PORTRET

Böyük sevgilərə bürünmüş nəğmələr... İstedadlı bəstəkar Aygün Səmədzadənin möhtəşəm konsertindən düşüncələrim...

  • 11.12.2015

Elə yazılar var ki, onu yazmaq üçün saatlarla düşünürsən. Cümlələr batmana dönüb söz kötüyündən çıxmır ki, çıxmır. Elə yazılar da var ki, hər şey içində kükrəyib daşır. İlhamın cilvələnib sözləri inci kimi sətirlərə nəqşləyir. Bir də ayılırsan ki, qəlbindən coşqu ilə axan söz şəlaləsi əlvan bir gül dəmətinə dönüb.

Əlbəttə ki, dərin istedad sahibi,  düşüncəsinin və içdən qoşduğu musiqinin fəlsəfəsinə inanan və inandıran Aygün Səməzdazdənin əsərlərindən aldığım təəssürat mənə bunları yazmağa əsas verir.

Bu günlərdə Heydər Əliyev Sarayında keçirilmiş “Biri varmış, biri yoxmuş” adlı yaradıcılıq gecəsinin möhtəşəm əlvanlığında onun zənginliyini bir daha dərk etdim. Təsirli şeirlər şairin içindən qopan fəryadı olduğu kimi, gözəl melodiyalar da onun müəllifinin iç dünyasından, ruhundan haraylanan qarşısıalınmaz bir seylabdır. Əlbəttə ki, istedadlar diyarı olan məmləkətimizdə zaman-zaman yaşayıb-yaratmış bəstəçi qadınlarımız olub və bu silsilə davam edir. Ağabacı Rzayeva, Şəfiqə Axundova, Ədilə Hüseynzadə, Elza İbrahimova, əsərləri ilə Avropanı fəth etmiş Firəngiz Əlizadə və bu günlərimizin ən talantlı bəstəçisi Aygün Səmədzadə... Onların bəstələrini oxucuya bir daha xatırlatmağa ehtiyac yoxdur. Hər bəstəkarın öz üslubu, dəst-xətti, melodiya əlvanlığı var. Hər birinin əsərləri illərin sınağından keçib, nəsil-nəsil müğənnilərimizin repertuarında səslənib. Sonuncu qadın bəstəkar Aygün Səmədzadənin konsertindən aldığım təəssürat o qədər güclü və duyğuludur ki... Əslində bilmirəm bu populyar sənətçini necə təqdim edim ki, fikrimi sözün əsl mənasında çatdıra bilim. Yaradıcılıq gecəsindəki ilk çıxışında özünün dediyi kimi,

“Anamın arzularına sığındım.

 Atamın ümidlərindən ruhlandım.

Dostlarımın sədaqətindən, düşmənin nifrətindən güc aldım!

Müəllimlərin etimadına arxalandım,

Övladlarımızın gələcəyinə inandım!

Bu torpağın suyunu, havasını, sevgisini içimə çəkdim

 və hər şey musiqiyə döndü.

Böyük sevgiyə bürünmüş mahnılar belə yarandı...”

Heç bir şərhə ehtiyacı olmayan Aygün xanımın köksündən qopan bu fəlsəfə əslində onun yaradıcılıq kredosudur.

Bülbül adına orta ixtisas musiqi məktəbini, sonra isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Hazırda bu akademiyanın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət xadimi, Bəstəkarlar İttifaqının üzvüdür. 100-dən artıq mahnının, “Qatil”, “Yad qadının məktubu”, “Şekspir”, “Əmir Teymur” kimi dram tamaşalarının, “Əlavə təsir”, “Sirr”, “Axırıncı dayanacaq” filmlərinin musiqi bəstəçisidir.

Əslində cəmi bir neçə cümləyə sığan bioqrafiyasının arxasında  bir ömrün ümman qədər zəhməti, əziyyət və həyəcanları vardır. Aygün Səmədzadənin soyadı bizə hər şeydən  əvvəl böyük, qədim bir köyün, tarixən təsdiq olunmuş əslzadə bir şəcərənin defakto təsdiqidir. Atası Azərbaycanın iftixarı, iqtisadiyyat elminin nəhəng mogikanı, akademik Ziyad Səmədzadədir. O, Ziyad Səmədzadə ki, Xəzərin ən füsunkar bir guşəsində ta qədimdən məskunlaşmış Boz oğuzların yurdu, Buzovna kəndindəndir. O, Buzovna ki, bu torpaqda Hacı İsgəndər adlı xalq qəhrəmanı, qəzəlxan Vahidin ustadı, “Oğuznamə”nin müəllifi Məşədi Azərin, “Məcməüs-şüəra” adlı ədəbi məclisin rəhbəri olmuş Haşim bəy Saqinin və onun qızı, xalq artisti Nəcibə Məlikovanın, Azərbaycan teatr sənəti haqqında ilk elmi əsər yazan, böyük aktyor Sidqi Ruhullanın, gözəl aktrisa Nəsibə Zeynalovanın atası Kərbəlayi Cahangir Zeynalovun, kaman ustaları Arif, Nazim, Toğrul Əsədullayevlərin, böyük ilahiyyatçı alim Hacı Soltan Əlizadə, ustad xanəndə Nəriman Əliyevin, ensiklopediyamızın yaradıcılarından olan Rəhimağa İmaməliyev, şair Cəfər Rəmzi, qaboy ustası Kamil Cəlilov, klarnet ifaçısı Nadir Axundov, əməkdar artist Mirzə Ağabəyli, bu günlərimizin məşhur qəzəlxan şairi Arif Buzovnalı, əməkdar jurnalist Üzeyir Muradovun və saymaqla tükənməyən istedadlar, ziyalılar torpağıdır Buzovna...

