PORTRET

Görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun xatirəsi anılmışdır

  • 27.05.2011

Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun anadan olmasının 88-ci ildönümünə həsr olunmuş elmi sessiya keçirilmişdir.
Sessiyanı giriş sözü ilə institutun direktoru, professor İsa Alıyev açaraq, görkəmli alimin şərəfli ömür yolundan, elmi-pedaqoji fəaliyyətindən, iqtisad elminə verdiyi böyük töhfələrdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan iqtisad elminin təşəkkülü və inkişafında, peşəkar kadrların hazırlanmasında müstəsna xidmətləri olan Əhməd Mahmudov Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur.
AMEA-nın İqtisadiyyat İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində əvəzsiz xidmətlər göstərmiş akademik Ə.Mahmudov 200-dən artıq elmi əsərin, monoqrafiya və dərsliklərin müəllifi olmuşdur.
Bütün əmək fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olan Əhməd Mahmudov kiçik elmi işçidən akademiyanın həqiqi üzvlüyünə qədər yüksələ bilmişdi. Bu böyük alimin qayğı və himayəsi ilə çoxsaylı elmlər namizədi və doktorlar yetişmişdir.
AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov və digər çıxış edənlər Azərbaycan iqtisad elminin ağsaqqalı Əhməd Mahmudovla bağlı xatirələrini söyləmiş, onun yüksək insani keyfiyyətlərindən danışmışlar.