Iqtisad elmləri doktoru, professor Zahid Fərrux oğlu Məmmədov 31 mart 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Professor Zahid Fərrux Məmmədov 1982-ci ildə Bakı şəhəri, Nizami rayonu 12 nömrəli məktəbdən təltifnamə ilə məzun olmuş (bütün fənlərdən əla qiymətlər) və həmin ildə Azərbaycan Xalq Təsərüffatı İnstitutunun “Maliyyə-kredit” fakültəsinə daxil olmuşdur.
1983-85-ci illərdə Arxangelsk Vilayəti, Mirnıy şəhəri, Pliseçk stansiyasında Zenit-raket qoşunlarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmət sırasında dəfələrlə komandantlıq tərəfindən müvəffəqiyyətli hərbi xidmətinə görə mükafatlarla təltif edilmishdir.
1988-ci ildə Leninqrad Maliyyə-iqtisad İnstitutunun Bakı filialınının Maliyyə-kredit fakültəsinin “Maliyyə-kredit” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
1998-ci ildə RSFSR Təhsil Nazirliyinin 585 saylı göndərişinə əsasən Leninqrad Maliyyə-iqtisad İnstitutunda gənc mütəxəssis kimi işə qəbul edilmişdir.
1990-cı ildə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin “Pul tədavülü və bank işi” kafedrasına məqsədli aspirant kimi qəbul olunmuşdur. 1993-cü ildə vaxtından əvvəl “Türkiyənin kredit sisteminin inkişafının əsas təmayülləri” mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək həmin universitetdə fəaliyyət göstərən ixtisaslaşdırılmış şuranın qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (maliyyə, pul tədavülü və kredit şifrəsi üzrə).
Həmin il Sankt-Peterburq Dövlət Maliyyə- İqtisad Universitetinə müəllim və Sankt-Peterburq Fond Birjası Depozitar Klirinq Trast Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunmuşdur.
1998-ci ildə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetində Bankçılıq və finans ixtisası üzrə doktorluq dissertasiyası üzrə ixtisaslaşmış komissiyanın qərarı ilə ona bankçılıq və finans elmləri sahəsində doktorluq alimlik dərəcəsi diplomu verilmişdir. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində elmi-pedoqoji iş fəaliyyətini davam etdirmiş və 2001-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 15 mart 2001-ci il protokol N-15-li qərarı ilə ona “Bank işi və pul tədavülü” kafedrasının dosenti adı verilmişdir.
Z.F.Məmmədov Qlobal maliyyə böhranları mövzusunda mühazirələr oxumaq məqsədilə 2000-ci ildə Fransanın Monpelye Universitetinə dəvət olunmuşdur.
2006-cı ildə Sank-Peterburq Dövlət Maliyyə İqtisad Universitetində – 08.00.10 «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmiş və Rusiya Federasiyasının Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə ona iqtisad elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
2008-ci ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiyadan keçirilərək Azərbaycan Respublikasının elmlər doktoru diplomuna layiq görülmüşdür.
Professor Zahid Fərrux Məmmədov 12 dərslik və dərs vəsaitinin, 25 monoqrafiya, 2 bədii-publistik kitab, 10 metodik vəsait, 20 dərs proqramı, Beynəlxalq nüfuzlu və Rusiya Fedrasiyası Ali Attestasiya Komissyasının tövsiyə etdiyi elmi nəşrlərdə 30-dan yuxarı elmi məqalənin müəllifidir.
Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə professor Zahid Fərrux Məmmədovun yazdığı 50-dən yuxarı tədris vəsaitinə qrif verilmiş, o cümlədən o, «Beynəlxaq valyuta–kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi» (2000, 2004, 2010, 2012); «Pul, kredit və banklar» (Bakı, 2003, 2004, 2008, 2010); «Bank işi və e-Bankçılıq» (2003); «Maliyyə və kredit» (2008); «Denğqi, kredit, Banki» (2008); «Bank fəaliyyətinin əsasları» ( Bakı: Azərnəşr. 201, 2014); «Monetar siyasət və bankçılıq» (2012) kimi dərslik və dərs vəsaitlərinin müəllifidir.