Səmədzadələr şəcərəsinin, Məşədi Əliabbas babanın bizlərə məlum olan ziyalı övladları Şamil və Nazim Səmədzadələr, akademik Z.Səmədzadə və onun istedadlı övladları – bəstəkar Aygün Səmədzadə, həkim və iqtisadçı, “Iqtisadiyyat” qəzetinin baş redaktoru Aytən Səmədzadə, istedadlı iqtisadçı alim Elşad Səməzdazə və bu ziyalı nəslin davamçıları olan nəvələr, nəticələr... Bu şəcərənin hər bir üzvü ilk növbədə əsilzadə, alicənab, yüksək mədəniyyət və ən əsası tanrı bəxşişi olan istedadla səciyyələnir. Səmədzadələr şəcərəsi təkcə elm və ziyalılıq təcəssümü deyil, həm də babadan nəvəyədək Azərbaycanın milli dəyərlərinə, xüsusilə incəsənətinə və musiqisinə bağlılığı ilə tanınır.

Bu yazıda əslində o gözəl konsert gecəsinin xeyfindən çıxmaq istəməzdim. Lakin bu tanıtmalar da həlqənin özül bəndləridir. Əlbəttə ki, genetik kökə bağlılıq məhz uğurların ilk açarlarıdır.

Səhnədə müğənnilər – Brilyant Dadaşova, Nisə Qasımova, Lalə Məmmədova, Aygün Bəylər, Ayaz Qasımov, Eyyub Yaqubov, İlqar Muradov, Nurlan Növrəsli  və başqaları ifalarını təqdim etdikcə, onun bəstələdiyi rəqs nömrələri sıralandıqca, nəhayət, çox böyük istedad sahibi, dirijor Teymur Göyçayevin Kamera orkestrinin ifası ilə səslənmiş Aygün xanımın çox ciddi klassik melodiyaları tamaşaçıları sözün əsl mənasında öz rayihəsinə bürüyərək məst etmişdi. Mənə daha çox xoş gələn Dağlılar rəqsi idi. Çünki bu rəqslə canımız həm ləzginkadan qurtuldu, həm  də qafqazlı olduğumuz bu çilğın rəqslə bir daha möhürləndi. Bu mahnılar sanki intəhasız və rəngli  uşaq koleydoskopu tək bir nağıldı, özü də belə başlar: Biri varmış, biri yoxmuş...   Ümumiyyətlə, konsertin təşkili, tərtibi və işıqlandırılması, sarayın bu konsert üçün hazırlanması bu möhtəşəmliyi bir qədər də artırırdı. Hələ Aygün xanımın özünün çox zərif və titrək səslə ifa etdiyi həzin mahnılar...

Mən dünyaya əl uzatdım,

Dünya mənə baxdı keçdi.

Səadətim şimşək kimi,

Bir an mənə çaxdı keçdi.

Yaxud:

İçimizə dolan sevgini, arzuları, xatirələri tərənnüm edə bilmək,

İlahidən gələn bəxş

Bizi eşidənlərin, sevənlərin çoxluğu isə uğur demək

Uğurlara sevinənlər, varlığımızı sevənlər

Nə yaxşı ki, varsız...

Bəli, Aygün xanım, nə yaxşı ki, siz varsınız, varlığınız Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqi sənətinə bir tanrı bəxşidir”.

Bəzən meşə rapsodiyalarını, titrək qızılı payız yarpaqlarının bəndəmindən üzülməsini, bəzənsə nəhəng dağ şəlaləsini, lacivərd Xəzərin qırçın ləpələrini, coşğun dalğalarını xatırladır mahnılarınız.

Bu musiqilər yalnız insanı və vətəni sevməyə səsləyir. “Məktəb illəri”ndən boylanan, “Tut ağacı”ndan güc alan, “Bakı haqqında nağıl”lardan, “Bayatılar”ımızdan şirə çəkən, “Azərbaycan”, “Ey vətən”- deyə haray salan gül çələnginə bənzədirəm yaradıcılığınızı. Sanki “Qələbə çal”dın əsərlərinin gücüylə:

Azərbaycan, gözlərimin qarası,

Azərbaycan, ürəyimin parası,

Azərbaycan, anaların anası,

Nə deyim ki, layiq olsun vəsfinə?!

Aygün xanım, elə mən də əsərlərinizin vəsfinə söz tapmıram. Halal olsun və uğurlar yar olsun sizə!      

 

Mirvari Rəhimzadə,

əməkdar jurnalist