PORTRET

Əhmədov Afət Tərlan oğlu

  • 12.03.2015

Bu günlərdə görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, professor Afət Əhmədov “Azərbaycan bayrağı” fəxri diplomuna layiq görülmüşdür. Hörmətli professorumuzu “Azərbaycan bayrağı” fəxri diplomu almağı münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı və gələcək işlərinizdə uğurlar diləyirik.

 Əhmədov Afət Tərlan oğlu – Azərbaycanın görkəmli iqtisadçı alimi, iqtisad elmləri doktoru, professor. 1938-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1958-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Kənd təsərrüfatının iqtisadiyyatı” fakültəsinə daxil olmuş, həmin ildə institutun fəaliyyəti dayandırıldığına görə “Kənd təsərrüfatının iatisadiyyatı” fakültəsi Gəncə şəhərindəki AzKTİ-yə verilmişdir. Afət Əhmədov 1962-ci ildə S.Ağamalıoğlu adına AzKTİ-nin “Kənd təsərrüfatının iqtisadiyyatı” fakültəsini bitirərək, təyinatla Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutuna işləməyə göndərilmişdir.

Afət müəllim 1969-cu ildə, “Azərbaycan SSR-in kolxozlarında bitkiçilik sahələrinin iqtisadi səmərəliliyi (Biləsuvar və Cəlilabad rayonları timsalında)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Elmi fəaliyyəti dövründə kənd təsərrüfatında əməyin iqtisadiyyatı problemlərinə həsr edilmiş 130-dan artıq elmi əsər dərc etdirmişdir.

1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycan  Respublikasının kənd təsərrüfatı istehsalında əmək təşkilinin səmərələşdirilməsi”

mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən professordur. 1981-ci ildə Azərbaycan ETKTİ və Tİ-dən şöbə müdiri vəzifəsində çalışıb.

 Kənd təsərrüfatında  əmək ehtiyatlarından istifadə, əmək qabiliyyətli əhalinin məşğulluq problemi; əməyin elmi təşkili; formaların sınaqdan keçirilməsi, mütəxəssis və fəhlə kadrların hazırlanması;  aşağı, orta və yüksək səviyyələr üçün rəhbər işçilərin hazırlanması; elmi-texniki tərəqqinin inkişafı şəraitində mütəxəssislərdən istifadə;  kənd təsərrüfatında əmək məhsuldarlığının yüksəldilməsi; əmək məhsuldarlığının artım sürəti ilə əmək haqqının artım sürəti arasında nisbətin optimallaşdırılması; kənd təsərrüfatında podrat üsulunun tətbiqi, kənd təsərrüfatında icarə podratının sınaqdan keçirilməsi; intensiv texnologiyaların tətbiqi yolu ilə məhsul vahidinə əmək sərfinin azaldılması və s. problemlər Afət müəlimin  elmi yaradıcılığının başlıca istiqamətləri olmuşdur. O,1997-2006-cı illərdə ADİU-da əməyin  iqtisadiyyatına dair mühazirələr oxumuşdur.

Afət Əhmədov özünün elmi yaradıcılıq dövründə bir sıra dövlət əhəmiyyətli Proqramların hazırlanmasında iştirak edib. Kənd təsərrüfatında əməyin elmi təşkilinə aid təkliflər hazırlayıb, istehsala tətbiq etdiyinə görə A.T.Əhmədov 1972-ci ildə  SSRİ Xalq Təsərrüfatı  Nailiyyətləri Sərgisinin Diplomu, bürünc medalı və 1984-cü ildə şəxsi yaradıcılıq və öhdəçilik planlarının yüksək nəticələrinə görə SSRİ Kənd Təsərrüfatı Elmi-Texniki Cəmiyyətinin Mərkəzi Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.  Afət müəllim öz əsərləri və elmi məqalələri ilə aqrar iqtisad elmini dolğunlaşdırmış, yeniləşdirmiş, 200-ə qədər monoqrafiya, kitab və elmi məqalələr dərc etdirilmişdir.

Onun rəhbərliyi ilə 15 nəfər elmlər namizədi alimlik dərəcəsi adını almışdır. Bir nəfər doktorantı isə işini müdafiəyə təqdim etmişdir.

Afət müəllim Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat və hüquq üzrə ekspert şurasının üzvü və katibi olmuşdur.

 2011-ci ildən Bakı Biznes Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının müdiri vəzifəsində çalışır. O, dünya iqtisadiyyatı, beynəlxalq iqtisadi münasibətlər, dünya iqtisadiyyatının tarixi və s.  fənlərdən mühazirələr oxuyur.

Azərbaycan Dövlət Aqrar Universitetində iqtisad elmləri üzrə birləşmiş dissertasiya şurasının üzvüdür.

Yüksək pedaqoji fəaliyyətinə görə A.Əhmədov 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. 2015-ci ilin fevral ayında “Azərbaycan bayrağı” fəxri diplomuna layiq görülmüşdür.

Hörmətli Afət müəllim! Azərbaycan iqtisad elminin inkişafına verdiyiniz töhfəyə görə layiqli mükafat almağınız münasibətilə Sizi bir daha təbrik edirik. Gələcəkdə Sizə daha böyük uğurlar arzusu ilə,

 

i.e.d., professor Bəyalı ATAŞOV