Arif Mikayıl oğlu Vəliyev
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Arif Mikayıl oğlu Vəliyev 2014-cü il iyunun 23-də ömrünün 71-ci ilində vəfat etmişdir.
Arif Vəliyev 1943-cü il iyun ayının 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil olmuş və 1971-ci ildə ali məktəbi xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1961-ci ildən etibarən Azərbaycan Respublikasının Mərkəzi Statistika İdarəsində başlayan Arif Vəliyev 1963-cü ilədək burada statistik, iqtisadçı olaraq çalışmış, 1963–1966-cı illərdə hərbi xidmət keçdikdən sonra yenidən Statistika İdarəsində fəaliyyətini davam etdirərək, 1966–1976-cı illərdə iqtisadçı, baş iqtisadçı və şöbə müdiri, 1976–1989-cu illərdə Statistika İdarəsi rəisinin müavini və birinci müavini, 1989–1990-cı illərdə isə həmin İdarənin Baş hesablama mərkəzində baş iqtisadçı işləmişdir. O, 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992–1993-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti Aparatında böyük məsləhətçi olmuşdur. Arif Vəliyev 1993-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sədrlik etmişdir.
Azərbaycanda statistika işinin təşkilində, statistika orqanları sisteminin strukturunun daha da təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğun qurulmasında Arif Vəliyevin diqqətəlayiq xidmətləri vardır. Dövlət Statistika Komitəsi tərəfindən respublikanın iqtisadi və sosial sahələrində vahid metodologiya əsasında statistik məlumatlar sisteminin fəaliyyətinin təmin edilməsi üçün o, öz bilik və təcrübəsini əsirgəməmişdir. Arif Vəliyev müstəqilliyini yenicə bərpa etmiş respublikanın ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik məsələlərdən biri kimi statistik məlumatlar hazırlanmasının tədricən beynəlxalq standartlara və bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılmasına xüsusi diqqət yetirirdi. O, ölkə iqtisadiyyatının modernləşdirilməsi və cəmiyyət həyatında baş verən proseslərin rəsmi statistikada adekvat əksinin zəruriliyinin dövlət statistika orqanları qarşısında irəli sürdüyü başlıca vəzifələrin müvəffəqiyyətli həlli üçün böyük əmək sərf etmişdir.
Arif Vəliyevin Komitəyə rəhbərlik etdiyi dövr Azərbaycanın dövlət statistika orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni inkişaf mərhələsidir. Bu illərdə statistikanın islahatı ilə bağlı dövlət proqramları uğurla icra edilmiş, rəsmi statistikanın hüquqi əsasları yaradılmış, bütün beynəlxalq təsnifatları özündə birləşdirən milli təsnifatlar sistemi qurulmuş, statistik vahidlərin dövlət reyestri və makroiqtisadi göstəricilərin beynəlxalq səviyyədə müqayisəliliyini təmin edən milli hesablar sistemi formalaşdırılmışdır.
Ölkənin sosial-iqtisadi inkişafı haqqında cəmiyyətin düzgün məlumatlandırılması, milli dövlət proqramları və inkişaf strategiyaları hazırlanarkən dəqiq statistik məlumatlardan istifadə olunması, nüfuzlu beynəlxalq təşkilatların və agentliklərin Azərbaycana dair düzgün informasiyalar çatdırması istiqamətində Arif Vəliyev özünün yüksək təşkilatçılıq qabiliyyəti ilə böyük rol oynamışdır. Bütün əməli fəaliyyətində milli mənafeləri üstün tutaraq daim dövlətçilik mövqeyindən çıxış etməsi ona həmkarlarının dərin hörmət və ehtiramını qazandırmışdır.
Arif Vəliyevin ölkədə statistika işinin təşkili sahəsində xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlar almış, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülmüşdür.
Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və təvazökar insan Arif Mikayıl oğlu Vəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!