PORTRET

Ziyasız dünyam

  • 17.02.2015

Ziya dünyasından öyrənməyə çalışırdım… Öyrənmək üçün heç bir fədakarlıqdan qaçmıram. Mənə bir kəlmə öyrədənə itaətkar və minnətdar  olaram…

21 ferval 1997-ci il saat 23 radələrində Azadlıq radiosu:

Mirzə Xəzər özün

əməxsus çıxışı ilə xəbər verdi ki, bu gün alman faşizmi ilə döyüşdən Sovet İttifaqı Qəhrəmanı, elm cəngindən akademik, siyasət mübarizəsindən millət vəkili kimi çıxan Ziya Musa oğlu Bünyadov yaşadığı evin girəcəyində qətlə yetirilib.

Bu faciəli xəbərdən kövrəldim… Özümü hadisə yerinə yetirdim, cənazə gətirilməmişdi, mənzil qapıları taybatay açıq idi. Uşaqlardan birini rəhmətliyin qapısının girəcəyində stul qoyub oturtdum ki, göz olsun. 11 radələrində cənazəni gətirdilər, göz yaşlarım qeyri-ixtiyarı qəlbimin dərinliklərində axırdı, halım özümdə deyildi, sözünü-istədiyi kimi deyən, təkrarsız nəticə çıxaran təfəkkür düşüncələri qəddarlıqla susduruldu… Dövlətin, xalqın, Azərbaycanın taleyi ilə bağlı çarpışmalarda heç vaxt kənarda dayanmayan, biganəliyi özünə rəva bilməyən, ali insanı düşüncəyə sahib olan  varlığın ömrü qazilik məramından şəhidliyə qovuşdu.

Onun ali insani təfəkkürə sahib olması, cəfakeşliyi, insana olan xüsusi ərkiyanə möcüzələri məndə sönməz məhəbbət hissləri oyadırdı. Bu ilahi məhəbbəti qorumağa çalışırdım, söz və hərəkətlərinə ehtiyatla yanaşırdım. Qorxurdum adını çəkərəm və yaxudda haqqında gedən danışıqlara qoşularam, ona başqa bir məzmunda çatdırarlar. Belə olan halda müqəddəs-ilahi idraka  yiyələnmiş, düşünən beyni itirmiş olaram. Yanıma gələndə  gözlərdim mənə sual versin, dəfələrlə çək-çöyür etdiyim, yüz ölçüb bir biçdiyim fikrimi yığsam, sözlə iki-üç saniyəyə çatdırardım… Elə dəqiq, yadda qalan, sərra cavab verərdi ki, bunu ədəbi-elmi mənbələrdən arayıb tapmağım müşkülə çevrilərdi. Bu cavabı aldıqda özümü quyudan çıxmış bilirdim, zəkası qarşısında zərrə olduğumu hiss edirdim… Hər görüşdən özümdə rahatlıq hiss edirdim, maddi və mənəvi düşüncələrin əngəlliklərində çox da dərinə getmək fikrindən daşınırdım.

Milli Məclisə deputat seçildikdən sonra ona bildirdim ki, Sizə etibar edilib, təmkinli ağır oturub batman gəlməli, ehtiraslarla emosional çıxış etməlisiniz,  yoxsa gavurlar, yığılar Sizi məhv edər… Sizin bu məzlum xalqın tarixi qaynaqlarına əsaslanan müdafiəniz hava və su kimi vacibdir. Özünüzü qoruyun. Bu xalqa Siz və Sizin şəxsinizdə olan mərd-qeyrətli, ali insanı əxlaqa sahib olan şəxslər lazımdır… Peyğəmbər buyurubdur ki,  alim öldü-xalq öldü. Sizin acı vahimə yaradan həqiqətləri danışmağınız yağı düşmənlərinizə fürsət yaradır, özünüzə bu qədər güvənməyin. Ziya müəllim nisbi sakitləşərdi… müəmmalı üz gözünü turşudub, mızıldanardı - Tahirə xanım da elə deyir. Alnıma nə yazılıbsa qismətim odur. Alın yazısından qaçmaq olmaz. Atamı da əlli-ayaqlı itirdilər…

«Əgər onurğa sümüyün əyilsəydi, onda mən yüksək vəzifələr tutardım. Lakin mənim öz qoruyucum vardır və o məni həmişə həbsxanalardan xilas etmişdir».

