Azərbaycan musiqi mədəniyyətinin inkişafı tarixində misilsiz xidmətləri olan şəxsiyyətlərdən biri də maestro Niyazidir. Adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilən Niyazinin keçdiyi sənət yolu zəngin və parlaq olmuşdur. Dünya musiqisinin ən nadir inciləri sayılan bir çox məşhur simfonik əsərlərin bənzərsiz ifası məhz maestro Niyazinin adı ilə bağlıdır. Bu günlərdə dahi sənətkarın 100 illik yubileyi ərəfəsində onu bir daha yad etmək, bugünkü nəsillərin yaddaşlarında qorumaq üçün onun yaradıcılığını təhlil edən ənənəvi yazı verməkdən bir qədər kənara çıxaraq, musiqimizin canlı əfsanəsi ilə şəxsən tanış olan, onunla dəfələrlə ünsiyyətdə olan bir insanın səmimi xatirələrini sizə təqdim etmək qərarına gəldik. Əziz maestro Niyazi haqqında xatirələrini bizə sevimli şairimiz Tofiq Bayramın ömür-gün yoldaşı, uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində riyaziyyat müəllimi işləmiş Zərifə xanım Bayramova təqdim etmişdir. Yazını olduğu kimi dərc edirik.
Hər bir insanın həyatında elə məqamlər, elə anlar var ki, zaman ötsə də onlar ən əziz xatirəyə çevrilib hafizəsinin dərin guşəsində özünə yuva salır, silinməz bir iz qoyaraq ömür boyu unudulmur. Mən də illərlə xatirimdə qalan dahi insanlarla bağlı əziz, unudulmaz hadisələrin yaddan çıxmaması, unudulmaması üçün onları qələmə almaq və sizlərə çatdırmaq istədim.
Azərbaycan musiqi mədəniyyətini dünyaya tanıdan böyük sənətkar, dahi dirijor maestro Niyazi haqqında xatirələrimi qələmə alarkən, həm sevindim, həm də kədərləndim. Sevindim ki, xatirəmdə yer tutan böyük bir insandan söz açacağam. Kədərləndim ki, maestro Niyazi artıq həyatdan köçmüşdür.
Maestro Niyazi ilə ailəvi tanışlığımız 1962-ci ilin avqust ayının 20-dən, onun doğum günündən başladı.
Mən o günü həmişə xatırlayıram:
Tofiq müəllim maestro Niyazinin dəvətini qəbul edib, mənə xəbər verən zaman çox şad oldum. Həmin gecəni səhərə qədər həyəcan içində keçirdim – fikirləşdim ki, mən dahi bir insanla görüşəcəyəm!
Biz hazırlanıb maestro Niyazigilə getdik. Qapını Həcər xanım açdı: “Ay Niyazi, gör bizə kimlər qonaq gəlib. Ər və arvad bizi çox səmimi qarşıladılar.
Qonaq otağında bəstəkarlar Fikrət Əmirov, Tofiq Quliyev, Cövdət Hacıyev, akademik İsrafil Quliyev, tanınmış teatr xadimi Şəmsi Bədəlbəyli, gözəl rəqqasə Əminə Dilbazi, aktrisa Şəfiqə Məmmədova, Müslüm Maqomayev, Polad Bülbüloğlu və qohum-tanışlar var idi.
Məclisin şirin yerində Həcər xanım mehribanlıqla bizə tərəf baxıb, “ay Niyazi, onlar səmimi adamlara oxşayırlar” deyərək, Tofiq və mənim haqqımda sağlıq deməyi təklif etdi. O gündən bizim ailələrimizin dostluq körpüsü salındı.
Maestro Niyazi birdən Tofiq Bayramdan soruşdu: “Tofiq, sən harda işləyirsən?”. Tofiq cavab verdi: “Hələlik heç yerdə işləmirəm”. Niyazi bir az duruxsundu. Bir az keçəndən sonra dedi: “Tofiq, sabah Opera və Balet Teatrına gələrsən”. Tofiq sabahı günü maestronun yanına getdi. Onu operada ədəbi-bədii hissə müdiri vəzifəsinə işə qəbul etdi. Tofiq müəllim o günləri belə xatırlayırdı:
“... Maestro Niyazi 2-ci mərtəbədəki otağında əyləşmişdi. O, xadiməni çağırıb Müslüm Maqomayev bəyin kabinetini təmizləyib hazırlamasını tapşırdı. Sonra mənə dedi ki, buyur əyləş və öz işinlə məşğul ol. Sonra maestro Niyazi dedi: bu kresloların birində Müslüm bəy, o birində isə əmim Üzeyir bəy əyləşmişdilər”. Tofiq müəllim həmin vəzifədə işləmiş və maestro Niyazinin etimadını qazanmışdı.
Bu yaxınlarda maestro Niyazi haqqında bir xatirə yadıma düşdü. Həmişəki qayda ilə biz yenə də maestronun evinə dəvət olunmuşduq. Bu dəfə onların qonağı məşhur iran musiqiçisi Hüseyn Məllahi idi. Mən burada bir haşiyəyə çıxaraq maestro Niyazinin qonaqpərvərliyini xüsusi qeyd etmək istəyirəm.
