Qəlbində müqəddəs sevgi gəzdirən böyük alim
Mən böyük şərqşünas alim, akademik Vasim Məmmədəliyevi belə adlandırardım. Bu nəcib insanın bütün həyatı, fəaliyyəti xalqımızın mənəviyyatının zənginləşməsinə xidmət etmişdir. Hər zaman ucada dayanan Vasim müəllimə Bakı Dövlət Universitetində çox böyük sayğı və hörmət var. Bu məhəbbəti onun özü qazanmışdır.
Sovet hakimiyyəti dövründə SSRİ-nin bütün respublikalarında olduğu kimi, Azərbaycanda da ateizm siyasəti nəticəsində dini dəyərlərimizə böyük zərbə vurularkən, bir sıra adət-ənənələrimiz yasaq edilərkən, qadağalar qoyularkən xalqımız Vasim müəllim kimi böyük alimlərdən nümunə götürərək Allah eşqini, Allah sevgisini müqəddəs əmanət kimi qoruyub saxlamış, onu nəsildən-nəslə ötürmüşdür. V.Məmmədəliyev müsəlman Şərqinin müdrikliyini özündə birləşdirərək İslam dininin, İslam dəyərlərinin təbliğində, geniş yayılmasında, düzgün yozulmasında böyük xidmətlər göstərmişdir. Bu dəyərlərə kor-koranə deyil, elmi, həyati nöqteyi-nəzərdən qiymət vermiş, Qurani-kərimin ayələrini kəlmə-kəlmə şüurlara həkk etmişdir. Mən hesab edirəm ki, məhz belə şəxsiyyətlərin sayəsində dini və mənəvi dəyərləri qoruyub bu günə çatdıra bilmişik.
Artıq yaşı 70-i haqlayan akademik Vasim Məmmədəliyevin bir şəxsiyyət və alim kimi bütün fəaliyyətini xalqımız təqdir edir. O, halal zəhməti, intellekti, zəkası, dərin düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış görkəmli elm xadimidir. Böyük alim nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox kənarda da millətimizə həmişə başucalığı gətirir. O, İraq Elmlər Akademiyasının, Suriya İslam Eimləri və Ərəb Filologiyası Akademiyasının, İslam Konfransı Təşkilatının İslam Hüququ Akademiyasının akademiki kimi şərəfli adlar daşıyır. Görkəmli şərqşünasın indiyədək yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının istifadə etdiyi 30 kitabı nəşr edilmişdir. Onlardan "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi", "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları" və s. monoqrafiyaları əvəzsiz nümunələrdir. Alimin ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilmiş və islam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair məqalələri onun yüksək elmi potensialına, hərtərəfli intellektinə bariz nümunədir.
Vasim müəllimin bu böyük irsindən gənc alimlər, tələbələr zaman-zaman faydalanırlar. Onun yazdığı dərslik və dərs vəsaitləri, metodiki vəsaitlər, etdiyi tərcümələr, elmi-publisistik məqalələr hər zaman aktualdır, dövrlə, zamanla səsləşir. Çünkı bu əsərlərin bir ucu tarixi ənənələrə söykənirsə, digəri bugünkü həyatın axarına uyğundur. Yeniliyə, müasirləşməyə səsləyən hər bir yaradıcı əmək isə heç vaxt təsirsiz qalmır.
Akademik Vasim Məmmədəliyevin elmi, pedaqoji və ictimai fəaliyyətinin bır nəticəsi də odur ki, görkəmli alim xalqın böyük hörmətini qazanmışdır. O, vətənini sonsuz məhəbbətlə sevən, insanların azad, firavan yaşaması üçün əlindən gələni edən böyük bir ziyalıdır. Onun bütün fəaliyyəti xalqımızın maariflənməsinə, mənəvi inkişafına, mədəni yüksəlişinə həsr edilmişdir. İnsanların mənəvi inkişafına, kamilləşməsinə, yüksəlməsınə can atan və bütün fəaliyyətini bu istiqamətdə quran Vasim müəllim yüzlərlə gəncə, cavana rəhbər və yolgöstərəndir. Onun ibrətamiz söhbətlərini dinləyən hər kəs həqiqətən mənəvi cəhətdən saflaşır və zənginləşir.
Akademik Vasim Məmmədəliyevin xalqımızın qarşısında xidmətlərindən bəlkə də ən önəmlisi onun mərhum akademik Ziya Bünyadovla birlikdə Qurani-kərimin Azərbaycan dilinə izahlı tərcüməsidir. Olduqca səlis, oxunaqlı olan Qurani-kərimin tərcüməsinin neçə-neçə nəşri işıq üzü görmüşdür. Görkəmli alim təkcə ərəbcədən tərcümələrlə kifayətlənməmiş, həm də doğma dilimizdən ərəb dilinə bir sıra tərcümələr etmişdir. Mirzə Cəlilin "Saqqallı uşaq" hekayələr məcmuəsini, Fikrət Əmirov haqqında monoqrafiyanı, Həmid Araslının "Xaqani Şirvani" kitabını və başqalarını buna misal göstərmək olar.
Artıq qeyd etdiyimiz kimi, təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində məşhur olan Vasim müəllimin tədqiqatlarına həmişə böyük ehtiyac olubdur. Ona görə də akademikin bir sıra elmi tədqiqatları fars, türk, ingilis, rus, gürcü və digər dillərə çevrilmiş, dünya elmində böyük əks-səda doğurmuşdur.