Müharibədə kontuziya almış, 50 ildən artıq qafasında qəlpə gəzdirən, şəkəri olan bir adam üçün hər gün saatlarla işləmək əslində ölüm-dirim çarpışmasıdır. Həkimlər ona hələ cavanlıqda oxumağa, elmlə məşğul olmağa icazə verməmişlər… Oxuduğu ali məktəb auditoriyasında ürəyi keçir, yarımcan vəziyyətində yerdə çabalayır, buna baxmayaraq, güclü iradəsi, möhkəm əqidəsi hesabına yarım əsr elmdə çalışmağa özündə sönməz inam tapırdı.

Bəli, yaşamaq vacib deyil, amma xoşbəxt yaşamaq vacibdir. Arzu heç nə ilə qidalanmayan fikirdir. Bu ağır-ağrılı günlərin cəfakeşliyini nəcib nəslin övladı olan Tahirə xanım çəkmişdir. Tahirə xanım Azərbaycan xalqının fəxri, sönməz ulduzlarından, xalqımızın tarixi,  ədəbiyyatı, etnoqrafiyası və folklorunu incəliklərinə qədər bilən Y.V.Çəmənzəminlinin doğma bacısı qızıdır… Bizi məzlum edən yağıların fitvası ilə o repressiyaya məruz qalmışdır. 11 iyun 1940-cı ildə üzdən iraq xüsusi müşavirə onu 8  il müddətinə islah-əmək düşərgəsinə məhkum etmişdir. 3  yanvar 1943-cü ildə o qərib, uzaq diyarda - Nijni-Novqorodda torpağa tapşırılmışdır.  Çünki o xalqının qeyrətli övladlarından biri idi. Ədalət, var, həmişə həddindən artıq səs salan ədalət, Sizliyin arxasında  gizlənib gülümsünür. Bütün bu deyilənləri ürək ağrısı ilə ona görə qələmə alıram ki, keçdiyim ömür yolu zülm ilə ekiz doğulubdur. Ziya müəllimi illərlə eyni libasla görürdüm, hər vaxt güzəranından şikayət etməzdi. O, heç zaman yemək və libas əsiri olmamışdır. İşçilərinə gülüş-fərəh bəxş edərdi, onun  işə gəlməsini səbirsizliklə gözləyirdilər. Qaynar suya biket salıb çayını içərdi… O, heç bir elmi əsərlərinə görə qonarar almazdı.

Günlərin birində Elmlər Akademikasının 1-ci mərtəbəsində xüsusi  dayaqda Yuxarı Qarabağın fiziki xəritəsi asılmışdı. Belə böyük xəritə birinci dəfə idi ki, görürdüm, iynə bayraqlar sancılmışdı. Sanadım, iki rayon mərkəzi, 68 kənd gavurlardan azad edilmişdir. Çiynimə kimsə toxundu, çevrilib uca boylu, məğur baxışlı Ziya müəllimi gördüm:

- Növbədə Xankəndidir. Valeh Bərşadlı bacarıqlı sərkərdədir. Zirehli Tank Qoşunları Akademiyasını qutarıb. Almaniyadakı 1 milyon sovet əsgəri yerləşən komandanlığın birinci müavini olub, belə generallar iki-üç nəfər ola bilər, onunla Berlində görüşmüşəm. Ali baş komandan L.Brejnyev gəlmişdir, onda görüşdüm. Sovet dövründə  generalların, demək olar ki, əksəriyyətini tanıyırdım…

«Qırmızı terror» - o, bu kitabı yazanda tez-tez baş çəkirdim ona, o qədər  həyəcanlı olurdu ki, hətta kövrəlib göz yaşlarını boğa bilmirdi. 1920-ci il  aprelin 28-də XI ordu tərəfindən qurulan Azərbaycan Demokratik Respublikasının əvəzinə Sovet hakimiyyəti Azərbaycan» teleqramına əsasən demokratik hbkumət tərəfindən əsası qoyulmuş, Azərbaycanın tərəqqisinə kömək vəd etdiyi halda, hökmranlığının elə ikinci günündə pozuldu, kütləvi həbslər başladı. Lenin – Trotski tərəfindən yaradılan həbs düşərgələri Azərbaycanın ziyalı, nümayəndələri hesabına  dolduruldu… səksən mindən çox azərbaycanlı güllələndi, tək birincə xarici dil bilər də güllələnirdi, ölüm və cəza maşını fasiləsiz işləyirdi, hər bir azərbaycanlıya on-on beş dəqiqə «məhkəmə» vaxtı ayrılırdı.