Demək olar ki, maestro Niyazinin evi, süfrəsi yaxın dost-tanışlarına gecə və gündüz açıq idi. Xarici ölkələrin mədəniyyət xadimləri, sənət ustalarının tez-tez onun evinin qonağı olması artıq bir ənənəyə çevrilmişdi. Beləliklə, maestro Niyazi iranlı qonağa – Hüseyn Məllahiyə milli müasir musiqimizin vəziyyətindən, Dövlət Simfonik Orkestrinin fəaliyyətindən ayrıca söhbət açdı.
Hüseyn Məllahi öz heyrətini gizlətmədən bizim nailiyyətlərimizə diqqətlə qulaq asırdı. O, dedi: “Biz indi sizin kimi orkestrdə skripkanı kamança ilə əvəz edəcəyik”.
Maestro Niyazi qonağı yola salandan sonra ürək ağrısı ilə bizə dedi: “Görürsünüz, iranlılar, türklər bizdən nümunə götürür, bizdən öyrənirlər. Bəs biz niyə yaxşımızı görmürük, ucuz sənət dalınca qaçırıq?! Axı musiqi biz azərbaycanlıların milli-mənəvi sərvətidir”.
1962-ci ilin payızında İstanbul opera teatrının məşhur müğənnisi Sevda Aydan Azərbaycanda qastrol səfərində idi. İlk dəfə mən onu opera teatrının səhnəsində görmüşəm.
Maestro Niyazi gözəl sənət ustası Sevda Aydanın şərəfinə evində qonaqlıq süfrəsi açmışdı və tamaşa bitdikdən sonra bir çox artistlərlə bərabər, Tofiqlə məni də bu məclisə dəvət etmişdilər. Sevda Aydan hamımızla bir-bir görüşdü. Onun sadə, eyni zamanda, kübar davranışı və gözəl nitqi bizi heyran etdi. Hamımız bu gecədən böyük zövq aldıq. Evə qayıdandan sonra Tofiq Bayram Sevda Aydana bir şeir yazdı. Şeirdən bir parça:
Canı canımdandır
Qanı qanımdandır
Lisanını ayırmaram
Öz lisanımdan.
Bu şeiri mənə oxudu. Sonra ona sual verdim ki, lisan sözünün mənası nədir? Cavab verdi: “Lisan dil deməkdir”. Dedim, elə dil yaz da. Sabahı gün biz Niyazigilə gedəndə şeiri də özü ilə apardı. Maestro Sevda Aydana yazdığı şeiri oxumasını istədi.
Maestro ciddiləşmiş halda: “Tofiq o misraları ordan çıxart, yoxsa başın ağrıyar”, - dedi. Tofiq buna razı olmadı. Həqiqətən də Tofiqin başı buna görə çox ağrı çəkdi, lakin şeir olduğu kimi çap olundu. Niyazi Tofiqə belə dedi: “Halal olsun sənə ki, bu şeiri olduğu kimi çap etdirdin”.
Çox təəssüf ki, Qara Qarayev, Fikrət Əmirov, maestro Niyazi bir-birinin ardınca əbədiyyətə qovuşdular. Bu böyük sənətkarların yeri həmişə görünür. Onları həmişə xatırlamaq bizim mənəvi borcumuzdur.
Tofiq Bayram musiqi klassiklərimizin hər birinə şeir həsr etmişdi. Maestro Niyazinin sənətkar taleyinin parlaq ulduzu ilk dəfə 1938-ci ildə Azərbaycan incəsənətinin ongünlüyündə Moskvada “Bolşoy teatr”ın səhnəsində ölməz Üzeyir bəyin “Koroğlu” operasının uvertürasının səslənməsi ilə işıq saçdı. O gündən xoşbəxt taleyinin yolları ilə dünyanı gəzən Niyazi insanlara sevinc, həyat eşqi, məhəbbət bəxş edərək Azərbaycan musiqisinin inciləri, füsunkar nəğmələri ilə ana torpağımızı, doğma xalqımızı bəşəriyyətə tanıtdırdı, sevdirdi. Tofiq Bayram Niyaziyə həsr etdiyi “Azərbaycan dünya gəzir” şeirində deyir:
Şekspir vətəni alqışlar deyir
Üzeyir nəfəsli musiqimizə
Doğma musiqimin qaranquşusan
Getdiyin dirijor paltarında sən
Hara səs aparsan, nəğmə daşısan
Orda qanadlanar, ucalar Vətən
Deyirlər Niyazi hər yanı gəzir
Demək Azərbaycan dünyanı gəzir.
Maestro Niyazinin böyüklüyü, doğma xalqının xatirəsində, əməllərində yaşayır. Maestro Niyazinin bənzərsiz sənəti Azərbaycan xalqının yaddaşında həmişə yaşayacaqdır! Maestro Niyazi unudulmazdır!
|