elementləri

Həcmi l/s

Ümumi balansdan %-lə

Sıra №si

Suyun çıxışı

Həcm

l/s

Ümumi balansdan

%-lə

 

Atmosfer yağıntıları

7.93

21.3

1

Gölün su sət­hindən bu­xar­lanması

38.05

100

 

Göl hövzəsinə düşən atmosfer yağıntılarından gölə axın

23.78

64.1

 

 

 

 

 

Qrunt sularının axını

0.13

0.4

 

 

 

 

 

Təzyiqli lay sularının gölə axını

1.25

3.4

 

 

 

 

 

Neft və sənaye sularının

gölə axını

4.00

10.8

 

 

 

 

 

Cəmi

37.09

100

 

 

38.05

100

 Gölün iqlimi: Ərazinin iqlimi mülayim-isti, yarımsəhra və quru səhra tipinə malikdir. Yay aylarında isti, qış aylarında isə soyuq iqlim üstünlük təşkil edir. Bakı meteoroloji stansiyasının  çox illik müşahidələrinə görə havanın orta illik hərarəti 14.2 ºC təşkil edir. Hərarətin mütləq maksimumu 42 ºC iyul, mütləq minimumu isə mənfi (-15ºC) yanvar ayları üçün xasdır. Yay aylarında torpağın hərarəti 47º-48 ºC-yə çatır. Qışda torpağın donma dərinliyi 0.4 m-dən artıq olmur.

Ərazidə il boyu əsasən  şimal (“nord”) küləkləri əsir və ümumi küləklərin 1/3 hissəsini təşkil edir. Onların orta illik sürəti 6.7 m/s, bəzən 15-20 m/s və hətta 30-40 m/s –yə çatır. Cənub və cənub-qərb küləklərinin orta illik sürəti 7 m/s təşkil edir. Müsbət hərarətli günlərin sayı 255-293  arasında dəyişir. Atmosfer yağıntılarının illik həcmi 240-260 mm təşkil edir. İllik buxarlanma çox yüksəkdir və 1150-1250 mm arasında  dəyişməklə əsas həcmi may-sentyabr aylarında qeydə alınır. Havanın orta illik nisbi nəmliyi 68-71 % olmaqla, qışda (dekabr-yanvar aylarında) 79-84 %, yayda isə 52-58 % təşkil edir.

Geomorfoloji quruluşuna görə tədqiqat sahəsi terraslaşmış abraziya-akkumlyativ düzənlikdir. Qeyd etmək lazımdır ki, gölün qərb hissəsindəki yamacda yerüstü suların fəaliyyəti ilə yaranmış və gölə istiqamətlənmiş dərinlikləri 7-8 m, eni 5-6 m-ə qədər olan 5 yarğan mövcuddur.

Hidrogeoloji şərait: Regional hidrogeoloji şərait baxımından tədqiqat sahəsi Şərqi Abşeron sinklinoriumunun şərqində yerləşir. Ərazidə qrunt sularının yatma dərinlikləri 0.0-0.2 m-dən 10-20 m intervalında yerləşir.

Gölün sahili boyu qrunt suları 0-5 m, kənarlarında isə 5-10 m və daha dərində yatırlar. Qala gölünün şimal-şərq hissəsində X valın yaşlı qumdaşı və qumlarla əlaqədar qrunt sularının ümumi minerallaşma dərəcəsi 1-3 q/l intervalında dəyişməklə Qala kəndinin əhalisinin məişət, suvarma və digər məqsədlər üçün su təminatında geniş istifadə olunur. Su təminatı məqsədilə istifadə olunan ovdan və quyuların 50-yə yaxını bilavasitə gölün şimal-şərq sahilindən 30-60 m məsafədə yerləşmişdir. Hal-hazırda qeyd edilən ovdan və quyuların bir hissəsi öz fəaliyyətini dayandırmışdır.

Göldə su səviyyəsinin yüksəlməsi ilə əlaqədar yaxında yerləşən ovdanların suyunun hidrokimyəvi tərkibi dəyişmiş, suyun duzluluğunun yüksəlməsi intensivləşmişdir. Bunların nəticəsi olaraq bir çox ovdanlar yararsız vəziyyətə düşmüşdür.