Kütləvi qırğının daha güclü dalğası iyirminci illərə düşür. Bu şiddətli qırğın minlərlə azərbaycanlı kəndlisinin həyatını məhv etmişdir. Əsasən ermənilərdən yaradılmış üçlüklər Naxçıvan, Qarabağ, Şəki, Quba, Lənkəran, Abşeron və başqa yerlərin minlərlə sakinini güllələnməyə məhkum edir, surgünə göndərirdi – orada hamısı, əlbəttə ki, məhv olurdular.

Ara verməyən düşünülmüş qırğının ən dəhşətlilərindən biri 1936-cı illərdən başladı. Hakimiyyətdə oturmuş dövlət quldur dəstəsi görülməmiş vəhşiliklə Sumbatovun, Borşovun, Qirqorıyanın, Markariyanın, Qalıstyanın, Ohanesiyanın, Avanesiyanın və qeyrilərinin əli ilə Azərbaycan ziyalı  nümayəndələri – bir sözlə bütün düşünən beyinlər, qeyri-adi təəkkür sahibləri ucdantutma məhv edilirdilər. Qarlı-çovğunlu, şaxtalı Sibir həbs düşərgələrində ziyalılarımız aclıq aksiyaları keçirir, haqlarını tələb edir, Sovet İttifaqının ən ucqar dərinliklərində işləmək ərizələr ilə müraciət edirdilər. Onları tayqanın sonsuz buzlaqlı çöllərində xizəkdən düşürüb qaçırdılar, quduzlaşmış adamyeyən itləri açıb arxalarınca  qışqırdırdılar… İnsan qanına hərisləmiş itlər onları parçalayıb, qanına boyayaraq yeyirlərmiş… «Bunlar harda  yazılıbdır, ay Ziya müəllim? Bunlar kitabda yazılıbdır…»

Bunları gözləri ilə görmüş hadisələrdə bilavasitə iştirak etmiş şəxs yazır. Bu şəxs yırtıcı, ürək sızıldadan faciələrə dözməyib xaricə qaçıb gedibdir. Orada bu hadisələri qələmə alaraq kitab yazmışdır. Biz, doğrudan da, böyük xalqıq. Bu qədər qırıb çatıblar, kəsib-biçiblər, əsir-yesir eləyiblər, çürüdüblər, dinsizləşdriblər, çərlədiblər, yenə də məhv olmamışıq, bu günə qədər də soyqırım davam edir, şükür Allahın böyüklüyünə! Görəcəkli günlərimiz vardır.

Ondan xahiş edirdim məni məxfi arxivə aparsın, ona köməklik edim, Olmaz, Olmaz, deyib başını bulayırdı. Stolunun üstündə qalaq-qalaq ölənlərin, itgin düşənlərin adları vardı, hamı gözüyaşlı müraciət edib yalvarırdı, heç kəsi də ümüdsiz buraxmırdı. Ziya müəllimin bunlara necə davam gətirdiyini Allah bilir. Ziya müəllimdə olan dönməz səbrə, inadkarlığa, ardıcıllığa, bu xalqa bağlılığına əsl vətən əxlaqı olan şəxs kimi hörmət edirdim.

Ziya müəllim Bibiheybət məscidi haqqında danışarkən maraqlı tarixi dəyərlərə istinad edirdi. O, tibbə, astronomiya və seysmologiyaya aid  ən qədim mənbələri xüsusi bir həvəslə tərcümə edər, nəşr etdirər, özü isə  müsəlman-türk tariximizin dərinliyinə baş vuran astronovta bənzəyirdi… Eşitdilər ki, Ziya müəllim gəlib çıxış edəcək, o qədər kütlə toplaşdı ki, adam əlindən tərpənmək mümkün deyildi. O, Şıx türbəsinin təqribi özülü olan yerdə, Salyan şosesi girəcəyində izdihamlı çıxış edirdi.

Bax! Orada Bibihebət məscidi olmuşdur… Bir rəssam məscidi rəngli boyalarla çəkir, sonralar maddi ehtiyac ucundan satışa qoyur…, rəhmətlik Zeynalabdin Tağıyev alıb muzeyə bəxşiş edir, istəyən gedib baxa bilər… O, şəklin əsasında bu Bibiheybət məscidi gələcəkdə inşa ediləcəkdir. Bu həqiqətdir. Müstəqil dövlətik, müstəqil olaraq qalacağıq. Bax, o tərəfdə  Stalinin heykəli vardır. Əynində şinel, bəli, görümlü-zülümlü, gəlimli- gedimli dünyadır. Doğmayan qadınların bu ziyarətgah ibadət yeri olmuşdur, onlar buraya pay-piyada gəlib Allaha dua edir və bir ilin müddətində doğurdular. Xanqızı Xurşidbanu bu ziyarətgaha gələrək ibadət etmiş və həmin ildə  doğmuşdur… Xanqızı çox əliaçıq, səxavətli, dərin, nəcib hisslərə sahib imiş. Allah göylərin ona göstərdiyi mərhəmət müqabilində öz xərci hesabına məsciddən Bakıya daş yol çəkdirmişdir. Xanqızı İçərişəhərdə Aleksandr Düma ilə görüşmüşdür. Bu çox sonralar olmuşdur. Ona öz əli ilə toxuduğu arxalıqla pul kisəciyini bəxşiş vermişdir. O da Bibihebət məqbərəsinə baş çəkmiş, qısa təsüratlarını «Qafqaz səfəri» kitabında qeydə almışdır.

