Sevimli aktyor, gözəl insan Yaşar Nurinin əziz xatirəsinə
Ötən həftə qəfil eşitdiyimiz xəbər hamımızı sarsıtdı. Yaşar Nuri ömrünün gözəl çağında, yaradıcılığının çiçəklənən dövründə, onu sevənləri gülən-güldürən vaxtında sıralarımızı tərk etdi. Hələ öyrəşə bilmədiyimiz bu xəbər indi bizi onun haqqında keçmiş zamanda yazmağa vadar edir.
İllər keçir, nəsillər bir-birini əvəzləyir. Tez-tez gördüyümüz, öyrəşdiyimiz, sevdiyimiz insanları itirə-itirə gedirik. Deyirlər, əvəzolunmaz insan yoxdur. Bu fikirlə nə qədər razılaşsaq da, kim deyər, Yaşar Nurini kim əvəz edə bilər?...
Bir onu bilirəm ki, gözlərimiz SƏN-i axtaracaq həmişə. Televiziyada, səhnədə... Yerin hələ çox görünəcək. Darıxacağıq SƏN-ə. Səsinə, gülüşünə. Qəribsəyəcək SƏN-ə doğma teatrın səhnəsi də, SƏN-i onun qoynunda axtaran tamaşaçıların da...
Yaşar Nuri elə sənətkarlardan idi ki, haqqında sanki hər şeyi bilirik, həm teatrda, həm də kinoda yetərincə qəhrəmanı ilə yaddaşlarımızdadır. Bununla belə, hələ də ondan yeni obrazlar gözləyirdik. Bir tərəfdən, Yaşar Nuri səhnədə sözünü dəfələrlə demiş aktyorlardan idi, bir tərəfdən də, hələ oynamadığı neçə-neçə obrazı qaldı.
BAĞIŞLA
...1980-ci illərdə televiziya tamaşaçıları onun baş rolda çəkildiyi tamaşaları (Aslan Qəhrəmanovun “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” telepyesləri) sevə-sevə izləyirdi. Onun baş qəhrəmanı Elçin müəllim hər axşam evlərimizin ən əziz qonağı olurdu. Bu trilogiyanı sevə-sevə izləyir, baxır və ağlayırdıq. Elçin obrazı Yaşar Nurinin həm də ciddi rolları ifa edən istedadlı aktyor olduğunu bir daha təsdiqləyirdi.
Bağışla bizi... Bağışla ki, hər tamaşanı izləyə bilmədik... Bağışla bizi – hər tamaşana qucaq-qucaq güllər gətirə bilmədik... Bağışla ki, təmənnan yalnız alqışlarımız idi, o da bəlkə az oldu... Bağışla ki, çox sevdik SƏNi, amma büruzə verə bilmədik... Bağışla ki, sevərək ölümdən də qoruya bilmədik...
SƏNDƏN XƏBƏRSİZ
Çox qəribədir həyat. İnsan yaşayır, yaşadıqca yaradır. Bir gün həyatdan gedir. Yaratdıqları isə yaşayır...
Bu gün Yaşar Nuri həyatda olmasa da, yaratdığı Elçin, İsrafil, Seyran, Sərsəm Salman, Qasım, Spaqanel, Pərviz, Silva, Makintoş, Əbdüləli bəy, Balaş, Abdi, Şahməmməd İsmiyeviç, Maşallah, Məmməd, Asim Əliyeviç, Mahmud doktor kimi onlarla bir-birindən maraqlı obrazları yaşayır. Və Yaşar Nuri cismən bizimlə olmasa da, yaratdığı obrazlar onu yaşadır. Ondan xəbərsiz...
Deyirlər, insanın adı onun həyat yoluna çox təsir edir. Yaşar Nurini düşündükcə, bu fikrin düz olduğu qənaətinə gəlirəm. Yaşar Nuri –həmişə yaşayacaq, bu ad onun ömür karvanının yolunu daim nurlandıracaq.
Xalq onu çox sevirdi. İstedadlı aktyor olmaqla yanaşı, çox səmimi, mehriban insan idi. Yeganə təmənnası bəlkə də tamaşaçı alqışları idi. İnsanlar onu gülərək alqışlayırdı. Son mənzilə də çox sevdiyi alqışlarla yola salındı. Vidalaşmağa gələnlər onu son dəfə alqışladılar. Bu dəfə - ağlayaraq...
Kədər içində yazdığım bu yazı üçün şəkil axtardım. Yaşar Nurinin şəklini. Şəkillərin çoxunda üzü gülür... Hətta gülmədiyi şəkillər belə təbəssüm doğurur. Bəli, Yaşar Nuri elə aktyorlardan idi ki, onun haqqında keçmiş zamanda danışarkən belə, simalara təbəssüm qonur. Yaşar Nuri onu sevənlərin xatirəsində həmişə üzügülər qalacaq.
Sənətkarlar, ustadlar ölmür, onlar insanların qəlbində daim yaşayır. Yaşar Nuri də belə əbədiyaşar sənətkarlardan idi...
Allah rəhmət eləsin, qəbri nurla dolsun! Amin!
Yeganə MƏMMƏDOVA