Gölün digər ətrafında yerləşən, xüsusən də Abşeron yaşlı süxurlarla əlaqədar olan qrunt sularının ümumi minerallaşma dərəcəsi 10-20 q/l və daha çoxdur.

Aparılmış hidrogeoloji tədqiqatların nəticəsi, göl ətrafında Xəzər və X valın yaşlı çöküntülərlə əlaqədar olan qrunt suları axınının gölə doğru istiqamətləndiyi müəyyən olunmuşdur (cizgi 3). Bu axının orta illik həcmi 4000 m3 (0.13 l/san) olmaqla gölün su balansında cüzi rol oynayır. Sulu horizontların süzülmə əmsalının maksimum həddinin 0.1-2.0 m/gün civarında dəyişməsi bu fikri bir daha təsdiqləyir.

Neftşlam nümunələrinin analizi: Neftli ərazilərdən götürülmüş qrunt nümunələri xloroform, benzol, spirt-benzol və toluol kimi həlledicilərdə ekstraksiya olunmuşdur. Analizin nəticələri göstərmişdir ki, qruntların tərkibində neft məhsullarının miqdarı 2.3-4.7% təşkil edir.

Qrunt nümunələrində neft məhsullarının miqdarı 

Sıra sayı

 

Analizin adı

Quru qalığa görə, %-lə

Xüsusi çəkisi, q/sm.kub

1

Üzvi hissə/neft məhsulları

4.7

2.2

2

Üzvi hissə/neft məhsulları

1.1

2.4

3

Üzvi hissə/neft məhsulları

2.3

2.3

    

Radioloji monitorinq: Qala gölünün ətrafının 10-20 m enində radioloji monitorinqi və bütün göl ətrafı zolaqda dozimetrik ölçmələr nəticəsində müəyyən olunmuşdur ki, gölün şimal-qərb sahilində bəzi nöqtələrdə qamma şüalanmanın ekvivalent doza gücü 0,3-0,7 mkR/saat intervalındadır (4). Bu adi fon səviyyəsindən yüksəkdir. Çirklənmə lokal xarakter daşıyır. Gölün ətrafındakı digər sahələrdə qamma şüalanmanın ekvivalent doza gücü adi fon səviyyəsinə uyğun olaraq 0,06-0,14 mkR/saat intervalındadır. Nümunələrin götürüldüyü nöqtələr ərazinin sxematik planında göstərilmişdir.

 

 Qala gölünün ətrafında qamma-şüalanma fonunun tədqiqi nəticələri

Analiz nəticəsində müəyyən olunmuşdur ki, bu nümunələrin tərkibində yalnız təbii radionuklidlər mövcuddur.

 

Qala gölünün ətrafında qamma-şüalanma fonu yüksək olan nöqtələr

 Qala gölünün və onun ətrafının müşahidəsi zamanı  müəyyən olundu ki, gölün neftlə çirklənmiş 6 ha ərazisi (şimal hissəsi) tullantılardan təmizlənmədən kənardan torpaq daşımaqla doldurulmuş və hamarlanmışdır. Həmin sahil zolağında yaşıllaşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Fikrimizcə, bu cür ərazilərdə ekoloji bərpa işlərinin aparılması layihələri təkmilləşdirilməlidir. Hesab edirik ki, Qala gölündə və onun ətrafının ekoloji bərpası layihəsinin mərhələlərlə icrasına elmi əsaslarla ciddi nəzarət edilməlidir. Ona görə də Abşeron yarımadasındakı göllərin ekoloji bərpası ilə əlaqədar layihələrin işlənilməsində aşağıda şərh olunan mərhələlərin nəzərə alınmasını məqsədyönlü hesab edirik.

I. İlkin sənədlərin hazırlanması:

1.1. Hər hansı bir gölün və ətrafının təmizlənmə dərəcəsinə müvafiq hüquqi əsasların formalaşdırılması. Sahənin sərhədlərinin dəqiqləşdirilməsi (kadastr arayışlarının müvafiq icra orqanlarından alınması, sahənin bərpa işlərini həyata keçirən orqana həvalə olunması haqqında müqavilələrin imzalanması və s. 