Bu bir daha göstərir ki, Ziya müəllimin bütün çıxışlarında ana xətt ağrılı, acılı-yaralı nöqtələrdən keçir. Ziya fenomeni Ziyanın özü deməkdir, alim, ictimai xadim kimi onun təkrarsız, əvəzsiz şəxsiyyəti və  fərdiyyətidir. Genində daşıdığı narahat, əsəbi biotoklar və biokodlar da çıxışlarındakı elmi enerjiyə çevrilirdi. Belə biotokları o, çox vaxt tarixi keçmişdən, əcdadlarından alırdı. O, şeyx nəslindən idi, XVI əsrdən  bəri məlum olan nəsil şəcərəsi mövcud idi, amma tam halda bu şəcərə  VII əsrə gedib çıxırdı.  Tarixi qaynaqlara əsasən məlumdur ki, Bibiheybət ziyarətgahı və onun ətrafındakı bir para kəndləri, mütəvəlliliyi vəzifəsi haqqında birinci Şah Təhmasibin fərmanı 1555-ci ilin dekabr ayında verilmişdir ki, Şirvan Badküyəsindəki Bibiheybətin mübarək məzarının mütəvəllidiyi qədim Şeyx Bünyada aid edilmişdir. Ziya  Bünyadovun söylədiklərinə görə, ulu əcdadları Bibiheybət məqbərəsinin  himayədarlığını həyata keçirmiş, ziyarətə gedənlərin təşkil və idarə edilməsinə rəhbərlik etmişlər.

Ziya müəllimin namizədlik məsələsinə aydınlıq gətirilməsini öyrənmək istədim… Əli Kərimovun yanına gəldim. Buyurdu ki, bizlik deyil, gözlə indi Elmira Qafarova gələcək, onunla görüşərsən. Görüşdüm. Çox pərişan, yorğun, halı özündə deyildi. Özünü güclə ayaq üstə saxlayırdı. Ayaq üstə məni dinləyə-dinləyə özünü kresloya saldı. «Məni bağışlayın, bu yalnız  prezidentin işidir, mənlik burada heçnə yoxdur». Oradan çıxıb birbaşa Mitəd Abbasovun  yanına getdim. Onunla çoxdan tanış idim. Ziya Bünyadovdan söhbət saldım.

Siz prezidentə yaxınsınız, köməklik edin, haqq-ədalət naminə Ziya müəllim növbəti seçkilərdə seçilsin. Söz verdi ki, çalışaram…

Ziya müəllimin yanına gələndə bildirdim ki, gözünü deputat olmaqdan yığ. Sizə orda yer yoxdur. Çünki Siz xalqın həqiqi qeyrətli  övladısınız. Bu, ancaq  prezidentin göstərişi ilə olur. İndi «yoldaş» yox, «bəy» moddadır, dərəbəylik dövrüdür.

Ziya Bünyadov dediklərimə baxmayaraq, namizədliyini verirdi. Özümü nə qədər də çırpsam, faydası olmurdu, seçilmirdi, onun yerinə alverçi, ticarət işçisi, bazar müdiri, onun əlinin altında səkkiz ilə işləyən, bir səhifə elmi iş yazmayan kiçik əməkdaşı seçilir. Gördün, yoldaş Bünyadov. Deyəndə inadkarlığından dönmürdü, görüşlər keçirirdi, ağır sosial-iqtisadi problemlərə aydınlıq gətirirdi, nə faydası?!