Professor Zahid Fərrux Məmmədovun elmi məqalələri Rusiya Federasiyasının Ali Attestasiya komissiyasının qəbul etdiyi ən nüfuzlu elmi nəşrlərdə: «İzvestiə Sankt - Peterburqskoqo universiteta gkonomiki i finansov», «Denğqi i kredit», «Mirovaə gkonomika i Mejdunarodnıe otnoşeniə», «Finansı i kredit», «İzvestiə SPbUGF», «Problemı sovremennoy gkonomiki», «Gkonomika i upravlenie», «Nauçnıe trudı Akademii upravleniə pri Prezidente Respubliki Belarusğ», kimi jurnallarda çap olunmuşdur.
Professor Zahid Fərrux Məmmədovun tədqiqatların əsas müddəaları və nəticələri 100-dən yuxarı beynəlxalq elmi konfrans və simpoziumlarda məruzə edilmişdir,
04 iyun 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında – «Qlobal maliyyə böhranı və dövlət idarəçilik sistemində antiböhran siyasəti: dünya təcrübəsi və Azərbaycan modeli» adlı beynəlxalq konfransın təşkilatçısı olmuş və «Qlobal maliyyə böhranı və dövlət idarəçilik sistemində antiböhran siyasəti: ümumi problemlər və fərqli yanaşmalar” mövzusunda məruzə ilə çıxış etmişdir (kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır).
Professor Zahid Fərrux Məmmədov Almaniyanın «Palmarium Academic Publishing» nəşriyyat evi (www.palmarium-publishing.ru) «Finansovıy krizis i antikrizisnaə politika: Azerbaydjanskaə praktika v kontekste mirovoqo opıta) mövzusunda hazırladığı monoqrafiyanı (elmi nəşr) internet üzərindən satışa çıxarmışdır. Kitabda dünyanı bürümüş maliyyə böhranı şəraitində Azərbaycan antiböhran siyasət modelinin fəlsəfi mahiyyəti elmi cəhətdən əsaslandırılmışdır. Elmi nəşrdə gözlənilə biləcək qlobal maliyyə böhranına Azərbaycan hökumətinin öncədən hazırladığı və ona qarşı preventiv tədbirlərin istiqamətləri geniş şəkildə açıqlanır.
10 noyabr 2014-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) düzənlənən “Bakı Elm Festivalı-2014-də «İqtisadi cəhətdən xəstələnmiş ölkələrdə qəbul edilən reseptlərin təsiri» mövzusunda məruzə ilə çıxış etmişdir.
Professor Zahid Fərrux Məmmədov Türk Asiya Stratejik Araşdırmalar Mərkəzinin yayım orqanı – “Öngörü” jurnalının beynəlxalq elmi şurasının və RF Hökuməti yanında Maliyyə Akademiyasının “Vestnik Finansovoy Akademii» beynəlxalq elmi nəşrin redaksiya heyətinin üzvüdür.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 29.01.2009-cu il tarixli Sərəncamı ilə (№ 16) iqtisadçı alimlərdən ibarət “işçi qrupu”nun koordinatoru təyin edilmişdir. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının 22 dekabr 2009–cu il tarixli 6/4 nömrəli qərarı ilə iqtisadiyyat üzrə problem şurasının üzvü təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30.05.2008-ci il tarixli (protokol № 10-R) qərarı ilə 08.00.10. – “Maliyyə, pul tədavülü, kredit” ixtisas şifri üzrə ilə iqtisadiyyat elmləri üzrə ekspert şurasının üzvü təyin edilmiş, AAK RH-nın 06.02.2009-cu il tarixli (protokol № 02-R) ekspert şurasına yeni dönəm üçün yenidən üzv təyin olunmuş və AAK RH-nın 19.02.2010-cu il tarixli (protokol №04-R) qərarı ilə ekspert şurasının sədr müavini təyin edilmişdir.
Təhsil Nazirinin 11927 saylı 27.09.2011-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
Professor Zahid Fərrux Məmmədova 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir. Bundan başqa, iri şirkət və holdinqlərə maliyyə müşavirliyi xidməti göstərməkdədir. Professor Zahid Fərrux Məmmədovun 1000-dən yuxarı TV və radio çıxışları vardır. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasının müdiri vəzifəsini həyata keçirir.
Hörmətli professorumuzu, qəzetimizin daimi oxucusu və bir çox yazıların müəllifi olan Zahid Məmmədovu 50 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, can sağlığı arzulayır, elmi fəaliyyətində uğurlar diləyirik.
“İQTİSADİYYAT”
|