1.2.                     Arxivlərdən, kitabxanalardan və s. mənbələrdən göllər haqqında informasiyaların əldə edilərək öyrənilməsi, sistemləşdirilməsi, kataloqların (cədvəllərin, xəritələrin və s.) tərtibi, hidrometroloji məlumatların öyrənilməsi.

1.3.                     Ərazinin aero və ya süni peykdən şəkillərinin çəkilməsinə dair sifarişlərin verilməsi. Şəkillərin tələb olunacaq miqyasda deşifrə edilməsi və onların ərazi üçün tərtib edilmiş kadastr sənədləri ilə tutuşdurulması.

1.4. Təhlükəsizlik və yanğına qarşı tədbirlərin işlənilməsi və s.

II. Axtarış , tədqiqat işlərinin aparılması proqramlarının tərtibi:

2.1.  Tədqiqat işlərinə aid proqramın tərtibi və layihə komandası ilə razılaşdırılması.

2.2 İşi həyata keçirən heyətin, işin həcminin, texnoloji üsulların, avadanlıqların, nəqliyyat vasitələrinin, təqvim planının müəyyənləşdirilməsi.  

2.3. Sahənin radioloji tədqiqi, neftlə çirklənmiş ərazilərdə neft məhsullarının torpağa hopma dərinliyinin müəyyənləşdirilməsi, qrunt sularının çirklənmə dərəcəsinin və səviyyəsinin tədqiqi, sahədə torpaq altında və üstündə olan neft quyularının, su borularının, kabellərin və s.-nin müəyyənləşdirilməsi.

III. Hazırlıq işlərinin həyata keçirilməsi üçün təklif olunan tədbirlər:

     3.1. Sahədən məişət tullantılarını yığmaq üçün briqadanın yaradılması. Təmizlik işləri üçün sahənin hazırlanması, məişət tullantılarının istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, sahədəki obyektlərin müəyyənləşdirilməsi.

3.2. İşləməyən quyuların, yaxınlıqda yerləşən neft çənlərinin germetikləşdi­ril­mə­ səviyyəsinin yoxlanılması.

3.3. Təmizlənmiş neft qalıqlarının toplanması yerlərinin hazırlanması.

3.4. Demontaj olunacaq quyuların müəyyənləşdirilməsi.

3.5. Sahədə kanalizasiya xətlərinin mövcud xətlərə birləşdirilməsi.

3.6. Kadrların və xidmətedici heyətin seçilməsi və hazırlanması.

Qala gölünün və onun ətrafının ekoloji bərpası üçün aparılmış kompleks tədqiqat işlərinə aid məlumatlar təhlil edilərək işçi qrupu tərəfindən Qala gölünün indiki vəziyyətinin tam qiymətləndirilməsi, yerinə yetiriləcək tədbirlərin effektliyini təmin etmək üçün gölün geoloji quruluşu, su balansı, hidrogeoloji şəraiti, iqlimi, radioloji monitorinqi öyrənilmiş, dibi və hövzəsinin 1:1000 miqyasında topoqrafik xəritəsi hazırlanmış və onların əsasında layihə həlli təklif edilmişdir.

              Gölün sağ sahilində Qala qəsəbəsinin yaşayış evlərinin və bostan sahələrinin, sol sahilində isə sahibkarlıq fəaliyyəti aparılan (hasarlanmış sahələr) ərazilərin mövcudluğu gölün abadlaşdırılması və rekultivasiyası imkanlarını yaradır.

İlkin araşdırmalara görə istismardan çıxarılmış neft quyularından sızmaların ləğv olunması və gölün şimal sahilində neftlə çirklənmiş torpaqların təmizlənməsi şərtilə gölün suyunun qurudulması və yerinin rekultivasiyası hesabına bu ərazinin istifadəyə qaytarılması mümkündür.

 

B.Ə.Əhmədov, ADNA-nın dosenti,

                                            iqtisad elmləri üzrə fəlsəfə doktoru,   

   A.T.Hüseynov, ekoloji layihələr üzrə menecer