MƏQALƏLƏR

Media ailəsinin ən gənc üzvünə uğurlar

  • 01.04.2011

Media ailəsinin ən gənc üzvünə uğurlar

7 may 2009-cu il – Azərbaycan Mətbuatı tarixinə əlamətdar gün kimi daxil oldu. Bu qədər qəzet və jurnal bolluğuna baxmayaraq, cəmiyyətdə dini maarifləndirmə sahəsində boşluğu aradan qaldırmaq üçün ölkəmizdə yeni nəfəsdə, yeni düşüncə və tərtibatda bir mətbu orqana ehtiyac duyulurdu. Məhz bu zərurətdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi «Cəmiyyət və Din» qəzetini təsis etmək məsuliyyətini öz üzərinə götürdü.

Elə o gündən də “Cəmiyyət və Din” oxucuların sevimlisinə çevrildi.

Qəzetin başlıca qayəsi dövlətimizin dini fəaliyyət sahəsində müəyyənləşdirdiyi siyasətin müxtəlif sosial təbəqələr, ayrı-ayrı konfessiyalar arasında elmi-kütləvi formada yaymaq, dini etiqad azadlığına dair qanunvericilik aktlarına əməl olunmasını öz səlahiyyətləri və imkanları səviyyəsində şərh etmək, bu sahədə nümunəvi təcrübənin təbliğinə böyük diqqət yetirməkdir.

Dinlə bağlı məsələlərin təhlilinə, onun dindarlar tərəfindən anlaşılmayan ünsürlərdən, yad söz və söz birləşmələrindən təmizlənməsinə xüsusi ehtiyac var və biz çalışırıq ədəbi dilimizə yad olan sözlərdən cüzi istifadə edək. Milli ənənələrə söykənərək, heç bir dini ədavətə yol verməmək, dinlərarası münasibətləri stabil saxlamaq, dini siyasiləşdirmək meyillərinin qarşısını almaq bu qəzetin diqqət mərkəzindədir.

“Cəmiyyət və Din” respublikamızda mövcud qanunlar çərçivəsində fəaliyyət göstərən bütün dini qurumlarla, din, elm və incəsənət xadimlərilə, bu günümüzün reallıqları və sabahı, onun çiçəklənməsi şərəfinə çalışan ziyalılarla, bir sözlə, millətimiz üçün ləyaqətli söz sahibləri ilə əməkdaşlıq etməyə hər zaman maraqlıdır.

Respublikamızın qazandığı uğurlu sosial-iqtisadi nailiyyətlər, beynəlxalq nüfuz ölkə başçısının bütün sahələrdə, o cümlədən dini sahədə apardığı siyasətlə, hakimiyyətdə və cəmiyyətdə yaradılan, qorunub saxlanılan sabitliklə sıx əlaqədardır. Bugünkü Azərbaycan dünya ölkələri ilə, xüsusilə İslam Şərqi ilə sosial-siyasi həyatın bütün sahələrində yüksək səviyyəli iş birliyi qurmağı özünün xarici siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir.

“Cəmiyyət və Din”  rəsmi və dünyəvi qəzetdir. Qəzetdə dövlət başçısı İlham Əliyevin bütün rəsmi görüşləri, ölkədə keçirilən əhəmiyyətli tədbirlər ardıcıl olaraq işıqlandırılır. Prezident İlham Əliyev 5-6 noyabr 2010-cu ildə Bakıda “Dinlərarası dialoq: Qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda keçirilmiş beynəlxalq konfransın açılışı mərasimindəki nitqindən «Azərbaycan çoxmillətli ölkədir və biz bu amillə fəxr edə bilərik. Əsrlər boyu ölkəmizdə, Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayıblar, yaradıblar. Azərbaycanın bu gün müstəqil ölkə kimi inkişafında ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin çox böyük rolu vardır» fikirlərini əsas tutaraq «Cəmiyyət və Din» qəzeti bu istiqamətdə işlər aparır, Respublika Prezidentinin tövsiyələrinin layiqincə həyata keçirilməsində malik olduğu mətbu kürsüdən geniş istifadə etməyə çalışır.

Azərbaycan müsəlman ölkəsidir, əhalisinin 96 faizi İslama etiqad edir. Yəhudiliyin Azərbaycanda iki min altı yüz ilədək, Xristianlığın isə iki min illik tarixi var. Qibtə olunası faktdır ki, belə bir uzun zamanda ölkəmizin ərazisində yaşayan müxtəlif din və konfessiya nümayəndələri arasında indiyədək heç bir qarşıdurma olmamışdır və əminik ki, bu gözəl ənənənə bundan sonra da qorunub saxlanılacaqdır. Çünki Azərbaycanda tolerant mühit, sözün həqiqi mənasında, gerçəklik və həqiqətdir, əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərdir.

Azərbaycan İslam dünyasının bir parçasıdır və Azərbaycan xalqı öz dini və milli ənənələrinə sadiqdir. Ölkəmiz İslam Konfransı Təşkilatının üzvü olmaqla yanaşı, Avropanın nüfuzlu beynəlxalq təşkilatlarında fəal təmsil olunur. Dövlətimizin başçısı demişdir ki, eyni zamanda, Azərbaycan coğrafi vəziyyətinə görə bəzi Avropa təşkilatlarının da üzvüdür. Respublikamız öz dini və milli ənənələrinə sadiq olmaqla bərabər, bölgədə bütün millətlərin nümayəndələrinin normal yaşaması və fəaliyyəti üçün də əlindən gələni edir.

“Cəmiyyət və Din” respublikamızın rəngarəng media aləminin ən gənci, həmçinin  «Mətbuat Şurası»nın üzvüdür. Və gənc olmasına baxmayaraq, «Söz» sahibi olan və artıq özünü yüksək səviyyədə doğrultmuş bir qəzetdir. Bu günlərdə qəzet öz oxucuları ilə 100-cü dəfə görüşür, 100-cü dəfə minlərlə ailəyə qonaq olur.  Biz həmkarlarımızı, “Cəmiyyət və Din” qəzetinin bütün əməkdaşlarını 100-cü say münasibətilə ürəkdən təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

 “İQTİSADİYYAT”