AXC-nin bəzi üzvləri şəxsən mənə qarşı qərəzli, böhtançı iş gördülər. Bu alçaqlığı Ziya müəllimə danışdım. Bildirdim ki, ailənlə birlikdə Sizi öldürə bilərdilər. Yaxşı qutarmısan. Onlar xaindilər. Öz aramızdı, sən də az aşın duzu deyilsən. Hər iki momentdə düz iş görmüsən, ölümlə çarpışmısan. Əməllərimiz üst-üstə düşür. Bu əhvalatdan sonra Ziya müəllimin «AXC-Azərbaycan Xainlər Cəmiyyəti kimi açılmalıdır», «Dirçəliş – 10 sentiyabr «Respublikada nə var, nə yox və ya cəbhə kratların bir illik dərəbəyliyi»: Səs – 9 iyul 1993-cü il məqalələri çap olundu. Bu məqalələri çoxaldıb, yayma mənə həvalə edildi.

Ziya müəllim daima deyirdi, bilirsiz, xalq kimi istəyir? Gedib onu gətirməliyik. Bir müddət belə getsə, cəbhə kratlar bu respublikanı xarabazara çevirəcəklər: hər yerdə dərəbəylikdir, gecə səhərəcan camaat çörək növbəsi çəkir. Saat 7-dən sonra nəqliyyat işləmir. Camaat vahimə içindədir, gecələr bayıra çıxmaq qorxuludur. Yalnız çıxış yolu birdir! Hökmən Heydər Əliyevi gedib gətirmək lazımdır!

Ziya müəllim yalnız onu Siz gedib gətirməlisiniz!

Çalışırıq! Alınmır! Razı olmur!

- Bir gün dedi ki istəyinə çatdın. Razı salmışıq. Gəlir, inşallah. «Xalqın rəhbəri. XX əsrin sonunadək əvəzi yoxdur». Həyat 29 sentyabr 1993-cü il tarixdə mətbuatda dərin məzmunlu məqaləsi çap olundu. Yorulmaq bilməyən, tükənməz zülmlə çarpışan Ziya Bünyadov da arzusuna çatdı. MM-ə deputat seçildi. Onun əsl ölüm-dirim mübarizəsi yeni vüsət aldı. Ziya  Bünyadova tarixi yaddaşı diletantı peşəkardan ayırmaq bacarığı da yardımçı olmuşdur.

Ziya Bünyadov Reyxstaqın xarabası üstündə əli ilə həkk etmişdi: «Mən  fəxr edirəm ki, müharibə illəri ərzində Benderıdan Qafqaza, Qafqazdan isə Berlinə qədər döyüş yolu keçmişəm». Əcəl macal vermədi ki, o, eyni qələbə hesabatını yuxarı Qarabağın qala divarları üstünə də həkk etsin. Qaçqınların Ermənistandan Bakıya birinci köçü zamanı ilk proqnozu Ziya Bünyadov verdi, həyəcan harayını qaldırdı: «Gələn qaçqınlar Dağlıq Qarabağda yerləşdirilməlidir. Bir parça çörək dalınca Rusiyaya səpələnmiş azərbaycanlılar könüllü olaraq bu ərazilərə dəvət olunaraq dövlət yardımı ilə  təmin edilib, onlara hərtərəfli şərait yaradılmalıdır». «Ordunun sayını yox, döyüş qabiliyyətini yüksəltmək lazımdır». Müdafiə marşalı Jukov öz əsgərləri ilə çörəyi doğrayıb, bölüşdürürdü. Yerdə qalan ovuntularını isə əli ilə süpürüb ağzına atırdı. Ona görə də «məğlubedilməz» orduları sovet ordusu məğlub edirdi. İndiki ordumuzun ağlasığmaz hərc-mərcliklərindən danışanda, baş alıb gedən rüşvətxorluğunu, nəzərə çatdıranda səni öldürməkdən başqa heç bir şey düşünmürlər. Heç yerdə onun çıxışlarına əməl olunmurdu. Üzdən iraq baş bilənlər onu hər vəclə susdurmağa çalışırdılar.

Ziya Bünyadov bir vətəndaş kimi nə susmaq, nə də geri çəkilmək bilmirdi. Bütün cəbhələrdə vətənin tarixində, taleyində xalqına yeni səhfələr açan «İrəvan sancağının dəftəri»ndən sonra onun son kitabı – «Naxçıvan sancağının dəftəri» oldu. Onun böyük elm yolu Atabəylər dövləti haqqında  kitabı ilə başladı, «Naxçıvan sancağının dəftəri» ilə tamamlandı. Öz xalqı, dövləti üçün yaşının bu çağında yorulmaq bilməyən bu  böyük insan vəhşiliklə muzdlu canilər tərəfindən qətilə yetirildi. Bu imiş həyatın sonu?! Allah rəhmət eləsin!

 

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qabil Həsənov

Bakı – 2001