1959-cu ildən taleyini Bakı Dövlət Universiteti ilə bağlayan Vasim müəllim işlədiyi ayrı-ayrı vəzifələrdə həmişə öz sözünü deməyi bacarmış, dəyərli məsləhətləri, yüksək elmi səviyyəsi, geniş erudisiyası ilə bütün kollektivin rəğbətini qazanmışdır. V.Məmmədəliyev istər vaxtilə Şərqşünaslıq fakültəsinin dekanı, istər həmin fakültədə Ərəb filologiyası kafedrasının müdiri, istərsə də hazırda İlahiyyat fakültəsinin dekanı kimi işinin öhdəsindən layiqincə gəlmiş və gəlməkdədir. Vasim müəllim 1981-ci ildə Şərqşünaslıq fakültəsinin dekanı olarkən mən tədris hissəsinin rəisi vəzifəsində işləyirdim. Yaşının cəmi 40 olmasına baxmayaraq, Vasim müəllim işinin öhdəsindən yüksək səviyyədə gəlməyə və cavan yaşında ağsaqqal adını qazanmağa müvəffəq ola bilmişdi. Məhz onun rəhbərliyi sayəsində fakültədə hər bir iş, demək olar ki, yenidən qurulmuşdu.
Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, Vasim müəllim dərs dediyi tələbələrə həmişə atalıq qayğısı göstərmiş, onların problemlərini həll etməyi ən mühüm vəzifə hesab etmişdir. Universitetdə elm adamı, müəllim, ziyalı və müdrik ağsaqqal kimi sevılməsi məhz onun insani xüsusiyyətlərindən irəli gəlir.
Vasim müəllimin BDU-da müəllim işləməyə başladığı dövrdə fakültənin Mübariz Əlizadə, Rəhim Sultanov, Ələsgər Məmmədov kimi nəhəngləri var idi. İstedadı, əməksevərliyi, böyük daxili mədəniyyəti ilə bir müddətdən sonra o, həmin nəhənglərin arasında seçilməyə başladı. İndi nə Ərəb filologiyası kafedrasını, nə İlahiyyat, nə də Şərqşünaslıq fakültələrini onsuz təsəvvür etmək mümkündür.
Biz qürur hissi keçiririk ki, Bakı Dövlət Universitetində Vasim Məmmədəliyev kimi dünya şöhrətli alim, ziyalı çalışır və o məhz buradan elmin zirvələrinə ucalmış, məhz burada xalq qarşısında böyük xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına və Prezident təqaüdünə, "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülmüş, məhz buradan Azərbaycan Milli Elmlər Akademiyasına həqiqi üzv seçilmişdir.
Onu dünyanın hər yerində tanıyırlar. Misir, İraq, Suriya, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Amerika Birləşmiş Ştatları və keçmiş sovet respublikalarında keçirilmiş elmi konfrans və simpoziumlarda ən ciddi məruzələri ona həvalə edirlər. Vasim müəllim ərəb dili üzrə nadir mütəxəssisdir. Bir məqamı da vurğulamaq istərdim. Bu yaxınlarda ərəb ölkələrindən bir neçə alim və təhsil işçisi universitetimizi ziyarətə gəlmişdi. Onlarla görüşdə Vasim müəllim də iştirak edırdı. Maraqlıdır ki, ərəb dili müxtəlif ölkələrdə çox fərqli ləhcələrlə işlənir (məsələn, tunisli ilə misirli az qala bir-birini başa düşmür - təxminən bizimlə qırğızlar kimi). Ona görə də qonaqlar müxtəlif ləhcələri eyni dərəcədə tərcümə edən Vasim müəllimin qarşısında heyrətlərini gizlədə bilmirdilər. Onlar V.Məmmədəliyevin ərəb dilində onlardan yaxşı danışdığına, özü də ərəb dilinin bütün ləhcələrinə yüksək səviyyədə bələd olduğuna məəttəl qalmışdılar.
Şəxsən mən özüm Vasim müəllimlə bir neçə dəfə xarici ölkələrdə konfrans və simpoziumlarda olmuşam. Azərbaycanı layiqincə təmsıl edən alimin ərəb ölkələrində hörməti, bəlağətli çıxışları, söylədiyi parlaq nitqlər, gətirdiyi dəlillər hamını, elə mənim özümü də heyrətdə qoymuş, elmi səviyyəsi bütün konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Bir elm adamı kimi akademik V.Məmmədəliyevin fəaliyyəti çoxşaxəli və genişdir. Onun 1991-ci ildən indiyə qədər müəllifı olduğu və xalq tərəfindən böyük məhəbbətlə qarşılanan "Haqqın dərgahı" televiziya verilişi də alimin nə qədər zəngin biliyə malik, İslamın incəliklərinə dərindən bələd olduğunun göstəricisidir.
Bəli, Vasim müəllim böyük alimdir. Azərbaycanın fəxr edəcəyi bir ziyalıdır. O, vətəninə, elinə, obasına bağlı olan şəxsiyyətdir. Əminəm ki, alimliklə insanlığın bu vəhdəti Vasim müəllimə hələ çox uğurlar qazandıracaqdır. Azərbaycanın böyük alimi və ziyalısı, əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona elmimiz və təhsilimiz naminə cansağlığı və uğurlar arzulayırıq.
Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru, akademik